Kəsrəvinin
çıxartdığı "azəri" dilinin
ifşaçılığında Ədalət Tahirzadənin
rolu
Bir neçə gün öncə redaksiyaya Güney
Azərbaycanda - qədim Təbriz şəhərimizdə
çıxan "Qürub" adlı ədəbiyyat və
mədəniyyət dərgisində ana dilimizdə çap
edilmiş "Kəsrəvinin çıxartdığı
"azəri" dilinin ifşaçılığında
Ədalət Tahirzadənin rolu" adlı maraqlı bir məqalə
daxil oldu. Məqalənin müəllifi İran İslam
Cümhuriyyətində və Türkiyəmizdə imzası
yaxşı tanınan tarixçi alim və
yazıçı Doç. Dr. Tohid Məlikzadədir (Azərbaycan
tarixi üzrə araşdırmaçı,
yazıçı; Urmiyə, Batı Azərbaycan əyaləti;
@tohidmelikzade, tohidmelikzade@yahoo.com)
Maraqla qarşılanacağı ümidilə məqaləni
latın qrafikasına çevirərək oxucularımıza
təqdim etməyi faydalı saydıq. Bu zaman yazının
dil və üslub özəlliyini saxlamağa diqqət
yetirdik. Xatırladırıq ki, dərgidəki orijinal mətndə
müəllif fars dilindəki bəzi kitabları qaynaq kimi
göstərib; prinsipcə çox da önəmli
olmadığına görə onları burada atdıq. Mətnə
bəzi fikirlər, sözlər və şəkilçilər
artırmağa ehtiyac yarandığına görə biz
onları düz mötərizə [], mənası çətin
anlaşılan sözlərin
qarşılığını isə əyri mötərizə
() içərisində göstərmişik.
Dr. Tohid MƏLİKZADƏ
Giriş2018-ci il sentyabr ayında 18-ci Türk Tarix
Qurultayı üçün Ankaraya dəvətliydim. İlk
günüydü. Dostum Səbahəddin Şimşirlə
birlikdə asansörlə (liftlə) konfrans salonunun üst
qatlarına çıxırdım. Asansör otağında
kübar biridə varıydı. Səbahəddin bəylə
Məhəmmədəmin Rəsulzadə
konusunda danışırdıq. Mən "təəssüf
ki, Türkiyədə hələ Məhəmmədəmin Rəsulzadəni
tanımırlar" dedim. Birdən o yaşlı,
saçları ağarmış, dolu, gözlüklü adam
"sanki Azərbaycanda onu çox tanıyırlar" deməsi
məni çox şaşırtdı. İlk baxışda
onu tanıyammadım. Gələn günlərdə bu
kişini gördükdə hər kəs onu çox hörmətlə
qarşılayırdı. Özəlliklə Bakıdan gələnlər
ona çox-çox hörmətlər edib "Ədalət
müəllim" sözü dillərdən
düşmürdü. Bəli, mən bu qurultayda Ədalət
Tahirzadə ilə tanış olmuşdum.Dostluğumuz daha
sonra feysbuk üzərindən də davam etdi, ta ki, Ankaradan
döndükdən bir neçə gün sonra hörmətli
dayım Məhəmmədəli Arəşfərin tərcümə
etdiyi bir kitabı əlimə yetişdi - Ədalət Tahirzadənin
Azərbaycan türkcəsində yazdığı Kəsrəvinin
"Azəri [ya zəbani-bastani-Azərbaycan"; "Azəri,
yaxud Azərbaycanın əski dili"]" kitabına bir
cavabiyyənin farsca tərcüməsi. Tez feysbuk üzərindən
kitabının Təbrizdə çap olduğunu və
keşkə tez xəbərim olsaydı da bir neçə dənə
kitabdan Ankaraya gətirib bilgələrinə versəydim
yazdım.., amma heyif ki, işlər rast gəlmədi.
Dilçi, jurnalist Ədalət Tahirzadə Azərbaycanın
istiqlal günlərindən sonra cümhurbaşqanının
mətbuat katibi və dövlət adamı kimi tanınıb,
elm və mətbuat aləmində də tanınan bir
simadır. Onun tarixi kitablarının içində
"Nadirşah Əfşar", "Ağaməhəmmədşah
Qacar" adlı kitablar iki tay Azərbaycanın ortaq tarixinə deyinsə də, öz anadan
olduğu kəndin monoqrafiyasını yazmaqla həm mikro, həm
də makro tarixçilikdə usta bir alim olaraq parlayır.
Onun ayrıca ən əhəmiyyətli
kitablarından biri nəinki Azərbaycanı, bəlkə Azərbaycan
türkünün varlığını, keçmişini,
tarix-ənənəsini hədəf tutan 20-ci əsrin əvvəllərində
İranda çox şiddət və basqı ilə
başlanan və dövlət tərəfindən
çığ kimin böyüyən "azəriçilik"
məfkurəsinin çürüklüyünə və
ifşasına dair yazdığı cavabiyyə
kitabıdır (Söhbət Ə.Tahirzadənin "Kəsrəviçilik:
kökü, özəyi, ardıcılları, dirildilməsi"əsərindən
gedir. - Red.).
