Ekologiyaya mühüm töhfə:
zubrlar Azərbaycan təbiətinə qaytarılır
IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər
Nazirliyi və WWF-in Azərbaycan Nümayəndəliyi tərəfindən
həyata keçirilən, zubrların reintroduksiyası ilə
bağlı layihə çərçivəsində
noyabrın 24-də Azərbaycana Almaniyadan daha 10 zubr gətirilib.
Yeni gətirilən zubrlar bir müddət volyer şəraitində
saxlanacaq, adaptasiya dövrünü keçdikdən sonra
Şahdağ Milli Parkının ərazisinə buraxılacaq.
Qeyd edək ki, 2012-ci ilin sonlarından etibarən
zubrların ölkəmizin vəhşi təbiətinə
reintroduksiya edilməsi istiqamətində IDEA İctimai Birliyi,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və
Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi
Fondunun (WWF) Azərbaycan ofisi tərəfindən intensiv iş
aparılır. IDEA İctimai Birliyi ilə Şahdağ Milli
Parkı arasında imzalanan Əməkdaşlıq Sazişinə
əsasən, nəsli kəsilmiş zubrların bərpası
və onların ölkə təbiətinə reintroduksiya
olunması, digər növ vəhşi heyvanların elmi məqsədlərlə
artırılması üçün Şahdağ Milli
Parkının İsmayıllı bölməsində 305
hektar sahə ayrılıb, ərazidə zubrların
çoxaldılıb təbiətə buraxılması
üçün kompleks inşa edilib.
Zubrların Azərbaycanın təbiətinə
qaytarılması üzrə sözügedən layihəyə
2019-cu ildə start verilib. 2019-cu ilin may ayından etibarən
Almaniya, Belçika, Niderlanddan Azərbaycana zubrlar gətirilir.
Belə ki, 2019-cu ildə 12 baş, 2020-ci ildə 5 baş,
2021-ci ildə 9 baş, 2022-ci ildə isə 10 baş zubr
ölkə ərazisinə gətirilib. Təbii artımla
birlikdə hazırda Şahdağ Milli Parkının ərazisində
zubrların sayı 61-ə çatıb.
Layihənin 2028-ci ilə qədər davam etdirilməsi
və zubrların sayının 100 başa
çatdırılması nəzərdə tutulur.
Zubrlar vaxtilə Avrasiyada çox geniş arealda
yayılsa da, ötən əsrin əvvəllərində vəhşi
təbiətdə nəsli, demək olar ki, kəsilmişdi.
Qafqaz dağlarında sonuncu zubr 1927-ci ildə
öldürülüb. Hazırda dünyada mövcud olan
zubrların böyük əksəriyyəti zooparklarda
artırılıb və bu yolla növün bərpasına
yönəlmiş səylər davam edir.
Zubrların Azərbaycanda biomüxtəlifliyinin daha da
zənginləşdirilməsi və meşə ekosistemlərinin
inkişafında potensial rolunu nəzərə alaraq, layihənin
təşkilatçıları Azərbaycanın şimal
bölgələrində yaşayan əhalini və ümumiyyətlə
bütöv ölkə ictimaiyyətini Qafqaz zubrlarının
təbiətimizə qaytarılması, onların mühafizəsi
və qanunsuz ovlanmasının qarşısının
alınması işində dəstək olmağa
çağırır.
Ən böyük əraziyə malik olan Böyük
Qafqazın Şahdağ Milli Parkını əhatə edən
hissəsi bioloji müxtəlifliyi, flora və faunanın zənginliyi
baxımından Azərbaycan ilə yanaşı, bütün
Qafqaz üçün böyük əhəmiyyət kəsb
edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən
verilən məlumata görə, Şahdağ Milli
Parkının İsmayıllı bölməsi isə
füsunkar təbiəti, dağ meşəsi, alp çəmənlikləri
növ tərkibinə görə çox zəngindir. Milli
Parkın İsmayıllı bölməsinin landşaftı
dağ çəmənlikləri, alp çəmənlikləri,
qayalıqlar və buzlaqlardan ibarətdir. Çəmənliklərin
bitki aləmi dağlıq torf, dağlıq çəmən
və dağlıq çöl-çəmən torpaqları
ilə formalaşır. 3400-3800 metr arasında alp zonanın
açıq assosiasiyaları mövcuddur. Burada çiçəkli
bitkidən başqa, həmçinin, mamırlar və şibyələr
rast gəlinir. Alp çəmənləri əsasən
orta-sıldırımlı yamaclarda və yarım səhra
bitkiləri ilə səciyyələnir. 3600 metrdən
yuxarı ərazilərdə qayalar və daşlıqlar
üstünlük təşkil edir. Burada meşə və
dağ ekosistemləri, relikt və endemik bitki, heyvan növləri
təbii halda qorunub saxlanılır. Bölmənin çox
böyük ərazini əhatə etməsi səbəbindən
burada həm təmiz, həm də qarışıq meşələrə
rast gəlinir. Meşələrdə qarışıq halda
göyrüş, qaraçöhrə, ağcaqayın,
söyüd, qoz, gilas, alma, armud kimi ağaclar, dəmirqara, əzgil,
yemişan, böyürtkən, itburnu, zirinc kimi kol bitkiləri
yayılıb.
