Bir insan bəs edər...
Esse
İnsanlar nə qədər təkliyə
qapılıb, yalnızlıq adlı yoluxucu xəstəliklə
özlərini xoşbəxt hiss etsələr də, əvvəl-axır
öz ruhlarının dərmanlarını axtarmağa
başlayırlar. Hər şeyin bir sonu və artıq
darıxdırıcı mərhələyə
çatdığı dönəm olduğu kimi,
yalnızlıqla da vidalaşmaq zamanı çatır bir
gün. Artıq kimsəsiz, yarımçıq, yorğun və
tənha qalmış ruhuna dərman axtarmağa
başlayırsan. Hansı ki bu dərman çox sevib bəyəndiyin
bir kitabın cümlələrində özünü
tapmağından doğan xoşbəxtlik, bəzən dilinə
gətirə bilmədiyin hisslərin hansısa mahnının
sözlərində əks olunması, bəzən isə
saatlarla izlədiyin bir tamaşanın həyatında qalan
keçmiş izləri sənə yenidən xatırladaraq
dünən və bugün arasında bağ yaratması ola
bilər. Lakin zənnimcə, bir insan üçün misilsiz
xoşbəxtlik onu izləyib dinlədiyi zaman özünü
tapdığı insandır. Hər kəs bu hissi, əminəm
ki, bir dəfə də olsun mütləq bir insanın səsində
hüzuru tapıb illərin yorğunluğunu,
haqsızlığını, həyatın və taleyin
başına açdığı min-bir oyundan doğan məyusluq
hissini unuduğu anı yaşayıb... Bir səs bütün
hüceyrələrinə kimi səni xoşbəxt etsin -
qanadın olmasa belə, səmalara qərq olmağın həzzini
yaşayasan... Və nəticə etibarilə elə bir insan
olur ki, sənin həyatında o gələnə kimi əslində
yaşamadığının fərqinə varırsan.
Anlayırsan ki, həyat və sevgi ilə yaşamaq insana bəxş
edilən ən ali hissdir. Ürəyinin ritmi dəyişir,
gözlərindən yeni pəncərə açılır
dünyaya. Hesab edirsən ki, sənə tərəf gələn
həmin kəs sənə yeni nəfəs verir, yeni həyat
bəxş edir. Bir zaman əyri gördüklərin düz,
pis gördüklərin yaxşı, çirkin hesab etdiyin hər
şey gözəl görünür gözlərində.
İşıqlı və parlaq pəncərələr
açılır önündə - hansı səmtə
boylansan, ilin dörd fəslini sənə yalnız
güllü-çiçəkli yazı yaşadan kimi...
Ömrünün hər anı ancaq baharı hiss edir daxilində.
Xoşbəxtlik sənin həyatında əsas rol oynamağa
başlayır və anlayırsan ki, axtarmalı olduğun kəs
gözləmədiyin anda özü səni taparaq dərman
olub ruhuna. Artıq səhərlər doğan Günəş,
gecələr pəncərənə boylanan Ayda belə həyatına
məna qatan insanın simasını hiss etməyə
başlayarsan. Xoşbəxtlik bütün varlığına
elə hakim olar ki, dağı dağ üstünə qoyacaq
güc hiss edərsən özündə. Səni xoşbəxt
edən və ruhuna dərman olan insan bütün həyatını
müsbətə dəyişər. Bəzən hər
şeydən, hər kəsdən, hətta ən sevdiyin məşğuliyyətlərdən
belə, yorulub sadəcə başını qoymağa bir
çiynə ehtiyacın olar. Və sən o çiynə
başını qoyub gözlərini yumduqdan sonra
özünü hüzurun zirvəsində hiss edərsən.
Bəzən isə darıxdırıcı bir zamanda
yanaqlarının sığallanması belə qəm-qüssəni
səndən uzaqlaşdırar. Sən o insanı
qucaqladığın zaman sadəcə sevdiyin kəsi yox,
bütün kainatı ağuşuna aldığını
hiss edərsən. Hətta yarımçıq qalan
uşaqlıq hisslərini belə onunla birgə tamamlayarsan.
Uçurumun kənarından dünyaya boylanıb tamamilə
tükəndiyini hiss etdiyin zaman onun bir cümləsi ilə
yaşamaq həvəsinin yarandığını və
ümidin var olduğunu düşünərsən. İllərlə
sandıqdan çıxmayan, köhnəlmiş əşyalartək
qabıq qoyan yaralarını belə sağaltmağa bir
insanın varlığı bəs edər...
Aynur ƏDİL
525-ci qəzet.- 2023.- 13 dekabr, № 226.- S.15