Qondarma "azəri dili"
Birinci Dünya savaşı bitər-bitməz Şərqdə
ulus (milli) dövlətlərin yaranma prosesi başladı. Yeni
dövlətlər qurularkən qədim ərazilərdə
qurulan sülalə dövlətləri milli dövlətlərə
çevrildi. Osmanlı dövləti Türkiyəyə, Qacar
dönəmi İran, Məhəmmədəmin Rəsulzadənin qurduğu
"İrani-nou" adlı qəzetin adı kimi, aryayi mehvərli
İrana çevrilib, onu tarix boyu quran, idarə edən
türklər hökumət və iqtidardan
uzaqlaşdırıldı
"İrani-nou" qəzetini vərəqləyərkən
aşağıdakı ana başlıqlı fikirlərə
rast gəlirik:
1. Avropa modelli sosial-demokrasini savunmaq
2. Zərdüştilərə himayə göstərmək
3. Rus və ingilislərə qarşı olmaq
4. Məhəmmədəlişah əleyhinə
intiqadi (tənqidi) baxış
5.Təbəqati (sinfi) sistemə intiqadi baxış
6. Xanımlara qarşı pis rəftara qarşı
7. Qeyri-müsəlmanların hüququnu savunmaq
8. Marks düşüncələrini açıqlayan
fikirlər
9. Farsçı Məliküşşüərayi-Bahar
və sol düşüncəli Əbülqasım Lahutinin
şeirlərinin çapı
10. Aleksander Düma və Tolstoydan əsərlərin
çapı
11. Edvard Braunın 1905/06 məşrutiyyət hərəkatına
dair yazılarını çap etmək
12. İranda erməni inqilabçılarının
yazılarına yer vermək.
Qəribədir ki, bu ana başlıqlara bir də
türklərlə ziddiyyət və ona qarşı durma
artırılırsa, bu ana başlıqlar yeni sistemlə
qurulan İran dövlətinin təməl daşları olaraq
görülməkdədir.
Siyasi sahədə yeni qurulan sistem adamları Türkmənçay
və Gülüstan müqavilənamələrincə
Qacarların itir[il]miş torpaqları[nı] əldə etmək,
yeni qurulan sistemin maliyyəsini gücləndirmək
üçün zəngin mülkədar, tacir azərbaycanlıların
mal varlıqlarına əl qoymanı planlayıb icra edirdilər.1925-də
yuxarıdakı siyasətlərlə uyğun və hətta
paralel olaraq qədim azərbaycanlıların dilinin türkcə
deyil, fars mənşəli "azəri" olma fikri türkləri
kənara vurmaq amacıyla ana siyasət olaraq irəli
sürüldü. Kəsrəvi ilk başda bu siyasi fikrin əleyhinə
Qahirədə çap olan "əl-İrfan" adlı qəzetdə
bir məqalə çap etsə də, yeni Pəhləvi
rejiminin kültürəl siyasətlərilə bir istiqamətdə
olan bu fikir və kitab ("Azəri, ya zəbani-bastani-Azərbaycan"
kitabı nəzərdə tutulur. - Red.) çox tez bəyənilib
dövlət sərmayəsi ilə çap olub
yayıldı. Bu tezi yaymaq üçün məktəblərə
özəl gənəlgə verildi. Bu kitab dalda qalmış
şovinist İran yazarlarının bir qisminin xoşuna gəlib
o zamandan bəri yüzlərcə kitab və məqalə Azərbaycanın
əski dili və millətinə görə yazdılar. Son
vaxtlar da "İran şəhri" adı altında
yığışan bu tərz təfəkkürlü
insanlar bu dəfə türkcə ilə bərabər,
"Azərbaycan" adının yox edilməsinə
çalışdılar. Azərbaycan aydınları da bu əyləmlər
qarşısında sakit qalmayıb türkoloji tədqiqatla və
yeni tarix araşdırma metodlarıyla bu şovinist dəstənin
qarşısına getdilər. Qədim tariximizi incələmək
canlandı və Araz çayı gəlib-getməyə
açılınca Bakıda çap olan yeni dilçilik,
tarix, toponim və etnonim kitabları Cənuba gətirildi.
1990-lardan etibarən qədim tariximizlə ilgili kitabların
köçürülüb çap olunma hərəkatı
başlayıb, otayda çap olan yüzlərcə kitab butay
Azərbaycanda da çap oldu. Artıq xalqımızın
intibah mərhələsi başlamışdır.
