Bayrağımız: dünəndən
bu günə
"Cümhuriyyət Bayrağı" haqqında
qeydlər
"Cümhuriyyət Bayrağı" kitabı Azərbaycan
Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu
bayrağının qəbul edilməsinin 105-ci
ildönümünə və bu bayraq uğrunda can verən
şəhidlərimizin əziz xatirələrinə ithaf
edilib.
Kitabın yazarı, tədqiqatçı və
kolleksioner, Dövlət Proqramı çərçivəsində
İstanbul Universitetində doktorantura təhsili alan Dilqəm
Əhməddir. Kitabda bayrağımızın keçdiyi 105
illik tarixi yol öz əksini tapıb.
Dilqəm Əhməd məlumatları kitabda yeddi
bölmədə sistemləşdirib. Bunlar; "Cümhuriyyətin
ilk bayrağı", "Üçrəngli bayraq
Cümhuriyyət dövründə", "Alovlu gerb",
"Mühacirətdə qorunan bayraq",
"Bayrağımız qadağan günlərində",
"Meydanda və səngərdə bayraqdarlar",
"Qarabağa sancılan müzəffər bayraq"
bölmələridir.
Kitab ilk səhifədən oxucunu cəlb edir.
Oxunaqlı olmasının səbəbi isə zəngin
materiallar ilə dolu olmasına baxmayaraq, göz
yormamasıdır. Azərbaycan Xalq Cümhuriyyəti
dövrünə aid bayraqların şəkilləri
kitabı daha da dəyərli edir.
Cümhuriyyətin ilk bayrağı qırmızı
parçadan, ağ aypara və səkkizguşə ulduz təsviri
ilə 21 iyun 1918-ci ildə dövlət bayrağı kimi qəbul
edilmişdi. Bu bayraq Osmanlı dövlətinin bayrağı ilə eyni olduğu
üçün 9 noyabr 1918-ci ildə üçrəngli yeni
bayraq qəbul edildi. Dövrün mətbuat orqanlarında,
"Azərbaycan" qəzetində və xüsusilə 11
noyabr tarixli sayında bu haqda geniş yazı dərc edilib.
Kitabda Cümhuriyyət bayrağındakı rənglərin
mənası ilə bağlı geniş araşdırmalar yer
alır. M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli, Dr.M.Kəngərli
və digər siyasi xadimlərin məqalə və
çıxışları kitabda özünə yer
tapıb.
Azərbaycan bayrağının rəngləri
görkəmli ictimai-siyasi xadim Əli bəy Hüseynzadənin
"türkləşmək, avropalaşmaq, müasirləşmək"
fikirlərini ifadə edir. Bu ifadələr türkləşmək,
islamlaşmaq və avropalaşmaq (müasirləşmək)
ideyası bu gün azərbaycançılıq və
müasirlik doktrinasının yaranmasında mühüm rol
oynayır. Kitabda dərc olunan yazıların tədqiqi və
hərtərəfli öyrənilməsi müasir
dövrümüzdə də aktual məsələlərdəndir.
"Cümhuriyyət Bayrağı"
kitabının bayraqdan əlavə milli simvolumuz olan
"Alovlu gerb" haqqında olan hissəsində isə
hökumətin qərarları sırasında ilk olan və
1919-cu ilin martın 23-də "Azərbaycan" qəzetində
dövlət gerbi və möhürü layihələrinin
hazırlanması üçün müsabiqə elan
olunması qeyd edilir. Faktlara əsasən, "Odlu Yurt"
jurnalının 28 may 1930-cu ildə çıxan 16-cı
sayının qapağında "Milli Azərbaycan
Arması" yazısı ilə gerbin təsviri verilib.
Azərbaycan Cümhuriyyətinin işğalından
sonra üçrəngli bayrağımız 3 may 1920-ci ilədək
parlament binasında dalğalanıb. İşğal
dövründə dövlət bayrağımızın
qorunması gizli şəkildə olurdu. Vətəndən kənarda
yaşamağa məcbur olan həmyerlilərimiz Azərbaycan
bayrağını qürbətdə yaşatmağa
çalışıblar. Dövrün mətbuat
orqanlarında üz qapaqlarında belə Azərbaycan
bayrağı təsvir olunurdu ("Yeni Kafkasya", "Odlu
Yurt", "Azeri Türk" və s).
"Cümhuriyyət Bayrağı" kitabında
xarici ölkələrdə ucaldılan bayraqların
simvolları barədə də geniş məlumatlar əldə
edə bilirik.
Kitabda həmçinin çox maraqlı başqa bir məlumata
da yer verilib: Mühacir azərbaycanlı, pilot Məhəmməd
Altunbayın həyatı ilə bağlı Türkiyədə
çəkilən "501 nömrəli hücrə"
adlı filmdə Azərbaycan rəmzləri istifadə olunub.
