Boğazın zərif incisi  

 

 

Hisarönüdə gəzərkən Boğazın əks tərəfində onlarla evin, villanın, yaşıllığın, həzin-həzin sağa-sola gedən gəmilərin, dəqiqələri hesablayaraq aşağı-yuxarı şütüyən vapurların arasından bir abidənin sənə göz qırpdığını görürsən. Olduğu yerdə elə məğrur, elə gözəl ucalır ki, sənə elə gəlir bina, dünya yaranandan elə orada mövcuddur. Əzəməti ilə elə ovsunlayır ki, dayana bilmirsən, Aşiyandan hərəkət edən vapura minib yeddi, bəlkə də səkkiz dəqiqə sonra yanında enirsən. O vaxt əmin olursan, uzaqdan gəl-gəl edən bu abidənin saray deyil, qəsr olduğuna...

Söhbət Küçüksu ilə Göksu dərələri arasında yerləşən Küçüksu Qəsrindən gedir. Boğazın kiçik, amma ən zərif sarayıdır bura. Memarlıq leksikonunda qəsr, padşahlar üçün şəhər kənarında inşa edilmiş saray və ya köşk tərzində olan binadır. XIX əsrin incilərindəndir.

Üsyanlardan yaranan gözəllik

Əslində İstanbul fəth edildiyi ilk yüz, yüz əlli ildə şəhərin mərkəzi və padşahların diqqətini çəkən yerlər Kasımpaşa, Fatih, Haliç əraziləri idi. Üsyanlar, qiyamlar, dayanmadan dəyişən hökmdarlar, taxt ətrafında gedən qızğın mübarizələr padşahları şəhərin başqa istiqamətlərində saraylar, qəsrlər tikdirməyə vadar etdi. Küçüksu Qəsri də onlardan biridir. Osmanlı tarixində Lalə dövrü adı ilə keçən dönəm, yeniçəri üsyanıyla qanlı şəkildə sona çatdıqdan sonra Kağıthanədə olan saray, köşk, yalı və digər binalar yağmalanıb dağıdılmışdı. Bu üsyan bütün ölkəni əhatə etmədiyinə, total xarakter daşımadığına görə, qısa bir müddət sonra hər şey köhnə vəziyyətinə qayıtmışdı. Bu məqamda taxta çıxan I Mahmud, Kağıthanə və ətrafını bərpa edib düzəltdirmək əvəzinə, Boğaziçi sahillərində dincəlməyi və əylənməyi seçmişdi. Kiçiksu, padşahın boğazda ən çox sevdiyi səmtlərdən biri olmuşdu. Sədrəzəm Mehmet Emin Paşa, padşahın bu əraziyə heyranlığını görür və ona burada qəsr inşa edilməsinə dair bir fikir verir. Pozitiv cavab alan kimi tikinti üçün lazımi əmrləri verir.

Mühəndis Yusif Əfəndi bir plan hazırlayaraq Küçüksuda taxta bina inşa etməyə başlayır. Qəsr 1751-ci ildə böyük bir təntənə ilə açılır və tarixə "I Murad üçün tikilən saray" adı ilə keçir. Kandilli yamaclarında quyular qazılır, nəhəng qablarla qəsrə su gətirilir. Gətirilən su qəsrin ehtiyacını qarşılamaqla birlikdə hovuz və fəvvarələr üçün istifadə edilir. Yazarkən ağlıma gəldi, sırf padşahlara xoş gəlsin, onlar zövq alsın deyə su daşıyaraq fəvvarə işlətmək yəqin ki, o dönəm insanları üçün işgəncə imiş. Hər dövrü vərəqləyəndə, araşdıranda, tarixə boylananda elə hey eyni şeyləri düşünürsən; necə çətindir insan olmaq, necə ağırdır insanların dünyası, nə zülmlü işdir kimlərinsə eqosunu tətmin etmək, onların travmalarına görə davranmaq məcburiyyətində qalmaq. Doğrudur, bu gün dünya çox dəyişib, amma insanlıq dəyişməyib. Modernləşən geyimlərdir, istifadə edilən avtomobillərdir, əşyalardır, texnologiyanın zirvəni fəth etməyidir, beyinlər elə feodaldır ki, feodal!

Hətta bir az da keçmişə, lap eradan əvvələ gedək, Zeus, Hermes, Eros, Artemis kimi tanrılara görə, Sokratı ölümə məcbur edən feodal beyinləri yada salaq. Halbuki bu gün Eros cinsi gücü artıran vasitələrdə, Hermes afrodizyaq qoxularda, Zeus bədən şişirən məhlullarla tanınır. Amma Sokrat deyincə hər kəsin ağlına dərinlik, fəlsəfə, ərdəm gəlir. Ona görə də, insanlıq gözəlləmələrini əhəmiyyətsiz hesab edirəm.

Gümüş səlvi

Əslində Küçüksu 1600-cü illərdə şəhərin olduqca uzağında yerləşən ərazi hesab edilirdi. Əsasən padşahın has bağçası olaraq bilinən böyük yaşıllıqdan ibarət idi. Doğrudur, ilk taxta saray I Murad üçün tikilmişdi. Ancaq IV Muradın da bura xüsusi sevgisi olub. Hətta bağa o qədər aşiqmiş ki, buraya "Gümüş Səlvi" adını veribmiş. Qəsrlər sadəcə hökmdarların malı sayılan və sarayların uzağında inşa edilən köşkdən böyük binalardır. Davamlı yaşayış üçün istifadə edilməyən qəsrlər, padşahların dincəlməkləri üçün vaxt keçirdikləri yerdir. Yeri gəlmişkən, bura ilk tikiləndə heç hamam da olmayıb içərisində. Əsrlər sonra yenidən qurulanda və qonaqlar qəbul edildiyi üçün bu əskiklik tamamlanıb.

