Dillərin
maraqcıl "səyahətçiləri" - sözlər
Dil sistemində sözlər ən çevik və
"rahat" vahidlər sayılır. Hər bir dildə ilk
eşidilən və az-çox dərəcədə
anlaşılan da ayrı-ayrı sözlər olur. Ən əsası
da yadda qalan. Xüsusilə də doğma və xarici dildəki
sözlər arasında hər hansı əlaqə,
oxşarlıq olduqda. Bu, bəzən aldadıcı bənzərlik
olsa da, dil daşıyıcıları üçün
maraqlı proseslərdən biridir. Bundan əlavə,
ayrı-ayrı sözləri xatırlamaq, onları sonradan
düşünmək üçün beynin
"daxılına" atmaq asan olur. Daha doğrusu, bir
çox hallarda bütün bunları asanlıqla beyin
özü edir. Bunun da əsas səbəbi, təkrar
çıxsa da, sözlərin çevikliyi, xatırlama
üçün asanlığı və kontekstdən müəyyən
sərbəstliyidir. Bu özəlliklər sözləri səyahətçilərlə
müqayisə etməyə imkan verir - mütəhərrik, şəraitə
tez uyğunlaşan, maraqlı...
Təsadüfi deyil ki, xarici dil öyrənənlər
bu prosesə ayrı-ayrı sözləri mənimsəməklə
başlayırlar. Çoxları da inanırlar ki, bununla xarici
bir dili öyrənə biləcəklər. Əlbəttə
ki, yalnız sözləri öyrənməklə xarici dili
öyrənmək olmaz. Ancaq bu da bir faktdır ki, bəzən
bildiyimiz tək bir söz belə müəyyən durumlarda
bizi vəziyyətdən çıxara bilər. Səbəb
yenə də sözlərin nisbi sərbəstliyi, yəni tək-tək
işləndikləri üçün yadda saxlamaq
üçün asanlığıdır.
Sözlər - "səyahət etməyi" sevənlər
Hər bir dildə digərlərindən keçən
leksik vahidlərə rast gəlmək olar. Yəni sadəcə
öz sözlərindən ibarət olan xalis dil yoxdur. Bu,
dilçilikdə sübuta ehtiyacı olmayan bir həqiqətdir.
Buna onlarla, yüzlərlə, hətta minlərlə misal
göstərmək olar. Bu zaman həmin vahidlərin qohum dillərdən
olmaması da mümkündür. Bu sözlərdən bir
qismi böyük bir bölgədə yayılır,
kültürün yaxınlığı, ümumiliyi
baxımından və ya bir sıra səbəblərdən
bölgə xalqları və təbii ki, onların dilləri
üçün ortaq vahidə çevrilir. Əlbəttə,
bu prosesdə bəzi ictimai-siyasi, hərbi hadisələr də
çox böyük rol oynayır. Məsələn,
işğal, müharibə və oxşar hadisələr. Bir
sıra ekspertlər sözlərin bir dildən digərlərinə
keçidində məhz işğal və müharibələrin,
müstəmləkə rejimlərinin böyük rol
oynadığını göstərirlər. Əslində bu
amilin çox məntiqli və ağlabatan olduğunu söyləməyə
xeyli əsas var. Başqa sözlə, işğal, səlib
yürüşləri və bənzəri hadisələrin
çoxsaylı ağır fəsadları ilə
yanaşı, dildə belə izlər buraxmaq kimi təsiri də
olur ki, bu da az və ya çox dərəcədə müsbət
hal kimi qiymətləndirilə bilər. Yəni
"yayıcı" rolunda bu cür hərbi-siyasi proseslər
də ola bilər. Başqa bir ehtimal sözlərin yuxarıda
sadalanan özəllikləri, yəni mütəhərrikliyi,
konteksdən nisbi sərbəstliyi, qavramada
asanlığıdır. Bu proseslər olmadan söz-kəlmə
"alış-verişi" nə qədər sürətli
- fəal və effektiv olardı, biz bunu bilmirik. Sözlərin
"səyahəti" sevmələri haqqında
danışarkən isə həm də onu nəzərə
alaq ki, bəzən bu "səfərlər" zorən olub
və olmaqdadır.
"Masaya" misallar gəlsin...
