ALLAHI GÖRMÜŞ ADAM  

 

Allahın bizə - azərbaycanlılara işığı bol-bol, səxavətlə göndərdiyi çağlarmış. Təkcə XI əsrdə Zəncan yaxınlığındakı balaca Sührəvərd qəsəbəsindən sıra-sıra böyük alimlər, şairlər çıxmışdı. Onlardan üçü daha məşhur idi. Birincisi, Şihabəddin Ömər Sührəvərdi idi ki, zəmanənin mötəbər təsəvvüf alimlərindən sayılırdı. Ondan qalan əsərlərin arasında ən məşhuru əxilərin əsas nizamnaməsi olan "Fütuvvətnamə"dir.

Onun çağdaşı və yerlisi Əbunnəcib Sührəvərdi də məşhur mütəsəvviflərdən idi. Amma Əbunnəcib Sührəvərdi həm də fiqh alimi idi, islam hüququ sahəsində ən sözükeçərlərdən biri kimi qəbul edilirdi. O da məşhur idi, bu da, ancaq elə o zaman da, sonrakı əsrlər boyunca da Sührəvərddən çıxmış daha bir dühanın - Şihabəddin Yəhya Sührəvərdinin adı da, şöhrəti də, elmi çəkisi də onlardan müqayisəedilməz dərəcədə neçə qat artıq olub.

 

Bir zaman uyaraq şöhrətə, ada,

Özümdən qeyri ad tutmadım əsla.

Özümü görmürdüm mən öz içimdən,

Gördüm "mən"i "mən"dən kənar olunca.

 

Sanki bu sözləri uzun ömür yaşamış, ağsaqqal bir müdrik deyib. Ancaq ona uzun yaşamağa imkan verməyiblər, elə cavan yaşında həyatdan qoparıblar. Bu şeir cavankən müdrikləşmiş, gənckən uzun ömür sürmüş qocalar qədər dərin düşünən bir insanın qələmindən çıxıb. Bu cavankən qoca bilgə - insanları özündə, özünü insanlarda əriyib itmiş sanır, bəşərçi bir məfkurəni tərənnüm edirdi. Bu qənaət də ondan qalmadır:

 

Bizdəki ruhların ünsürü birdir,

Cismimiz də eyni, baxsan seçilmir.

Təsəvvür etmirəm özümü sizsiz,

Sizi də sayıram mən özümlə bir.

 

Özü də təpədən-dırnağa işıq olan Şihabəddin Yəhya Sührəvərdinin araşdırdığı, aşıladığı, dərinlərinə getdiyi elm istiqaməti İşraqilik idi. Hikmətdə onun tutduğu bu yolun - İşraqiliyin təməlində dayanan da elə işıq idi. Şihabəddin Yəhya Sührəvərdi İşraqiliklə bağlı - bu işıq haqqında təlimlə əlaqədar sıra-sıra əsərlər yazdı. "Həyakil ən-nur" - "İşıq heykəlləri". Bunu ərəbcə qələmə almışdı, amma eyni mətləblər barədə farsca yazdığı əsər də qalır: "Risale-yi pərtounamə" - "İşıq haqqında risalə". İşraqilik təliminin mərkəzində dayanan əsas düşüncə ondan ibarət idi ki, ən ucalarda dayanan bir işıq var: tək və səbəbsiz olan işıq - "nur əl-ənvar" - "işıqlar işığı" ki, bütün başqa işıqlar ondan sonra gəlir. Həmin işıqlar işığından aşağıda mərtəbə-mərtəbə digər işıqlar sıralanır və o işıqların ardınca da onların kölgələri düzülüb. Mövcudat elə bundan ibarətdir - işıqlar, onların kölgələri, yəni cisimlər.

Qələmi, təfəkkürü, nitqi ilə büsbütün işıq olan, ellik yazdıqları da işığa həsr edilmiş Şihabəddin Yəhya Sührəvərdinin özünün nuru da digərlərinin gözlərini qamaşdırmaya bilməzdi. Bir para həsəd əhlininsə gözlərində bu parlaqlıq gen dünyanı qaranlıq edirdi.

...Dahilərin ömründə son olmadığı hər kəsə bəlli həqiqət. Bəs onların ömrünün başlanğıcından əvvəlki hissəsi? Axı dahilər dünyaya göz açdığı gündən daha əvvəl doğulurlar. Vaxt, tale onları dünyaya gətirənəcən onillər, bəzən yüzillərlə hazırlaşmalı olur. Heç bir dahi sadəcə payına düşən ömür möhləti içərisində dahiyə çevrilmir. Təməl xeyli əvvəldən qoyulmağa, bünövrə kərpicləri çox öncədən düzülməyə başlayır. Bu ilahi gizlinci dahilərin neçəsi sonradan insanlara da pıçıldayıb. Dahi Füzuli hər kəsin bildiyi 1494-cü ildən yüz il, min il əvvəl deyil, daha ağlasığmaz zaman uzaqlarında xəlq edildiyini aşkar söyləyirdi. Füzuli göy qübbəsinə üz tutaraq onu məzəmmət edirdi ki, sən belinin büküklüyünə baxıb özünü məndən qoca zənn etmə, Kainatın seyrində sən mənimlə yeni-yeni yoldaşlıq etməyə başlamısan, mənsə səndən qat-qat sinli olaraq o yolu daha əvvəllərdən getməkdəyəm:

 

Deyilsən çoxdan, ey gərdun, cahan seyrində yoldaşım,

Nola xəm olsa qəddin, səndən artıqdır mənim yaşım.

Xətai də yaşını insanlarla müqayisə etmirdi, özünü Yerdən də, fələklərdən də qoca sayırdı:

...Yer yox ikən, göy yox ikən ta əzəldən var idim.