Faktlara əsasən, 1967-ci ildə çəkilmiş filmin
girişində Azərbaycanın himni səslənir.
Kitabın xatirələr və tarixi şəxsiyyətlərə
fokuslanan hissələri var ki, oxuduqca bayrağımıza olan
sevgi daha da artır. Gülmirzə Bağırın əmanət
gətirdiyi bayrağımız hazırda Milli Azərbaycan
Tarixi muzeyindədir. Kitabın içərisində yer alan
foto-şəkillər xüsusilə mənbə
baxımından önəmlidir.
Tarixin acı və kədərli günlərini
bayrağımızın keçdiyi çətin sınaqlar
ürək ağrısı ilə qələmə
alınıb. Meydan hərəkatı dövründə
ucaldılan şanlı Azərbaycan bayrağı vətəndaşlarımıza
ümid və azadlığa tam inamın simvolu idi. 1988-ci ildə
başlayan Milli Azadlıq Hərəkatı dövründə
68 illik qadağadan sonra ilk dəfə olaraq üçrəngli
Azərbaycan bayrağı meydanda görünüb. Meydan hərəkatı
dövründə ilk bayraqların kimlərin
hazırlaması ilə bağlı dövrün şahidlərinin
xatirələri var.
Prof. Nəsiman Yaqublunun ilk bayrağı
hazırlayanlar haqqında verdiyi bilgilərə əsaslanan
yazar kitabda Bəxtiyar Tuncayın anası - Şahverdiyeva Sura Səfər
qızı haqqında geniş məlumatları oxuculara təqdim
edir. Üçrəngli bayrağımızı Qız
qalası üzərində dalğalandıran Faiq Həsənov
haqqında da məlumatlar verilir. Azərbaycanın mərd
oğulları olduğu kimi, cəsur və zəhmətkeş
xanımları da var. İşğal dönəmlərində
mərd Azərbaycan xanımları bayrağımızı
toxuyaraq cəbhəyə və meydanlara göndərirdilər.
Bu baxımdan Gültəkin ananın rolu misilsizdir. Ziyalı
Azərbaycan xanımı müharibə dövründə yun
əlcəklər və bağlamaları Qarabağa göndərirdi.
Bayrağını qəlbdən sevən bu xanım hər
gün hər gecə bayraq hazırlayırdı. Meydan hərəkatı
zamanı onun hazırladığı bayraqlar səmada
dalğalanırdı. 7 iyun 2023-cü ildə millət vəkilli
Mirmahmud Mirəlioğlu Gültəkin ananın toxuduğu və
17 noyabr 1988-ci ildə meydanda dalğalandırılan
bayrağı Milli Azərbaycan Tarixi Muzeyinə
bağışlayıb.
Birinci Qarabağ müharibəsi dövründə cəbhə
üçün bayraq tikən xanımlardan biri də Laçın
Bağırova olub. Bu mərd xanım vətənin çətin
günlərdən keçən dövründə bayraq tikərək
əsgərlərimizə göndərirdi.
"Cümhuriyyət bayrağı"
kitabının ən əsas hissəsi məhz müasir
dövrdə də bayrağımızın keçdiyi
inkişaf yolunun işıqlandırılmasıdır. 2020-ci
il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu törətdikləri təxribatlara cavab olaraq
Azərbaycan Ordusu əks-hücum əməliyyatına
başladı. Tarixə 44 günlük müharibə kimi
düşən Vətən müharibəsi ordumuzun
şanlı qələbəsi ilə yekunlaşdı.
Şanlı Azərbaycan bayrağı doğma yurdunda
dalğalandı. Bundan qürurverici heç nə ola bilməz.
Oktyabrın 4-də Cəbrayıl, 9-da Hadrut qəsəbəsi,
oktyabrın 17-də Füzuli şəhəri, oktyabrın
18-də Xudafərin körpüsündə, oktyabrın 20-də
Zəngilan, 25-26-da Cəbrayıl, Qubadlı, 8 noyabr Şuşa
şəhərində bayrağımız dalğalandı.
Noyabrın 9-dan 10-na keçən gecə Üçtərəfli
Bəyanat imzalandı. Bununlada Ermənistan noyabrın 20-də
Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də
Laçını təhvil verməli oldu. 19 sentyabr 2023-cü
ildə həyata keçirilən antiterror tədbirlərindən
sonra isə Xocalı, Xocavənd, Xankəndi, Ağdərə
şəhərləri, Əsgəran qəsəbəsi
terrorçu qruplaşmalardan təmizləndi. 44 günlük
Vətən müharibəsindən sonra Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan İlham
Əliyev işğaldan azad edilmiş ərazilərimizi ziyarət
edib, orada dövlət bayrağını ucaldıb.
Kitabda bayrağımızın keçdiyi bu şərəfli
yol peşəkarlıqla əks etdirilib.
Mehin VƏLİYEVA
525-ci qəzet.- 2023.- 12 dekabr, № 225.- S.13.