SƏNƏ İŞIQ ARZULAYANI ÖLÜMLƏ MÜKAFATLANDIRMAQ NANƏCİBLİYİ  

 

Onun haqqında bu gün mübahisəsiz qəbul edilən həqiqət birdir. Hansı nöqtədən baxırsan bax, o, dahi idi. Dünya ilə danışmağı bacaran, dindirib görünməz sirlərini anladığı dünyanı insana da tanıtmağa qadir olan, insanın özünü də özünə göstərə bilən dahi. Ən xırda qarışqasız belə bu aləmin bütöv olmayacağına inanan dahi. Qarışqaların da lisanını bilən, bu haqda ayrıca "Lüğəte-muran" - "Qarışqaların dili" adlı risalə qələmə alan, o xırdaca canlıların dili ilə ən böyük mətləbləri izhar edən, bu ibrətli düşüncələrinin də həmişə insanlarla olmasını uman dahi - Şihabəddin Yəhya Sührəvərdi.

Tariximizdə qan ləkəsi var. Bu, yalnız döyüş meydanlarında işıldayan xəncərlərin, toqquşan qılıncların tiyəsindəki qan ləkəsi deyil. Bu, savaş meydanlarında uçuşan nizələrin uclarındakı qan izi də deyil. Bu qan izi həm də bir alimin, bir şairin, bir sənətkarın, bir əvəzolunmaz şəxsiyyətin cəllad kötüyü üzərində qalan qanının ləkəsidir, vurulan boynundan, kəsilən qolundan, soyulan dərisindən damlayan qanın izləridir. O seçilmişlərin alnına açılan, ürəyinə tuşlanan atəşdən ətrafa sıçrayan qanının izləridir. Nə acı ki, tariximizin yaxınlarında və uzaqlarında insanlığa ləkə olan o kədərli qan ləkələri həmişə görünməkdədir.

VIII yüzilin qəmgin şairi Şəhid Bəlxidən ümidi sönmüş bir rübai də yadigar qalıb:

 

Tüstüsü olsaydı qəmin od kimi,

Zülmət bürüyərdi bütün aləmi.

Gəzsən də dünyanı, tapa bilməzsən

Bir aqil insan ki, olmasın qəmi.

 

Heyiflər olsun ki, amansız gerçəklik məhz belədir. Tarix boyu və dünyanın hər yerində belə olub. Zəkası və istedadı ilə üstün olanların sevənləri nə qədər çox olsa da, bu qəbil seçkinlərə qarşı qurdlu qara ürəklərdə o niyə o cürdür, mən o təhər deyiləm həsədindən törəyən iblisanə hikkə, gizli ədavət, kin heç vaxt əskik olmayıb. Həm də bu rəzillik içərilərində qalıb üzə çıxmasaydı, dərd yarı idi, əksinə, daxillərindəki irin onları hərəkətə də gətirib, parlaqlara pisliklər etməyin löyün-löyün murdar çeşidlərini arayıb-axtarıblar, onları şərləmək, yollarını yarımçıq qoymaq, ömürlərini zəhərə döndərmək, həyatlarını əllərindən almaqçün dəridən-qabıqdan çıxıblar. Böyük duyğu sahibləri, nurlu düşüncə yiyələri isə dünyaya həm də dərd daşıyıcısı kimi gəlirlər. Gəlirlər ki, gördükləri bütün faydalı işlərlə yanaşı, həm də dünyanın ağrı-acısını içərilərinə çəkərək bəşərin dərd yükünü azaltsınlar.

XI yüzilin nadir düşünəri, bənzərsiz filosofu Sührəvərdi Yer üzünə dünyanın işığını artırmaq, qəmini azaltmaqçün gələnlərdən idi.

O hekayəti ki nağıl edirəm, on əsr bundan əvvəl vaqe olub. Min il əvvəlin söhbətləri insana nağıl kimi gəldiyindən ən mötəbər məxəzlərlə təsdiqlənsə də, "nağıl" kəlməsini dilə gətirmədən keçmək olmur. İş ondadır ki, bu əhvalatların bir çoxu doğruluğu əsla şübhə oyatmamalı olduğu halda, doğrudan da, adama elə nağıl, əfsanə kimi gəlir. Səbəbi də odur ki, haqqında söz açılan o insanlar özləri adi adamlar deyildilər, nağıl adamdılar, əfsanə adamdılar. Bir böyük filosofumuz haqqında hekayəti başqa böyük düşünərimizin uşaqlıq illərindən başlamağımızın səbəbi var.  Əbülhəsən Bəhmənyar Azərbaycani - adının yanında nisbə olaraq yurdun hanısısa şəhərinin, kəndinin deyil, elə bütöv Vətənin ismini daşıyan filosofumuz Əbülhəsən Bəhmənyar Azərbaycani digər zəka dəryamız Sührəvərdinin yaşca böyük müasiri və məsləkdaşı idi. Birinci minillik bitmiş, ikinci minillik başlanırdı, 1000-ci il idi, o uşağın həmin vaxt 8-9 yaşı vardı. 993-cü ildə anadan olmuşdu və 1066-cı ilə qədər yaşadı. Onun doğum-ölüm tarixlərinin bu gün hər kəsə bəlli olması, adının yaşaması o səbəbdəndir ki, insanlığa ölməz əsərlər saxlanc edib. Bəhmənyarı hələ mədrəsəyə gedib yazı-pozunu yenicə öyrənməyə başladığı çağlarında atası bir gün göndərir ki, qonşudakı dəmirçixanadan köz gətirsin. Bəhmənyar gəlir dəmirçinin yanına, atasının xahişini ona çatdırır, dəmirçi də qayıdır ki, köz verməyinə verərəm, amma əliboş gəlmisən, nəyin içərisində aparacaqsan, get bir qab götür, gəl. Bəhmənyar əyilir yerə, ovuclarını doldurur torpaqla, deyir: "Buyurun, bu da qab, qoyun bura". Dəmirçi uşaqdakı bu fərasətə heyran qalır.