 

Və onlardan daha əvvəlsə Şihabəddin Sührəvərdi bir ruh kimi hələ Adəmin xəlq edilməsindən öncə var olduğunu, var olmaq nədir, öz sevda hekayətinin qədimliyinin ölçü vahidləri heç kəsə bəlli olmayan müdhişcə uzaq əyyamlardan başlandığından dəm vururdu:

 

Köksümə sığmaz bu eşqin kimsə bilməz sirri var,

Dünyanın məchul qalan əsrarına çox oxşayar.

Ruhlarımız aşina, bu eşqə vermişdi qərar

Adəmi xəlq etmədən öncə Ulu Pərvərdigar.

 

Sıralarında Şihabəddin Sührəvərdi kimi bir qafilə azman alimləri qovuşduran işraqilərin təlimində hələ min il əvvəl təsdiqlənirdisə ki, insanlar dünya yaranmamışdan öncə nur halında mövcud olmuşdular, bu mülahizələri sadəcə xəyalat saymayaq. Kim bilir, bəlkə gün gələcək, yeni zamanların elmi də elə o köhnə çağların elminin dediyi ilə razılaşacaq?!

İlk insandan daha əvvəl var olduğunu deyir Şihabəddin Sührəvərdi. O, 37 il ömür sürüb. Vəfatından sonra doqquz əsr yaşaya bilməsini artıq sübut etməsi doğumundan nəhəng zamanlar öncə diriliyi haqqındakı sözünə də daha həssaslıqla - şübhə və rişxəndlə deyil, inanaraq yanaşmağa sövq etmirmi?

 

Ruhlarımız aşina, bu eşqə vermişdi qərar

Adəmi xəlq etmədən öncə Ulu Pərvərdigar.

 

Sührəvərdidən bizə yadigar qalan, bilik gücü saçan əsərlərdən biri də "Aqaid əl-hükəma"dır - "Filosofların görüşləri". Həmin əsərdə Sührəvərdinin belə bir yorğun, amma sabahlara ümidli baxışı da yer alıb: "Bəxtəvər o insandır ki, dünyada elə bir yeri tutmuş ola ki, bunun sayəsində fəna evində həzz, bəqa evində fərəh tapa". Sührəvərdi enişli-yoxuşlu, mübarizəli, sonu faciə ilə tamamlanan qısa bir ömür yaşadı. Amma hər halda o, bəxtəvər insandı, çünki həm fəna, həm bəqa mülkündə ona əbədi həzz və fərəhlər bağışlayacaq ən uca bir yeri tutmaq nəsibi imiş. Əlbəttə ki, belə insana "xoşbəxt" deyərlər.

...Şihabəddin Yəhya Sührəvərdinin müasiri olmuş Seyfəddin əl-Amidi xəbər verir ki, günlərin birində onunla Hələbdə rastlaşdıq. Dedi ki, qəribə bir yuxu görmüşəm. O yuxudan çıxardığım nəticə bundan ibarətdir ki, mən dünyanın hakimi olacağam. Soruşdum ki, o yuxu nə yuxudur? Başladı yuxusunu danışmağa. Dedi, röyada gördüm ki, mən bütün dənizi içib qurtardım. Mən qayıtdım ki, bu yuxunun yozumu belə ola bilər ki, sən elm dəryasını içmisən və içərin biliklərlə dolub. Mən belə deyəndə Sührəvərdinin qaşları çatıldı və cavabında bir söz demədi.

Yuxu öz yerində, amma Sührəvərdi həqiqətən dənizləri içmiş bir insan idi. Onun içdiyi mərifət dənizi idi, bilik ümmanı idi, həyat təcrübələrinin dəryası idi. Ona görə bunca ləbələb idi, belə taysız zəka mücəssəməsi idi. Ancaq dəniz dənizdir. Dənizin suyu həm də turşdur, dənizin suyu həm də duzludur, dənizin suyu həm də acıdır. Elə həyatın özü kimi.

Təbii ki, o yuxusunu, o yuxudan dünyaya hakim olmaq nəticəsini çıxardığını Sührəvərdi yalnız Seyfəddin əl-Amidiyə söyləməmişdi, başqaları da bunu eşitmişdi. Eşidənlərin arasında isə onun paxılları və barışmaz rəqibləri az deyildi. Bir sözün üstünə beşini qoymuşdular, sözü çürüdüb içərisindən kif çıxarmışdılar və yuxarı dairələrə çatdırmışdılar ki, bu adam hakimiyyət iddiasındadır. Deyir, mən dünyanın hakimi olacağam, odur ki, nə qədər iş işdən keçməyib, yubanmadan onun haqqında tədbir görmək lazımdır. Belə qeybətlər qılmağına qılırdılar, fəqət həqiqətdə Sührəvərdi belə iddialardan çox uzaqlarda idi. Mənsəb, şöhrət onun eyninə deyildi. Nəinki mənsəb-şöhrət, vəzifə-hakimiyyət, hətta həyatın özündə də o, hədsiz gözütox idi, həmişə nimdaş geyinən, sadə dolanan insan idi. Və Sührəvərdinin az qala zərbülməsələ çevrilmiş məşhur deyişi də var. Söyləyib: "Biz geyimə bənd olsaydıq, geyimdən üstün olmazdıq".

