Dost ömrünə
tale kimi gələn şeirlər
Onunla ilk tanışlığımız arx
üstündə mənim heç xoşuma gəlməyən
təkəbbürlü oturuşundan başlandı, hələ
ona yaxınlaşırdım, uzaqdan onun bu halı məni
heç açmamışdı.
Sataşmaq bəhanəsi ilə: "Sən kimsən?
Burda niyə oturmusan?" - deyib onunla mübahisəyə
başladım. Onun ağıllı və məntiqli
cavabı məni sakitləşdirdi: "Allahın yeridir,
oturmuşam".
...Sonra öyrəndim ki, onlar Cəlilabad rayonundan Lənkərana,
bizim qonşuluğumuza köçüblər. Bu,
yaşımızın 11-12-ni vuran vaxtları idi.
Dost seçimi həm də insanın öz mənəvi
aləmi, hiss və duyğuları ilə daha sıx
bağlılığı olan bir şeydir. "Dostunu
göstər, sənin kim olduğunu deyim" məsəli demək
olar ki, fikrimizi tam isbatlayır.
...Bizim üçün düşünüləsi,
ağıla, xəyala gəlməyən özünün evdə
saxladığı şahin quşundan, onu idarə edə bilməsindən,
Amerika maşınlarını pultla 20 sm gah endirib, gah
qaldırmaq mümkünlüyündən, bu şəhərdən
digər şəhərə zəng vuran insanın
görüntülü təsvirlərindən...
danışıb bizi heyrətləndirərdi. Bu hələ
ev telefonumuzun belə olmadığı 1970-ci il idi. Əsasən
idmançı, əlaçı, şairlik
üstünlükləri bizi bir-birimizə daha çox
yaxınlaşdırırdı, bax beləcə,
Qardaşxanla qardaş dostluğumuz başlandı.
Qardaşxan Əzizxanlını bütün
ömrü boyu həmişə, hər gün, hər yerdə "yerlə-göylə əlləşən"
bir şair obrazında görmüşəm, bu, onun heç
də qondarma halı deyil, bu vəziyyət onun çox özəl
halı, iç aləmi ilə bağlı olan təbii,
doğal halıdır. Ot biçimində də, böyütkən
yığımında da, futbol oyununda da onu bu şair
halından ayrılmaz görmüşəm. Onun təbiətində
şeirə vurğunluq, məftunluq vardır, şeir
xiridarı olduğundan təbii ki, şeiri - şairi müstəsna
fərqləndirmə, ayırdetmə bacarığı
Qardaşxanın əlavə bir
üstünlüyüdür. "Çərxi fələk
badəsindən içib" şair olan könlü
düşdüyü bütün sferalarda; məhəllədə,
məktəbdə, oxuduğu və işlədiyi universitetlərdə,
bir sözlə, həmişə şeirlə, sözlə nəfəs
alır. "Bəhri-mərifət" dənizinin
üzgüçüsü kimi "lölöi-şəhvar"ını
(sözünü) səxavətlə paylayır, bir kimsədən
əsirgəmir. Həvəsləndirmə, rəğbət
yaratma işinin ustasıdır. Onun ədəbiyyata, sözə-saza
bir şeydalıq hissi vardır, bu şeydalıq hissi illər
ötdükcə ədəbiyyat sərhədlərini
aşaraq daim genişlənir, sosiologiyanı, fəlsəfəni
də bu sevgiyə qatmaqla daha əhatəli bir dünya
eşqi ilə yaşayır. Sözsüz ki, bu məhəbbətdən
şeirlərinin də payına bir qismət düşür.
Məhəbbət şeirləri ilə bərabər, sosial-əxlaqi
yönümlü eyni zamanda ictimai-siyasi, ictimai-fəlsəfi
şeirləri ilə də vətəndaşlıq
mövqeyini ortaya qoyur. Vətənpərvərlik şeirlərinin
dadı-duzu ona sərhədçi taleyindən gələn Vətəni
sevmək, Vətəni düşməndən qorumaq keyfiyyətlərini
şeirə gətirə bilmək bacarığı
qazandırmışdır. Vətəni birlikdə sevmək
düşüncəmizin bünövrəsi hələ orta məktəb
illərindən divarlara, şalbanlara
yapışdırdığımız "SSRİ - xalqlar həbsxanasıdır!"
