"Mobil kinoya bəzən
uşaq əyləncəsi kimi yanaşılır"
Ruslan Sabirli: "Amma çox istərdim ki, Mobil Kino anlayışı
təfəkkürümüzdə oturuşsun"
Bu günlərdə Azərbaycanda mobil kino festivalı
CİNEMO öz işinə başlayıb.
Mədəniyyət Nazirliyinin təşkil etdiyi
"Yaradıcı Həftə" çərçivəsində
Kino Agentliyinin dəstəyi ilə keçiriləcək
"CINEMO"dan məqsəd Azərbaycanda mobil telefon vasitəsilə
film istehsalının daha geniş tanıdılması, mobil
çəkiliş sahəsində biliklərin
artırılması, istedadlı mobiloqraf və
kinematoqrafların üzə çıxarılması, mobil
filmin geniş imkanları vasitəsilə sosial dəyərlərin
təbliği və istedadlı gənclər arasında
yaradıcı əlaqələrin qurulmasıdır.
Mobil Film Festivalının məramı, məqsədi
və digər nüanslarla bağlı suallarımızı
festivalın müəllif və rəhbəri, aktyor,
prodüser Ruslan Sabirliyə ünvanladıq:
- Ruslan bəy, hər şeydən öncə
festivalın adı maraqlıdır. Niyə CİNEMA, yox
CİNEMO?
- Bəziləri CİNEMO deyəndə, onu orfoqrafik səhv
kimi qəbul edib axırıncı hərfini "düzəldirlər"
və onu CİNEMA kimi yazırlar. Amma bu, belə deyil.
Çünki CİNEMO adı kreativ olaraq
düşünülmüş bir addır. "Cinema" və
"mobil" sözlərinin birləşməsindən
yaranıb. Yəni son hissəcik "mobil" sözündən
götürülüb.
- "Mobil kino" anlayışının
özü insanda bir az çəkingənlik, bir az da cəsarət
hissi oyadır. Belə bir festilav keçirmək riskli deyilmi?
Bu festival mobil kinonu tanıtmaq üçündür, yoxsa
mobil kino anlayışının təfəkkürümüzə
daxil olmasının nəticəsidir?
- Əslində, çəkingənlik və
utancaqlıq deməzdim, hardasa özünə
sığışdırmamaqdır, bəlkə də. Bəziləri
düşünür ki, mobil kino nədir, kinonu yaxşı
kamerayla çəkərlər. Bax, bu fikir olduğu
üçün mobil kinoya bəzən uşaq əyləncəsi
kimi yanaşılır. Amma onları məyus etməliyəm,
çünki mobil kino heç də oyuncaq deyil, dünyada
böyük vüsət alan yaradıcı sənayenin bir hissəsidir.
Amma cəsarət oyatması fikrinizlə razıyam. Bəli,
mobil telefonla film çəkmək insandan cəsurluq, riskə
gedə bilmək xüsusiyyəti tələb edir.
Çünki sən peşəkar kamerayla yox, adi mobil telefonla
film çəkmək istəyirsən. Bu da cəsarət istəyir.
Mobil kino festivalını keçirmək, əlbəttə
ki, riskdir. Azərbaycanda belə bir festival keçirib,
güclü işlər gözləməyin özü də
riskdir. Amma ən azından cəhd etmək lazımdır. Hər
şey ilk dəfədən başlayır. Mənim fikrimcə,
artıq vaxtı yetişib. Əslində, mən bu festival
haqqında 2018-ci ildən düşünürdüm. 2019-cu
ildə təsis etdim, amma həmin ərəfələrdə
pandemiya başladı, sonra da pandemiyanın nəticələri
olan post-pandemiyanı yaşadıq. Artıq bütün hadisələrin
üzərindən 4-5 il keçib və 2023-cü ildə nəhayət,
bu festivala start verə bildik. Onu da qeyd edim ki, bu festival Mədəniyyət
Nazirliyinin "Yaradıcılıq həftəsi" çərçivəsində
Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə
keçirilir.
Təəssüf ki, hələ də Azərbaycanda
"mobil kino" anlayışı təfəkkürümüzə
daxil olmayıb. Bayaq da qeyd etdiyim kimi, insanlar "mobil kino"
anlayışına spektiv yanaşırlar. Çox istərdim
ki, mobil kino anlayışı təfəkkürümüzdə
oturuşsun.
