Azərbaycanın ən böyük qalası - Basqal qalası  

 

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Basqal arxeoloji ekspedisiyası tərəfindən Basqal qəsəbəsi və ətraf ərazidə arxeoloji tədqiqatlar bu il də davam etdirilib. Builki tədqiqatlar qəsəbənin cənub qərb tərəfində olan "Qalalar" ərazisində aparılıb. Məlumat üçün bildirək ki, "Qalalar" ərazisi uzun illər ərzində Basqal və ətraf kəndlərin sakinləri tərəfindən bağ və əkin sahəsi kimi istifadə olunub. Ötən əsrin 70-ci illərində isə ərazi 70-80 sm dərinliyində şum edilərək orada üzüm bağı salınıb. Yaşlı sakinlərin dediklərinə görə, müxtəlif vaxtlarda təsərüfat işləri görülərkən "Qalalar" ərazisindən  bəzi maddi mədəniyyət nümünələri, o cümlədən, saxsı qablar və sikkə nümunələri aşkar olunub. Ötən əsrin 60-cı illərində ərazidə kəşfiyyat işləri aparan arxeoloq Fazil Osmanov hesabatlarında həmin  nümunələrin xronoloji baxımdan antik və erkən orta əsrlərə aid olduğunu qeyd edib. Bununla belə, ərazidə hər hansı qala və ya digər fortifikasiya elementləri olduğu barədə indiyədək nə yazılı qaynaqlarda, nə də yaddaşlarda heç bir məlumat olmayıb. Hətda 100-ə yaxın yaşı olan yerli sakinlər öz ata-babalarından belə bu barədə heç nə eşitməyiblər. İnsanlar yalnız ətraf kəndlərin sakinlərinin zaman-zaman "Qalalar" ərazisindəki tikinti  qalıqlarını dağıdaraq, daşını daşıyaraq ev, hasar və ictimai binanlar inşa etdiklərini xatırlayırlar. Lakin Dövlət Turizm Agentliyinin əməkdaşları ilə əraziyə aid peyk görüntüləri incələnərkən orada kifayət qədər geniş ərazini əhatə edən fortifikasiya sisteminin olduğu ehtimalı üzə çıxdı. Elə məhz bu əsasda da Basqal arxeoloji ekspedisiyası tərəfindən ərazidə ilkin arxeoloji tədqiqatlara başlanıldı. 1 ay 10 gün ərzində  "Qalalar" ərazisində 7 yerdə  yoxlama qazıntısı qoyuldu.

Elə ilk yoxlama qazıntısı  ehtimalların heç də əsasız olmadığını təsdiqlədi. Ərazinin cənub-qərb tərəfində uzunluğu 25, qalınlığı 1.7 salamat qalmış hissədə hündürlüyü 2 metrdən artıq olan qala divarı aşkarlandı. Qala divarı qismən yonulmuş qaya daşları və palçıq məhlulundan istifadə edilməklə inşa olunub. Xatırladaq ki, bu cür inşaat ənənəsi ətraf ərazidə son antik və erkən orta əsrlər dövründən etibarən çox geniş yayılıb. Hansı ki, onun ilkin nümunəsi hələ keçən əsrin 80-ci illərində yaxınlıqdakı Qırılartəpə abidəsində aşkar olunmuşdur. Tədqiqatları davam etdirərək "Qalalar" ərazisinin digər tərəfləri boyunca da qala divarlarının olub-olmadığını müəyyən etməli olduq. Bu məqsədlə ərazinin qərb kənarları boyunca iki yerdə yoxlama qazıntısı aparıldı. Birinci halda IV qazıntı sahəsi uzunluğu 8, eni-qalınlığı 1.7 metr olan qala divarı aşkarlandı. Divarın işəri tərəfi boyunca isə daş döşənmiş səki qeydə alındı. Şimal-cənub istiqamətində olan qərb divarının orta hissədə nisbətən şərqə doğru istiqamətlənərək dirsək əmələ gətirdiyi yerdə növbəti yoxlama qazıntısı (V qazıntı sahəsi) aparılarkən orada qala bürcləri və qalanın qərb qapısı aşkar olundu. Mütəxəssislərin fikrincə, qala qapılarının olduğu yer adətən fortifikasiya qurğularının ən zəif və müdafiəsi çətin təşkil olunan hissəsi hesab olunur. Bu səbəbdən də qala qapıları qala divarlarına çətin relyefi olan hissələr açılırdı. Basqal qalasınında da məhz belədir. Yəni  qala qapısı olan ərazinin qarşısı dərin dərədir. Oradan qalaya hücum təşkil etmək olduqca çətindir. Bu şəraitdə təbiidir ki, qalanın müdafiəsini təmin etmək o qədər də çətinlik doğurmur. Əhəmiyyətli məqamlardan birisi də odur ki, divarları öyrənilən ərazilərdən başlayaraq həm cənuba, həm şərqə, həm də qərbə doğru davam etməkdədir. Sadəcə qala divarlarının qalıqlarının olduğu yerləri bütünlüklə kol-kos örtüyü basıb. Yalnız nizamsız şəkildə ətrafa səpələnmiş daşlar nə vaxtsa orada tikinti qalığı olduğu barədə düşünməyə əsas verir.

