Yeni tarixi mərhələnin
böyük başlanğıcı
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Sərəncamı ilə ölkəmizdə
növbədənkənar prezident seçkilərinin
keçirilməsi haqqında qərarın qəbul edilməsi
ölkəmizin yeni tarixi epoxaya qədəm qoymasının bəyannaməsidir.
Hər kəsə yaxşı məlum olduğu kimi, müstəqil
Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi
ilə özünün hərbi qüdrətinin və iqtisadi
inkişafının möhkəm əsaslarını
yaratmaqla və ən başlıcası Vətən müharibəsində
qazanılmış tarixi Zəfərlə müstəqillik
dövrünün böyük bir mərhələsinin
möhtəşəm vəzifələrini həyata
keçirmişdir. Artıq müstəqil Azərbaycan beynəlxalq
aləmdə böyük nüfuz və etibarlı söz
sahibi olan, qüdrətli dövlət kimi qəbul olunur.
Qarşıda duran yeni vəzifələr Azərbaycanda
müasir dövrün yeni çağırışlarına
uyğun olaraq daha genişmiqyaslı islahatların həyata
keçirilməsini tələb edir. Azərbaycanda növbədənkənar
seçkilərin keçirilməsi haqqında qəbul edilən
qərar inkişafın yeni mərhələsinə start verilməsi
üçün atılmış siyasi addım kimi
mühüm əhəmiyyətə malikdir. Ölkəmizdə
keçiriləcək növbədənkənar seçkilər,
heç şübhəsiz, daha möhtəşəm
inkişafa təkan verəcəkdir.
Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti,
Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin
Dəmir Yumruğu ilə Vətən müharibəsində
qazanılmış tarixi Zəfərdən və uğurla həyata
keçirilmiş bir günlük hərbi əməliyyatdan
sonra ərazi bütövlüyümüzün tam təmin
edilməsi, dövlət suverenliyinin bütövlükdə bərqərar
olması ölkəmizin bütün ərazisində seçkilərin
keçirilməsi zərurətini meydana
çıxarmışdır. Ona görə də 7 fevral
2024-cü il tarixdə keçiriləcək növbədənkənar
prezident seçkiləri Azərbaycan Respublikasının
dövlət suverenliyinin ərazi bütövlüyü şəraitində
tam və qəti təsdiqi demək olacaqdır. Xalqımızın
bütün təbəqələri kimi, Azərbaycan alimləri
də növbədənkənar prezident seçkilərinin
keçirilməsini ölkəmizdə yeni tarixi inkişaf mərhələsinin
böyük başlanğıcı və dövlət
müstəqilliyimizin tam təsdiqi mənasında əhəmiyyətli
siyasi hadisə kimi yüksək qiymətləndirirlər.
Ölkəmizdə hakim olan xalq-dövlət həmrəyliyi
və möhkəm ictimai siyasi sabitlik növbədənkənar
prezident seçkilərinin xalqımızın mütəşəkkil
iştirakı və birliyi şəraitində keçiriləcəyinə
tam təminat verir.
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti, Milli Məclisin deputatı, akademik
525-ci qəzet.- 2023.- 12 dekabr, № 225.- S.6.