təbliğat-vərəqlərlə veliko rus
düşüncəsində olan mərkəzi hakimiyyətə
etiraz etdiyimiz vaxtlardan qoyulmuşdu. Bu təşəbbüs,
sözsüz ki, Qardaşxandan gəlirdi. Azərbaycan müstəqillik
qazanana qədər "Azərbaycan,
Azərbaycan", "Azərbaycan
- dünyam mənim" adlı sırf ədəbiyyat
yönümlü dərnək fəaliyyətimizin Fikrət
Qoca, Söhrab Tahir, Eldar Baxış, xalçaçı rəssam
Eldar Mikayılov və başqa şəxsiyyətlər ilə
yaddaqalan görüşləri olmuşdu. Bu dərnəyin
1988-ci ildən sonrakı davamiyyəti milli-vətənpərvərlik
ideyaları ilə özünün ictimai-siyasi fəliyyətini
meydan hərəkatında da davam etdirirdi. Görkəmli
şairimiz Məmməd Arazla qiyabi
bağlılığımız vardı, bizim şair
Qardaşxan haqqımızda
görkəmli şairə danışar və adımıza
müəllifin imzalı kitablarını gətirərdi. Hələ
orta məktəb illərindən başlayan sözə-saza
bağlılığı, Mikayıl Müşfiq, Səməd
Vurğun, Hüseyn Arif
sevdalılığı onun şair təbiətinə
özəl keyfiyyətlər qatırdı. Bu kimi keyfiyyətləri
onu XX əsrin ən görkəmli şairlərindən biri
olan M.Arazın yaradıcılığına daha çıx
bağladı.
Qardaşxan hamıda olmayan yaradıcı keyfiyyətlərini;
sözü, şeiri makulatura kimi deyil, gül dəstəsi
kimi təqdim edə bilir. Az söz işlətmək istəyi
onun bütün yaradıcılığında
açıq-aydın görünür. Hələ ilk
yazılarını ortalığa
çıxartdığı vaxtlardan üzü bəri
dövrün eybəcərliklərinə satirik, ironik,
yumoristik münasibəti onun
yaradıcılığının indiyədək davam edən
və öyrənilməyən bir tərəfidir. Ümumiyyətlə,
Qardaşxanın bir şair kimi, fədakar ədəbiyyat
adamı kimi obrazı hələ lazımınca öyrənilməyib.
Gənclik illərinin aşiqanə şeirləri məhəbbətə, eşqə
yazılan labirint şeirlərdəndir. Labirint dediyim şeirlər
insan üçün yeni dünya açır, səni
özünə çəkdikcə geriyə
qayıdışın çətinləşir, şeir,
şair səni əsir götürür. Mikayıl
Müşfiq, Əli Kərim, Musa Yaqub, Məmməd Araz oxucu
qəlbini ovsunlayan şeirləri ilə bizi öz cazibə əhatəsində
tutub saxlaya bilirlər. Biz bu cazibə dairəsindən nəinki
çıxa bilirik, çıxmağa cəhd belə
göstərmirik.
Şair Qardaşxanın şeirlərində xalq
yaradıcılığı musiqi incilərinin, aşıq
dastan ədəbiyyatımızın, görkəmli sevgi
şairimiz M.Müşfiqin "Yenə o bağ olaydı"
labirint-şeirinin nəfəsi ruhu vardır. Yeri gəlib
deyim, günümüzün rebus şeirləri əmələ
gəlib. Sərbəst vəzndə yazılan bu şeirləri
səkkiz üzünə çevirsək də, fikrimizi bir
üzə tutub uyğunlaşdıra bilmirik. Bu hal mətbuat səhifələrində
təəssüf ki, getdikcə çoxalmaqdadır. Qəribədir
ki, bu tapmaca - rebus şeirlər indi həm dəbdədir, həm
də şeir təsəvvürümüzü daha çox
bu dəbə uyğunlaşdırmaq meyli güclənib. Klassik
musiqidə əldə etdiyimiz nailiyyətlər istisna olmaqla
incəsənətin yerdə qalan bütün ədəbi-mədəni
sahələri yeni nəsil tərəfindən, yeni
baxış bucağından baxılaraq yanlış süzgəcdən
keçirilir. Bu baxış sistemi bütün zamanların
yaradıcı gənclərinin özünü təsdiqetmə
forması olub və indi də var, olsun, lakin saqqız kimi
çox da uzununa çəkilməsin. Bu vəziyyət - ədəbi
zövqün formalaşmasında dövlət dəstəyinə
ehtiyac var - həyəcan təbilinin çalınmasına
olan ehtiyaca qədər uzun sürməsin. Redaktorların
mövqe nümayişi vacibləşir. Şair sözü:
"Dəli deyib daşlayanda ağıllı, Xəncər
qapan ağlıçaşda nə günah". Ədəbiyyatımızın
bu sahədə möhtəşəm uğurları da
mövcuddur. Son belə uğurlar hörmətli şair Qulu
Ağsəsdən gəlir. Misalların hədsiz
çoxluğundan nümunə verə bilmirik.
