Müasir Vyanaya və Avstriyanın zəngin
tarixinə səyahət
(Əvvəli ötən şənbə
sayımızda)
Avstriyalılar həm də
öz irsləri ilə özlərini rahat hiss etmirdilər,
çünki irs, kiçik bir milli dövlət olan müasir
Avstriya üçün olduqca böyük idi. XX əsrin
ikinci yarısının ilk illərindəki Avstriya dövləti
olduqca varlı və şöhrətli babanın
kasıblaşmış və ehtiyac kimi dövrün
damğasını gəzdirməklə, yoxsulluğun nə
olduğunu aydın dərk edən və bir az əvvəl
düşdüyü vəziyyətdən dəhşətə
gələn fağır nəvəyə bənzəyirdi.
İrs həm də yüksək milli xarakteri, çoxmillətli
olması və çox etnik müxtəlifliyi ilə
seçilirdi. Bu irs demək olar ki, dünyanın bütün
hissələrinə genişlənmişdi. Attsek
hökmdarı Montesumanın lələkdən olan tacı
Mexikoda deyil, Vyanada idi, onu hədiyyə kimi ispan
konkistadorları Habsburq kralına vermişdilər. Əks
qaydada Avstriya mədəni irsinin parlaq hissələri
yalnız 1938-ci ildən sonra dünyanın başqa tərəflərinə
götürülməklə xilas edilmişdi. Müasir
dünyada Avstriyanın əldə etdikləri eksponatların əksəriyyətinin
kökü Vyanada deyil, dünyanın başqa şəhərlərində
idi.
Güman ki, avstriyalılar Avstriya tarixinin böyüklüyünün
nə demək olduğunu anlayırdılar.
2006-cı ilin yanvarında Avstriyada nə vaxtsa
yaşamış ən böyük insan olan Volfqanq Amadey
Motsartın anadan olmasının 250 illiyi bayram edildi. Motsart isə
əslində, avstriyalı deyildi, onun ilk göz
açdığı Zalsburq həmin vaxt Avstriyanın tərkibindən
kənarda idi. Motsart öz kamil karyerasının əksəriyyətini
on il ərzində yaşadığı Vyanada
keçirmişdi, Bethoven də onun ölümündən
sonra Vyana sakini olmuşdu, ancaq alman bəstəkarı olaraq
qalırdı. Onlar kosmopolit Avstriyasının qiymətli irsi
idilər. Motsart, həqiqətən, bir model idi,
bugünkü Vyanada da hər yerdə Motsartın heç də
real olmayan, virtual izinə, portretlərinə rast gəlmək
mümkündür. Motsartın gur saçlı portreti istənilən
əmtəəni tez satılan mala çevirir. Burqqarttendə
isə Motsartın möhtəşəm heykəli ucalır.
Motsart məşhur bəstəkar, görkəmli
musiqiçi olmaqla yanaşı, frimason idi, Maarifçilik tərəfdarlarından
birinə çevrilmişdi. O, həmçinin Venetsiyada məşhur
qadın düşkünü kimi tanınan və macəralar
sahibi olan Kazanovanın dostu idi.
Böyük fransız heykəltaraşı Ogyüst
Roden 1911-ci ildə onun büstünü yaratmışdı.
Mərmər daşdan boylanan bəstəkarın başı
ona həsr edilən esse olsa da, əslində, yəhudi bəstəkar
Qustav Malerin cizgilərini əks etdirirdi. Axı iki il əvvəl
Roden onun da bürüncdən olan büstünü
yaratmışdı. "Əbədi bahar" kimi qeyri-adi məhəbbət
himni təsiri bağışlayan heyranedici kompozisiyanın
ecazkarlığını nümayiş etdirən bir dahi
müəllifə belə xətaları bağışlamaq
olar. Böyük fransız heykəltaraşı Ogyüst
Roden dünyada şöhrət tapmış "Cənnət
qapısı" əsərini, "Mütəfəkkiri"
heykəlini, "Ədəbi bahar" adlı məhəbbətin
gur coşqunluğunu təsvir edən mərmər və
bürünc kompozisiyalar yaratmışdı. Yubiley şənliklərinə
gəldikdə, Avstriyanın sərhədlərindən kənarda
olanlar da, onun daxilində yaşayanlarla birlikdə Motsarta həsr olunmuş bayramda
göstərdilər ki, onlar dahi həmyerliləri
qarşısında öz borclarını ləyaqətlə
yerinə yetirirlər.
