Əsgəri
imperatora çevirən sevgi
Esse
İl başlayandan dünyadakı sinefillər -
kinosevərlər bu filmi gözləyirdi desəm,
şişirtmiş olmaram. Həm mövzusu, həm də
baş rolda Yokin Feniksin oynaması filmi yayım tarixindən
bir il qabaq məşhurlaşdırmışdı. Hətta
deyərdim, film hələ çox səs-küyə səbəb
olacaq. Həm kino tarixində qalacaq döyüş səhnələrinə
görə, həm də fransızların indidən gündəmə
gətirdiyi tarixi təhriflərə görə.
"Qladiator" filmiylə tarixi mövzulara
özünəməxsus imzasını çəkən
rejissor Ridli Skot bu filmdə də Napoleona fərqli bir
baxış bucağı qurub. Tarixdə qazandığı zəfərlərlə,
təhsil və mədəniyyət sahəsindəki
islahatları ilə, etnik azlıqlara qarşı olan humanist
davranışları ilə (özü də etnik azlıq
idi), cəsarət və zəkasıyla rəngli, parlaq portretini
çəkmiş Fransa imperatoru filmdə az qala dəli, nə
etdiyini bilməyən və şəhvətə uduzmuş
biri kimi göstərilir. Skot və filmin ssenaristi David Skarpa
Napoleonu bir az da özlərinin şəxsi düşüncələri
çərçivəsində təqdim ediblər. Həm
rejissorun, həm də ssenaristin filmin çəkilişlərindən
əvvəl saytlarda Napoleon haqqında səsləndirdikləri
fikirləri onların bu mövzuda hansı cinahda
dayandıqlarını aydın göstərir: Napoleonu
fransızlar çox şişirdirlər.
Uzun sözün qısası, filmin məzmunu
obyektivlikdən uzaqda bir yerdə, Ridli Skotun tarixi təhlillərindədir.
"Napoleon" filmi sevgi və müharibənin vəhdətində
formalaşmış bir şəxsiyyətin böyüməsini,
güclənməsini, tənəzzülünü, sonda isə
sevgiyə və müharibələrə uduzmağını
nəql edir.
Napoleon nə qədər güclü və
ağıllı komandir olsa da, özünə güvəni
olmayan, qorxaq, bəzən nə edəcəyini bilməyən
və tərəddüdlü biri kimi göstərilir. Bu
özgüvənsizlik, şəxsiyyətinə olan
nagümanlığı onun şəxsi həyatında da əngəllər
yaradır. Sevgilisiylə münasibətləri onun -
dünyaya meydan oxuyan bir imperatorun qadın
qarşısındakı acizliyini,
gücsüzlüyünü göstərir. Həyat
yoldaşı Yozefinanın, Napoleon səfərdə olarkən,
bir zabitlə xəyanətini bağışlaması
qadın iqtidarının Napoleon üzərindəki təsirlərini
bir az da hegemonlaşdırır. Xülasə, Napoleon və
Yozefinanın ailə həyatında dominant tərəf
ikincidir.
Həyatında tək sevdiyi, seçdiyi qadın
öz xarakteri ilə Napoleonun bütün eqosunu qırır.
Ordunun başında dayanan, Avropanı ayaqları altına alan
imperator sevimli Yozefinasının yanında həlim,
gücsüz birinə çevrilir.
Fransızların filmə tutduqları iradlardan
birincisi budur. Onlar imperatorlarının Yozefinanı bu qədər
çox sevdiyini, ona bu qədər möhkəm
bağlılığını qəbul etsələr də,
göstərildiyi kimi acizanə bir məhəbbət
yaşamadığını da vurğulayırlar.
Tez-tez, hər döyüş səfərində
Napoleonun Yozefinaya məktublar yazdığını, ondan
güc aldığını göstərən Ridli Skot
imperatoru bu münasibətdə həddindən artıq
bağlı tərəf kimi göstərməklə həqiqi
şəxsiyyəti haqqındakı fikirləri də ziddiyyətə
salır.
Fransız izləyicilərin başqa bir iradı
"Rusiya ilə münasibətlərin həqiqətə
uyğun olmadığı" barədədir. Fransız tənqidçilərdən
fərqli olaraq amerikalı sinematoqrafçılar Rusiya ilə
müharibə məsələlərinin, xüsusən buz
üzərindəki döyüşü canlandıran həmin
möhtəşəm səhnəni film tarixinin ən
yaxşılarından biri kimi qiymətləndirirlər.
