Misraların ahından çatılan ocaq

ƏLİZADƏ NURİNİN YAĞIŞ POEZİYASI HAQQINDA QEYDLƏR

 

Onu boyaqlı sözlərlə təsvir etməyə lüzum yoxdur, özü də, sözü də bənzərsiz bir şairdir. On yeddi yaşında ilk şeiri rayon qəzetində çap olunub. "Bir parça çörək" adlı şeirlə oxucularının görüşünə gələn Əlizadə Nuri hər sətrində obrazlı söz axtarışına üz tutur. Şairin işıq üzü görmüş poetik toplularının sayı çoxdur. Bu çoxluğun içərisində yağışla bağlı şeirləri toplanmış bir neçə kitabı xüsusi diqqət çəkir. Pəncərəsində ağlayan yağışla (Pəncərəmdə ağlayan yağış, 1993) ilk kitabının sevincini yaşayan şair bir qədər sonra "Durna lələyidi bu yağış" (1996) deyir, ürəyi soyumayıb, yağan yağışı "Ulduzların göz yaşı"na (2004) bənzədir. Yekununda sevdiyi və onu sevən oxucusuna "Sənə yağış gətirirəm" (2023) söyləyir:

 

Sənə ocaq çatıram -

Misraların ahından.

Yağış dərirəm sənə,

Buludun budağından.

 

Şeiri "ürəyinin sapıyla tikən" şair yuxarıdakı bənddə "misraların ahı" və "buludun budağı" kimi söz birləşmələrini yaradır ki, bu da yalnız onun özünə məxsus ifadələrdir. Şeir oxucunu misra-misra bənzətmələr, obrazlı deyimlər dünyasını aparır. "Çiçəklərin qaşından üzük yonan" şair sevdiyinə "axar çayın səsindən nəğmə yazır".

Yeni poetik toplusu İsmayıl Şıxlı, Məmməd Araz, Anar, Zəlimxan Yaqub, Ramiz Rövşən, Vaqif Bayatlı Önər, Rüstəm Behrudi, Elnarə Akimova və Əbülfət Mədətoğlunun Əlizadə Nuri haqqında söylədikləri fikirlərlə açılır, "Payız notları" adlı müdrik deyimlərlə yekunlaşır. Məmməd Araz yazıb ki, "Əlizadə Nuri çox yığcam danışır, böyük mətləbləri sıxıb şeir qəlibinə sığışdırmağı bacarır". Anarın diqqətini şairin "səmimi obrazları" çəkir. Rüstəm Behrudini heyrətləndirən Əlizadə Nurinin "hətta ölümün də fəlsəfəsini və ilahi mahiyyətini mükəmməl açması"dır. Elnarə Akimovaya görə, şairin poeziyasında öz ifadəsini tapan fərqləndirici xüsusiyyətlər "modernistik şeir axtarışları, ekzistensial ovqat, metafizik düşüncə" tərzidir. Əbülfət Mədətoğlunun diqqətini çəkən cəhət şairin "lal suları xatırladan" şeirlərinin "alt qatındakı sunami"dir. Bu təqdimatlardan sonra oxucu Əlizadə Nurinin söz dünyasının qapısını asanlıqla döyür, onun bir dərya hikməti qədər dərin olan poetik düşəncələrinə qəvvas kimi baş vurmağa hazır olur.

60-ı adlayan şairin nəzərində "Ömür yanmış zəmi"dir, bəlkə də buna görə, "Su çəkən kağız kimiyəm" deyir. Amma Əlizadə Nurinin altmışında da yazdığı şeirlər qocaqat şeirlər deyil, hər bəndində, hər misrasında eşq havası var. Bu bəndin hər misrası fikri bir yana çəkir:

 

Bir quş qarğışından ölə bilərəm,

Bir söz yoxuşunda ölə bilərəm...

Bir qız baxışından ölə bilərəm,

Ancaq qorxuram ki, birtəhər çıxar.

 

Amma "birtəhər" çıxmır, çünki şair sonrakı şeirində sevdiyinin adına şəhər salır:

 

Mən sənin adına şəhər salmışam,

Bu gün ad qoyuram küçələrinə.