Avstriya böyük keçmişə malik olan indi
kiçik, olduqca müasir Avropa ölkəsidir. Onun öz
tarixinin çox saydakı səhifələri ilə fəxr
etdiyi kimi, kiçik zamanı əhatə etsə də,
utancaqlıq bəxş edən əlamətlərlə dolu
bir həyatı da yaşamalı olmuşdur. Ona görə də
Avstriya və ayrıca avstriyalıların tarixinə səyahət
maraq kəsb etdiyindən, nəzərə çarpan cəhətlərə,
yəqin ki, oxucular da müəyyən həvəslə
yanaşacaq, onun əhvalatlarına qiymət vermək təsadüfünə
heç də laqeyd qalmayacaqlar.
Kursalon. İohann Ştraus və Motsart konserti
Biz Vyanada 2022-ci ilin Milad bayramı günlərində
olduq. Vaxtilə mən Parisdə, bir az əvvəl isə
Praqada Milad bayramı vaxtı olmuşdum. Paris Miladı qeyd edəndə
öz gözəlliyini, bəlkə də, dəfələrlə
artırmışdı. Yelisey çölü
avenyüsündə ağaclar kiçik lampalarla elə bəzənmişdi
ki, Afrikada gördüyüm flogiston ağacını yada
salırdı, onların çiçəkləri od saçır,
işıq verir. Burada maşınla gedəndə Lido gecə
klubunun yaxınlığında küçənin
yuxarısından asılmış güzgü
parçalarından olan şarlar fırlandıqca
projektorlardan düşən işıq, güzgüdən bərq
vurur, ətraf binaları, yolun döşəməsini gur
işıq hissələrinin burulğanına çevirirdi. Hərəkət
etdikcə bu qəribə mənzərəli mağaranın,
tunelin qurtarmasını arzu edirsən, çünki
işıq seli fantastik, sənə məlum olmayan bir sehrli mənzərə
yaradır. Parisin binaları gül-çiçəklərlə,
illüminasiya ilə elə bəzədilmişdi ki, toy
üçün özünə hər cür yaraşıq
vermiş gəlinə bənzəyirdi. Buradakı Milad
bayramı günləri, bahalı şampan şərabının
yaratdığı sevinc və şadlıq hisslərinin
coşğunluğunu yada salırdı.
Praqanın da bayram libası Parislə müqayisə
olunmasa da, nisbətən kasıblıq təsiri
bağışlasa da, şəhərin simvolu sayılan Karlov
Mosta yaxın olan küçələri, meydanları
işıqla, elektrik lampaları ilə yaxşı bəzədilmişdi.
Bir kiçik meydanda iki hündür, ingilislərin Christmass
tree (Mövlud ağacı), rusların yolka
adlandırdıqları ağac oyuncaqlarla və kiçik
lampalarla bəzdilmiş bir libasa qərq olmuşdu, onların
zirvəsində beş guşəli ulduz parlayırdı.
Küçələr qarlı, həm də onun əriməsindən
əmələ gələn lehməli olmasına baxmayaraq,
güclü insan axını ilə dolmuşdu, adamların
çoxluğundan piyada hərəkətdə ilk dəfə
tıxaclarla rastlaşmalı olmuşduq. Soyuq, şaxtalı
havaya baxmayaraq, axşamlar şəhər sakinləri və
turistlər sayı xeyli çoxalmış açıq kafelərdə,
Parisdəkindən fərqli olaraq elektrik sobaları ilə
yuxarıdan o qədər də yaxşı
qızdırılmayan terraslarda yeyib-içirdilər. Onlardan ətrafa
əsl bayram əhval-ruhiyyəsi, şadlıq hissləri
yayılırdı.
Etiraf etməliyəm ki, bunların heç birini
Vyanada görmədik. Axı Vyana katoliklər ölkəsinin
paytaxtıdır, mən orada Parisin şən, parlaq mənzərəsini
görəcəyimə ümid bəsləyirdim. Lakin
yanıldığım qənaətinə gəldim.
