İşıqlı sabahların insanı

 

Soyuq bir qış günündə görmüşdüm onu... Naxçıvan üçün ən çətin, blokada günlərindən birində, müharibə şəraitində, Şəhidlər xiyabanında ürək ağrısı ilə şəhid məzarlarını ziyarət edirdi...  Şəhidlər xiyabanından çıxanda ziyalılarla söhbətini dinləmək, onu yaxından görmək üçün izdihamı yara-yara zorla önə keçib dura bilmişdim... Qəlbində ağrı olsa da, səsində necə də böyük inam və qətiyyət var idi.

Biz Ona ümid edirdik, biz Onun timsalında sabaha ümid edirdik, biz Ona sığınıb gələcəyə ümidlə baxırdıq...

Naxçıvan blokadada idi, evlər qaranlıq, işıqsız və qazsız, hava soyuq və şaxtalıydı... İnsanlar şaxtaya və soyuğa dözmək üçün bağlardakı ağacları kəsib odun peçləri yandırmaq məcburiyyətində qalırdı. Talonla verilən çörək növbəsində çörək almaq üçün səhər saat 5-dən növbə tutmaq lazım gəlirdi. Naxçıvanda iqtisadi böhran idi. İnsanlar normal qidalanmaq üçün ərzaq tapa bilmirdi. Yaşayış binalarında işıq olmadığından su tapmaq ən böyük problemə çevrilmişdi. Tərslikdən həmin illər Naxçıvanın ən şaxtalı və qarlı günlərinə təsadüf edirdi. Uşaqlara qoşulub qarlı-şaxtalı qış günlərində Qızlar Bulağından 4-cü mərtəbəyə vedrələrlə su daşıyır, binanın həyətində ocaq qalayıb yemək bişirirdik. Hətta su tapa bilməyəndə, həyətdən vedrələrə qar doldurub əritdiyimiz vaxtlar da olurdu. İşıqsız və qazsız günlərdə evdə palto ilə yatıb-durduğumuz günlər də az deyildi...

 

Naxçıvan dözürdü, biz dözürdük, hamı dözürdü...

Hamı bilirdi ki, yaxşı olacaq, hamı bilirdi ki, bu qaranlıq və soyuq gecələrin bir işıqlı sabahı var. Hamı bilirdi ki, O, Naxçıvandadır, hamı əmin idi ki, O, burdadırsa, hər çətinliyə çarə tapacaqdır... Hər gün yeni bir ümidlə sabaha göz açırdıq...

Naxçıvan təkcə aclıqla və susuzluqla mübarizə aparmırdı, Naxçıvan həm də informasiya blokadasında idi... Azərbaycan telekanalları ilə əlaqə kəsilmişdi. İşıq olmadığından qəzetlər də vaxtında nəşr olunmurdu. Bizi Azərbaycana bağlayan torpaq əlaqəsi olmadığı kimi, informasiya əlaqəsi də yox idi.

Hər gün atışma səsləri eşidilirdi. Cəbhədən yaxşı xəbərlər gəlmirdi. Biz uşaqdan-böyüyə geri çəkilmək fikrində deyildik. İnsanlar ov tüfəngi ilə də döyüşə getməyə razı idilər, hamımız bir nəfər kimi canımızı verməyə hazır idik, çünki Naxçıvan qorunmalı idi, Naxçıvan yaşamalı idi, Naxçıvan var olmalı idi...

Evdə iki bacı idik. Yadımdadır ki, anam bizi çətin vəziyyətə alışdırmaq üçün özünün də müharibəyə gedəcəyi təqdirdə, bizə möhkəm olmağı, hər çətinliyə dözməyi, düşmənə əsir düşməmək üçün Azərbaycan qızlarının namusunu qorumağının vacibliyini dəfələrlə vurğulayırdı. Düşmənə əsir düşməmək üçün Arazın sularına qərq olmaq daha məsləhətli idi. Bu sözlər həmin günlərdə hər bir evdə qız uşaqlarına dəfələrlə xatırladılan cümlələr idi. Bəlkə də Naxçıvanda yaşayan 90-cı illərin uşaqlarının döyüş ruhunun daha güclü olması, o çətin günlərdə yaşadığımız müharibə vəziyyəti ilə bağlı idi. Mühit və şərait bizə döyüşmək, geri çəkilməmək, nə olursa-olsun təslim olmamağı təlqin edirdi...

O, bizim yaşadıqlarımızı görürdü, O, bizim yaşadıqlarımızı yaşayırdı...

Artıq Ali Məclis binasından böyük, qətiyyətli və riskli addımların atılması zamanı gəlmişdi. Naxçıvanı qorumaq və əhalini yaşatmaq üçün ən mühüm və tarixi addımlar atılmağa başlandı. Türkiyə və İranla aparılan danışıqlar, qurulan əlaqələr, bizi hər iki ölkə ilə bağlayan körpülərin inşası öz töhfəsini verməyə başladı. İqtisadi əlaqələr blokada pərdəsini yara bildi, çəkilən işıq xətləri muxtar respublikanın işıqla təminatına səbəb oldu...