Və həmin qəziyyə min ilin uzaqlığından əsrlər adlayaraq bugünə çatıb. Bəhmənyar da, Sühəvərdi də və əslində bu zümrədən olan müstəsnaların hər biri ömürləri boyu yalnız ovuclarında deyil, ürəklərində, zəkalarında od daşıyan insanlar olub. Sührəvərdinin ləqəbi Şihabəddin idi. Şihabəddin elə "od" kəlməsi ilə bağlı sözdür. "Şihab" ərəb dilində "od parçası, şölə" deməkdir. Və Şihabəddin Yəhya Sührəvərdi ömrünü bir od parçası, alov dilimi kimi yaşadı, bir meteorit kimi axıb keçib kül oldu.

Allahın səxavətlə nur bağışladığı, gəlişləri ilə dünyanın işığını artıranların, nə acı ki, həmişə bu cür erkən alışıb, tez külə dönmək nisgili də qaçılmaz olur, onları yaşamağa qoymurlar. Gedin davanızı Pərvərdigarla çəkin, axı bu zavallıların nə təqsiri ki, Allah o işığı, o nuru, o istedadı sənə deyil, ona, onlara bağışlayıb?!

Ölüm haqqında hər kəs düşünür. Hər kəs agahdır ki, hamı günlərin birində mütləq gedəcək. Sührəvərdi filosof idi, həyatın, zamanın, dünyanın ən qəliz başverənləri haqqında düşüncələrə dalmaq onun peşəsi, gündəlik məşğuliyyəti idi. Təbii ki, ölüm haqqında o da düşünməyə bilməzdi. O da ölümün yalnız bir vücudda həyatın tamamlanması kimi deyil, həm də geniş, fəlsəfi mənada nədən ibarət olması barədə az düşünməmişdi və yalnız risalələrində deyil, şeirlərində də ölüm düşüncələri əks etdirmişdi. Onun bu haqda fikirləri indi ən azı iki baxımdan diqqət çəkməkdədir.

Əvvələn, onun bu fikirləri bizimçün ona görə əhəmiyyətlidir ki, Sührəvərdini öldürüblər və biz də üstündən min ilə yaxın zaman keçirkən bu qətlin niyə baş verməsi, öldürülənin suçunun olub-olmaması, bəlkə özünün öncədən öldürüləcəyindən duyuq düşüb-düşməməsi, şayəd bu haqda elə yazdıqlarında izlər olması, həmin ölüm düşüncələrində bizə cinayətin əsl icraçısını tapmaqda kömək edə biləcək hansısa işarələrin olmasını müəyyənləşdirməyə çalışırıq. Bir halda ki çox mühüm bir şəxsiyyətin aradan götürülməsi ilə əlaqədar dolaşıq cinayət işini araşdırırıq, heç bir təfərrüata biganə qalmağa haqqımız yoxdur. Belə təhqiqatlarda ən xırda görünən cizgi də əhəmiyyətsiz sayıla bilməz.

Ona görə orası da maraq kəsb etməkdədir ki, Sührəvərdi həyata necə baxırdı, yaşayışa nə dərəcədə bağlı idi, onun qəlbində ölüm qorxusu ümumən vardımı?

 

Təbii ölümdən tez ölsən əgər,

San, sənə əbədi cənnət veriblər.

Bu yolun qəsdində olmasan daim,

Kül başına, ömrü etmisən hədər!

 

Bu şeiri oxuyursan və rübainin üst layındakı məna sanki ondan ibarətdir ki, şair insanı erkən ölümə səsləyir, həyatdan tez getməyi təqdir edir. Yox, qətiyyən belə deyil. Sührəvərdi "ölümdən qorxma" deyir, amma ölümün hər an gələ biləcəyinə hazır olmağı da məsləhət görür. "Ölümün istənilən saniyə gələ biləcəyinə hazır ol" nə deməkdir? Həyatın müvəqqətiliyi bəlli olduğundan gərək əbədi gedişə də hər an hazır olasan.

37-cə il yaşamış Sührəvərdinin özü ölümdən qorxub-çəkinmədi, daim ölümlə görüşə hazır oldu və ölümü qabaqlayaraq onu ölümsüz edəcək sıra-sıra bir-birindən üstün əsərlər yazdı.