Yaşadığımız otelin foyesi istisna olmaqla, şəhərdə
bol bəzəkdən əsər-əlamət yox idi, tək-tək
gözə dəyənlər Türkmənistanın saksaul
ağaclarını yada salırdı, bir-birindən çox
aralı idi. Bəlkə də, iqtisadi böhran,
pandemiyanın vurduğu maddi zərbə şəhərin
bayrama layiqincə hazırlaşmamasına da öz təsirini
göstərmişdi. Avstriyalıların praqmatizmini də
yaddan çıxarmaq olmazdı.
Ancaq inanmaq olmurdu ki, qədim katolik şəhəri
olan Vyana müqəddəs bayram sayılan bu Allah oğlunun -
xristianların sitayiş etdiyi Üçlüyün biri olan,
bizim eranın I əsrinin başlanğıcında meydana gələn
və onun adı ilə adlanmış dinin banisi İisus
Xristosun anadan olduğu günün qeyd edilməsinə belə
laqeydliklə yanaşırlar. Axı Müqəddəs Roma
imperatorları olan Habsburqlar Romada papa tərəfindən
taclanmalarını böyük şərəf hesab edirdilər. Bu tədbir əsasən
Vatikanda, Müqəddəs Pyotr kilsəsində (Basilica de San
Pedro-da) keçirilirdi. Möhtəşəm məbəd
Renessans dahiləri tərəfindən inşa edilməklə,
həm də İisusun baş apostolu və həmçinin
Romanın ilk yepiskopu (papası) sayılan Müqəddəs
Pyotrun adını daşıyır. Yəqin ki, Vyananın
qonağı olan digər katoliklər bayrama belə məhəl
qoyulmamasını heç cür anlamazdılar, bir halda ki,
bu, hətta İslam dininə sitayiş edənlərin də
təəccübünə və təəssüf hissinə
səbəb olmuşdu.
Başqa bir izahı güzəşt xatirinə, qəribə
də olsa, yəqin ki, tapmaq olardı. Vyana öz gözəlliyi
ilə, möhtəşəm sarayları, əzəmətli
binaları, fəvvarələri və cazibədar heykəlləri
ilə öyünə bilər. Yəqin ki, şəhər
tarixin yadigarı olan bu gözəlliklərin kifayət
olduğunu hesab etdiyindən, əlavə bəzək-düzəyə
vaxt və vəsait sərf etməyi lazımsız sayır.
Axı gözəl xanımlar da təbiətin ona bəxş
etdikləri ilə daha çox öyündüklərindən
daş-qaşa, sifətin makiyajına o qədər də əhəmiyyət
vermirlər. Lakin yüksək zövqdən xəbər verən
azacıq süni gözəllik əlavələri də təbii
olanları tamamlamağa, gözə çarpdırmağa
kömək edir. Vyana meriyasının isə hakim Xristian
dininin yaradıcısının doğum gününü
(Miladı) təmtəraqsız keçirmək qərarına
heç də haqq qazandırmaq mümkün deyildir. Ancaq bir cəhəti də etiraf etmək
vacibdir ki, Vyananın küçələrini
dolaşdıqca, tarixin iyini hiss edirsən.
Xristianlar, xüsusən katoliklər üçün
Milad günü müqəddəs bayram hesab olunur, hamı ona
xüsusilə hazırlaşır, hədiyyələr
daşqını baş verir. Bayram, hər bir şəhər
üçün zahiri əlamətini özünü bəzəməkdə,
adi günlərdən fərqli olan libasa bürünməkdə
ifadə edir. Daxili əlamət isə kütləvi şənlik,
şadlıq əhval-ruhiyyəsidir. Bu iki əlamət birlikdə
bayramı doğrudan da ilin çox fərqlənən bir
dövrünə çevirir. Nədənsə, Vyana bu həqiqətləri
ötən ilin Milad bayramında lazımınca nəzərə
almamışdı.
Lakin Vyana sadə bir şəhər, ya paytaxt deyildir.
O, yaşı əsrlərlə ölçülən qədim
şəhər olsa da, öz cavanlığını, şux
gəncliyə xas olan xüsusiyyətlərini qoruyub
saxlayır. Dunayın layla dediyi, ona həsr olunan valsda ruhən
incəliklə fırlanan şəhər öz möhtəşəmliyi
ilə adamda onsuz da bayram əhval-ruhiyyəsi yaradır və
biz də onu məhz belə hisslərlə tərk etdik.
SON
12 iyul 2023-cü il
Telman ORUCOV
525-ci qəzet.- 2023.- 9 dekabr, № 224.- S.22.