Planetimizin iqliminə
qlobal təhdidlər
Dünyadakı təhlükəli istiləşmənin
əsas mənbəyi tədricən artan "istixana
effekti" hesab edilir
Bu gün dünyada 3 milyarddan çox insan təbiətdəki
qlobal istiləşmədən əziyyət çəkir.
Ümumdünya Səhiyyə Təşkilatından (ÜST)
verilən məlumata görə, bir çox insanlar iqlim dəyişikliklərinin
gözlənilməz nəticələri ilə üz-üzədir.
Bu, qalıq yanacaqların istifadəsi ilə birbaşa
bağlıdır. Vəziyyətdən çıxış
yolunu mütəxəssislər qalıq yanacaq istehsalından
imtinada görürlər. Sadəcə istixana qazı
emissiyalarını azaltmaq yetərli tədbir deyil. İqlim dəyişikliyi
həm insanlardan qaynaqlanan emissiyanın səbəb olduğu
istixana qazlarının hərəkətə gətirdiyi
qlobal istiləşməni, həm də bunun nəticəsində
hava modellərində özünü göstərən
böyükölçülü dəyişiklikləri əhatə
edir. Əvvəlki dövrlərdə də iqlim dəyişiklikləri
olmasına baxmayaraq, 20-ci əsrin ortalarından bəri insanlar
Yer kürəsinin iqlim sisteminə misli görünməmiş
dərəcədə təsir göstərib və qlobal
miqyasda dəyişikliklərə səbəb olub.
İstiləşmənin ən əsas hərəkətverici
qüvvəsi 90 faizdən çoxu karbon qazı (CO2) və
metandan ibarət olan istixana qazlarının
emissiyasıdır. Antropogen amillər sırasında azot
oksidi, azot-1 oksid və xlor-flor birləşmələri də
yer alır. Bu emissiyaların əsas mənbəyi enerji
istehlakı üçün təbii yanacaqların
(kömür, neft və qaz) yandırılması olsa da, kənd
təsərrüfatının, ağacların kəsilməsinin
və sənaye proseslərinin də rolu var. Eyni zamanda məişət
tullantıları, avtomobillərin hava buraxdıqları qazlar
da atmosferi çirkləndirməklə istiləşməyə
yol açır. Son əsrdə, xüsusən də son 30-50
ildə müşahidə olunan qlobal istiləşmə
onilliklər ərzində atmosferdə toplanan su buxarı,
karbon dioksid, metan, azot oksidi xloroflor karbonlar kimi günəş
işığı ilə qızdırılan, Yer səthindən
infraqırmızı istilik şüalarını udan qazlar tərəfindən
əmələ gəlir. Başqa sözlə, Günəşdən
gələn şüaların bir hissəsi ozon təbəqəsi
və atmosferdəki qazlar tərəfindən sovrulur. Bir qismi
litosferden, bir qismi isə buludlardan geriyə əks olunur. Yer
üzünə çatan şüalar geriyə dönərkən
atmosferdəki su buxarı və digər qazlar tərəfindən
tutulur. Bu hadisə günəş şüalarıyla istilənən,
amma içindəki istiliyi çölə buraxmayan
istixanaları xatırladır. Nəticədə atmosfer istiləşir
ki, bu da "istixana effekti" adlanır.
İqlim dəyişikliyinə səbəb olan digər
amil kosmosun istismarıdır. Kosmosa buraxılan raketlər
atmosferin yuxarı həddində ozon qatını zədələyir
və atmosferdə "istixana effekti" yaranır. Ozon təbəqəsinin
incəlməsi də qlobal istiləşməyə yol
açan digər səbəbdir.
Ekologiya və təbii sərvətlər naziri Muxtar
Babayev deyir ki, Azərbaycan iqlim dəyişikliyi ilə
bağlı məramlara sadiqdir: "Sevindiricidir ki, Azərbaycanın
COP29-a ev sahibliyi etmək üçün namizədliyi ilə
bağlı qrup daxilində ümumi konsensus var. Biz
bütün ölkələrə, xüsusən də Şərqi
Avropa Qrupuna və ev sahibi Birləşmiş Ərəb
Əmirliklərinə göstərdikləri dəstəyə
görə minnətdarıq. Biz COP29-un uğurunu təmin etmək
üçün hər kəslə əməkdaşlıq
çərçivəsində inklüziv işləyəcəyik.