Zaman suları burula-burula axıb keçib, ötüb getmiş sulara bir daha baş vurmaq mümkün deyil. O sularda əksi qalmış insanları da vaxt özü ilə aparıb. Bir daha o sulara üz tuturuq. O sularda surəti axıb getmiş bir insanı yad edirik. Bu çevik zəkalı cavanı ömrünün ən bəhrəli çağında - 37 yaşında qətlə yetiriblər. 1191-ci ildə. Aradan görün nə qədər illər deyil, əsrlər keçib. Amma indiyə qədər o cinayət açılmamış qalır. Tarixdə nə qədər deyirsən, belə açılmamış cinayətlər olub, elə indi də qapalı qalıb arxivə göndərilən işlərə rast gəlinir. Ancaq bu cinayət o cinayətlərdən deyil ki, onu unutmaq mümkün görünə, onu bağlamaq, üstündən keçmək ola. Bu cinayət və onun cəzası bu gün də qüvvədədir. Çünki qətlə yetirilən hər kəs kimi, fərd olsa da, əslində bu bir nəfər siqlətcə əsla bir nəfər deyil, yüzlərə, minlərə bərabərdir. Onda da belə idi, indi də! O, minlərlə insanın düşüncəsinə nur saçmağa qadir olan böyük bir qüdrət idi. Ona qarşı törədilmiş bu qətl insanlığa qarşı törədilmiş cinayətlər zümrəsindəndir. İnsanlığa qarşı törədilmiş cinayətlərinsə cəza müddəti heç vaxt bitmir.

Sührəvərdini həyatdan məhrum etmişdilər. Qətlin səbəbləri, bəhanələri nədən ibarət idi? Sifarişçisi kim idi? Qətli kim icra etdi? Hansı şəraitdə yerinə yetirib? Bütün bunları bircə-bircə təhlil etmək, həqiqətləri öz yerinə qoymaq lazımdır.

Və tarixi vəsiqələr qalır. Vərəqləyirik o mənbələri, bu qaynaqlarda bizi cinayəti açmağa doğru yönəldən işıqlar var. Bu məxəzlərdə şahid ifadələri əks-sədalanıb. Bu məxəzlərdə dəlillər, sübutlar yaşamaqdadır. Qaldıraq bir-bir o mənbələri. Bircə-bircə bütün şahidləri dinləyək, bütün dəlilləri, sübutları sıralayaq. Nəhayət ki, on əsr keçəndən sonra haqq yerini tapsın və bu əsnada nəvə-nəticələr - indinin azərbaycanlıları da ulu soydaşımız Sührəvərdini bir az yaxından tanısın.

Əvvəlcə başlayaq şəxsi işindən. Kim idi bu öldürülən və həqiqətənmi o, qətlə yetirilmişdi? İrəlicədən deyim ki, əksər mənbələr onun məhz qətlə yetirildiyini təsdiqləyir. Şihabəddin Yəhya Sührəvərdinin məhz qətlə yetirilməsini isbat edən bir başqa soraq da elə həmişə onun adının yanında dayanıb: o, tarixdə "Əl-fəyləsufə-l-məqtul", yəni "qətlə yetirilmiş düşünər" təxəllüsü ilə qalıb. Ləqəbi Şihabəddin idi, künyəsi - Əbülfütuh (Əbülfütuh həm də onun adlarından biridir, mənası "zəfərlərin atası" deməkdir), nisbəsi - Sührəvərdi (yəni Azərbaycanın Sührəvərd bölgəsindən olan), adı - Yəhya, nəsəbi, yəni atasının, babasının adı - ibn Həbəş ibn Əmirək, doğum tarixi - 1154-cü il, vəfat - qətl tarixi - 1191-ci il.

Təhsili - mədrəsədə təməl biliklərini aldıqdan sonra ilk elmi savadını Marağada dövrün böyük alimi Nəcməddin Cilidən almışdı, ondan fiqhi (müsəlman hüququnu) və fəlsəfəni öyrənmişdi. Sonra İsfahana yollanmışdı, orada zəmanənin ünlü üləmasından biliklər əxz etmişdi.

Xaricdə olması - orta əsrlərin mühüm ürfan mərkəzlərindən Diyarbəkirə, Konyaya səfərlər etmişdi, Şamda, Dəməşqdə, Bağdadda, Hələbdə bulunmuşdu və bir sıra digər ölkələrin elm, mədəniyyət mərkəzlərinə mütəmadi səfərlərə çıxmışdı.

Bildiyi dillər - ana dilindən - türkcədən savayı, ərəbcəsi, farscası da elə ana dili səviyyəsində mükəmməlmiş.

Elmi əsərləri - ərəb və fars dillərində 52 iri əsər yazıb.

Ədəbi fəaliyyəti - ayrıca "Divan" da bağlayıb.

Sührəvərdi çoxsahəli biliklər sahibi olsa da, bir varlıqda əslində bir neçə alimi qovuşdursa da, ən əvvəl peşəkar filosof idi.

Və daim digər elm sahələrində daha çox biliklərə vaqif olmağa can atması da, gerçəkdə daha kamil filosof olmaq məqsədinə bir az da ürəyi istəyən dolğunluqda yetmək üçün tədarüklərmiş. Çünki əsl, xalis filosof hər hadisənin batininə, cövhərinə, ən dərinində nüvəyə sirayət etməyə çalışır. Mahiyyətə vara bilmək üçünsə səthi bilik heç vədə bəs etməz.