Amma yadınızdadırsa, mən ölkəmizdə
"Booktrailer" festivalını keçirəndə də
insanlar bunun nə olduğunu bilmirdilər, məlumatsız
idilər. Ona görə də qəbul etmək istəmirdilər.
Festival nəticəsində biz bunun nə olduğunu onlara
tanıtdıq və getdikcə bu, geniş vüsət
almağa başladı, yazıçılar öz
kitablarına özləri booktrailer çəkdirirlər.
İndi də mobil kinonu ölkəmizdə təbliğ edən
BİR şəxs olacağam.
-Festivala təqdim olunan filmlər konkret bir mövzunu əhatə
edir, yoxsa rəngarənglik var?
- Festivala start vermişik və yanvarın 31-nə qədər
hər kəs mobil telefona filmlər çəkib göndərə
bilər. Bu, üç kateqoriyanı əhatə etməlidir:
bədii film, sənədli film və sosial çarx. Bu
festivala hər kəs qatıla bilər. Bir şəxs birdən
artıq mobil film təqdim edə bilər. Amma bir film bir
nominasiya üzrə iştirak edə bilər. Hər nominasiya
üzrə üç qalib seçiləcək. Mükafat
fondu minimum 800 manat olmaqla, ən böyük mükafat 2000
manata kimidir.
- Buradakı filmlər kinotənqidçilərdən
xeyir-dua alıb? Yoxsa ilk dəfə nümayiş etdiriləcəklər?
- Bu filmlər festivala təqdim olunub, nümayiş
etdirildikdən sonra kino tənqidçilərinə də
açıq olacaq, geniş ictimaiyyətə də
çıxacaq. Maraqlısı budur ki, həmin filmlər
artıq xaricdə keçirilən beynəlxalq mobil film
festivallarına da qatıla bilərlər. Bu il ilk dəfə
olduğu üçün yerli festival kimi keçiririk, amma gələn
ildən bu festivalı beynəlxalq səviyyədə
keçirmək fikrimiz var. Yəni olacaq CİNEMO beynəlxalq
mobil film festivalı.
- Bir məsələ də var ki, kino sənayesi
böyük büdcə tələb edir. Mobil kinolarda büdcə
məsələsi necədir?
- Bəli, kino sənayəsi ümumiyyətlə,
çox böyük büdcə tələb edir. Həmçinin,
kinoda belə bir şey var ki, heç vaxt heç nə az
olmur. Mobil kinoya da daha çox peşəkar
yanaşırsansa, mobil telefonla çəkməyimizə
baxmayaraq, bizə orada peşəkar işıqlar,
işıqçılar, yaxşı operator, qrimçi,
montaj və digər yüksək səviyyəli peşəkarlar
lazımdır. Çünki mobil kino telefonu əlimə
götürüb çəkmək deyil. Ona xüsusi
hazırlıq prosesi olmalıdır. Mobil telefonla çəkmək
üçün xüsusi avadanlıqlar var ki, onlar
satışdadır və onların hamısını
alıb quraşdıranda kifayət qədər büdcə sərf
olunur. Amma təbii ki, bu festival ilk dəfə keçirildiyi
üçün biz elə də böyük büdcəli
işlər gözləmirik. Dünyada isə yüksək
büdcə ilə çəkilmiş tammetrajlı mobil
kinolar var ki, böyük kinoteatrlarda, "Netlix"də
nümayiş olunur və kifayət qədər də kassa
toplayır.
- "Mənim telefonum var, mən də kino çəkə
bilərəm". Bu fikirlə razılaşarsınızmı?