 

Ümidlər gerçəkləşdi. 1992-ci il may ayının 28-də, Araz çayı üzərində "Ümid körpüsü"nün açılışını gerçəkləşdirmək üçün, 60 millət vəkili və 40-dan çox nüfuzlu KİV nümayəndələri ilə birgə Naxçıvana gələn Türkiyənin o zamankı Baş naziri Süleyman Dəmirəllə dahi öndəri görmək üçün Naxçıvan şəhərindəki Azadlıq meydanına tələsdiyimiz günü də xatırlayıram. Minlərlə insan, hətta demək olar ki, bütün dünya Onun işığına toplaşırdı. O işıq Naxçıvanda yanırdı, Onun nuru yaxın-uzaq bütün ölkələrə Azərbaycan adlı məmləkətin var olduğunu xatırladırdı.

Azadlıq meydanına toplaşan on minlərlə insana və dünyaya səslənən Süleyman Dəmirəl isə deyirdi: "Azərbaycan özünün ədalətli mübarizəsində tək deyil. Biz dünyanın Azərbaycan haqqında həqiqətləri bilməsi üçün özümüzdən asılı olan hər şeyi edirik və edəcəyik. Sizi əmin etmək istəyirəm ki, Türkiyə həmişə Azərbaycanla birlikdə olub və olacaq. Biz kədəri və sevinci birlikdə bölüşəcəyik"... Böyük dostluqların və tarix yazacaq böyük layihələrin təməli "Ümid" körpüsü ilə qoyulurdu...

... Naxçıvan yaşayırdı, Naxçıvan dirçəlirdi, Naxçıvan mübarizə aparırdı...

1993-cü il... Onu Bakıya yola salanda nə qədər kədərlənmişdik, amma bilirdik ki, O, bizi tək qoymayacaq, O, Naxçıvan üçün hər şey edəcək, O, bizi Azərbaycana bağlayan ən böyük qüvvə olacaq...

 

1996-cı il... O, qayıdırdı. Bu dəfə Azərbaycan Respublikasının Prezidenti kimi doğma Vətəninə qayıdırdı. Biz onu görmək üçün hava limanına axın edirdik. Onu lap yaxından görmək üçün təyyarənin trapına qədər getmişdik. O, təyyarədən enirdi, mavi gözlərində olan sevinci sezməmək mümkün deyildi. Onu sevindirən qoyub getdiyi torpaqda qalan insanların gözlərindəki ümid idi. Onun odlu baxışları və əlinin istisini hələ də böyük iftixarla xatırlayıram.

1999-cu il... Naxçıvan Dövlət Universitetinin əsas binasının açılışıdır. Biz Onu görmək üçün yağışın yağmasına belə əhəmiyyət vermirdik. O, yenidən bizimlə idi, biz Onun qoruyub saxladığı Naxçıvanın döyüş ruhlu gəncləri idik. Biz müstəqil Azərbaycanın müstəqil gəncləri idik, biz müstəqil Universitetin tələbələri idik.

Biz Onunla görüşdüyümüz üçün fəxr edirdik. Onun tövsiyələrini şəxsən eşitmək şərəfinə nail idik, nəfəsimizi dərmədən Onu dinləyirdik..

 

Bu gün biz Onun qurduğu və qoruduğu müstəqil Azərbaycanın müstəqil vətəndaşlarıyıq. Biz Onun bizə vəd etdiyi işıqlı sabahların vətəndaşlarıyıq, biz Onun işığı ilə irəliləyən və qüdrətli dövlət quruculuğunda Onun arxasında olan Azərbaycan vətəndaşlarıyıq. O işıq Heydər Əliyev idi. O yol Heydər Əliyev yolu idi, O xilaskar Heydər Əliyev idi...

Biz bu gün də onun əmanətinə sığınırıq, biz bu gün də onun əmanətinə etibar edirik, biz bu gün də dünən olduğu kimi, işıqlı sabahlara ümid edirik. Ümid edirik ki, onun qurduğu və qoruduğu Naxçıvan Azərbaycanla birləşəcək, torpaqlarımız düşməndən azad olacaq, biz yenə də bütöv yumruq olub düşməni bir zərbədə yox edəcəyik.

 

ƏBƏDİ MƏKANINDA RAHAT UYU, ÖNDƏRİM!

BİZ ETİBARLI ƏLLƏRDƏYİK!

 

Surə SEYİD

Tədqiqatçı-jurnalist, filologiya üzrə fəlsəfə doktoru

525-ci qəzet.- 2023.- 12 dekabr, № 225.- S.7.