Daha çox elmləndikcə daha ucaya qalxırsan. Daha hündürdən, adi insanların yetə bilmədiyi ucalıqlardan həm də seyr edəndə isə mənzərə həmişə daha aydın görünür. Sən hədəf seçdiyini artıq bütünlüyü ilə görürsən. Ona, indi çatdığın yüksəklikdən, ona bənzərlərin və ona bənzəməyənlərin arasından baxırsan. Layiqincə tutuşdurmaq girəvəsi qazanırsan. Bir çox həqiqətlərsə adətən məhz elə düzgün müqayisədə ortaya çıxır. Sənin ayaqlarını yerdən üzən, sənə qanad verib yüksəklərə qaldıran, gerçəklərə yamacdan yox, zirvədən baxmağa üfüqlər açan bilik bir başqa güc də verir. Qalxdığın ucalardan hədəf seçdiyini sənə ovuc içərisindəymiş kimi göstərir. Digər ona oxşarlarla müqayisə etmək macalı yaradan yüksəkliklərdən seçdiyini dəqiq nişan alaraq düz onun üstünə şığımaq, batininə varmaq fürsəti də qazanırsan. Bunlarsa adi insanların, lap sıradan olan ağıllıların, oxumuşların fəth edəcəyi düşüncə zirvələri deyil. Elə bu səbəbdən Sührəvərdi də, ondan əvvəlki və sonrakı bir çox kamil filosoflar da fəlsəfəni elmlərin ən üstünü saydılar, filosofları səma elçiləri mərtəbəsinə qaldırmaqdan belə çəkinmədilər.

...Fəlsəfə ilə məşğul olan hər araşdırıcıya filosof demək heç də doğru deyil. Onlar əksərən fəlsəfənin tarixini öyrənən tədqiqatçılardır. "Fəlsəfəçi" və "filosof" xeyli fərqli anlayışlardır.

O fəlsəfi risalələr ki bizə Sührəvərdidən və onun zəka qardaşları olan orta çağın böyük mütəfəkkirlərindən yadigar qalıb, onları sadə adamların oxuyub anlaması, lap yumşaq deyilirsə, asan deyil. O kitabları oxuyub anlamaqçün yol keçməlisən, hazırlaşmalısan, biliklərini mükəmməlləşdirməlisən. Çünki sənə bəlli sözlərlə yazılmış hər mətn hələ səninki deyil. Həmin məlum sözlərin yaratdığı fikir və duyğu aləmində sənə qaranlıq qalacaq saysız məqamlar gizlənib. Onları aydınladacaq çırağa ehtiyac var. Həmin çıraqsa yalnız daha əvvəl oxumalı olduğun kitablar, əxz etdiyin biliklərlə yanmağa, işıq verməyə başlayır.

"Aqaid əl-hükəma au itiqad əl-hükəma" - "Filosofların görüşləri, yaxud, filosofların etiqadı" - bu, Sührəvərdi əsərlərindən biridir. "Əl-ləməhat fi-l-haqaiq" - "Həqiqətlərə dair baxışlar" - bu, Sührəvərdinin daha bir risaləsidir. "Mənazil əs-sairin" - "Seyr edənlərin yerləşkələri" - bu da onun ayrı bir araşdırması. "Əl-məbdə və-l-məad" - "Başlanğıc və son". Sührəvərdinin onlarca fəlsəfi risaləsindən örnək olaraq adlarını sadaladığımız bu bir neçə əsərin bəzisi farscadır, bəziləri ərəbcə. Bu dillərdə yazırdı ki, Yaxın və Orta Şərq boyu hər kəs həmin əsərləri mütaliə edə bilsin. Hər kəs deyərkən yenə hamını yox, ilk növbədə peşəkarları düşünürük. Hər yetənin halı varmı ki, bu əsərləri elə rahatca açıb oxuya və dərk edə? Hətta sərlövhələri cəzbedici görünən, bir sıra hikmət dolu məsnəviləri yada salan bu risalələr də, o bədii əsərlər kimi, elə vərəqlədikcə səninlə danışan kitablardan deyil: "Fi həqiqət əl-eşq munis əl-üşşaq" - "Eşqin gerçəyi, yaxud, aşiqlərin munisi", "Risalət ət-teyr" - "Quş haqqında risalə", "Ən-nəğəmat əs-səmaviyyə" - "Səmavi nəğmələr". Şairanə təsir bağışlayan adlar zənninizi aldatmasın. Bu risalələrdə də hər cümlənin altında elə mürəkkəb qatlar var ki, onları dərk etmək hətta peşəkarlar üçün rahat olmadığından həmin əsərlərə sıra-sıra şərhlər yazılıb.

 

Üst-üstə yığılacaq olarsa, Sührəvərdinin risalələrinə yazılmış şərh kitablarının miqdarı o əsərlərin özlərinin sayından bir neçə dəfə çox alınar.

Və bu gün həmin əlyazmalar silsiləsi - həm Şihabəddinin özünün yazıb-yaratdığı elmi əsərlər, həm də o risalələrə yazılmış şərhlər dünya boyu səpələnib, Şərq və Qərbin məşhur əlyazma xəzinələrində qorunmaqdadır.

Həmin əsərlərin özləri də, o risalələrə yazılmış şərhlər də bizim milli sərvətimizdir. Sərvətlərimizi isə həm gərək tanıyaq, bilək, həm də tanıdaq.