Qoy COP28 bizi hamı üçün daha davamlı və təhlükəsiz
gələcəyə aparsın".
M.Babayev vurğulayır ki, Azərbaycan qlobal səylərə
töhfə verməyə tam sadiqdir və iqlimə təsirlərin
azaldılması üzrə fəaliyyətlərdə fəal
iştirak edir: "Bu fəaliyyətlərə ümumi
elektrik enerjisi qoyuluşunda bərpa olunan enerji mənbələrinin
payının əhəmiyyətli dərəcədə
artırılaraq 2030-cu ilə qədər 30 faizə
çatdırmağı hədəfləyirik. Biz, həmçinin
enerji səmərəliliyinin artırılması,
aşağı emissiyalı nəqliyyata keçid, şəhər
nəqliyyatında innovativ həllər, sənayedə
aşağı karbonlu təmiz texnologiyaların tətbiqi,
tullantıların idarə edilməsinin təkmilləşdirilməsi
və meşələrimizin artırılması üzrə
tədbirlər həyata keçiririk. Hazırda
işğaldan azad edilmiş ərazilərdə
münaqişə sonrası genişmiqyaslı bərpa, yenidənqurma
və reinteqrasiya işləri aparılır. Bu fəaliyyətlər
iqlimə dost, ekoloji cəhətdən təmiz texnologiyalara, həmçinin
"ağıllı" və "yaşıl"
yanaşmalara əsaslanır. "Yaşıl enerji"
zonasının yaradılması, dayanıqlı kənd təsərrüfatı,
ekoloji cəhətdən təmiz nəqliyyat,
ağıllı şəhərlər, ağıllı kəndlər
kimi innovativ yanaşmalar və minlərlə hektar sahədə
meşələrin bərpası vasitəsilə azad
edilmiş əraziləri 2050-ci ilə qədər "Karbon
Neytral" zonasına çevirmək əzmindəyik".
M.Babayev bidirir ki, Azərbaycan da iqlim dəyişikliyi
ilə bağlı mühüm addımlar atmaqdadır:
"Emissiyaların atılmasında tarixi məsuliyyəti və
iqlim dəyişikliyinə qarşı mübarizədə
ölkələrin müxtəlif imkanlarını nəzərə
alaraq, fəaliyyətlərimizin əsasını təşkil
etməli olan ümumi, lakin fərqli məsuliyyət prinsipini
dəstəkləyirik. Həmçinin iqlim fəaliyyətin
sürətləndirilməsi üçün vacib olan adekvat
maliyyə dəstəyinin və texnologiya transferinin vacibliyini
vurğulayırıq".
Ekologiya və təbii sərvətlər nazirinin
müavini Umayra Tağıyevaya görə, sürətlə
inkişaf edən iqtisadiyyatlar qlobal emissiyaların
böyük hissəsini təşkil edir və bu məsələdə
ölkələrin mövqeləri fərqlidir:
"İnkişaf edən bəzi ölkələr bildirirlər
ki, vaxtilə belə bir vəziyyət yaratmış bu
ölkələrin tarixi məsuliyyəti var. Digər tərəfdən,
çox sürətlə inkişaf edən iqtisadiyyatlar var və
hazırda qlobal tullantıların böyük bir hissəsi
onların payına düşür".
Nazir müavini deyir ki, Azərbaycanın qlobal
emissiyalarda payı çox cüzi, yəni cəmi 0.15 faizdir.
Buna baxmayaraq, beynəlxalq səylərə dəstək
üçün Azərbaycan konvensiyanın katibliyinə
öz yeni öhdəlikləri haqqında məlumatı təqdim
edib. Azərbaycan 2050-ci ilə qədər istilik effekti yaradan
qazların emissiyalarının daha 40 faiz azaldılması
haqqında öhdəlik götürüb: "Eyni zamanda
işğaldan azad olunmuş ərazilərin karbon
neytrallığı zonası elan olunub. İqlim dəyişmələrinə
təsirlərin azaldılması üçün dünya təcrübəsində
yaşıllaşdırma fəaliyyətinin həyata
keçirilməsinin böyük əhəmiyyəti var. Azərbaycan
yaşıllaşdırma fəaliyyətinə görə
regionun lideridir. Tək bu il ərzində 2 milyon ağac əkilib,
gələcəkdə Azərbaycanın karbon
imisiyalarının azaldılmasında rolu olacaq. İlin sonuna
qədər rəqəmin 3 milyona çatdırılması
nəzərdə tutulur".
