Şərəfli ömür yolu
44 günlük şanlı Vətən müharibəsində
xalqımıza qələbə sevinci bəxş edən qəhrəmanlardan
biri də 1984-cü ildə Lerik rayonunun Kornədi kəndində
anadan olan Cəlal Ağaverdi oğlu Ağayev idi.
Cəlal Vətəninə, torpağına ürəkdən
bağlanmışdı. Ömrünün mənasını
xalqına gərəkli olmaqda görürdü. General Həzi
Aslanov kimi qəhrəman tankçı olmaq istəyi isə lap uşaq yaşlarında qəlbinə
hakim kəsilmişdi.
Cəlal Ağayev 2003-cü ildə orta məktəbi
bitirib həqiqi hərbi xidmətə yollanır.
Naxçıvanda Azərbaycan Silahlı Qüvvələrin tərkibində
Vətənini göz-bəbəyi kimi qoruyur. Əsgərlikdən
sonra gizirlik məktəbini oxuyub tank komandiri vəzifəsində
xidmətini davam etdirir. 2016-cı ilin Aprel döyüşləri
zamanı Cəlal Ağayev hünərini göstərir.
Cəlal İkinci Qarabağ müharibəsinə gedənlərin
sırasında da birinci olur. Sentyabrın 29-da döyüş
tapşırığı alan qəhrəman gizir idarə
etdiyi tankla düşmənin səngərini keçib, onlarla
canlı qüvvəsini məhv edir. Ağır keçən
həmin döyüşün sonuna yaxın Cəlalın
tankı düşmən tərəfindən vurulur. Tankdan
sağ çıxan igid gizir əlində avtomat son nəfəsinə
qədər vuruşur. Şanlı Zəfərimizə
adını yazmaqla ömrünü canından artıq sevdiyi
Vətəninə bağışlayır.
Elin qəhrəman oğlu həm də
qayğıkeş ailə başçısı idi. Nazənin
və Sadiq adlı iki övladını xalqımıza əmanət
saxladı. İndi bütün
Lerik camaatı Cəlalı özünə iftixar mənbəyi,
qürur yeri bilir. Onun keçdiyi qısa, şərəfli həyat
yolu zaman-zaman Vətənə, eləcə torpağa sevgi nümunəsi olacaq.
Dövlət də sədaqətli oğlunun qəhrəmanlığını
unutmadı. Tank komandiri, gizir Cəlal Ağayev ölümündən
sonra "İgidliyə görə", "Vətən uğrunda" və
digər medallara layiq
görüldü.
Zəfər ORUCOĞLU
525-ci qəzet.- 2023.- 12 dekabr, № 225.- S.15.