İndiyəcən Sührəvərdinin risalələrindən tərcümələri xalqa və fəlsəfəşünaslığımıza təqdim cəhdini təkcə unudulmaz alimimiz Zakir Məmmədov edib. Onun səlis şəkildə ana dilimizə çevirdiyi - "Həyakil ən-nur" - "İşıq heykəlləri" az sayda işıq üzü görsə də, zamanında ciddi əks-səda doğurdu. Zakirin fikri vardı ki, Sührəvərdinin daha bir neçə risaləsini şərhləriylə dilimizə çevirsin. Ancaq vaxtsız ölüm bu xeyirxah boşluqları doldurma niyyətlərini gerçəkləşdirməyə imkan vermədi. Ümumən, nə qədər ki Zakir Məmmədov sağ idi, Sührəvərdi də, orta çağın digər ərəbdilli Azərbaycan filosofları da sanki yiyəli, adamlı idilər. Onun və Malik Mahmudovun erkən gedişləriylə çağdaş Azərbaycan elminə açılmağa başlanmış neçə xəzinəyə aparan cığırlar get-gəl olmadığından itməyə üz qoydu.

Bir də mən, Sührəvərdinin "Divan"ından onun farsca və ərəbcə şeirlərindən bir qatarı ilk dəfə bədii tərcümə ilə Azərbaycan dilinə çevirdim ki, insanımız o böyük yurddaşımızın əngin istedadının bu tərəfinə də daha artıq aşina olsun.

Bəs qalan risalələri və şeirləri?! O əsərlərin hamısı ana dilimizdə səslənmək növbəsini gözləməkdədir.

...Dahi Şihabəddin Sührəvərdidən bizlərə əmanət etdiyi bir risaləsi də var: "Təvariq əl-ənvar" - "İşıqların bəlaları". Elə Sührəvərdi özü də Allahın sevərək yaratdığı bir topa işıq idi. Ancaq neyləməli ki, işıq olan yerdə hər zaman kölgələr də olur. İşığın ardınca bəlalar da sürünür. Şihabəddin Yəhya Sührəvərdi Tanrının insanlığa bəxş etdiyi Başı Bəlalı İşıq idi.

Şəxsi işinin növbəti bəndləri.

Ailə vəziyyəti - Sührəvərdinin bir gözəli sevmiş olduğu barədə bilgilər şeirlərindən sızsa, sevgilisi haqqında soraqlar misralarında əksini tapsa da, məxəzlərdə ailə qurması ilə bağlı məlumat yoxdur.

Xarici görünüşü və əsas zahiri əlamətləri - orta boylu, çox da uzun olmayan saqqal saxlayan, qırmızı sifətli, iti baxışlı, xoş avazlı, yavaş addımlarla yeriyən və adətən geyimi də nimdaş, sadə olan bir şəxs.

Onbirinci əsrin adamı haqdakı bu bilgilərin heç biri xəyalat deyil, 9 əsr əvvəlin mənbələrinin bizə çatdırdığı xəbərlərdir.

Hüquq təcrübəsində bir fotorobot anlayışı da var: şahidlərin ifadələrindəki cizgilərə görə şəxsin portretinin hazırlanması. Ənənəvi olaraq klassiklərimizin portretlərini rəssamlarımız öz təxəyyüllərinə uyğun yaratmış, hərdən hansısa nurani bir adamın, bəzənsə lap özlərinin surətlərini əsas götürmüşlər. Bu, sadəcə fərzetmə deyil, Məhsətinin, Nizaminin, Xaqaninin, Nəsiminin, Füzulinin və bir çox başqa əski söz ustalarımızın artıq onların az qala fotoşəkli kimi qəbul etdiyimiz portretləri var ki, hər birinin necə yaranması ilə əlaqədar məlumatlıyıq. Amma bununla belə, Güllü Mustafayevanın Məhsətisini, Qəzənfər Xalıqovun Nizamisini, Böyükağa Mirzəzadənin Xaqanisini, Mikayıl Abdullayevin Nəsimisini, Sadıq Şərifzadənin Füzulisini... elə o ədiblərin həqiqi surətləri kimi qavrayırıq və həmin şairləri başqa rəssamlarımızın ayrı görkəmdə təsvir etməsi ilə qarşılaşanda "Oxşamır!" dediyimiz də az olmayıb. Ancaq Sührəvərdini özündən qabaq və sonra yaşamış bir çox böyüklərimizdən seçdirən həm də budur ki, onun surətini yaratmaqçün artıq rəssamlıqda qəlibləşmiş kimi olan başı çalmalı, əyni əbalı, üz cizgiləri də digər orta əsr alim və şairlərimizin bugünəcən bilinənlərdən az seçilən saqqallı qoca çəkməyə lüzum qalmır. Məxəzlər onun görünüşünü sözlə yetərincə dolğun təsvir edir, qalır qələmlə yazılanları fırçayla göstərmək.