Pərvərdigar haqqında düşüncələr özünü dərk edən andan asta-asta hər insanın içərisində yaranır. Yaşın üstünə yaş qalandıqca bu fikirlərin dairəsi genişlənməyə, dərinləşməyə başlayır. İnsana kamilləşdikcə İlahini daha artıq dərk etməyə, həm də mübhəm bir maraqla onu həm də təsəvvür etməyə cəhd göstərir. Bəşər övladı xəyallarında Allahını da elə insan biçimində görməyə mail olur. Başqa yaranmışlarda da düşünmək xisləti olsaydı, yaxud varsa, onlar da öz xaliqini, yəqin, elə insanın düşündüyü qəlibə uyğun təsəvvür eləyərdi (yaxud edir!) - quş quşların ən əzəmətlisi kimi, dağ dağların ən möhtəşəmi kimi, dəniz dənizlərin ən intəhasızı kimi, ağac ağacların ən əzəli və əbədisi kimi. Bəs təxəyyül fəzalarında uçmağa bizdən fərqli olaraq çox güclü qanadlara malik Şihabəddin Yəhya Sührəvərdi Allahı necə görür, necə təqdim edir, necə tanımağı lazım bilirdi? Xuda Sührəvərdinin nəzərində "İşıqlar İşığı"dır. Həm də aşkardır, ancaq Onun aşkarlığı elə şiddətlidir ki, biz Onu görə bilmirik. Əslində biz İşığı görmürük. Yalnız İşığın göstərdiklərini görürük. Məkanı haradır Allahın? Sührəvərdi o yeri də nişan verir. İlahinin yeri ən uca yüksəklikdə, ən dərin aşağılardadır. Onun işığı ən uzaq uzaqlıqda və eyni zamanda nüfuzedici nuru ən yaxın yaxınlıqdadır. Sührəvərdiyə görə, Allah Ali Comərddir. Bəs comərdlik nədir? Sührəvərdinin qənaətincə, comərdlik - əvəz üçün olmayan fayda verməkdir. İlahinin comərdliyi nə alayarımçıq, nə də naqisdir. Sührəvərdi hesab edir ki, varlılar içində ən varlı olan elə Allahın Özüdür. Niyə? Çünki O, Mütləq Zəngindir və mütləq zənginlik odur ki, Öz Varlığı Özündədir. O, Öz yaratdıqlarında nəinki qərəzli məqsəd güdür, əksinə, Onun mahiyyəti mərhəmətlə aşıb-daşır. O, Mütləq Hökmdardır. Mütləq Hökmdarasa hər şeyin mahiyyəti məxsusdur. Sührəvərdi bunca uca tutduğu Allahdan nə umurdu? İkicə şey. Göylərə əl açaraq diləyirdi: "İlahi, elmdən və səbirdən olan gəlir payımı mükəmməlləşdir! Çünki bunların ikisi də fəzilətlərin atasıdır".

Arzu arzu gətirər və Sührəvərdinin Xudavəndi-aləmdən iki təmənnası da vardı: "İlahi, mərdliyi bəzəyimiz, işığı yolumuz et!"

Və Allah-Taala Şihabəddin Yəhya Sührəvərdinin iltimasını cavabsız qoymadı. Doqquz əsrdən çoxdur ki, mərdlik və müdriklik haləsinə bürünmş, İlahi Nurla süslənmiş Şihabəddin Yəhya Sührəvərdi işıq yolunu tutub getməkdə, gələcəyə doğru irəliləməkdədir.

...Bu şeir əski əlyazmalarda yer almaqdadır. Həm də birində yox, bir neçəsində. Altında Şihabəddin Yəhya Sührəvərdinin imzası. Bu şeir həqiqətənmi onun qələmindən çıxıb, ya bəlkə istəməyənləri, quyuqazanları onun adından yazaraq yayıblar? Belə ediblərmi ki, Sührəvərdi o çağın hökmdarının qəzəbinə tuş gəlsin, hakimiyyətə can atması ittihamı ilə ağır cəzalandırılsın?

 

Ya bu parça, həqiqətən, elə onun öz şeiridir? Axı buna oxşar düşüncələri ara-sıra dilə gətirdiyi, günlərin birində hökm yiyəsi olacağı barədə bəzən yaxınları ilə xısın söhbətlərində bəhs etdiyi haqda da məxəzlərdə soraqlar yer almaqdadır:

 

Var ümidim ki, gələr bir gün, mən ollam tacdar,

Heç təəccüb etməsin görsə məni kim hökmdar.

Çün Büveyhilər də qalxmış taxta bir vaxt fəqr ikən,

Bizdən əvvəl baş verən bir gün yenə təkrar olar.

Taxta çıxsam, əmrimə tabe olan xalq qəm yeməz,

Gördüyü məndən olar insaf, ədalət, düz qərar.

Hər nə yığmışsa ötən hökm eləyənlər xalqdan,

Zülm edib aldıqların indi də bir-bir qaytarar.

Yerlə-yeksan eylərəm keçmiş qudurğan başları,

Onları məndən də əvvəl xar edər Pərvərdigar.

Mən elə sahman qurardım, qismət olsa, səltənət,

Zülm də, zalım də biryolluq olardı tar-mar.

 

Bu, sırf siyasi mövqe şeiri, hakimiyyətə gəlmək əzmində olanın öz platformasını bəyan etməsidir və bu şeirin misralarını, ifadələrini, sözlərini heç cürə malalamaq, Sührəvərdinin məhəbbət qoşqularında olan sayaq başqa tərzdə yozmaq, onların guya məcaziliyindən dəm vurmaq ağlabatmazdır. Bütün yazılanlar düzünəqulu - gün kimi aydındır, hər misra o çağın hakimiyyətinə qan-qan deyir və bunu söyləyən Sührəvərdi kimi cəmiyyət içərisində yüksək nüfuzu olan, liderlik keyfiyyətlərinə malik şəxsiyyətdirsə, deməli, həmin fikirlərin, çağırışların, xalqa vədetmələrin təhlükəliliyi dəfələrlə artır.