Misal haqqında danışılan məsələnin
praktik yönlərini göstərməklə onu daha
anlaşılan və görümlü edir. Xüsusilə
söhbət sözlərdən gedirsə, misalsız
heç ötüşmək olmaz. Hamımızın
bilib-eşitdiyimiz-işlətdiyimiz sözlər hansısa səbəbdən
müxtəlif ölkələrdə mənimsənir və
istifadədə geniş populyarlıq qazanır. Məsələn,
"çanta" sözünü misal gətirə bilərik.
Azərbaycan və türk dilləri ilə yanaşı, ərəb
(bu söz ərəb dilində "şanta" kimi tələffüz
edilir), yunan, gürcü, bolqar, alban dillərində
(mümkündür ki, başqa dillərdə də) eyni əşya
üçün məhz bu sözün işləndiyini
görə bilərik. Balkan ölkələrində
yaşayan bir çox xalqların dillərində - polyak,
boşnak, serb, makedon və xorvat dillərində eyni əşyaya
"torba" deyilir.
Məsələn, türk dilində "dobra"
sözü var. Mənası "gözəl və
yaxşı" deməkdir. Bolqar və serb dillərindən
alıntı sayılır. Bu, bizə dərhal rus dilindən
yaxşı tanış olan "dobraya/dobrıy"
sözünü xatırladır.
Əks bir yön, yəni rus dilindəki sözün
türkcədəki kəlməni xatırlatmasına da
misallar gətirmək mümkündür, həm də
çox. Məsələn, rus dilində "belmes"
sözü var. Bu, Azərbaycan və Türkiyə türkcəsindəki
"bilməz", "bilemez" sözünü
xatırlatmırmı? Bunu təsbit etmək üçün
hər iki sözün ifadə etdiyi mənaya
baxmalıyıq. Aydın olur ki, rus dilindəki bu söz
"dünyadan xəbərsiz", "məlumatsız"
mənalarını ifadə edir. Yəni elə öz dilimizdəki
"bilməz", "bilməyən" sözünü.
Oxşarlıq həddən artıq çox deyilmi? Üstəlik,
bunu Azərbaycan dilində ilk dəfə qrammatik kontekstdə
eşidərkən öz dilindəki "belmes"
sözünün məna komponentlərini bütün incəliklərinə
qədər anlayan rus dili istifadəçisinin etirafları
bunu təsdiq edirsə, şübhəyə, demək olar ki,
yer qalmır.
Rus dilindəki "san" sözü bəzi şəxslərə
xüsusi mövqeyə malik olduqlarını bildirmək
üçün verilən rütbədir. Azərbaycan dilindəki
"ad-san" ifadəsindəki "san" bununla əlaqəli
deyil ki? Axı bunların məna yaxınlığı da
çox güclüdür. Biz "adlı-sanlı",
"ad-san" dedikdə bir şəxsin xüsusi statusa,
mövqeyə malik olduğunu da diqqətə
çatdırırıq. Araşdırma apararkən məlum
olur ki, rus dilindəki "san" sözünün
kökü qədim slavyan dilinə bağlanır ki, oraya da
türk dillərindən keçib. Türk dillərində isə
bu söz "ləyaqət" anlamında işlənib.
Türk və franız dilləri də daxil olmaqla bir
sıra dillərdə qalstuka "kravat" deyilir. Əslində
bu sözün bir çox digər kəlmələr kimi
türkcəyə fransız dilindən keçdiyini təxmin
edə bilərik. Fransız və digər dillərə isə
xorvat dilindən keçib. Daha doğrusu, bu, elə xorvat
sözünün özüdür deyə bilərik. Necə?
Xorvat hərbçilərin və ümumiyyətlə,
xorvatların geyimlərində qalstuk olduğuna görə
digər millətlərin böyük marağına səbəb
olub. Beləcə indi bizim qalstuk
adlandırdığımız əşya o zamanlar xorvatlarla
assosiasiya olunub. Nəticədə bəzi dillərdə
"xorvat" kəlməsini açıq-aydın
xatırladan "kravat" sözü yaranıb.
Uzaq Kanadadan bizim kəndə və geriyə
Güman ki, ilk baxışdan "Kanada" ilə
"kənd" sözləri arasında güclü əlaqə
olduğu az adamın ağlına gəlir. Amma var, həm də
çox güclü bir bağlantı var. Şimali Amerikada
yaşayan Hindu tayfalarının birinin dilində, daha dəqiq
desək, vayandot və ya vendotlar kimi də tanınan Quron
tayfaları arasında yayılan quron və ya irokezs dilində
"kanada" - "kənd" deməkdir. Artıq 1547-ci
ildən etibarən indiki ABŞ və Kanadanın ərazisindən
axaraq Böyük Gölləri Atlantik okeanı ilə birləşdirən
Müqəddəs Lavrentiya çayından şimalda yerləşən
bütün torpaqlar "kanada" kimi tanınırdı.