Sührəvərdini müasir Azərbaycan insanına çatdırmaq yolunda ilkin və fədakar əməklər sərf etmiş alimimiz Zakir Məmmədovla vaxtilə Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutundakı Fəlsəfə tarixi şöbəsində bir yerdə işləmişdik. Sonralar mən Nizami muzeyində çalışarkən - 1980-ci illərin sonlarından başlıca niyyətlərimdən biri bu oldu ki, ekspozisiyada yer almayan, amma olması vacib bir silsilə klassikimizin rəsmləri çəkilsin, xüsusilə ekspozisiyadakı təqdimatı baxımından daha kasıb görünən X-XIII əsrlərin artıq elmimizdə də yetərincə öyrənilmiş zirvə simaları burada, nəhayət ki, haqq etdiyi yerini tutsun. O vaxt  "ağ ləkələr"i aradan götürmək istəyimin həyata keçməsi yolunda ilk addımları atarkən bir arzum da bu idi ki, muzeyin divarlarında olmayan portretlər cərgəsində Sührəvərdinin də surəti yer alsın. Ona görə Zakirə üz tutdum və Sührəvərdinin zahiri görünüşü ilə bağlı əlamətlər hansı mənbədə varsa, onları toplayıb mənə çatdımasını xahiş etdim ki, mən də onları böyük rəssamımız Mikayıl Abdullayevə verim və o da özünə xas ustalıqla Sührəvərdinin portretini yaratsın. Zakir bu işə həvəslə girişdi və çox keçmədən həmin məlumatları mənə çatdırdı və mən də təqdim elədim Mikayıl müəllimə. Hətta o məlumatlar əsasında Zakir o vaxt "Bakı" axşam qəzetində kiçik bir məqalə də dərc etdirdi. Ancaq təəssüflər ki, Mikayıl müəllimdə səhhət böhranları başladı, asta-asta gözlərinin işığı azaldı və beləcə, Sührəvərdinin yaranmalı olan portreti doğulmadı. Sonra bir neçə başqa rəssama eyni rica ilə müraciət etsəm də, onların eskizləri canayatan olmadı və geci-tezi var, bu əhdimizə də hökmən əməl olunacaq.

...Sührəvərdinin şərti şəxsi işindən daha bir bənd: şəxsi keyfiyyətləri, xaraktercə üstünlükləri, zəif damarı - şahid mənbələrin təsdiqləməsincə, Sührəvərdi ötkəm, höcətləşməyə mail, dikbaş, mübahisələrdə hərdən qəti barışmaz, kəskin mövqe tutan, böyük olduğunu bilən və bunu açıqca dilə gətirməyi də xoşlayan insanmış.

Söz yox, onun böyük olduğunu özü qədər olmasa da, hər kəs görürdü. Bunu bilib demək istəməyənlər də az deyildi, bu böyüklüyü açıqca etiraf edənlər də bəs deyincə idi. Lakin onun öz dilindən böyük olduğunu mütəmadi dilə gətirməsi və mübahisələr zamanı rəqiblərini susdurmaq üçün bəzən lap sərt ifadələr işlətməsi, bu yava sözləri ilə rəqiblərini incitməsi də, təbii ki, narazıların sayını artırırdı. Onu sevənlər, xətrini istəyənlər, sayğısını uca tutanlar çox idisə də, ətrafında (paxılları, həsəd aparanları hələ qoyaq bir yana) rəqiblər, çağın elm mühitində nüfuzlu alim olaraq tanınanlar da vardı və mübahisələrə başlayıb acılayanadək Sührəvərdiyə münasibətdə ən azı loyal idilər, nə vurğunuydular, nə düşməni. Ancaq Şihabəddin yığnaqlardakı fəlsəfi söhbətlərdə, başqalarının da iştirak etdiyi məclislərdə filosof rəqiblərini mühakimələri ilə tam məğlub etməsi bir tərəfə, həm də bunu iynəli, hərdənsə lap aşağılayıcı deyişlərlə etməsi ucbatından dünənəcən ona biganə qalan tərəf-i müqabillərini döndərib edirdi qatı düşmən, onlar da başlayırdılar Sührəvərdinin ayağının altını qazmağa, ardınca danışmağa, onun haqqında ən xoşagəlməz şayiələri, böhtanları yaymağa.

9 əsr öncənin mənbələrindən yekun olaraq Sührəvərdi belə görünür: öz qınına yerləşməyən, hər an vulkan kimi püskürməyə hazır olan!

 

Parlaq işıq gördüm zülmət içində,

Sanki bir gündüzə çevrildi gecə.

Barışıb talelə göylər altında,

Nə qədər yaşayım axı beləcə?!

Yerim ulduzların üstüdür mənim,

Ucalsam oraya, olar könlümcə.

 

Sührəvərdi ucalışlar, yüksəlişlər deyəndə, məqamının əslində çox yuxarıda olmalılığını bəyan edəndə hansısa vəzifələr haqqında düşünmürdü, hakimiyyət taxtında qədəm-qədəm yuxarı qalxmağı nəzərdə tutmurdu. O öz yerini hakimiyyətlərdən, taxtlardan qat-qat ucalarda, insanların əllərinin çatmadığı fəzada, ulduzların arasında görürdü. Çünki Sührəvərdi gənc yaşında artıq özünün parlaqdan-parlaq bir ulduz olduğuna əmin kəsilmişdi. Özünü ulduz kimi gördüyünü sevgilisinə ünvanlanan məhəbbətli, bir qədər də vəsiyyətli  misralarında da gizlətməyib. Yazırdı ki, əgər günlərin birində mən ulduz kimi erkən axıb keçsəm, göz yaşı axıtma, təəssüf etmə. Axı ulduzların ən gözəlləri elə meteoritlərdir.