Hakimiyyətinin qeydinə qalan, ağlı başında olan heç bir hökmdar rəhbərlik etdiyi dövlətin təhlükəsizliyi, özünün və yaxınlarının taleyi, hakimiyyətinin əlindən alınacağı və devriləcəyi təqdirdə başına nələrin gətiriləcəyi haqda belə təhdidli hayqırışlara səbrini basaraq dözə bilməzdi. Hərəkətə keçməkçün ciddi əsas ortada idi.

 

Sən xain ölümə inanma əsla!

Həzər et sən ondan, məkrinə uyma!

Ölüm - yaydan çıxan atılmış bir ox,

Onun qət etdiyi yoldur həyat da.

 

Şihabəddin Yəhya Sührəvərdinin qətli necə yerinə yetirilib? Mənbələrin bu barədə soraqları yekdil deyil. Bir qaynaq yazır ki, onu boynunu vuraraq qılıncla qətlə yetiriblər. Başqa mənbə təsdiqləyir ki, yox, onu boğaraq öldürüblər. Bir başqa məxəzə görə, məqsədli şəkildə onu acından öldürüblər - su verməyiblər, yeməyini kəsiblər. Ayrı bir sorağa görə isə, özü könüllü olaraq yeməkdən imtina edib. Hansı düzdür bunların? Qaynaqlarda daha çox təkrarlanan və ölümünün əsas səbəbi kimi götürüləsi izah budur ki, o, acından ölüb. Sağkən, yaşadığı illərin içərisində müdam müasirlərinin düşüncələrini, ruhunu bilik qidası ilə təmin etmiş bir insanı və ölümündən sonrakı əsrlər boyunca da düşüncələri, ürəkləri, ruhları yenə qidalandırmaqda davam edən bir dahini qidasız qoyublar, ac buraxıblar, susuz saxlayıblar - əzabla, üzərək, heysizləşdirərək, saat-saat ölümə yaxınlaşdıraraq həlak ediblər.

Şihabəddin Yəhya Sührəvərdi filosof idi və filosofun mərtəbəsini çox ucalarda təsəvvür edirdi. O, hətta peyğəmbərləri də filosoflar cərgəsinə qatırdı. Amma Sührəvərdinin hər kəlməsinə qulp qoyanlar, yazdıqlarına düşməncə yanaşanlar bundan da söz çıxartmışdılar ki, belə iddia etməklə guya Sührəvərdi Məhəmməd peyğəmbəri sonuncu peyğəmbər hesab etmirmiş. Əslində isə Sührəvərdi qətiyyən o cür düşünmürdü və həmin deyişləri və təsdiqləri, filosofları bunca ali mərtəbəyə qaldırması ilə idrakın ucalığına işarə vururdu, elmin bu sahəsinə üz tutmuş insanların müqəddəsliyini, cəmiyyət üçün gərəkliliyini qabartmağa səy göstərirdi.

Orta çağ mənbələri, Sührəvərdinin böyüklüyünü dərk edən salnaməçilər ondan bəhs edəndə Sührəvərdini "imam",  "şeyx" deyə nişan veriblər. Sührəvərdi əyyamlarından keçən əsrlər ərzində onun əsərləri və təlqin etdiyi düşüncələr daim diri olubsa, işığı bir an belə qırılmayıbsa, daha artıq parlaqlıqda saçmaqda davam edibsə, belə nadir şəxsiyyətə "imam" da desən, "şeyx" də söyləsən yeri var, hətta "peyğəmbər siqlətli" desən də, haqlı olacaqsan.

...Salnaməçi Yaqut ibn Abdullah Ruminin yazdıqları Sührəvərdinin qətli ilə bağlı cinayətin açılmasına sarı bizi doğru istiqamətləndirməkdədir. Onun verdiyi xəbərlər əsl səbəbin Sührəvərdinin bədxahlarında, gözügötürməzlərində olduğunu anlatmaqdadır. Sözbəsöz salnamənin qələmə aldığı kimi çatdırıram:

"Onlar paxıllıqdan sözü bir yerə qoyaraq Sührəvərdinin əleyhinə birləşdilər, onu kafirlikdə ittiham elədilər, ona olmazın günahları isnad etdilər. Yazdılar ki, Sührəvərdi peyğəmbərlik iddiasındadır".

Sührəvərdinin yan-yörəsində lağım qazanlar, məkr tələlərini quranlar, haqqında şərləri yayanlar və çeşidli dedi-qodulara rəvac verənlər ev yıxmağın, mərdimazarlığın hər üsuluna bələd idilər. Onlara usta peşəkarlar kimi gözəlcə bəlli idi ki, qiymətli əsərlərinə, üstün zəkasına, nitqinə, şəxsiyyətinə görə Hələb hakimi Zahir Məlik Sührəvərdiyə dərin ehtiram bəsləyir. Ona görə də çalışdıqları bu idi ki, ən əvvəl Sührəvərdini Hələb hakimi Zahir Məlikin gözündən salsınlar. Lakin nə qədər əlləşsələr də, buna müvəffəq olmadılar. Onda Dəməşqə məktublar göndərməyi qət etdilər. Dəməşqdə Zahir Məlikin atası Nasir Məlik Səlahəddin oturmuşdu və əslində Zahir Məliki də Hələbdə hakim təyin edən o idi. Ona görə də Sührəvərdinin qanına susamış rəzillər Dəməşqə göndərdikləri məktubda elə sətirlər yazmışdılar ki, Məlik Nasir Səlahəddini həyəcana gətirsin. Qorxudurdular ki, ən yaxın zamanlarda ən qəti tədbirlər görülməsə, Sührəvərdi qətlə yetirilməsə, o, Hələbdə Zahir Məlikin etiqadını pozacaq.