Bir çox ölkələrdə Kent adında şəhərlər
və ya məskənlər (məskunlaşma yerləri) var.
Bildiyimiz kimi, Türkiyə türkcəsində "kent"
sözü də yenə yerleşim yeri ilə bağlı olub
"şəhər" anlamında işlənir. Amma
yaxını qoyub uzaqlara niyə gedək? Dilimizdəki "kənd"
sözünün mənşəyi aydın deyilmi? Üstəlik,
mənası da, forması da (hərfbəhərf olmasa da)
eynidir. Şimali Amerikadakı
quron tayfalarının bu sözü çox qədim
vaxtlardan, yəni hələ şəhərləşmənin
olmadığı dövrlərdən işlətdiklərini
nəzərə alsaq, haqqında
danışdığımız leksik vahidin ("kanada")
mənasının dilimizdəki "kənd" sözü
ilə birbaşa bağlılığı aydın olur.
Sözlərin arxasınca - hər yerə...
İsveçrədə "Caran d'Ache" (eynilə
dilimizdəki "karandaş" kimi tələffüz olunur)
adlı bir şirkət var. 1915-ci ildə "Fabrique Genevoise
de Crayons Ecridor" adı ilə təsis olunub. 1924-cü ildə
Arnold Şvaytzer (Arnold Schweitzer) qurumun başına keçərkən
fransız satiriki, karikaturaçı Emmanuel Puağanın
(Emmanuel Poire) təxəllüsü olan "Caran
d'Ache"ı seçərək şirkətin adını
dəyişib. Bu söz "karandaş" kimi tələffüz
edilir, yəni eynilə bizim bildiyimiz və dediyimiz kimi.
Güman ki, o ölkədə çox az adam bilir ki, bu
şirkət öz adını türk kökənli "karandaş"
sözündən götürüb. Türkiyə türkcəsində
bu əşya fərqli bir sözlə ifadə edilsə də,
"karandaş" sözünün "sədası"
başqa yerlərdən gəlir.
"Apelsin" sözü hamımıza
tanışdır. Çünki bu sözün ifadə etdiyi
nəsnə lüğətdə "portağal" olsa da,
danışıq dilində böyük əksəriyyət
"apelsin" sözünü işlədir. Yəni rus
dilində olduğu kimi. Rus dilinə isə bu söz Niderland
dilindən keçib. Niderland dilində "Appelsien"
(hazırda daha çox "sinaasappel" kimi işlədilir) alman dilində isə
"Apfelsine" kimi yazılan söz fransız dilindəki
"pomme de Chine" ifadəsinin kalka üsulu ilə mənimsənilməsi
hesabına yaranıb. Bunun da mənası "Çin
alması" və ya "Çindən gələn
alma" deməkdir. Yeri gəlmişkən, hazırda
fransız dilində bu meyvəni ifadə etmək
üçün "orange" ("orinc" kimi tələffüz
edilir) sözündən daha çox istifadə edilir ki, bu da
ingilis dilinin təsiri sayılmalıdır.
Bütün yollar Romaya aparır! Elə sözlər
də...
Sözlər çox maraqlı bir izlənim
qaynağıdır. Dünyaca məşhur bəzi deyimlər
və ifadələr də sözlərdən qurulub dildən-dilə
keçib. Məsələn, "Bütün yollar Romaya
aparır" kimi deyim ən məşhurlardan biridir. Bu deyim
niyə xatırlanır? Böyük Roma
İmperiyasının bəşər tarixində çox
böyük rolu olub. Proseslər və hadisələr olubsa,
onun dil(lər)ə yansıması da qaçılmazdır.
Odur ki, doğma dilimizdə Roma imperiyasının dil etkisi ilə
qarşılaşdıqda da təəccüblənməmək
lazımdır. Amma ehtimal etmək olar ki, bəzən də təəccüblənməmək
olmur.
Məsələn, bilirsinizmi ki, müasir italyanca da
"piede" sözü "ayaq" deməkdir. Daha dəqiq
desək, ayağın ayaqqabı geyilən və ya yerlə təmas
edən hissəsi nəzərdə tutulur. Dilimizdəki
"piyada" sözünün də "piede" ilə
birbaşa bağlantısı var. Biz "piyada getmək"
feilini həm də "ayaqla getmək" kimi ifadə edirik.