Yəni özünü ulduz saymasını, ucada tutmasını, dünyanın sahibi olmasını deyəndə və həmin mətləbi ən müxtəlif şeirləri və risalələrində əks etdirəndə Sührəvərdi hər dəfə bunu elə izhar edirdi ki, oxuyan söhbətin məhz mənəvi ülviyyətdən, zəka üfüqlərindəki uçuşlardan getdiyini dərk edirdi. Heç kəsdə, o cümlədən, hakimiyyətin yuxarı qatında olanlarda da qətiyyən şübhə oyana bilməzdi ki, guya Sührəvərdinin hakimiyyət iddiası, hansısa vəzifəni tutmaq canatması var. Ona görə də cavan yaşında qətlə yetirilməsinin səbəbinin, bəzi köhnə məxəzlərin güman etdiyi kimi, guya Sührəvərdinin hakimiyyət ehtirası, hansısa vəzifələrə can atması istəyi ilə bağlı olduğu haqda qənaətlər öz-özünə mənasızlaşır. Səbəb digər istiqamətlərdə aranmalıdır. Öldürülmə ehtimallarından biri bu idi, bunu çıxdaş edib qoyduq kənara. Keçək digər mümkün səbəblərə, onları da bir-bir saf-çürük edək. Bu qətl şəxsi münasibətlərlə bağlı ola bilərdimi? Hər halda Sührəvərdi gənc, duyğulu, çılğın insandı, könlündə müdam eşq çağlayırdı, qəlbindəki toxtamaz məhəbbət yaşantıları şeirlərinə də köçürdü. Bu qətlin arxasında hansısa sevgi macərasının dayanması, aradan götürülməsində bir və ya bir neçə rəqibin əlinin olması, bu qətlin ardında hansısa sevgi intriqasının dayanması mümkündürmü?

Həqiqətə çatdıran izə düşə bilmək üçün açaq Sührəvərdinin "Divan"ını - özü ifadə versin. Onun sevdalı şeirlərindən birinin ilk misrası apardığımız "istintaq"ın məntiqinin diktəsi ilə istər-istəməz diksindirir. Dərhal şəkk yaratması da bica deyil. Çünki həmin sətrin içərisində "qətl" sözü keçir və misrada qətlə yetirmək hədəsi var:

Sən müjdə gətirdin ki, məni qətl edəcəksən.

 

Zahirən lirika örnəyi kimi görünsə də, sevgilisinə ünvanladığı şeirin misrası olsa da, Sührəvərdinin özünün qətl faktının araşdırılması baxımından maraq kəsb etdiyindən cinayətin törədiləcəyi barədə əvvəlcədən edilən xəbərdarlıq kimi səslənən və açıq ifadə ilə bildirilən qətl hədəsi motivi heç vəchlə yan keçilə bilməz. Çünki qətl kimi müdhiş bir hadisəni, əsrlərcə açılmamış qalan ağır cinayəti,  Sührəvərdi kimi möhtəşəm bir şəxsiyyətin öldürülməsini araşdırarkən sənəd-sübut kimi görünə biləcək heç bir dəlilə, tutalğaya, hətta eyhama laqeyd yanaşılmamalı, onların hər birinin dərinlərinə gedilməlidir. Ona görə də ilk misrası qəfil və əsaslı şübhələr oyadan həmin şeiri əvvəldən-sonadək gərək diqqətlə oxuyaq ki, bu mənzumənin həqiqətənmi sırf sevgi şeiri olduğunu, ifadələrin məcazi səciyyəmi daşıdığını, yoxsa bir ifşa sənədi kimi qəbul edilə biləcəyini, digər sətirlərində də qətlə aparan hansısa yola işarələr olduğunu anlayaq.

Və aydınlıq hasil etməkdən ötrü "Divan"ından ayıraraq Sührəvərdinin qətlə yetirilməsi ilə bağlı "açdığımız" cinayət işinin arasına qoyacağımız həmin şeiri əvvəldən-sonacan tərcümə edirik:

 

Sən müjdə gətirdin ki, məni qətl edəcəksən,

Qatil sən olarsansa, nə xoşdur belə ölmək.

 

Bu, ilk beytdir və hələ məsələ sonacan aydın deyil - o tərəfə də yozmaq olar, bu tərəfə də. Ortada yalnız bu beyt olsaydı, Sührəvərdinin sevgilisinin adı qətldə şübhəli bilinənlərin siyahısında ən birincilərdən olmalı idi. Amma misra-misra irəlilədikcə hiss edirsən ki, qız günahsızdır, bu, məhəbbətlə daşan bir şeirdir, deyişlərin hər biri belə eşq qoşqularına yaraşan məcazlardır, hər sətir mümkün cinayət barədə öncədən verilən soraq yox, sevən ürəyin döyüntülərini yaşadan ədəbi gəzişmələrdir:

 

Döndər o gözəl çöhrəni sən qətl eləyərkən,

Göndər mənə gəl bircə baxış iltifatın tək.

Heç olmasa bu minval ilə vəslinə yetcək

Ruhu edərəm töhfəçiyə müjdə sevincək.