Ədalət Tahirzadənin Kəsrəviyə cavab
adlı kitabına bir baxış
Tahirzadə ["Kəsrəviçilik:
kökü, özəyi, ardıcılları, dirildilməsi"]
kitabını həqiqətən tarixlə yox, bəlkə
bu teorinin Pəhləvilərin işə başlamasıyla
başlayan siyasi bir məfkurədən yola
çıxdığını və bu teorinin Birinci
Dünya savaşlarına dayandığını
açıqca bəyan edir. Tahirzadə kitabın lap əvvəlində
panfarsistlərin ümumiyyətlə İranda yaşayan
türkləri hansı yollarla təzyiq altında
qoyduqlarını belə sıralayır:
1. Azərbaycan türklərinin soy, mədəniyyət
və dillərinin inkarı
2. Şəhərlər, kəndlər, dərələr,
dağlar, çayların adlarını türkcədən
farscaya dəyişdirmə
3. Uşaqlara türkcə adların qoyulmasına
qadağa qoymaq
4. Farca tədrisatın məcburi edilməsi
5. Uşaqlarımızı türkcədən bezdirmək
6. Azərbaycan türklərinin özlərinə
"türk" demələrinə görə cəza vermək
7. Azərbaycanın fabrikalarını İranın
başqa yerlərinə aparmaq
8. Türklərin dövlət bünyəsinə
alınmaması
9. Arazın şimalından gələn və
"mühacir" adlanan azərbaycanlılara basqı
10. Türkcə kitabların çapının
yasaqlanması.
Tahirzadə yuxarıdakı qeyd olunan siyasətləri
teorizə etmək üçün bu mexanizmaların
uyğulandığını təsbit etmişdir:
1. Dilçilik elmindən faydalanıb saxta nəticə
almaq
2. Tarixçilikdə tanınmış, qəbul
olunmuş bir türkün seçilməsi
3. Elmi görünən, ancaq həqiqətdən uzaq
olan bir kitabın yazılması.
Tahirzadə yuxarıda deyilən mexanizma
üçün tanınmış bir tarixçi olaraq Kəsrəvinin
seçildiyini yazır. 1936-lara qədər Kəsrəvinin
iddia etdiyi "Azəri..." kitabı bir çox Avropa dillərinə
tərcümə edilərək sözdə bu böyük kəşfi
dünyaya da çatdırmaq istədilər. Kəsrəvinin
iddia etdiyi "azəri dili" ümumiyyətlə islami
qaynaqlarına yanlış şəkildə söykənərək
irəli sürülmüşdür. Buna görə Tahirzadə
də Azərbaycan tarixinin ən qədim dövründən
başlayaraq tarixi açıqlamaqla bu siyasiteorinin nə qədər
bərbad və rəzil olduğunu göstərdi. O,
mad/midiyalılardan başlayaraq Mad məmləkətinin vahid
dili olmadığına bəlgələrlə toxunmuşdur.
Tahirzadə Kəsrəvinin iddia etdiyi yalançı
"Azəri..." kitabına üç yolla məsələni
çürütməyə çalışdı:
1. Azərbaycan toponimlərinə yanaşmaq
2. Qədim Azərbaycanda yaşayan türk etnonimlərlə
"azəri" tezini çürütmək
3. Ümum türklərin miladdan öncə və
sonrakı tariximizdəki rollarının tarixi.
Tahirzadə eradan öncə türklərin indiki
İran və Azərbaycan coğrafiyasında sakin olub
yaşadıqlarına dair bəlgələr verməklə qədim
Azərbaycanın dilinin azəri olmadığına vurğu
yapdı. İran tarixçiliyində heç qəbul olmayan
və daha doğrusu, onlara da qazancı olmayan
"prototürk" ifadəsi gözəl bəlgələrlə
bu kitabı bəzəyibdir.
Sözü gəlmişkən, prototürk məsələsinə
toxunaraq Türkiyə tarixçiliyinə də intiqadi (tənqidi)
bir sözüm olacaq. Təəssüf ki, indiki Türkiyə
tarixçiliyi sözdə dünya tarixçiliyinə uymaq
istəyib "öntürklər" qavramından vaz
keçərək qondarma Anadolunun türkləşməsindən
yanadır. Türkiyənin xoş taleyinə görə
dövləti türk sistemli bir dövlət olduğuna
görə bu tez heç də sorun yaratmır, amma bizim Azərbaycanda
məsələ tam fərqlidir. Məncə, "azəri"
və Anadolunun türkləşməsi tezləri ikisi də
bölgədə olan türkləri izmihlala uğratmaq (yox etmək)
doğrultusundadır.
Sonuc olaraq Tahirzadənin kitabında olan bəlgələr
göstərir ki, İran tarixçiliyinin dediyi və "azəri
dili" teorisinin tərsinə, türklər Səlcuqlular
dönəmi yox, bəlkə neçə yüz illər
eradan əvvəl Azərbaycanda yaşayıb və nəhayət,
türkcə ümumxalq dilinə çevrilmişdir.
Bu kitab İranda "azəri" teorisini
çürütmək üçün yazılan onlarca kitab
və yüzlərcə məqalənin siyahısına girməklə
yanaşı, Arazın şimalında yaşayan
soydaşlarımızın nə qədər azərbaycanlıların
soy-kökünə önəm verdikləri inamlarını
göstərir. Onlar bu dəyərli
çalışmalarıyla "siz tək deyilsiniz"
mesajını bizə yetirməyə
çalışırlar. Ustadımız cənab Ədalət
Tahirzadəyə cansağlığı arzu edirəm.
["Qürub" dərgisi. Təbriz, bahar 1406 (2023),
№ 28, ss. 191-194].
525-ci qəzet.- 2023.- 12 dekabr, № 225.- S.12;13.