Fikrimcə, buz üzərindəki döyüş,
fransızların rusları və birləşmiş
orduları xüsusi taktika ilə buz üzərinə gətirmələri,
sonra həmin buzları toplarla vurub əsgərləri suda
boğmaları, həqiqətən, əfsanələşəcək
səhnələrdir. İstər Skotun, istərsə də
Feniksin karyerasında bu səhnənin yeri fərqli olacaq.
Və sondakı rəqəmlər... Fransız
xalqını Skotun üstünə diş qıcamağa məcbur
edən o rəqəmlər... Rejissor filmin sonunda, final səhnəsindən
sonra möhtəşəm bir musiqinin harmoniyasında Napoleonun
iştirak etdiyi döyüşlərdə ölən əsgər
və sivillərin sayını yazır. Beşrəqəmli,
altırəqəmli qorxuducu saylar tamaşaçını
Napoleon haqqında bir də fikirləşməyə məcbur
edir. Görünür, Skot bununla məşhur Fransa imperatorunu
"soyqırımlar törədən ac canavar, qana doymayan
bir bədheybət" kimi təqdim etmək istəyib.
Yozefinanın ölümü ilə Fransanın tənəzzülü
başlanır. Yozefinasını itirən Napoleon qələbə
çala bilmir. İkinci sürgündə həyatının
sonuna qədər ona məktublar yazır.
Skota görə, Napoleonu imperator edən, ona bu əzmi
və cəsarəti verən sevgilisi Yozefina idi. O olmasa,
Napoleon heç kim idi. Napoleon Yozefinanın
varlığıyla güclüdür. Bu sevgi onu əsgər
rütbəsindən eqosu ilə dünyanı ayaqlayıb
keçən, Avropaya qan udduran imperatora çevirib. Napoleon
sanki məhz o qadına görə döyüşür, onun üçün
qələbə çalırdı. Çünki sarayda təklikdə
qalanda arvadına qürurlanaraq danışacağı
başqa heç nə yoxdur. Ona görə də daha
çox qələbə qazanmalı, daha çox adam
öldürməli, daha çox ölkə işğal etməlidir.
Filmin musiqi və rəngləndirmə effektləri o qədər
canlıdır ki, sanki günümüzdəki müharibələri
izləyirsən. Rejissor tarixin tozlu səhifələrini yeni vərəqlərdə,
daha canlı təsvir edir. Əlbəttə, bəzi səhnələrin
çox canlı şəkildə önümüzdə
dayandığı filmin "ciddi qüsurlarından biri"
də effektlərin Napoleon şəxsiyyətinə
yansıdılmaması sayılır. Kameralar Napoleona
çevriləndə sanki hər şey öləziyir.
Ssenarist Skarpa bunu məqsədli şəkildə etdiklərini
deyir.
Həmin canlı səhnələrdən bəziləri
bunlardır: Moskvanın Çar Aleksandr tərəfindən
yandırıldığı səhnə. Fransızlara təslim
olmaqdansa Aleksandır paytaxtı yandırır. Səhnə
möhtəşəmdir, başqa nə cür ifadə edim
bilmir. İkinci portret tacqoyma mərasimidir.
Bu əsər Napoleonun şəxsi rəssamı
Yak-Lui David tərəfindən təxminən iki ilə
çəkilib. İlk dəfə 1808-ci ildə sərgilənən
əsər hazırda Luvr muzeyindədir. Bir başqa kopyası
da Versal sarayında sərgilənir. Rəsm əsəri
neoklassisizm cərəyanının ən böyük
nümunəsi hesab olunur. Bu portretin və tacqoyma mərasiminin
tarixdə qalmasının səbəbi isə başqadır.
Avropada imperatorların, kraliçaların tacını papalar
qoyur. Kilsənin əmri və duaları ilə. Napoleon tarixdə
bu qanunu tapdalayaraq öz tacını özü qoyan imperator
kimi anılır. Arvadı Yozefinanın da tacını öz
əlləri ilə qoyur. Portret də məhz həmin hadisəni
canlandırır. Filmin kult səhnələrindən biri həmin
əsərdən ilhamlanıb.
Feniksin bu filmdəki ifası haqqında nəsə
yazsam, təkrar olacaq. Çünki bütün filmlərində
əsrarəngiz ifasıyla diqqətdə qalan, "Oskar"
mükafatı qazanmış aktyor, Napoleon obrazını da
uğurla canlandırıb. Çoxunun ağlında Napoleon elə
Feniksin siması ilə qalacaq.
Napoleon ikinci sürgündə ölür...
Yozefinasız. Və bu sözləri pıçıldayaraq:
Fransa... Ordu... Yozefina..
Rəvan Cavid
525-ci qəzet.- 2023.- 9 dekabr, № 224.- S.17.