Beləliklə, "Qalalar" ərazisində aparılmış ilkin tədqiqatlar onu deməyə əsas verir ki, orada təqribən 35-40 hektar sahəni əhatə edən və qala divarlarının ümumi uzunluğu (perimetri) 3500 metrə yaxın olan boyük bir qala olub. Başqa sözlə, Basqal qalası sahəsinə görə indiyədək Azərbaycan ərazisində məlum olan qalaların ən böyüyüdür.

Abidənin dövrünü və xarakterini müəyyən etmək məqsədilə qala divarları daxilində 4 yerdə yoxlama qazıntısı aparıldı. Onlardan birində dərinliyi təqribən 1.5, uzunluğu 3.5 metr olan kürəbənd qalığı aşkar edildi. Kürəbənd enli və yastı daşlardan istifadə olunmaqla tikilib. Altı da, yanları da, üstü də daşla  hörülüb. Kürəbəndin maillik istiqaməti onun Qalalar ərazisindən kənara istiqamətləndiyini deməyə əsas verir. Maraqlıdır ki, yerli sakinlər həmin ərazidə nə vaxtsa hamam olduğunu söyləyirlər. Görünür, aşkar olunan kürəbənd də məhz həmin hamamın çirkab sularının  "Qalalar" ərazisinin qərbindəki, yarğana axıdılmasına xidmət edib. Tədqiqat aparılan digər 3 yerdə isə ərazidə yaşayış qatının, yəni mədəni təbəqənin mövcudluğuna və onun xarakterinə dair hələlik elə də ciddi bir material vermədi. Doğrudur, ərazinin demək olar ki, hər tərəfindən yer üstünə səpələnmiş yonulmuş daşlar nə vaxtsa və hansı formadasa tikintidə isdifadə olunduğundan xəbər verir. Həmin tikintilər haradadır?! Onların dövrü və quruluşu barədə nə demək olar? Bu suallara sözsüz ki, yalnız və yalnız gələcək tədqiqatlar aydınlıq gətirə bilər. Hələlik isə tikinti xususiyyətlərinə və ərazidən son antik və erkən orta əsrlər dövrünə aid aşkar olunan maddi mədəniyyət qalıqlarına əsasən  Basqal qalasının erkən orta əsrlərdə Albaniya ərazisində inşa olunmuş fieodal qalalarından biri olduğunu ehtimal etmək olar.

 

Qafar CƏBİYEV

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri, Basqal arxeoloji ekspedisiyasının rəisi, tarix elmləri doktoru, professor

525-ci qəzet.- 2023.-8 dekabr,¹223.- S.10.