Nazirlikdən qeyd olunub ki, bioloji növ müxtəlifliyinin
rəngarənliyi, yəni fauna və florası, ərazisində
fərqli ekosistemlərinin bir-birini əvəz etməsi, əzəmətli
dağ zirvələrinin cəlbediciliyindən əlavə,
milli parkın İsmayıllı bölməsinə 2019-cu
ilin may ayından vaxtilə Qafqazda mövcud olan və sonuncu fərdi
1927-ci ildə brokonyerlər tərəfindən məhv edilən
zubr növü gətirilib. Onların sayı artır. Son 4
zubr balası isə bu ilin iyununda doğulub. Hazırda
zubrların sayında artım müşahidə olunaraq
ümumi sayı 45 başa çatıb
Nazirlikdən bildirilib ki, ölkəyə gətirilən
zubrların daim nəzarətdə saxlanılması
üçün boyunlarına GPS xaltalar taxılır. Zubrlar
sözügedən ərazidə 2 il müddətində
adaptasiya keçdikdən sonra hərəkət
trayektoriyalarının izlənilməsi və sonrakı mərhələdə
həyat tərzləri haqqında məlumatların
toplanılması məqsədilə boyunlarına GPS
cihazları quraşdırılmış boyunbağılarla
vəhşi təbiətə buraxılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Bioloji Müxtəlifliyinin Qorunması Xidmətinin rəis
müavini Rəşad Allahverdiyev deyir ki, Azərbaycana gətirilən
zubrlar yerli mühitə, öncə gətirilən
zubrların genetikasına uyğun olaraq xüsusi seçilir:
"Zubrlar Azərbaycan mühitinə, öncə gətirilən
zubrların genetikasına uyğun olaraq xüsusi seçilir və
öncə Şahdağ Milli Parkının ərazisinə gətirilir,
orada saxlanılır, sonradan sərbəst olaraq təbiətə
buraxılır. Azərbaycanda zubrların nəsli kəsilmişdi.
Bunun bərpası üçün bizim uzun müddətdir
ki, xüsüsi proqramımız var və bu istiqamətdə
işlər davam etdirilir".
Ümumdünya Təbiəti Mühafizə Fondunun
(WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri
Elşad Əsgərov deyir ki, 2028-ci ilə kimi ümumilikdə,
100 baş zubrun Azərbaycana gətirilməsi
planlaşdırılır: "Alimlər hesab edir ki, onlar 500
baş olduqda, populyasiyası dayanıqlı olacaq və məhv
olma təhlükəsi azalacaq. Bu heyvanlar Belarusda, Polşada,
Amerikada və s. yerdə də yaşayır. Ancaq onlar bizə
yad olduğu üçün yalnız Qafqaza xas olan genləri
daşıyan heyvanları axtarıb tapırıq. Ölkəyə
gətirilən zubrun hər biri Qafqaz geninin
daşıyıcısıdır. Azərbaycana
köçürülən zubrlar yerli şəraitə
adaptasiya oluna bilirlər və ölkəmizdə olduqları
5-6 ay ərzində burada sağlam şəkildə yaşaya
bilirlər".
Onun dediyinə görə, Şimali Qafqazda sonuncu zubr
XX əsrin əvvəllərində öldürülüb, Cənubi
Qafqazda isə onların nəsli daha əvvəl kəsilib:
"Qafqazda tarixən zubrlar olub, onların əcdadları
burada yaşayıblar. Bu gün biz artıq deyə bilərik
ki, Qafqaz zubru Azərbaycan təbiətinə qaytarılıb.
Zubrların ölkəmizə gətirilməsi təbii
irsimizin bərpasının elementidir. İndiki nəsil
üçün zubr görünməmiş, naməlum və
yeni heyvandır. Hətta bu gün dilimizdə zubru
adlandırmaq üçün öz sözümüz yoxdur.