Hətta sonuncunu daha fəal işlədirik.
Başqa bir misal - italyancada "giovane"
("covani" kimi tələffüz edilir) "gənc"
deməkdir. Bu, sizə Azərbaycan dilindəki "cavan"
sözünü xatırlatmırmı? Üstəlik, mənası
da eynidir. Müasir italyan və ispan dillərində "yetər","dayanın
artıq", "bitsin artıq" mənalarında işlənən
"Basta" sözü necə də bizim "bəsdir"
kəlməsini xatırladır. Üstəlik, mənaları
da tamamilə eynidir. Doğrudur, "basta" və "bəsdir"
sözləri arasındakı bənzərlik
onların qrammatik quruluşlarının eyniliyi anlamına da
gəlməməlidir. Ancaq bunu istisna etmək də çətindir.
Bunun üçün italyan dilini bilmək lazımdır.
Çox maraqlıdır ki, hindi dilində də "bəsdir"
sözü ilə eyni mənada işlənən "bas"
sözü var.
Hamımız bilirik ki, nəhəng Roma
İmperiyasının ərazisi bizim bölgəni də əhatə
edib. Nəinki bizim bölgəni, hətta dünyanın
çox böyük bir qismini. Bir o qeyri-müəyyən
qalır ki, bu və ya digər söz hansı dildə olub?
Haradan haraya və necə keçib?
Misalmı, masalmı?
Sözlərin oxşarlığına o qədər
tez-tez rast gəlinir ki, buna maraq göstərən
insanların fantaziyası durmadan kəlmələri bir-birilə
əlaqələndirir. Başqa deyimlə, bir sözdə digər
dillərdəki kəlmələrin izini, təsirini duyanlar
"Bəlkə bu, filan sözdən törəyib? Bəlkə
bu söz o dildən keçib?", "Bəlkə bu
sözün kökü filan kəlməylə
bağlıdır?" deyə özlərinə sual verirlər,
bunlar arasında mütləq bir əlaqənin olduğunu
düşünürlər. Bunu şəxsi təcrübəmə
əsasən ehtimal edirəm. Məsələn,
"Pomidor-yumurta" kimi adlandırdığımız yeməyin
Türkiyə türkcəsindəki
qarşılığı olan "menemen"
sözünü eşidərkən ağlıma ilk növbədə "Mən həmən" gəlir.
Yəni "tez hazırlayaram, indi bişirib gətirərəm"
mənasını. Və ya Türkiyə türkcəsində
xüsusi günlərdə, məsələn, əsasən
Ramazan ayı boyunca icra edilən və daha çox bizim
bayatılara bənzəyən oxşamaları, deyimləri,
dini ritualı ifadə edən "mani" sözünü və
"mani okumak" feilini eşidərkən
ağlımıza nə gəlir? Güman ki, bir
çoxlarının ağlına dilimizdəki "mahnı
oxumaq" feili. Göründüyü kimi, yenə də oxşarlıq
çox güclüdür.
Əlbəttə, haqqında
danışdığımız bu sözlər arasında əlaqənin
nə dərəcədə gerçək olduğunu söyləmək
çətindir. Bunun üçün ciddi və əsaslı
tədqiqat aparmaq lazımdır. Lakin bu, sözlər
arasında əlaqənin olmadığı anlamına da gəlməməlidir.
Bəlkə də var, həm də çox
güclüdür. Bəlkə də yoxdur, bu, sadəcə xəyal
gücümüzün "məhsuludur". Sadəcə bu
da yenə əsaslı araşdırma əsasında müəyyən
edilə bilər. Həqiqiliyinə əmin olduğumuz fikir isə
odur ki, sözlər dilçiliyin ən maraqlı vahidləridir.
Həm də "qloballaşmağa" ən meyilli
kateqoriyasıdır. İstər bu, istərsə də digər
səbəblərdən dünyanı "gəzib-dolaşmağı"
sevən sözlərin bir maraqlı cəhəti də var -
onlar dil istifadəçilərini də öz arxasınca
aparmağı bacarır.
Təranə MAHMUDOVA
BDU-nun Beynəlxalq jurnalistika kafedrasının dosenti
525-ci qəzet.- 2023.- 9 dekabr, № 224.- S.16;17.