Bu qəddar paxılların məqsədi yalnız heç də Sührəvərdinin Hələbdən kənara çıxarılması deyildi. Onların hədəfi bu idi ki, balta dibindən vurulsun, Sührəvərdi ümumən həyatda olmasın. Ona görə də Dəməşqə göndərdikləri məktuba bu sətri də əlavə eləmişdilər ki, əgər Sührəvərdi məmləkətin hansısa guşəsində olsa, bu kafir orada iğtişaşlar yaradacaq, insanların düşüncəsində təlatümlər qoparacaqdır. Ona görə o, çək-çevir etmədən qətlə yetirilməlidir.

Məktubda yazılanlar tədbirli hakim olan Məlik Nasir Səlahəddini narahat etsə də, çox da kəskin addımlar atmaq istəmir. Sadəcə, oğluna xəbər göndərir ki, Sührəvərdini oralardan kənarlaşdır. Bu isə qana susamışları heç vəchlə təmin eləmirdi. Onların qəsdi Sührəvərdini yox etmək idi. Çünki o qaldıqca onların hər birinə göz dağı idi. Çünki Sührəvərdi elə gur işıqdı ki, onları diri-diri yandırıb cıbrıqlarını çıxarırdı.

Və o yarasalar əl çəkmirdilər - yazmaqda davam edirdilər. Bu dəfə imzalı-imzasız böhtan namələrini Dəməşqə camaatın adından yollatdırırdılar, həmin kağızların da hamısı Sührəvərdinin qətlini tələb edirdi. Məktublarda israr edilirdi ki,  bu məlun ölkənin hansı nahiyəsinə düşsə, fəlakət yaradacaq, oradakı insanların etiqadını pozacaq. Hətta hökmdarın tapşırığından sonra oğlunun Hələbdə Sührəvərdi ilə əlaqədar xüsusi tədbir görmədiyini, belə niyyətinin də olmadığını duyunca Məlik Nasir Səlahəddinə məktubları lap çoxaltmışdılar. Axın-axın gələn namələr Məlik Nasiri vadar edir ki, oğluna dübarə, həm də bu dəfə sərt göstəriş versin ki, Sührəvərdini oralardan kənarlaşdır! Etməsən, Hələb hakimliyini sənin əlindən alacağam.

Bir tərəfdən Hələbdə fəqihlərin başçılıq elədiyi dəstənin təzyiqləri, digər tərəfdən Dəməşqdən - atasından gələn barmaqsilkələmələr Məlik Zahiri məcbur edir ki, nəhayət, Sührəvərdini zindana atsın. Lakin Sührəvərdini hətta zindanda, zahirən daha köməksiz, arxasız olduğu şəraitdə də öldürmək asan başa gələsi iş deyildi. Dövrün qaynaqları təsdiq etməkdədir ki, Sührəvərdi qeyri-adi telepatik gücə, güclü hipnozetmə qabiliyyətinə malik insanmış. Həm də yaxın məsafədəki, göz-gözə dayandığı  tək adamı yox, iri kütləni də hipnoz edə bilmək iqtidarındaymış. Özü də  qısa bir vaxt kəsiyi, üç-beş dəqiqə üçün yox, istədiyi uzun müddətə bir yığın adamı hipnoz edib öz əmri və təsiri altında saxlamaq imkanındaymış. Yəni zindanın qıfılı, kilidi, bu qapalı divarları onun üçün heç bir müşkül yaratmırdı. İstədiyi anda bir kəlmə kəsmədən zindan gözətçilərini yanına çağıra, onlara təlqin edə bilərdi ki, açın qapıları, məni azad buraxın, fürsət verin asudəcə çıxıb gedim. Edə bilərdi, lakin etmirdi, oturmuşdu dörd divarın arasında və sanki ölümü özü gözləyirdi, elə bil ki, özü ölümə doğru can atırdı. Ancaq Sührəvərdinin ölümü nədən könüllü qəbul etməsi məsələsini xırdalamazdan qabaq ondakı təlqin gücü, telepatik istedad, hipnoz qabiliyyəti haqqında mənbələrdən gələn soraqları da diqqətə çatdırmağa ehtiyac var. Çünki bunlar o böyük insanın ayrı bir qüdrətidir. Dindirək o dövrün belbağlanası, inanımlı məxəzlərini. Əbülfəz ibn Sədəqiyə istinad edərək İbn əbu Useybə bu əhvalatı xəbər verir ki, günlərin birində Sührəvərdi, ətrafında böyük dəstə ardıcılları, həmkarları boş bir meydana doğru hərəkət edirlərmiş. Söhbət simiya - sehrkarlıq elmindən və onun necə icra edilməsi, bu sahədə kimin üstün olmasından düşür və Sührəvərdi heç nə demədən - bu mübahisələrə, müzakirələrə qatılmadan birdən üzünü boşluğa tutur və dillənir: "Görürsünüzmü Dəməşq nə gözəldir? Ətrafda bir-birindən möhtəşəm qəsrlər ucalmaqdadır, bu qəsrlərin yanında bağlar, imarətlərin eyvanlarından, pəncərələrdən boylanan bir-birindən göyçək nazəninlər baxın nə tamaşadır!"

Sührəvərdinin ətrafındakılar hayıl-mayıllıqla bu əsrarəngiz gözəlliklərin seyrinə dalır, bir ağızdan səslənirlər ki, doğrudan da, Dəməşqin misli yoxmuş.

Yenə həmin mənbənin təsdiqləməsidir ki, bir saat keçincə sanki Sührəvərdinin böyür-başındakıların hamısı yuxudan oyanmış kimi olur. Baxırlar ki, bayaqkı gözəlliklərdən əsər-əlamət yoxdur, bomboş meydandadırlar.

