İgid ölər, adı qalar

 

Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfəri hələlik heç bir ölkənin ordusu əldə etməyib. Bu müharibədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan Ordusu özünün qüdrəti ilə müstəqil dövlətimizin tarixinə parlaq, qürurverici, şanlı səhifə yazdı. Ölkə başçısı hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə isə böyük strateq nümunəsi ortaya qoydu. Azərbaycan Ordusu 30 illik həsrətdən sonra doğma torpaqlara qovuşmaq naminə güclü səbr, təmkin, ruh yüksəkliyi və peşəkarlıq əzmi nümayiş etdirdi, bütün döyüş əməliyyatlarını legitim hədəflər üzərində apardı, düşmənə dağıdıcı zərbələr endirməklə tarixi ədaləti bərpa etdi. Düşmən üzərində Böyük Qələbə qazandıq, xalqımız arzu və istəklərinə qovuşdu. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu döyüş meydanında bir daha sübut etdi ki, Qarabağ Azərbaycandır!

Vətənimizin keşiyində duran mərd, igid hərbçilərimiz canları, qanları bahasına işğal olunmuş ərazilərimizi son qarışına qədər azad etmək uğrunda 44 gün davam edən ölüm-dirim vuruşlarında düşmən üzərində parlaq qələbə çalaraq tarixi torpaqlarımızı 30 illik əsarətdən xilas etdilər. Minlərlə igidmiz qazi adını qazandı, 3000-ə yaxın qəhrəmanımız torpaq uğrunda şəhidlik zirvəsinə ucaldı. Bu müqəddəs savaşın əbədiyyətədək yaşayacaq qəhrəmanlarından biri də Murad Mahmud oğlu Hüseynzadədir.

M.Hüseynzadə 1998-ci il yanvar ayının 8-də Lənkəran rayonunun Şağlaser kəndində anadan olub. 2004-cü ildə əvvəlcə kənddəki şəhid Asif Əsədullayev adına natamam orta məktəbdə, daha sonra şəhid Rafael Ağayev adına tam orta məktəbdə oxuyub, 2015-ci ildə orta təhsilini başa vurub. O, eyni zamanda 2013-cü ildən 2015-ci ilə kimi Lənkəran şəhərindəki Zabitlər evində "Tibb təlimatcısı" ixtisasına yiyələnib. 2016-cı ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb, 2017-ci ilin iyulunda nümunəvi əsgər kimi xidmətini bitirib.

Əsgərlikdən qayıdan Murad ixtisası üzrə Lənkəran Regional Narkoloji Xəstəxanasında əmək fəaliyyətinə başlayıb.

İşğal olunmuş torpaqlarımızı düşmən tapdağı altından azad etmək üçün Ali Baş Komandan İlham Əliyevin əmri ilə 27 sentyabr 2020-ci ildə düşmənə qarşı "Dəmir yumruq" əməliyyatının ikinci günündən Murad Hüseynzadə tibb işçisi geyimini döyüş forması ilə dəyişdi. Qalxana çevrilmiş anaların duaları Füzuli istiqamətində düşmənin atdığı mərmilərə meydan oxuyurdu. Muradın da sorağı əvvəlcə Cəbrayıldan, daha sonra Qubadlıdan gəldi. Hər gün qələbə xəbərlərini telefonda öz dili ilə ailəsinə çatdıran Muradın müharibənin otuz üçüncü günündə Qubadlı uğrunda gedən döyüşlərdə şəhadətə yetişməsi xəbəri tez bir zamanda kəndə yayıldı. Səngərdə əsgər yoldaşlarının yaralarını sarıyan həkim-döyüşçünün bu gün öz qanıyla vətənin yarasını sarıyacağına heç kəs inana bilmirdi.

Uşaqlıq dostu, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Cavid Qasımovun dediklərindən: "Mən Muradla sonuncu dəfə Vətən müharibəsinin başlanmasından on gün qabaq həmsöhbət olmuşdum. Bəlkə də bu, bir təsadüf idi, amma həmin günü heç vaxt yadımdan çıxara bilməyəcəyəm. Orduya səfərbər olunmuşdum. Gedəcəyim ərazinin yolu Muradın çalışdığı səhra xəstəxanasının yanından keçdiyindən onunla yol yoldaşı olub hal-əhval etmək, ötüb-keçənləri bir daha yada salmaq qismətimiz oldu.

Aramızda baş tutan dialoq əsasən ümumi məsələlərdən ibarət idi. Murad işindən zövq almasından, mən isə ona təhsilimdən danışmalı olmuşduq. Mənzil başına çatanda: "Nə sözün-tapşırığın olsa, çəkinib-eləmə, qardaşın qulluğunda hazırdır", - deyərək vidalaşdı. Sən demə, bu, Muradla son görüşümüz imiş. Dostumun əbədiyyətə qovuşduğu  gün 11 noyabr 2020-ci ilə təsadüf edir. Mən isə həmin gün onun canından keçdiyi Vətənin keşiyində durduğum üçün dəfnində iştirak edə bilmədim..."

Bu gün Murad Hüseynzadənin xatirəsi doğulub boya-başa çatdığı doğma Şağlaser kəndinin sakinləri, təhsil aldığı hər iki məktəbin müəllim və şagird kollektivləri tərəfindən əziz tutulur. Kənd qəbiristanlığında onun məzarı üstündə abidə ucaldılıb. Mirzə Ağəli Əliyev adına Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində isə şəhidin ömür yolunu əks etdirən guşə açılıb. Güşədə igid döyüşçü Murad Hüseynzadənin 22 illik ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillər yer alıb.

Onu da bildirək ki, şəhidimiz ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə",  "Cəbrayılın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

 

Ağaddin BABAYEV

525-ci qəzet.- 2023.- 12 dekabr, № 225.- S.15.