Təsviri sənətdə Sabir obrazı

 

 

Böyük söz ustadı, satirik şair Mirzə Ələkbər Sabirin "Hophopnamə"sinə çəkilmiş illüstrasiyalar rəssamlıq tariximizdə mühüm yer tutur. Həmçinin şairə həsr olunmuş portret, heykəl, büst və təsviri sənətin digər nümunələri də Sabir ölməzliyini, Sabir əzəmətini aşkar göstərir. M.Ə.Sabir qəlbimizə, zəkamıza nüfuz edən, özümüzü özümüzə göstərən aydın güzgümüzdür. Yalnız Sabir kimi sənət zirvələrini fəth edən, xalq dili ilə danışan sənətkar millətinin təfəkküründə əbədi yer tutur. O, bütün çətinliklərə, bütün maneə və hücumlara əsl sənətkara məxsus bir vüqarla sinə gərib. Buna görə də, rəssamlarımız, heykəltaraşlarımız Sabirin portretlərini yaratmağı özləri üçün mühüm meyar seçmişlər.

Dünya şöhrətli rəssam Tahir Salahov yaratdığı psixoloji portretlər ilə təsviri sənətimizə yeni nəfəs gətirib. Rəssamın portret yaradıcılığında ən çox rast gəldiyimiz məqam insanların o andakı vəziyyətini, xarakterini dolğun ifadə etməsidir. "Portretlərimin hamısı mənim üçün əzizdir. Çünki onlar mənim doğmalarımın, sevdiyim insanların, əsl sənətkarların portretləridir. Mən o əsərləri sahiblərinə görə çox sevirəm, zəhmətimə görə yox" - deyən böyük rəssamın yaratdığı daha bir parlaq obraz Mirzə Ələkbər Sabirdir.  

 

Yüksək bədii-emosional dili ilə seçilən əsərdə şair dərin düşüncə içərisində, qaranlıq otaqda nəzərlərini uzaqlara dikib. Qara köynək, qara buxara papaq... Tünd qara paltosu çiyinlərindən sallanan şair uca sütunu andırır və onun nisgilli baxışları, qabarıq əlləri diqqətimizi cəlb edir. Sərt cizgilər, tünd rənglər yenə də Tahir Salahov əsərinin əsas bədii ifadə vasitəsidir. Seçilmiş mövzu və qəhrəmanın ciddiliyi ilə rənglərin sərtliyi rəssamın bu əsərində də bir-birini uğurla tamamlayır. Bəlkə də, rəssamın sərt rəng realizmi şairin tənqidi realizmi üçün ən münasib üslub hesab oluna bilər. Rəssam şairin qara geyimini qaranlıq otağın fonundan ustalıqla ayırmağı bacarıb. Qara rənglə boz rəngin yaratdığı soyuq effekt, maraqlı təzad isə Tahir Salahovun bu tablosunun  özünəməxsusluğudur. Əsərə tamaşa etdikcə mənəvi zövq alırıq və görürük ki, sənətkarın ürəyi, beyni Sabir dünyasını göstərən bir lövhəyə çevrilib. O, şairin daxili aləmini, onun poeziyasının mənəvi yükünü açmağa nail olmaqla ona bir daha ölməzlik, əbədiyyət qazandırıb.

Sabirin bir-birindən fərqli bədii-psixoloji tutuma malik portretləri yaradılıb. Onlardan biri də bu gün Naxçıvandakı C.Məmmədquluzadə adına Ədəbiyyat Muzeyinin ikinci mərtəbəsində asılan, rəssam Oqtay Sadıqzadənin fırçasının məhsulu olan "Sabir" portretidir.

 Şairin kamil duruşunun sərgiləndiyi portretdə fərqli təsvir dili və süjet var. Kompozisiya üsulunun fərqliliyi, rəngkarlıq həllinin mükəmməlliyi və fərdi xarakterin real təqdimatı ilə seçilən portretdə milli ruh hökm sürür. Şair yenə də ziyalı libasındadır. Arxa fondakı xalının qırmızı yaxmaları sanki portretin məzmununa tamamilə daxil olub şairi diqqətimizə bir qədər də qabarıq tərzdə çatdırır. Otağı sakitlik bürüyüb. Pəncərədən süzülən işıq şairin yorğun bənizini, həlim baxışlarını aydınladır. Xalq ruhunun tərcümanı olan şairin önündə kitab və "Molla Nəsrəddin" jurnalı təsvir olunub. Ustalıqla düşünülmüş portretdəki xəyalpərvər şair çöhrəsində təkcə onun şəxsi yaşantıları yox, millətin fəryadını özündə əks etdirən qəmgin baxışlar əks olunub. Rəssamın fırçası eyni zamanda bu baxışlardakı ümidləri və arzuları mənalandırmağa xidmət edir.    

 

Sabir obrazını yaratmaq maraqlı olduğu qədər ciddi və məsuliyyətli bir işdir. Belə ki, işin müəllifi olan rəssam özünün rənglər dünyasının poetikasına baş vura bildiyini təsdiqləməli, şairin xarakterik cizgilərini qüsursuz təsvir etməlidir. Bu baxımdan rəssam Sadıq Şərifzadənin "M.Ə.Sabir Balaxanıda" portreti olduqca yaddaqalandır.