İbn əbu Useybə Sührəvərdinin kütləvi hipnozetmə qabiliyyəti haqqında başqa bir əhvalatı da nəql etməkdədir. Yazır ki, günlərin birində Sührəvərdi yenə ətrafında dost-aşinaları səhradan keçib gedirmiş və türkmən quldurlar onların qarşısını kəsir. Sührəvərdi vahimələnən yol yoldaşlarını sakit edir ki, heç təlaşa düşməyin, onlarla özüm danışacam. Sührəvərdi öz adamlarından aralanıb quldurlara yaxınlaşınca türkmənlərin başçısı qaba hərəkətlə onun qolundan yapışır. Ancaq qol qopub qalır quldurbaşının əlində və bədəndən qopan qoldan şırhaşırla qan axmağa başlayır. Quldur türkmən qolun qopub əlində qalmasından, oradan belə qan fışqırmasından hövllənir, tez əlindəki qolu atır yerə. Məxəz davam edir ki, Sührəvərdi əyilir, yerdən qolu götürür, bütün ətrafdakı yol yoldaşları da, türkmənlər də bunu görür. Quldurlar dəhşətə gələrək onları orada qoyub qaçmağa başlayırlar. Türkmənlər xeyli aralanıb gözdən itəndə Sührəvərdi matı-qutu qurumuş, heç o quldur türkmənlərdən də az qorxmamış yoldaşlarına toxtaqlıq verərək deyir ki, di gəlin yolumuza davam edək. İbn əbu Useybə hekayətini belə tamamlayır ki, yol yoldaşları, əcəm fəqihləri Sührəvərdiyə yanaşanda bayaqkından da ikiqat artıq heyrətə düşürlər. Çünki görürlər onun paltarında heç bir zədə yoxdur, qolunda da qan izindən əsər-əlamət görünmür.

Sührəvərdi belə Sührəvərdi idi, düşüncələri istədiyi kimi idarə etməyə qadirdi və zindan onun üçün çıxılmaz bir yer deyildi, istədiyi anda öz qapısını açdırmaq onun əlində bir suiçimlik qədər sadə işdi. Ancaq qalın zindan divarları arasında elə könüllü olaraq oturub qalmışdı və Məlik Zahirə də xəbər göndərmişdi ki, mənə yemək verməsinlər, məni acından öldürün.

Sührəvərdinin bir şeiri də var ki, aqibətini öncədən görməsini, həbsi və qətlinə aparan yol haqda irəlicədən təsəvvürü olmasını orada aydın işarələr faş edir. Lap fövqəladə qabiliyyətlərinin olmasını, sabahı öncədən görmək gücünü, ifrat bəsirətliliyini bir kənara qoysaq belə, azı müşahidəçi, ağıllı, müdrik insan olaraq da Sührəvərdi onu əhatələyən halqanın getdikcə daraldığını, təbii ki, hiss etməmiş deyildi. Hətta bu da məlum olur ki, yaşayış yerini dəyişmək, buralardan çıxıb getmək də istəyirmiş. Tərəddüdləri də varmış ki, gedim-getməyim. Yəqin, ona görə ki, şübhəliymiş, getdiyi yerdə özünə uyğun camaatla, canına yatan mühitlə rastlaşa biləcəkmi? Ancaq özü özünə təsəlli verirmiş ki, hər halda getmək pis olmaz, başqa yerdə də camaatımızın yaxşılarına uyğun xalq da ola olar, orada yeni dostlar, həmdəmlər də tapmaq, təzə mühitə tərdicən alışmaq da mümkündür. Həm də bunları öz ehtimallarımız kimi, belə düşünə bilərdi fərziyyəsi kimi irəli sürmürük. Hamısını Sührəvərdi özü sözbəsöz yazıb. Ancaq həmin özünətəsəllilərdən, xatalı məkandan çıxıb getmək niyyətini qətiləşdirəndən sonra nədirsə, qərarından vaz keçib, buraları tərk etmək fikrindən daşınıb. Düşünüb ki, onsuz da indi burada kölgəsini qılınclayanlar, ömrünü zəhərləyənlərkimilər oralarda da pırtlayıb çıxacaq. Həm də Sührəvərdi ocürələrin oralarda buradakından heç də az olmayacağı haqda kədərli qənaətini də bölüşür. Elə həmin səbəbdən də müsibətin ona doğru irəlilədiyini duya-duya, daha artıq - bilə-bilə, görə-görə getməmək, elə burada qalmaq qərarını verir. Olsun ki, hər adamın görmədiyini görməyə qadir bu möcüzə insan iqbalından agahmış. Bəlkə də alnına yazılmış qədərdən qaçıb qurtarmağın yolverilməzliyi ona əyanmış. Ona görə də qaçmaqla pəncəsindən qurtulmaq xam xəyal olan acı qisməti ilə bihudə təlaş etmədən barışıbmış, səbirlə gözləməkdən savayı, çarə olmadığını yəqin edərək özünü taleyin ixtiyarına buraxıbmış.

Bütün bu xəbərlər Sürhrəvərdinin bir şeirinin misralarındadır. "Cinayət işi"ndə şeirdən, bədii əsərdən gerçəkçi sənəd kimi istifadə edilməsinə şübhə ilə yanaşılmasın. Bu mətləblər, ola da bilər ki, vacib məlumatların itib-batmaması üçün şeirlə yazılıb. Və müəllifin hesablaması da özünü təsdiqləyib. Elə şeir olduğu üçün də bu soraqlar bir nüsxədə qalmayıb. Köçürülüb, yayılıb, oxunub, əzbərlənib, yaşayıb və yüzillər adlayaraq əsl həqiqətləri doqquz əsrdən də bir az çox ötərkən indi - XXI yüzildə qurulan "məhkəmə"yə çatdırıb, ən etibarlı əşya-yi dəlil kimi aparılan istintaqa təqdim edib.