Şair Qardaşxanın XVI-XVII əsr aşıq
yaradıcılığından, Dirili Qurbanidən,
Aşıq Abbas Tuvarqanlıdan, Xəstə Qasımdan bəhrələnməsi
onun bütünlüklə şair
yaradıcılığında: aşiqanə, nisgilli və həsrət
dolu ayrılıq, ictimai-siyasi, ictimai-fəlsəfi, təbiət
təsviri və tərənnüm motivli şeirlərində
aydınlığı ilə görünür. Bu sənətkarların
ədəbiyyata gətirdikləri cənnət havasına yeni
əsim, yeni ətir qoşa bilir:
"Duman, gəl get bu dağlardan..."
Duman, belə gəlmə, gəlmə!
("Duman");
"Bu çadır - dərd kolu, dərd meşəsidi,
İçində adamlar - bənövşəsidi.
Bu nəşə, can qardaş, dərd nəşəsidi,
Küsüb-yaşadığım daxmadı bu dərd!"
("Söhrab Tahirə");
"Sən hardan gəlmisən bu görkəminlə,
Yoxsa ürəyimin başından mənim.
...Gir bu kol dibinə - qısıl köksümə,
Çevril ürəyimin döyüntüsünə..."
(Bənövşəm),
"Nuru, dağa üz tutaq,
Bu çayla aram dəyib,
Suları bir sevincin
Şəklini çəkəmməyib!"
("Nurunun toy günü yazılmış
şeir"),
"Sübh erkən oyada şirin yuxudan,
Gecələr yuxumu dağıda sevgim!
Könlümün başını göynədən
oda,
Gözümün yaşını axıda sevgim!"
("Sevgim").
Şairin "Pəncərədən daş gəlir"
şeiri isə Qardaşxanın şair kimliyini ortaya qoyur.
Qardaşxanın "pəncərədən tale kimi gələn"
şeirləri, yəqin ki, hər zaman sevilərək oxunacaq.
Bu haqda bir dəfə yazmışdım. "Pəncərədən
daş gəlir"lə başlayan, "Can var canan əlində",
"Bir tale ki, pəncərədən daş kimi gəlsin"lə
davam edən şeirlər Qardaşxanın qırx illik
yaradıcılığından seçmələr olsa da,
min bir illik eşq dastanları kimi oxunur. Adam var, şeirə
şairlik iddiası ilə gəlir, bu hal onun sətirlərində
göz deşir. Şeirə şair təbiəti ilə gələnlərin
cəmiyyətə deyiləsi sözü olur. Şairlik təbiətin
özüdür. Təbiətin yazı, payızı,
qışı olur, hər sevən onun bir fəslinə, bir
halına aşiq olur, kimi yaz çiçəyinə, kimi
payız yarpağına vurulur. Bir rus mahnısında ("U
prirodı net ploxoy poqodı") deyildiyi kimi təbiətdə
pis hava olmur. Şair kimi özünü təsdiqləyənlərin
heç birinə pis demək olmur, nisbi ölçülər
olur, bu ölçülər də rəy
formalaşdırır. Şeir - ümiddən yapışan,
son yarpaqdan asılı qalan ehtiyacların təsəlli
yeridir. Son yarpaqdan asılı qalan ümidsiz insan taleyi bir təsəlli
- şeirin, bir xilaskar şairin əli ilə bəladan
qurtulur, yenidən həyat yaşayır. Şair
Qardaşxanın şeirləri tale şeirləridir, çətinliyə
düşən, ruhdan düşən qəlblər
üçün bir təskinlik, inanc yeridir. Şair
sözünü daşdan, torpaqdan düzəldilən büt
kimi yonur, təbinin kəhər atının buxovunu buraxıb
dördnala çapmır, az sözlə daha dərin mətləbləri
demək istəyi onun yaradıcılığının
başlıca xüsusiyyətidir. Qardaşxanın hərtərəfli
istedadı onun redaktorluq, müəllimlik, alimlik fəaliyyətində
də eyni sevgi, eyni yanğı ilə davam etməkdədir.
Son illərdəki yaradıcılığından xəbərsiz
olsam da, onun mənə, köhnə dostuna deyəcəyi
sözü çox gözəl bilirəm, çünki mənim
də ona deyəcəyim sözüm vardır:
Çiçəklənib alça, göyəm,
Qarşı duran dağ təzə-tər.
Arx üstündə mən köhnəyəm,
Arxkənarı bağ təzə-tər.
Əli BƏBİROĞLU
525-ci qəzet.- 2023.- 14 dekabr, № 227.- S.14.