Oturub şəhəri tumarlayıram -

Saçını sərmişəm gecələrinə...

 

Başqa şəhərlərə yaman dərd olub,

Udur acısını tütün şəhərlər.

Mən sənin adına şəhər salmışam,

Qaçıb xəritədən bütün şəhərlər.

 

...Gəl, öz şəhərini göstərim sənə,

Uzaqda deyil ki, könlüm yanıdı.

Mən sənin adına şəhər salmışam,

Ürəyim şəhərin baş meydanıdı.

 

Şair bu şəhəri ürəyinin sahillərində tikib, özü bu şəhərin qala qapısıdır, təkcə sevdiyinin adı bu qapıdan keçir. Bu da azdır, şəhərin şahı şairin üz tutduğu qadındır:

 

Tanrı bu şəhərə səni şah seçib,

Nə fərqi: sarayı, ya taxtı olsun.

Bir şəhər salmışam sənin adına,

Saldım ki, eşqin də paytaxtı olsun!

 

Bəzən şairin eşq meydanında tanıdığı, dəyər verdiyi qadının adı çəkilmir, Tanrı ona bağlama göndərir, amma onun içindən gözlədiyi ad çıxmır. Şair məyus olur:"Sevinc əkiləndə mən də varıydım, Yada salmadılar biçində, qadın". Sevgi qaçqını olan şair daldalanmağa ruh bənzərini axtarır:

 

Hardasan, şəhlagözlüm?

Sən ən şirin acımsan.

Hələ də bilmirəm ki,

Dərdimsən, əlacımsan?

 

Yuxuma dağıtmısan

Saçının yumşağını.

Sən yoxsan, kim böyütsün

Bu sevda uşağını?

 

Yol tapıb çıxa bilmir,

Bu tinim, bu dalanım.

Mən sevgi qaçqınıyam -

Gəl, səndə daldalanım.

 

Ədəbiyyata səksəninci illərin poetik axtarışları ilə gələn, amma ədəbi cərəyanlardan uzaqda duran Əlizadə Nurini qələmdaşları ilə birləşdirən onlarla oxşar baxışları bölüşməsidir. Həmin illərin poeziyası struktural və tematik axtarışları ilə yadda qalır. Yaradıcılığı həmkarlarının poetik politrası ilə səsləşən Əlizadə Nuri yeniləşən, çağdaş oxucu tələblərinə cavab verən kredosuna sədaqətini hər şeirində nümayiş etdirir. Salam Sarvan, Böyükxan Pərviz, Zahid Sarıtorpaq, Əlirza Həsrət və digərləri sözün alt qatına enməyə, folklor dili ilə danışmağa, hər sətirdə frazeologizm yaratmağa meyilli idilər. Təsvir trafaretlərindən qaçmaq, söz oynatmaq, sözlə oynamaq, ifadə yeniliklərinə can atmaq ənənə şəklini almışdı. Şeirə gətirdiyi yeniliklərinə görə seçilənlərdən biri də Əlizadə Nuri idi. Onun poetik axtarışları poeziyanın səviyyəsini qaldırmağa, qafiyə xatirinə yazılan şeirlərdən yüksəkdə dayanmağa xidmət edir və buna nail ola bilir:

 

Nə olsun ki, yanımdasan? -

Nə Rumdasan, nə Çində.

Ayrı dünyalardayıq,

Eyni damın içində.

 

Bu, əkslikdirmi? Bəlkə kontominativ yaşamın poetik təzahürüdür?! Şam qaranlığı işıqlandırır, Əlizadənin qələmində isə bu səhnənin təsviri başqa cürdür: "Bir azdan gecəni əridər bu şam". El arasında "gecə şam kimi əridi" ifadəsi var. Fərqli deyimlər fərqli düşüncə və fərqli yanaşma tələb edir: "Dərdə ağlamazlar, dərdi ağladarlar". El isə bu fikri belə ifadə edir: Dərdinə gül ki, ardınca dərd gətirməsin! Yağış, su şairin, az qala, bütün poetik dünyasını "isladır", şeirlərin adları da sanki leysana düşüb:

 

"Hamı çıxır su üzünə"

"Aramızda yağış var"

"Sənə yağış deyirəm"

"Mən yağmuram, sən baharsan"

"Bu ömür islanmış kağızmış, demə"

"Bir sevda qoynunda dərya salmışıq"

"Sən axar su kimisən"

"Deyəsən, o qızın Su idi adı"

"Hər adam bir damla yağış suyudu"

"Mən, qu quşları və... üşüyən yağış"

"Mənim pəncərəmdə ağlayan yağış"

"Bu ömür - bir qazan qardı"

"Verdim o dənizi qağayılara"

"Min göydələn yağışa"

"Yağış"

"Suyun simfoniyası"

"Dağ çayı yıxılıb dağdan, ölərdi"

 

Siyahını uzadıb, oxucunu yormuram, amma adlarını çəkdiyim şeirlərin heç biri oxucunu yormur, əksinə, ovqat qaldırır, ruh yaradır. Hər şeirin öz aurası var, cəlbedici, yeni deyimləri ilə oxucunu çəkib aparan ritmi tematik yük özünəməxsus şəkildə tamamlayır. Maraqlıdır ki, kitabın sonunda oxuculara təqdim olunan bir, iki və üç misralıq "Payız notları" poetik deyimlərinin də bir qismi yağışa "bələnib", suya "çəkilib".

 

Bir misralıq deyimlər:

Ay girib dənizə ləpələnirdi.

Suyu elə çoxalıb ki, boğulur dəniz.

Bir misra yağışda neçə heca var?

İki misralıq deyimlər:

İçinə bir gül budağı düşmüşdü,

Bahar gəlmişdi suya.

Mən səni bu axan çaydan

Bir damla sutək götürdüm.

Bu da misrasının sayı ələ gəlməyən deyim:

Dodaqlarının izi qalmışdı

Su içdiyin bulaqda.

Öpdüm suyu -

Öpdüm dodaqlarının

Suda qalan izini...

 

Əlizadə Nurini sözün "havalandırdığı" şair də adlandırmaq olar. İki ali məktəb bitirən, pedaqoji və hüquq təhsili alan şair əmək fəaliyyətinə inşaatçı kimi başlayıb, orta və ali məktəb müəllimi, müxbir, hətta bələdiyyə sədri vəzifələrində çalışıb. Necə deyərlər, heç bir işdə "duruş" gətirə bilməyib, doğulduğu Cəlilabada üz tutub və ata yurdu Adnalıda yaşamağa üstünlük verib. Özünün dediyi kimi, fərdi yaradıcılıqla məşğul olmağa can atır. Şeirinin də mayası və havası eldən gəlir. El içində yaşayıb, el deyimlərinə üz tutur. Əlizadə Nurinin söz birləşmələri, frazeologiyaları, ifadə və təsvir vasitələri yerli-yataqlıdır. Bunu sadə dillə belə ifadə etmək olar: Şair sözü sözə uydurur, müxtəlif mənalı sözləri bir-birinə bağlayıb yeni çalar yaradır, omonimləri, sinonimləri, çoxmənalı sözləri poetik qəlibə salır. Yeni söz, yeni deyim oxucunu şeirə bağlayır. Qulaq eşitməyən, dil söyləməyən ifadələr Əlizadə Nuri şeirinə təsvir və ifadə fəlsəfəsi gətirir.

"Sənə yağış gətirirəm" poetik toplusu şairin ədəbi kredosunu qoruyub saxlayır. Kitabda "Məhbus qadının məktubları" adlı poema, şairin rus dilinə tərcümə olunmuş şeiri və özünün rus dilindən tərcümə etdiyi şeirlər də yer alıb. Kitabı varaqladıqca oxucunu bu "havalı" şairin havası tutur, çəkib öz dünyasına aparır.

 

Bilal ALARLI HÜSEYNOV

ADPU Cəlilabad filialının müəllimi, filologiya üzrə fəlsəfə doktoru

525-ci qəzet.- 2023.- 9 dekabr, № 224.- S.20.