Bax, buna görə çoxsaylı insanlar yanımıza gəlir.
Zubrlara tamaşa etmək və layihəmizin necə inkişaf
etdiyini görmək onlar üçün çox
maraqlıdır. Cənubi Qafqazda zubrların
populyasiyasını ilk dəfə hələ ötən əsrin
60-cı illərində bərpa etmək cəhdi göstərilib.
Lakin bu cəhd uğursuzluqla nəticələnib, müasir
şərait yüz il əvvəlkindən fərqli
olduğuna görə heyvanlar nəsil verməmiş tələf
olub. Bu gün alimlər təkcə zubrları təbiətə
deyil, təbiəti də zubrlara uyğunlaşdırmağa
çalışırlar".
Fonddan bildirilib ki, hər il yay aylarında IDEA
İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər
Fondu, Elm və Təhsil Nazirliyi və Ümumdünya Təbiəti
Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin təşkilatçılığı
ilə "Azərbaycanda zubrların reintroduksiyası"
proqramının gənclərin maarifləndirilməsi və
inkişafı istiqaməti üzrə "Zubrları təbiətimizə
qaytaraq!" adlı ekoloji yay düşərgəsi təşkil
olunur. Məktəblilərin qatıldığı yay
düşərgəsinin əsas məqsədi reintroduksiya
olunmuş zubrlar və onların qorunmasının vacibliyi
haqqında gənclərin məlumatlandırılması,
onların məktəb yaşlarından ətraf mühit sahəsində
maarifləndirilməsi, təbiətə qarşı rəğbət
və qayğı hissinin formalaşdırılmasıdır.
Düşərgənin ilk günündə məktəblilər
zubrların həyat tərzi, ölkəmizdə məskunlaşma
tarixi, yayıldığı ərazilər və təbiətdəki
rolu, bu nadir canlı növünün təbiətimizə
qaytarılması üzrə görülən işlər
haqda təqdimatlar təşkil olunur. Zubrların
populyasiyasının məhvinə səbəb olan amillərlə
bağlı təlimlər, o cümlədən, müxtəlif
ekoloji müsabiqələr, biomüxtəlifliklə
bağlı əyləncəli bilik yarışmaları
keçirilir.
Düşərgənin ikinci günündə
iştirakçıların Şahdağ Milli Parkına
ekskursiyası təşkil olunur. Burada məktəblilər
Milli Parkın zəngin bioloji müxtəlifliyi ilə
tanış olub, eyni zamanda, reintroduksiya proqramı çərçivəsində
Azərbaycana gətirilən zubrları canlı izləmək
şansı əldə edirlər. Məktəblilərə
ölkəmizə gətirilərək uğurlu adaptasiya
dövrü keçmiş zubrlar, layihənin icra mərhələləri
və uğurları haqda məlumatlar verilir. Bununla
yanaşı, uşaqlar heyvan izlərinin və bitki növlərinin
təyin edilməsi, ərazinin xəritəsinin hazırlanması,
meşədə sığınacaq yerlərinin təşkili
və təhlükəsizlik qaydaları, ərazinin bitki və
heyvan növlərinin təyini üzrə təlimlərdə
iştirak edirlər.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi
Arzu Babayeva deyib ki, nadir və nəsli kəsilmək təhlükəsində
olan bioloji növlərin artırılması, onların tarixən
məskunlaşdıqları ərazilərə reintroduksiya
olunması sahəsində layihələr davam etdirilir:
"İşğal dövründə bioloji müxtəliflik
komponentlərinə ciddi ziyan dəymiş Qarabağ bölgəsində
də bu layihələr həyata keçirilir və
davamlı şəkildə icrası
planlaşdırılır. Azad edilmiş ərazilərdə
fauna növlərinin - ceyran, bezoar keçisi, Şərqi
Qafqaz turu və nəcib maralın, o cümlədən,
balıq və yırtıcı quş növlərinin cari il
ərzində öz tarixi areallarına reintroduksiyası nəzərdə
tutulub.
Onun dediyinə görə, Şərqi Qafqaz turu fərdlərinin
Qarabağ və Şərqi Zəngəzur ərazisində əvvəllər
məskunlaşdıqları areallarına qaytarılması
üçün hazırlıq işlərinə
başlanılıb: "İDEA İctimai Birliyi, Ekologiya və
Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan
nümayəndəliyinin birgə fəaliyyəti nəticəsində
xüsusilə ceyran, zubr kimi növlərin tarixi məskunlaşma
yerlərinə qaytarılması prosesi də uğurla davam
edir".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2023.- 12 dekabr, № 225.- S.14.