Dinamik kompozisiyaya malik portretdə şair gərgin bir vəziyyətdə irəliyə doğru hərəkət edərkən təsvir olunub. Digər lövhələrdə olduğu kimi, rəssam burada da şairin mənalı çöhrəsini əyaniləşdirərək böyük sənətkarın bizə tanış olan simasını yüksək bədii biçimdə çəkib. Şairin hiss və həyəcanını, qəlb çırpıntılarını bütün mürəkkəbliyi və dəqiqliyi ilə ifadə edib. Portretdə möhkəm iradəli şairimizin mənəvi əzəmətini asanlıqla qavrayırıq. Arxa fondakı mənzərə şərti şəpkidə verilsə də, rəssam personajını mühit daxilində göstərməyi bacarıb. Əsərdə kontur cizgilərinə rast gəlirik ki, bu elementlər işin daha yığcam və eyni zamanda kəsərli alınmasına səbəb olub.

Vurğulamalıyıq ki, "Molla Nəsrəddin" jurnalı orijinal, realist-satirik üslubu ilə təsviri sənət tariximizin ayrıca bir səhifəsini təşkil edir. Bu mənada, zamanın nəbzini tutan, xalq təfəkkürünü, onun həyat və məişətini əks etdirən satiraları ilə oxucuların rəğbətini qazanmış Sabirin "Molla Nəsrəddin" jurnalı ilə sıx bağlılığı, əqidə birliyi təsadüfi deyildi. Jurnalı vərəqlədikcə onun səhifələrini bəzəyən karikaturalarla yanaşı, Sabirin təsvirlərinin olduğu illüstrasiyalara da rast gəlirik. İllüstrasiyaların bir çoxunda şair insanları mənən şikəst edən, cahilliyi, nadanlığı yayan, elmə, maarifə qənim kəsilən təbəqə ilə qarşı-qarşıya gəlir, hətta şairi xəstə yatağında belə rahat buraxmırlar.

Sənətkarlar vətən sevdalı şairin yalnız fırça ilə portretlərini çəkməyib, onun müdrik simasını heykəltaraşlıq əsərlərində də əbədiyaşar ediblər. 1922-ci ildə Bakıda, indiki Sabir bağında heykəltaraş Yakov Keylixisin müəllifi olduğu "Sabir" heykəli şairin vəfatının 10-cu ildönümü ilə əlaqədar ucaldılıb. Bu, Bakı şəhərində ilk heykəl idi. Eyni zamanda şairin heykəli müsəlman Şərqində insana həsr edilən ilk abidə sayılırdı. Zaman keçdikcə tamaşaçılar tərəfindən heykəlin boz rənginin fondakı qala divarının rəngindən seçilməməsi və doğmalıqdan uzaq olduğu fikri səslənirdi. Milli cizgilərin olmadığı bu heykəlin ən böyük çatışmazlığı isə Sabirin mənəvi aləmini, əzablarını yetərincə əks etdirməməsi idi. 1958-ci ildə İçərişəhər divarlarının yaxınlığında heykəltaraş Cəlal Qaryağdının hazırladığı "Sabir" heykəli qoyulur. Şair yenə də meydandadır. Şəhərin ən axar-baxarlı yerində, Bakının mərkəzində yerləşən heykəl bu gün də göz oxşayır. Qeyd etməliyik ki,  heykəldə lirizm ön plandadır. Sabir əsərdə əlində kitab, uzun libasda, oturmuş halda təsvir olunub. Heykəltaraş nümayişkar poza və təmtəraq kimi zahiri əlamətlərdən imtina edib, öz sadəliyi, səmimiliyi, ilhamlı təbiəti ilə şöhrət tapmış şairin əhval-ruhiyyəsini canlandırıb. Qocaman şairin sakit nəzərlərində təmkin və dramatizm vardır. Heykələ hansı profildən baxmağımızdan asılı olmayaraq, şairin daxili aləmini açan detallar, bütövlük və milli xüsusiyyət olduqca qabarıqdır. Sabir obrazının təsvir olunduğu işlər sadaladıqlarımızla bitmir. Bu gün ölkənin bir çox yerində şairlə bağlı heykəllər, büstlər qoyulmuş, həmçinin onun portretləri, kiçik ölçülü heykəlləri muzeylərimizin ekspozisiyasını bəzəyir. Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Nəcəfqulu İsmayılov, İsmayıl Axundov, Ələkbər Rzaquliyev, İbrahim Zeynalov, Xanlar Əhmədov kimi bir çox sənətkarımız Sabiri əsərlərinin baş qəhrəmanı seçmiş, təxəyyüllərinin ecazkar gücü ilə ortaya bənzərsiz işlər çıxarmışlar. Sabirin təsvir olunduğu bu əsərlərə baxanda özümüzü sanki təsvir olunan mühitdə hiss edirik. Sənətkarlar qəhrəmanın təkcə xarici bənzəyişini verməklə kifayətlənməyib, onun mənəvi aləmini aşkara çıxarmağa xüsusi səy görtəriblər. Bu portretlərdə gah xalqının o zamankı çətin vəziyyətinə acıyan, gah da xalqın əzminə sevinən, onun tərəqqi edəcəyinə inanan mübariz şair obrazı görürük.

 

Şəmsiyyə ZALOVA

AMEA Naxçıvan Bölməsinin əməkdaşı

525-ci qəzet.- 2023.-8 dekabr,№223.- S.12.