- Təbii ki, elə deyil. Mobil kino festivalını Azərbaycanda
keçirməklə onu göstərmək istəyirik ki, əsas
məsələ sənin kinoda rejissor baxışın,
situasiyalarda bədii həlli tapa bilməyindir. Texnikanın
heç bir önəmi yoxdur. Biz insanlara onu aşılamaq istəyirik
ki, sən bahalı kameralarla çəkməklə, filmi
yaxşı rəngləməklə, texniki tərəfini
yüksək səviyyədə icra etməklə sənin
filmin yaxşı film sayılmır. Yəni bütün
bunlar filmin yaxşı olduğuna qarantiya vermir. Məsələn,
köhnə filmləri xatırlayaq. Ağ-qaradır, texniki
baxımdan, nə qədər məhdudiyyətlər var, hətta
indi o filmlərə baxanda aktyorların üzünü belə
təmiz görmək olmur, təxmini oxşadıb
tanıyırıq. Amma oradakı rejissor həllinə, bədii-estetik,
vizual həllərə baxın, görün, necə keyfiyyətlidir,
necə güclü rejissor mesajı var. İndiki filmlərdə
biz onu görə bilirikmi?! O qədər imkanlı insanlar var
ki, hər cür bahalı kameranı almaq gücündədir.
Bəs o bahalı kamerayla yaxşı film çəkə bilərmi?!
Məsələ budur.
- Dünya kino tarixinin "mobil kino" təcrübəsi
haqqında da oxucularımıza məlumat verməyinizi istərdik.
- Əslində, bu, ilk dəfə italyan rejissorları
tərəfindən başladılıb. "Nokia N90"
markalı telefona sənədli film çəkilib. Bu, mobil
kinoya ilk cəhd idi. 2005-ci ildə çəkilmiş həmin
film televiziyada və festivallarda nümayiş olunub. Müasir
dövrümüzdə isə kifayət qədər
yaxşı nümunələr var. 2018-ci ildə rus rejissor
Boris Qutstammetrajlı "Faqot" filmini çəkdi. O film
Rusiyanın 60-a yaxın kinoteatrında nümayiş olundu.
Amerikanın kifayət qədər tanınmış rejissoru
Stiven Zoderberg 55 yaşında mobil telefonla film çəkdi.
"Anseyn" adlanan tammetrajlı bədii filmin büdcəsi
1.5 milyon dollardır. Satışdan isə 14.3 milyon dollar pul
qazanıb. Bundan ilhamlanan rejissor mobil telefonla ikinci filmini
çəkir və basketbolçunun həyatından bəhs
edən tammetrajlı bədii filmi "Netflix" ondan
alır. Həmin filmin büdcəsi isə 2 milyon
dollardır. Əldə etdiyi gəlir isə 64 milyon dollarla
ölçülür. Yəni bizim qarşımızda bu
cür nümunələr var və biz də bu istiqaməti
seçməliyik. Çünki mobil kino hazırda inkişaf
etməkdə olan perspektivli sahədir və yaradıcı sənayenin
bir qoludur. Çox istəyirəm ki, bu, Azərbaycanda da
inkişaf etsin.
- CİNEMO festivalının qalibləri hansı
kriteriyalara uyğun seçiləcək?
- Biz işləri yanvarın 31-nə kimi qəbul edəcəyik.
Ondan sonra münsiflər heyəti öz işinə
başlayacaq, filmlərə baxış keçirərək
səsvermə əsasında qalibləri seçəcəklər.
Rejissor baxışı, səhnələrin bədii həlli,
fikrini çatdıra bilmək kimi kriteriyalarla
ölçüləcək.
Onu da qeyd edim ki, biz festivala hələ start verməmişdən
bir neçə iş göndərilmişdi artıq, amma biz
onların bəzilərini geri qaytarmalı olduq. Çünki
müəlliflər eşidiblər ki, mobil film festivalı
keçirilir, lakin iştirak şərtləri ilə
tanış olmayıblar, mobil filmlərə qoyulan tələblərlə
yaxından tanış deyillər və göndərdikləri
filmlər də bu tələblərə, yaxud iştirak
şərtlərinə cavab vermir. Buna görə də
fürsətdən istifadə edib vurğulamaq istəyirəm
ki, filmi çəkməmişdən qabaq CİNEMO mobil film
festivalının internet səhifəsinə daxil olub
iştirak şərtləri, mobil filmlərə qoyulan tələblərlə
tanış olsunlar ki, sonra heç bir problem
yaşamasınlar, xronometrajı, formatı və digər
detalları bizim festivalın qaydaları ilə üst-üstə
düşsün.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2023.- 9 dekabr, № 224.- S.14.