Tahir Salahov fırçasının
əbədi sehri
Dünya incəsənət tarixində yer
almış
yaradıcılıq üslubları sırasında
böyük Azərbaycan rəssamı Tahir Salahovun (1928-2021)
da imzası var. Rəssamlıqda "Sərt üslub"un
yaradıcısı olan rəssam dünya təsviri sənət
tarixinə bənzərsiz əsərlərilə öz
adını əbədi həkk edib.
T.Salahov lap erkən yaşlarından rəssamlığa
maraq göstərmiş və bu sahədə ilk vərdişlərə
yiyələnmişdi. Abşeron yarımadasının iqlimi,
landşaftı, təbii özünəməxsusluğu,
memarlığı, kəndlərinin xüsusiyyətləri və
Xəzər dənizinin panoramı rəssamın
yaradıcılıq təfəkkürünün və
obrazlar qalereyasının formalaşmasına yüksək bədii
təsir göstərmişdi. Sonradan rəssam
yaradıcılığında onu əhatələyən bu
auraya böyük məhəbbətlə dönə-dönə
müraciət edəcək və yüksək məharətlə,
ustad rəssam təxəyyülündən süzməklə,
sehrli fırçasının qüdrətilə bənzərsiz
palitrasının emosional bədii boyalarından misilsiz sənət
inciləri yaradacaqdı.
T.Salahov yaradıcılığı çoxşaxəlidir.
Rəssamın istər rəngkarlıq, istər qrafika və
istərsə də teatr - dekorasiya sahəsində
yaratdığı əsərlərinin hər birinə
mahiranə sənətkarlıq metod və xüsusiyyətləri
xasdır. Bu xüsusiyyətlərdən kompozisiya
quruluşunun mükəmməlliyi, obrazların
monumentallığı, məkan-plan quruluşunda əlavə
detallardan imtina, kolorit həllində daha çox tutqun rənglərdən
istifadə və sair cəhətləri qeyd etmək olar.
Onun tabloları sanki göydə toqquşan
buludların bir-birinə qovuşduğu anı, buludların
çaxnaşmasından doğan vahiməni xatırladır.
Onun əsərlərinə dəniz dalğalarının ən
coşğun çırpıntılarının
mübarizliyi xasdır. Rəssamın əsərlərində
iki qüvvənin - xeyirlə şərin, işıqla
zülmətin daim mübarizədə olduğu
açıq-aydın görünür. Özü də
xeyrin şər üzərində zəfər
çalacağı ümidi hiss olunmaqla.
T.Salahov dəzgah rəngkarlığının
süjetli tablo, portret, mənzərə, natürmort
janrlarında, eləcə də qrafika və teatr-dekorasiya sahələrində
bir-birindən maraqlı əsərlər qalereyası
yaradıb. "Təmirçilər" (1960) əsərində
katerdə iş yerinə yollanan altı insan fiquru təsvir
olunub. Onlardan yalnız üçünün çöhrəsi
tamaşaçıya görünür. Bu surətlərin hər
birinin özünəməxsus xarakterləri
inandırıcı şəkildə təsvir edilib.
Obrazların çöhrəsinin mənalı və bir qədər
də gözlənilməz donuqluğu daxili aləmləri ilə
ziddiyyət təşkil edir. Onlar nədənsə çox
narahat görünürlər və həyəcanları
aydın hiss olunur. Kolorit həllində oturacaqda adi
görünə biləcək qırmızı rəngin
istifadəsi əslində rəmzi xarakter daşıyır və
əsərin ideya qayəsinin açılmasına xidmət
edir.
"Abşeron
qadınları" (1967) əsəri tamaşaçıya
bir romanın verə biləcəyi qədər
düşüncə materialı bəxş etmək qüdrətinə
malikdir. Kompozisiyada Xəzər dənizinin sahilində bir
neçə qadının müxtəlif istiqamətlərə
yönəlmiş surətləri yaradılıb.
