"Babək 44"ün kitablaşan döyüş yolu

 

Hər kitab bir mətləbin sözlə ifadəsidir. Mətləbdə Vətən varsa, Vətənə sevgi varsa, bunların səyyarəsi olan ruh varsa, o ruh xəlqi-milli ruhun zərrəsidirsə, belə kitab dəyərli kitabdır, tarixin kitabıdır. Belə kitabları dünənlərin tarixi, bu günün yaşantıları, sabahlara salam bilirsən.

Jurnalist Bəxtiyar Əliyev Birinci Qarabağ müharibəsində əsgər olub - döyüşüb, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra xidmətini zabit kimi davam etdirib, polkovnik-leytenant rütbəsində tərxis olunub. "Babək 44" batalyonunun tərkibində ordumuzun birinci Ağdərə əməliyyatında da, ikinci Ağdərə əməliyyatında əksər döyüşlərdə iştirak edib. Onun bu günlərdə təqdimatı keçirilən "Ağdərə döyüşləri" kitabı bu döyüşlərin bədii-publisistik ifadəsidir. Bəxtiyar gerçəklikləri, yaşanılmışları - tarixi yazıb...

Ağdərənin yolları, yüksəklikləri, ağ dərələri, kəndləri, kəndləri çiyinlərində saxlayan ucalıqları mənə də tanışdı, o yerlərdə döyüşənlərlə çox kəlmələşmişəm. Ağdərə işğaldan azad ediləndə Yusif Mirzəyevə demişdim ki, "Ağ dərələrdən keçib Ağdərəyə çatdınız!" Bu qüruru az yaşadıq, Ağdərə işğal olundu, 14 döyüşçünü mühasirədən çıxardanda Yusif də şəhid oldu, onlarla Yusiflər şəhid oldu. Ağdərədən ağ dərələrə enən yolda qan cücərdi...

"Ağdərə döyüşləri" neçə-neçə hücum və müdafiə döyüşlərinin kitabıdır. Oxuyursan, sənə elə gəlir ki, Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş bir döyüşçünün tarixə tarixi hesabatını dinləyirsən: "...nə yaxşı özümüzünkülərlə rastlaşdıq. Qabağa düşüb gedirdilər, bizdən güllə atmamağı da xahiş etmişdilər. Amma bizi yaxın düşməyə qoymurdular. İti addımlarla fermanın yaxınlığına çatanda dayandılar. İçlərindən yekəpər biri bizə əl edib: - Gəlin, qorxmayın, burda ermənilər yoxdu, - dedi, yanındakılara yoluna davam etməyi tapşırdı. Bundan sonra tələm-tələsik yollarına davam etdilər. Onların bizi təkidlə arxalarınca çağırmalarından şübhələndik. Həm də elə zənn etdik ki, bəlkə bu döyüşçülər qarşıda mühasirəyə düşən silahdaşlarımızı xilas etməyə tələsir və bizdən də kömək istəyirlər. Axı bizdən başqa heç bir bölmə bu istiqamətdə döyüş tapşırığı almamışdı. Necə ola bilərdi, bizimkilər bizdən qabaq ora gedib çıxmışdılar? Bir anlıq fikrə gedən Fedya "Onların arxasınca getməyə tələsməyək", - dedi. Ona qulaq asdıq, bir az dayanıb gözlədik. "Silahdaşlar" isə tez-tez əlləri ilə arxalarınca getməyi işarə edirdilər. Onların bu cür təkidi bizi ehtiyatlı olmağa vadar edirdi. Bizim dayandığımızı görüb onlar da ayaq saxladılar. Hələlik qarşımızdakıların düşmən olduqlarına tam əmin deyildik.

Bu zaman səs-küy qalxdı. Ermənicə danışdıqlarından onların nə dediklərini başa düşmədik. Həyəcan dolu baxışlarla Fedyanın üzünə baxdıq. Məlum oldu ki, bizi arxalarınca aparanlar bir-birilərinə deyirlər ki, atəş açaq, vaxt itirməyək, onlar bizim erməni olduğumuzu bildilər, qırıb-biçək bunları... Bu sözlər Fedyanın qulağına çatan kimi bizə tərəf dönüb düşmən eşitməyəcək tərzdə: "Tez olun, mövqe tutun. Atəş açın onlara", - dedi..."

Bəxtiyar Əliyev bir döyüş epizodunu müharibənin gerçəkliyi səviyyəsində verməyi bacarıb və kitabda bütün epizodlar məhz bu ülgü ilə təqdim edilir...

Hər döyüş bir tarixdir. "Ağdərə döyüşləri" kitabının Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən təqdimatına toplaşanlar Vətənə sevginin cazibəsindəydilər.

Ehtiyatda olan polkovnik, "Babək-44" batalyonunun komandiri olmuş Elxan Qəniyev çıxışında batalyonun formalaşmasından, ilk döyüşlərindən, əsgər və zabitlərin qəhrəmanlığından, qəhrəmanlarından danışdı. Kitabın müəllifinin əsgəri xidmətini xatırlatdı, hərbi xidmətə sədaqətli əsgərin sonralar sözə sədaqətli jurnalist kimi xidmət etdiyindən qürur duyduğunu bildirdi.

"Babək-44"ün sonrakı komandiri - ehtiyatda olan polkovnik Abakar Mirzəyev "Ağdərə döyüşləri" kitabının tarixi dəyərindən, Azərbaycanın hərb tarixində gərəkli yerindən, döyüşlərin iştirakçısının təhkiyələrinin gerçəkliyə bağlılığından danışdı. "Bəxtiyar Əliyev əsgər kimi döyüşdü, zabit kimi yazdı. Hər ikisi Vətənə gözəl xidmət olub...", - dedi. "Ağdərə döyüşləri" kitabı "Babək-44" kimi müəllifin də döyüş yoludur

 

Ehtiyatda olan mayor Vahid Məhərrəmov həm jurnalist kimi olduğu Ağdərədən, Ağdərə döyüşlərindən, həm də "Ağdərə döyüşləri" kitabından danışdı, onun məziyyətlərindən söz açdı, onu tarixi faktlar əsasında yazılmış dəyərli publisistik kitab adlandırdı, "Həm də tarixi faktlar sözə gətiriləndə dama-dama göl olur...", - dedi.

"Babək-44" batalyonunun şəhid olmuş döyüşçüsü Şıxmir Manafovun bacısı Səhər çıxışında dedi:  "Batalyonun hər əsgəri, hər zabiti qardaşımın qardaşı olub, hamısını qardaşım bilirəm. Qardaşlarımın döyüş yolundan yazılmış bu kitab indi maraqla oxunur, gələcəkdə də maraqla oxunacaq. Bəxtiyar Əliyev döyüşçü yoldaşlarının, komandirlərinin qəhrəmanlıqlarını tarixləşdirə bilib".

 

Rəşid FAXRALI

525-ci qəzet.- 2023.- 13 dekabr, № 226.- S.15.