 

Bu ifadə verən Şihabəddin Yəhya Sührəvərdi özüdür:

Məhv olub getmiş cahanın ləzzəti, itmiş ziya,

Hər tərəfdə sünilik tutmuş qərar, artmış riya.

Olmuş insanlar tamamən saxta, xain, çoxsifət.

Qalmamış bir saf rəfiq dərd bölməyə, qəlb açmağa.

Bağlanıb xeyrə gedən yollar, bu, aşkardır mənə,

Qeyb olub əxlaq, ləyaqət, yox olub iman, həya.

Lap həqiqət söyləyə kimsə, inanmam, bezmişəm,

Etmirəm mən etibar, yoxdur inam insanlara.

Dörd yanım əfi ilanlar, indi onlar yoldaşım,

Çevrəmi tutmuş neçə dost adlanan qart əjdaha.

Bəlkə çatmış vaxtı? Tərk etmək gərək bu ölkəni.

Bəlkə getsəm ayrı bir yurda, könül aram tapa?!

Hər qədər olsan firavan, yoxsa ruhun dincliyi

Bağlaya bilməz səni ən sərt buxov öz yurduna.

Xalqına bənzər olan xalq da taparsan, dost da,

Üz tutub yurd saldığın lap ayrı bir torpaqda da.

Ancaq artmış kin, ədavət, sarmada hər bir yeri,

Getdiyin el də, çətin, müşküllərə dərman ola.

 

Azərbaycanın neçə böyük şairi dustaq ikən qələm götürüb şeirlər yazıb və o şeirlər o məhbəs arasından çıxaraq zaman-zaman yaşayıb, əsrlərin o tayından keçərək bugünə də gəlib çatıb. Xaqani Şirvaninin, Fələki Şirvaninin "Həbsiyyə"ləri, Molla Pənah Vaqifin zindanda ikən yazdığı "Görmədim"i var, əsir Hüseyn Cavidin Sibirdən bizə gəlib çatan zindannamələrindən parçalar əlimizdədir, Məhəmməd Biriyanın həm sovet həbs düşərgələrində, həm İran zindanında doğulmuş mübariz şeirləri yaşamaqdadır. Fəlsəfi ölçüdə hər üstün zəka sahibi yalnız türmə divarları arasında deyil, sanki azadlıqdakı həyatının axarında da çox vaxt özünü elə dustaq kimi hiss edir, heç vaxt özünü sona qədər azad saymır. Elə Sührəvərdinin özündən bizə yetən bəzi şeirləri qaldırdıqca onu sezirsən ki, bu müstəsna varlıq da yaşadığı günlərin, mühitin qoynunda qəribmiş, yalqızmış, elə zindan hücrəsindəki kimiymiş. O sayaq  düşünməsəydi, bu şeiri də yazmazdı:

 

Dünyadan gözəllik yox olub getmiş,

Bir yenilik varsa, o da qurama.

Hamı xain olmuş, etibar itmiş,

Adam heç bilmir ki, kimə inana.

Duyuram baxdıqca bağlı yollara,

Xeyirə aparan cığırlar itmiş.

Nəcabət, ləyaqət qalmamış əsla,

Din ilə əxlaq da axıra yetmiş.

Məndə insanlara inam yox daha,

Lap doğru mətləblər danışsalar da.

 

Bu şeir həyatdan 37 yaşında getmiş bir insankıdır. Təbii ki, 37 yaşında deyil, daha əvvəlki illərdə, daha gənc olduğu vaxtda qələmə alıb. Bəs nədəndir bu qocafəndi düşüncələr, nədəndir bunca küskünlük? İnsan böyük olduqca, düşüncəsinin üfüqləri geniş açıldıqca onun dərd yükü də həmişə çox olur. Qədim yunan müdriki, əlbəttə, haqlıdır: "Çox bilgidə çox dərd var". Sührəvərdi bilən insan idi. Sadəcə bilən yox, çox bilən insan idi, sadəcə çox bilən yox, çox bilənlərin ən çox biləni idi. Təbii ki, onun dərdləri də biliklərinin ağırlığı qədərdi.

Zindan şeirləri Azərbaycan ədəbiyyatında əsrlər boyu çox yazılıb. Hamısını toplasan, həbsiyyələrdən ibarət cild-cild kitablar yaranar. Amma o həbsiyyələrin arasında Sührəvərdinin yazdığı, ölümünün lap astanasında qələmə aldığı bir şeir də var ki, o şeir sadəcə həbsiyyə deyil, sadəcə zindan şeiri deyil, o, qeyri-adi bir manifestdir. Sanki o şeir canını tapşırmış, həyatı tamamlanmış, ölüb gedərək o dünyanı görmüş və orada gördüklərini görəndən sonra qayıtmış insanın axirətə etdiyi "səfər təəssüratları"nın şeiridir. Bu şeir nəüzünbillah, Allahı görmüş adamın qələmindən çıxıb:

 

Məni ölmüş bilən dostlar qalarsa gözləri giryan,

Deyin, zənn etməsinlər ki, ölüb getdim çıxınca can.

Uca Pərvərdigar haqqı, ölən əsla deyildim mən,

Qəfəsmiş dünya, mən bir quş - qəfəsdə vurnuxan nalan.

Uçub getdim azad quştək, yenə qaldı qəfəs dünya,

Qəfəs qaldı qalanlarçün, o damdan mən keçincə yan.

Bu gün məndən bütün xalqa yetişsin bir xəbər - burda

Gözümlə Allahı gördüm, mənə O qalmadı pünhan.