Tamaşaçıya yaxın qoca qadının uzaqlara
dikilmiş baxışları, onun arxasındakı
qadının əlini çənəsinə döykəyərək
dənizə boylanması və digər psixoloji məqamlar elə
ilk andaca tamaşaçını özünün sehrli bədii
təsiri altına alır. Kimdir bu qadınlar? Onlar niyə bu
qədər nigarandırlar? Kimləri gözləyirlər? Təbii
ki, onlar ilk növbədə Azərbaycan
qadınlarıdır. Bəlkə də, onlar 1930-cu illərdə
gecənin bir aləmində evindən sorğu-sualsız
aparılan Azərbaycan kişilərinin
qadınlarıdır. Bunlar özlərinin yaxınları - həyat
yoldaşı, qardaşı, nişanlısı, atası
üçün nigaran qadınlar, taleyin amansız gərdişinə
qarşı mübarizəyə qalxmış Azərbaycan
qadınlarıdır. Uzaqda dizləri üstə oturmuş
ayağıyalın qırmızı donlu
qızcığazın məsum donuq baxışlarından
"Pis günün ömrü az olar" kəlməsi
oxunur. Yenə də qırmızı rəng. Rəssamın
təqdimatında bu rəng od, mübarizə, dəyişiklik
və azadlıq rəmzidir. T.Salahov otuz iki ildən sonra bu
mövzuya bir daha müraciət edəcəkdi. Rəssamın
1999-cu ildə yaratdığı "Gözləmə. Nardaran"
adlı əsərinə də yuxarıda
sadaladığımız bədii-psixoloji xüsusiyyətləri
şamil etmək olar.
Portret janrında yaratdığı əsərlərinə
görə T.Salahovu Azərbaycan təsviri sənət tarixində
ən uğurlu portret ustası kimi xarakterizə etmək olar.
"Neftçi" (1959), "Bəstəkar Qara Qarayev"
(1960), "Mirzə Ələkbər Sabir" (1962), "Bəstəkar
Fikrət Əmirov" (1967), "Rəsul Rza" (1971),
"Bəstəkar Dmitri Şostakoviç" (1974-1976),
"Bəstəkar Üzeyir Hacıbəyov"
(1985),"Robert Rauşenberq" (1990), "Maksimilian
Şellin" (1990), "Heydər Əliyevin portreti" (1998)
və başqa portretlərində yüksək sənətkarlıq
xüsusiyyətləri duyulur. Rəssam yaratmış
olduğu portretlər barədə deyirdi: "Çəkdiyim
portretlərin hamısı mənim üçün əzizdir.
Çünki onlar mənim doğmalarımın, sevdiyim
insanların, əsl sənətkarların portretləridir. Mən
o əsərləri sahiblərinə görə çox sevirəm,
zəhmətimə görə yox".
"Neftçi" portretində rəssam profildən
yaşlı fəhlənin çöhrəsini kətan üzərində əbədiləşdirib.
Onun üsyankar baxışları, dodaqlarında
sıxdığı qırmızı müştüyü,
alışan papirosunun közü, ağ saçları və
üzünün təzadlı rəngləri əsərə
əlavə bədii emosionallıq bəxş edir.
"Bəstəkar Qara Qarayev" portreti dünyada yaradılmış ən
uğurlu portret nümunələri sırasında öz
layiqli yerini tutub. Bu cahanşümul sənət əsəri
neçə-neçə möhtəşəm sərgi
salonlarında nümayiş olunub, milyonlarla
tamaşaçı məhəbbətinin sevincinə bələnib.
Kompozisiyada profildən kətil üzərində əyləşmiş,
dirsəkləri dizləri üzərində, əllərini
qoşalayaq çənəsinə söykəmiş vəziyyətdə,
dərin fikirlərə dalmış bəstəkarın bədii
obrazı təsvir edilib. Arxa fonda royalın qara rəngi ilə
qəhrəmanın ağ-gümüşü rəngli sviteri
bədii cəhətdən böyük ustalıqla əlaqələndirilib.
Q.Qarayevin sərt xətlərlə yaradılmış üz
cizgiləri və royalın qara fonunda profildən təsvir
edilmiş çöhrəsi ustad bəstəkarın daxili
dünyasının açılmasına hesablanıb və əsərin
məna yükünü, bədii ifadəliliyini daha da
artırır.
Rəssam yaradıcı insanların portretlərini
yaratmaqla onların fəaliyyətinə rəğbətini
bildirib. Əgər portretləri yaradılmış şəxsiyyətlərə
diqqət yetirsək sənətdə, yaradıcılıqda
daha bəşəri hissləri tərənnüm edən
düşündürücü obrazlarla qarşılaşmış
olarıq. Ümummilli lider Heydər Əliyevin, dahi bəstəkar
Üzeyir Hacıbəylinin, böyük şairlərimiz Mirzə
Ələkbər Sabirin, Rəsul Rzanın və başqa
şəxsiyyətlərin bədii obrazlarına da professional
təsviri sənətin ən nümunəvi xarakterik cəhətləri
xasdır.