 

Şeir misra-misra davam etdikcə sətirlərdəki məhəbbət ocağı daha gur yanmağa başlayır. Sührəvərdi bu şeiri oxuyanları aşiqlərin göz yaşlarından yaranmış dəryalarda, gəmilərdə səyahətə səsləyir. Yəni şeiri mübaliğələrlə, təşbihlərlə məhəbbətin ülviliyini və intəhasızlığını nümayiş etdirən ab-hava ilə doldurur. Və bu versiyanın qətllə əlaqəsi olub-olmadığını axıradək aydınlaşdırmaqçün Sührəvərdinin digər məhəbbət şeirlərini də araşdıranda bu mənzumə ilə uyğun səsləşmələri tapırıq. Bəlli olur ki, Sührəvərdinin sevgilisinə müraciətlə qələmə gətirdiyi "qətl" kəlməsi gerçək qətllərdən deyil, məşuqun aşiqi gündə yüz yol öldürüb-diriltməsi məsələsi, yarını candan sevən bir insanın sevgilisinin hicranı ilə alışması, onun həsrətindən elə dəmadəm qətlə yetirilmiş kimi olması barədə şairanə təəssüratlar, şeir yalanlarıdır. Həmin Füzuli deyəndir: "Aldanma ki, şair sözü, əlbəttə, yalandır".

  Beləliklə, bu versiyanı araşdıraraq cinayətin səmtinin bu yana yönəlmədiyinə qəti əmin olandan sonra Sührəvərdinin qətl edilməsinin əsl səbəbini və səbəbkarını axtarmaq üçün başqa istiqamətlərə də üz tuaq.

 

Sührəvərdinin ətrafında cərəyan edən qasırğaların, onu sonucda ölümə aparıb çatdıran yolun sağında-solunda məhz bədxahların, paxılların, qısqanc rəqiblərinin dayandığını mühüm və mötəbər bir mənbə təsdiq etməkdədir. Həmin məxəzin müəllifi Şəmsəddin Şəhrəzuri Sührəvərdinin yetirmələrindəndir və 1250-ci ildə vəfat edib. Şəmsəddin Şəhrəzurinin "Nüzhət əl-ərvah və raudət əl-əfrah" - "Ruhların əyləncəsi və sevinclər bağı" əsərində həm Sührəvərdi, həm o dövrün filosofları, həm də ümumilikdə o zamanların elmi həyatı haqqında son dərəcə önəmli bilgilər var. Şəmsəddin Şəhrəzuri ustadı Sührəvərdi haqqında sonsuz ehtiramla söz açır, onu "ifrat zəkalı, gözəl fitrətli" adlandırır. Yazır ki, "müasirlərin bəziləri onun yazdıqlarını sona qədər dərk etməmişdilər, bu səbəbdən də Sührəvərdiyə tənə etmişdilər, onu təriqətçilikdə günahlandırmışdılar". Və müəllimini sidq ürəklə müdafiə edən Şəhrəzuri belə bir məntiqi sual verirdi: "Görəsən, Sührəvərdini qınayanların, onun məntiqinin, onun hikmətinin xəyali əsaslar üzərində olduğunu deyənlərin özlərinin hikmətləri hansı düzgün qaydalar üzərindədir?" Və ustadı haqqında xəbərlərinin sonunda Şəhrəzuri bu soraqları da çatdırır ki, "Sührəvərdi cah-calala, yeməyə laqeyd bir insan idi. Şan-şöhrət, siyasət, rəyasət eyninə gəlməzdi".

Sührəvərdiyə ən yaxın məsafədən baxmış, ona hər kəsdən artıq bələd olan qərəzsiz və doğruçu şahid belə ifadə verir. Ancaq Sührəvərdinin ətrafında anbaan məkrli siyasətlər cərəyan etməkdə, onu girdaba sovurmaqda, burulğana itələməkdə idi. Onu məhv etməyə tədarüklər gedirmiş, amma Sührəvərdi baş verənlərə biganə idi. Bəlkə bütün bunları sezirdi? Duysa da, ola biləcəkləri öncədən təsəvvür etsə də, məhəl qoymurdu. Çünki özünün adamaxas bütün bu cılızlıqlardan çox-çox ucalarda durduğuna inanırdı.

...Bir-birindən mürəkkəb, bir-birindən dərin risalələr yazan bu qüdrət hərdən-hərdən dualar da qələmə aldı. Yox, o, dinçi, xurafatçı deyildi, mövhumatdan uzaq adam idi. Mövhumata uyanlara rişxənd edənlərdən idi. Ancaq alim idi, hər nöqtədə elm arayan idi və bunu da yaxşı anlayırdı ki, hər duanın, hər alqışın içərisinə insan öz gücündən bir parçanı da əlavə edir. Ona görə yazdığı bu duanın da ünvanlara çatacağına, gücə çevrilərək insanlara yardımçı olacağına da inanırdı və əllərini səmalara açmışdı, dua edirdi: "Ey Əbədi Mövcud Olan! Bizə işıqla kömək et, bizə işıq ver! Bizi işıqla möhkəmləndir, bizi işıqla birləşdi!"

 

Özü də işıqla dolu olan Şihabəddin Yəhya Sührəvərdi bəşər övladına, dünyaya daha çox işıq arzulayırdı. İnsanların həyatının daha nurlu, daha firavan olmasını diləyirdi. Və bununçün öz gücü çatanları edəndən sonra ötrü Allaha üz tutmuşdu, ondan kömək umurdu.

Onu qətlə yetirdilər. Onu işıq arzuladığı, günlərinin daha nurlu olmasını dilədiyi insanlar öldürdü.

 

2 dekabr 2023

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet.- 2023.- 9 dekabr, № 224.- S.10-11.