Bədəndən ruhu sizlər də edin xaric ki, ta Haqqı

Açıq-aşkar, necə varsa görüb qəlbən olun heyran.

Canı təslim edən anda qopan dəhşətdən heç qorxma,

Onu say bir səfər, sanki bu dünyadan gedir karvan.

Bu ruhlar ki bizə qismət, təmamən cövhəri birdir,

Bədənlər yoğrulub eyni xəmirdən, fərq tapammazsan.

Sizə baxdım, dəmadəm mən özümü sizdə axtardım,

Sizi məndə, məni sizdə bulub oldum buna xəndan.

Təməldən şər olandan biz hamımız eyni dərd gördük,

Mayası faydalı işdən hamımız bulmada dərman.

Mənə rəhmət deyən kəslər özüyçün rəhmət əxz eylər,

Mənim ardımca onlar da keçər mən keçdiyim yoldan.

Mənə sayğı yönəldənlər qazandı ehtiram, qüvvət,

Cahan fani, udar yalnız fəzilətlər yığan insan.

Bu sözlər yadigar qalsın, sizə məndən vəsiyyətdir,

Xuda şükrü, Xuda lütfü sizi tərk etməsin bir an.

Bu gün məndən bütün xalqa yetişsin bir xəbər - burda

Gözümlə Allahı gördüm, mənə O, qalmadı pünhan.

 

Bu misralar Ruhunun Gözü ilə Pərvərdigarı görmüş Şihabəddin Yəhya Sührəvərdinindir. Şəhrəzuri yazır ki, "Sührəvərdinin bilikləri elə bir həddə qədər ucalmışdı ki, müasirlərindən bəziləri onu "Allahın elçisi" adlandırırdılar".

 

Arxada qalan min il boyunca Yaxın-Orta Şərqdən karvan-karvan filosoflar, düşüncə adamları gəliblər, keçiblər. Ancaq heç birinə Sührəvərdiyə verilən bu qiymət qədər yüksək qiymət verilməyib. Və onun məzar daşında yaşanmış ömrün, insanlığa yadigar qoyduğu qiymətli söz yatırının, dəyərəsığmaz düşüncə abidələrinin müqabilində minnətdar insanların duyğularının ifadəsi olan sətirlər həkk edilib. Olsun ki, məzar daşına həkk edilən o dördcə misra Sühərəvdinin bütün gerçək həyatı - içərisində yaşadığı 37 illik ömrü və həmin 37-dən sonra  bugünəcən davam edən, daha heç vaxt süni olmayacaq yaşamı boyunca qazandığı ən ali təltif, ən umulan mükafatdır:

 

Bu məzarın sahibi gövhər idi, qaldı nihan,

Qiymətin heç bilmədi o incinin dövr ü zaman.

Qəddini Allah şərəfdən yonmuş ol dürdanənin,

Etdi qismət Allah ol dürrə sədəf içrə məkan.

 

Şihabəddin Yəhya Sührəvərdinin dürrə, inciyə, sədəfə bənzədilməsi nə qədər şairanə deyişlər olsa da, ona münasibətdə yüzfaizli həqiqətdir. O da bir inci kimi, dürr kimi, dəfinə kimi gizli qalmadı, üzə çıxdı və səkkiz əsrdən artıq bir zamandır ki, parlamağında davam edir. Onu öldürdülər, qətlə yetirdilər. Amma insan ölümündən daha güclüdürsə, onun qələmindən qopanlar, ruhundan axanlar, düşüncəsindən süzülüb gələnlər ölümdən qat-qat yüksəklikdə dayanırsa, belə insanları necə qətlə yetirə bilərsən? Öldürdülər, canını əlindən aldılar Şihabəddin Yəhya Sührəvərdinin. Ancaq yazdıqlarını, doğurduqlarını ki, öldürə bilmədiər. O əsərlər yaşayır, həmin əsərlərin hər birində Sührəvərdinin nəbzi çırpınmaqda, ürəyi döyünməkdədir. Və demək, o, yaşayır, diridir. Fitvaçı müasirləri, onu ölümə yönəldənlər, qətlinin baisləri və icraçıları çoxdan kül olub gediblər, torpaqlara qarışıblar, itiblər, heç adları da qalmayıb tarixin səhifələrində. Amma Şihabəddin Yəhya Sührəvərdi diri bir insan kimi XXI yüzilin içərisində ömrünü davam etdirməkdədir. Sözün sehri, düşüncənin gücü budur, qələmin qüdrəti belədir! Amma onu öldürənlər də əslində hələ ölməyiblər, onlar da diridirlər. Əgər haradasa belə işıqlara, belə üstün zəkalara, belə parlaq istedadlara yenə hikkə ilə hücumlar edən, yenə onlara badalaq gələn, yenə onların qanına susayan rəzillər, paxıllar, qəddarlar, mərdimazarlar, quyuqazanlar, o keçmiş murdarların toxumundan olanlar qalırsa, demək, əslində Sührəvərdini həlak edənlər də həyatdan getməyiblər, onlar da diridirlər, demək, onların cəzası verilməlidir, həmin yolun yolçuları olduqlarından tumundan törəndiklərinin də günahı onların boynundadır.

Ayıq olun, hakimlər! Hər bir insan ayıq olsun! Harada, haçan qarşınıza belələri çıxsa, işığa, istedada qənim olan bu cür qaranlıq hərisi yarasaları görsəniz, yer və göy qanunlarının bütün amansızlığı ilə onların cəzasını verməyə tələsin! İnsanlıq naminə tələsin!

 

6 dekabr 2023

 

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet.- 2023.- 13 dekabr, № 226.- S.10-11.