T.Salahovun mənzərə janrında
yaratdığı əsərlər də özünün
poetikliyi, romantizmi, şeiriyyəti və bədii əlvanlığı
ilə diqqəti cəlb edir "Bakı. Şirvanşahlar
Sarayı" (1966), "Xəzərin sahilində" (1969),
"Qız qalası" (1969),
"Bilgəh kəndi" (1969), "Qədim
Bakı" (1970), "Qədim Bakının damları"
(1970-1971), "Naxçıvan dağları" (1970-1971),
"Xəzərdə axşam" (1972), "Nardaranda
küçə" (1978), "Xəzərdə
fırtına" (1978), "Xəzərin
çırpınan dalğaları" (1978), "Nardaranda məscid"
(1978), "Köhnə məscid. Hovsan" (1994), "Tərk
edilmiş bağ" (1997), "Novxanı ziyarətgahı"
(1999), "Suraxanı. Atəşgah" (2001) və digər əsərlər
bu qəbildəndir.
Rəssamın Xəzərlə bağlı mənzərələrində
sonsuz dəniz dalğalarının coşğun ləpələrinin
mübarizəsi, bənzərsiz Xəzər küləyinin
neft qoxulu ətri, Abşeron günəşinin qovurucu
şüaları mahiranə rəng yaxıları ilə
verilib və tamaşaçını valeh edir.
"Naxçıvan dağları" adlı əsərində
rəssam möcüzəvi Naxçıvan təbiətinə
məxsus cizgilərin, xüsusən vüqarlı
dağların şairanə bədii təsvirini kətanda
ustalıqla canlandırıb.
"Nardaranda məscid" adlı əsərində
məscidin minarəsini yarıuçuq, pəncərələrini
şüşəsiz və qaranlıq təsvir etməklə
T.Salahov dini ocaqlarımıza sovet dövründəki
münasibəti tamaşaçıya çatdıra bilir. Məscid
binasının kölgəsində iki şəxsin təsvir
edilməsi bir çox gizli və maraqlı mətləblərdən
xəbər veri.
T.Salahovun yaratdığı "Qladioloslar" (1958),
"Pəncərə. Moskva səhəri" (1959),
"Natürmort" (1966), "Narla natürmort" (1969),
"Dolçalarla natürmort" (1969), "Palitra ilə
natürmort" (1972), "Vyana stulu ilə natürmort"
(1976), "Qırmızı bibərlərlə
natürmort" (1977), "Çiçəklənən nar
budaqları" (1978), "Günəbaxanlar" (1999), "Qurumuş günəbaxanlar"
(2004), "Köhnə günəbaxanlar" və başqa
bu janrlı əsərləri adi həyatda hər gün rast
gəldiyimiz əşya və predmetləri elə inandırıcı
bədii boyalarla təqdim edir ki, rəssamın
yaradıcılıq qüdrəti sayəsində onları
yenidən kəşf etdiyimizi desək, heç də
mübaliğə etmərik.
T.Salahov eyni zamanda bir neçə teatr tamaşası
üçün yüksək səviyyədə bədii tərtibat
və geyim eskizləri hazırlayıb. V.Şeksprin "Antoni
və Kleopatra" (1965), "Hamlet" (1968),
C.Cabbarlının "Aydın" (1976),
tamaşalarının, Ü.Hacıbəylinin
"Koroğlu" (1975), (2010) operasına, A.Əlizadənin
"Babək" (1985), F.Əmirovun "Min bir gecə"
(2009, Moskva şəhəri, Bolşoy Teatr) baletlərinin səhnə
tərtibatı və geyim eskizləri məhz T.Salahov
yaradıcılığının məhsulu olub. Rəssamın
bu sahədəki işləri də öz
orijinallığı ilə diqqəti cəlb edir.
T.Salahov yaradıcılığı, onun misilsiz əsərləri
bu gün də aktualdır, sənətsevərlərin,
geniş tamaşaçı auditoriyasının diqqət və
maraq mərkəzindədir.
Əsəd Quliyev
Sənətşünas, AMEA-nın dissertantı, Rəssamlar
İttifaqının üzvü
525-ci qəzet.- 2023.- 9 dekabr, № 224.- S.23.