U.Tağıyeva qeyd edib ki, Azərbaycan iqlim dəyişmələrinə
həssas olan ölkələrdəndir: "Son illərin
statistik təhlilləri göstərir ki, ölkəmizin iqlim
dəyişmələrinə həssaslıq indeksi artır.
Ölkələrin qarşısında duran əsas vəzifə
erkən xəbərdarlıq sisteminin yaradılmasıdır.
2027-ci ilə qədər hər kəs üçün əsas
vəzifə qoyulub. Ölkəmiz hidrometeroloji sahədə ən
yeni müşahidə sistemləri ilə təchiz olunub".
Onun söylədiyinə görə, son zamanlar iqlim dəyişmələri
səbəbi ilə bütün ölkələr təbii fəlakətlərin
intensivliyi və təkrarlanması ilə problemlər
yaşayır: "Çox təəssüf ki, inkişaf səviyyəsindən
asılı olmayaraq ölkələrdə iqlim dəyişiklikləri
fəsadlar törədir. Yaxın illərdə bu iqlim dəyişikliklərinin
sayı artacaq. Bu, bəşəriyyət üçün
böyük çağırışdır".
U.Tağıyeva əlavə edib ki, Azərbaycan
hökuməti öz üzərinə iddialı öhdəlik
götürüb və atmosferə istixana qazı
emissiyalarını 40 faiz azaltmağı
planlaşdırır: "İndi söhbət bütün
ölkələrin tullantıları azaltmaq üçün
daha iddialı öhdəliklər götürməsindən
gedir. Digər məsələ isə uyğunlaşma ilə
bağlıdır. Biz yeni iqlimə
uyğunlaşmalıyıq. Hazırda anomal hava hadisələri
daha tez-tez baş verir. Bəzən bu hadisələr bəzi
regionlar üçün xarakterik deyil. Onlar mövsümdən
kənar müşahidə olunur, intensivlikləri
baxımından da xarakterik deyillər. Tamamilə qeyri-adi
proseslər baş verir. Yəni doğrudan da artıq iqlim dəyişib.
Bəs bununla bağlı nə etmək olar? İki yol var.
Alimlər hesab edirlər ki, atmosferə atılan istixana
qazlarını azaltmaq lazımdır. Üstəlik, 2030-cu ilə
qədər qlobal emissiyalar 40 faizdən çox
azalmalıdır. Bununla bağlı müxtəlif rəqəmlər
var: 42 faizdən 47 faizə qədər. Yalnız bu halda qlobal
temperaturun artımını 1,5 dərəcədən
aşağı saxlamaq mümkün olacaq. Dünya alimlərinin
hazırladığı iqlim ssenarilərinə əsasən,
əgər temperatur 1,5 dərəcədən çox
qalxarsa, o zaman iqlimdə çox ciddi dəyişikliklər
baş verəcək".
Milli Məclisin Təbii ehtiyatlar, energetika və
ekologiya komitəsinin sədri Sadiq Qurbanov dünyanın ekoloji
təhlükə ilə üzləşdiyini bildirib:
"Artıq həyəcan təbili çalınır. Bir
çox dövlət su resurslarının tükənəcəyini,
quraqlığın başlayacağını bildirir. Amma
onlar unudurlar ki, bunun əsas səbəblərindən biri
minalardır".
Millət vəkili qeyd edib ki, minalar təkcə
insanları fiziki şəkildə öldürmür, həm
də ekologiyaya ziyan vurur: "Dünya dövlətləri bir
tərəfdən bu təhlükədən
danışır, digər tərəfdən də Fransa kimi
dövlətlər Ermənistanı silahlandırır. Bu,
ikili standartlardır".
S.Qurbanov əlavə edib ki, Azərbaycanın çox
nadir heyvanları da mina terrorunun qurbanı olub: "Bu, bəşəri
dəyərlərə hörmətsizlikdir. Bunu dünya
dövlətləri özləri edir. Azərbaycan BMT-nin qəbul
etdiyi, amma icra edə bilmədiyi qətnamələri yerinə
yetirən ölkələr səviyyəsinə
qaldırdı. İndi Azərbaycan gücünü
dünyanın bərpasına istiqamətləndirməlidir".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2023.- 14 dekabr, № 227.- S.15.