Memarlıqda Balayan fərqi

İstanbulun bütün möhtəşəm abidələrində olduğu kimi, Küçüksu Qəsrinin də altında I Sultan Abdülməcidin imzası var. Memarlıqda və sənətdə qərb dəsti-xəttinə üstünlük verən Sultan, köhnə taxta qəsri sökdürür, yerində bu binanı inşa etdirir. İstanbulun ən gözəl saraylarının ərsəyə gətirilməsinə damğa vuran, dönəmin məşhur memar ailəsindən olan Nikos Balayana inşa etdirir. Barok, rokoko tərzində inşa edilən Küçüksu Qəsri əsrarəngiz bir cazibəyə sahibdir. Sarayın gəzərkən diqqət edəndə görürsən ki, Balayan sadəcə barok və rokoko tərzini deyil, Osmanlı memarlığını da işin içinə qatıb və bu baş gicəlləndirən gözəlliyin harmoniyasındakı əsrarəngizliyi o zaman daha yaxşı dərk edirsən. Eyni zamanda bir memarın bu qədər istedadlı, bacarıqlı olmağına, qərblə, şərqin incəliklərini birləşdirərək qüsursuz əsər yaratmağına heyran qalırsan.

Qəsr zirzəmi ilə birlikdə üç mərtəbədən ibarətdir. Alt mərtəbəsi mətbəxt, xidmətçilərin qaldığı yer və yeməklərin saxlandığı anbar olaraq işlənirdi. Yeri gəlmişkən, həmin mərtəbə, yəni alt qat ziyarətə qapalıdır. Digər mərtəbələr isə salona açılan dörd ayrı otaqdan ibarətdir. Dənizə baxan tərəf qabarıq naxışlarla örtülüdür. Qəsr üç mərtəbəli yığma texnika ilə inşa edilib. Kərpic və daş istifadə edilərək ucaldılan binanın eni və uzunluğu 15-27 metrlik ərazini əhatə edir. Qərb memarlıq üslubunda inşa edilməyinə baxmayaraq, türk evi planını yansıdan qəsr istirahət və ov üçün istifadə edilən yer olub. Başqa saraylardakı kimi ətrafı hündür hasarlarla deyil, dörd tərəfə qapısı olan zərif dəmir barmaqlıqlarla hasarlanıb.

Hər toxunuş bir məhrumiyyət...

Qəsri gəzərkən öyrənirsən ki, hər gələn padşahın burada bir izi var. Məsələn, III Səlimin dönəmində Küçüksu qəsri tamamilə təmir etdirilmiş, qəsrin önündə böyük bir çeşmə tikilmişdi. Qəsrin növbəti yenilənməsi isə II Mahmudun dövründə olmuşdu. Hətta bəlli bir dönəm qəsrin adı "Bağçeyi-i Göksu" adıyla nam salmışdı. İndiki halı isə Sultan Abduləziz dönəmində fasadı müxtəlif restavrasiyalardan keçərək günümüzə qədər gəlib çıxıb. Təəssüf ki, bütün bu yenilənmə və toxunuşlar zamanı ilk vaxtından qalan bəzi parçalarınıda itirib. Qəsrdə əvvəllər hamam və yataq otağı yox idi. Bunlar daha sonra qonaq evi kimi istifadə edilməyə başlanınca əlavə edilir. Hətta XIX əsrə aid su kranlarını görəndə xeyli təəccüblənmişdim. Sonradan qurulduğunu həmin vaxt söyləmişdilər.

Otaq və salonlar nadir xalçalarla, İtaliyadan alınan vazalarla, çılçıraqlarla, Fransadan padşahlara göndərilən şamdanlarla, Avropanının müxtəlif ölkələrinən həmin dönəm sifariş edilən mebellərlə döşənib. Fransa aynaları, İtaliyanın mərmər buxarısı isə insanı valeh edir. Binanın daxili dizaynı Dolmabahçe Sarayının içərisini dizayn edən Paris Operası Dekoratoru Sechan tərəfindən ərsəyə gətirilib.

Mərmər pilləkənlər insanı heyrətləndirəcək qədər zərifdir. Tavanlar qələm və boya ilə işlənib. İtaliyan mərmərləri ilə inşa edilən hər bir otaqda ayrı bəzəkli, əl işi döşəmələr, müxtəlif Avropa üslublarındakı mebellər, xalçalar və tabloları ilə bənzərsiz bir sənət muzeyidir. 1925-ci ildə Milli Saraylar İdarəsi Başqanlığına verilən Küçüksu Qəsrində Osmanlı Padşahları ilə birlikdə 1927-ci ildə İstanbula döndükdən sonra Atatürk də qalmışdı. Cümhuriyyət illərində qəsrdə İsmət İnönü və Cəlal Bayar da qonaqlamışdı. 1970-ci illərdə istifadə edilməyən qəsr, 13 il sonra muzeyə çevrilir. 1994-cü ildə dərin və modern restorvasiyadan keçir və yenidən ziyarətə açılır. Qəsrin yan tərəfində qalan ərazi isə ziyafətlərə toylara, toplantılara ev sahibliyi etmək üçün açıqdır.

Görməyə dəyər yerlərdən biridir. Yolu Hisarönüyə düşənlər mütləq dəyərləndirsin.

 

Türkan TURAN

525-ci qəzet.- 2023.- 9 dekabr, № 224.- S.21.