Pıçıltı
ilə haray çəkən ədib
Azərbaycan ədəbiyyatı tarixində silinməz
izlər buraxan ədiblərimizdən biri - Mirzə
İbrahimov öz amalını nəcib
pıçıltıyla hayqıran yazıçı olub. Bəli,
pıçıltı ilə haray vəhdət təşkil
edir onun qüdrətli qələmində. Bu qədər
coşqun, hərarətli arzuların belə nəcib cümlələrlə
inci kimi, zərgər dəqiqliyi ilə düzülməsi
böyük bir təlatümlə həzin axan şəffaf
dağ çayına bənzəmirmi?! Çox bənzəyir.
Mirzə İbrahimovun bu tufanı insanı susqun
düşüncəyə sövq edir. Ancaq böyük bir məsuliyyətlə
yüklü düşüncəyə, məsuliyyətin
ağırlığına rəğmən, insanı
yormayan, qəlbində daima var olan bir "toxum"un cücərdiyini
hiss etdirən, ümid verən, hərəkətə sövq
edən bir düşüncə. Və tamam-kamal, məqsədi,
məramı aydın, müqəddəs bir düşüncə.
Hansı ki özündə elə bir ülvi qüdsiyyəti
var edir ki, biz o müqəddəs məqsədi sadəcə
"duya bilən, hiss edə bilən dərk edər" desək,
haqsızlıq etmiş olarıq. Çünki hiss etməyən
necə qəlblərdə yaşamaqdadır, o şanlı
"toxum". Biz elə bir "toxum"dan
danışırıq ki, azca rütubətdən belə nəmlik
qaparaq cücərib öz qabığından çıxar.
Ona bir balaca nəmlik lazım olduğu üçün
rütubəti belə MÜQƏDDƏS YOLDA hədəfinə
bəhanə edər. Odur ki, bilməli, öyrənməli,
öyrəndikcə hiss edib fərqinə varmalıyıq
ürəyimizdə qabığından
çıxmağı gözləməkdə olan "toxum"un
varlığını. O, elə bir "toxum"dur ki,
qabığından cücərib çıxdığı
vaxt dərhal yaşıllaşıb böyüyəcək,
qol-budaq atacaq, həyat ağacıtək yeri-göyü
saracaq. Açdığı çiçəklərin rayihəsi
iki cahanı bürüyəcək, kölgəsinə
yığılanlar əzəmətindən, səxavətindən
heyran qalacaq.
Biz "toxum"un mövcudluğundan və gələcək
zamanda barlı-bəhərli ağac olacağından
danışırıq. Çünki biz həmin
GƏLƏCƏK GÜNƏ inanırıq. Bəs nə etməliyik?
Öncə hər bir fərdə Firudinin Sərxana
yanaşdığı kimi yanaşmalıyıq. Sərxanlara
da Fəridələrin iradəsinin fərqinə varmaqda vəsilə
olmalıyıq. Daha aydın danışmalı olsaq, Mirzə
İbrahimovun ney səsi kimi ruhumuza işləyən əsərlərini
qəlbimizin gözü ilə, dərindən baxıb
görməliyik. Biz ədibin bütün əsərlərinin
istiqamətinin bir yönə doğru olduğunu asanlıqla
hiss edirik. İstiqamət bir olsa da, hədəfə doğru
gedilən yoldan istiqamət nöqtəsinə qədər
çox yolların, cığırların eniş və
yoxuşunun şahidi oluruq. Bax, həmin başlanğıc
nöqtəsindən hədəf nöqtəsinə qədər
məsafə aralığındakı ziqzaqlar, ədibin
öz dili ilə desək, "həyat yolunun
sürüşkən döngələri" bizə
çox şey öyrədir. Bizə yolun hamar
olmadığını, hər dərə-təpəsini,
daş-kəsəyini, ensiz, tikanlı
cığırlarını, çınqıllı
yamaclarını bir-bir göstərir. Deməli, biz
gözüaçıq olmalı, bizə verilən dəyərin
fərqinə varmalıyıq.
"Bizə verilən dəyər" ifadəsində
məqsəd, böyük yazıçının topluma
verdiyi dəyər, dolayısı ilə hər bir fərdi
toplumun bir hissəsi kimi yüksək səviyyədə dəyərləndirməsidir.
Bu anlayışı maraqlı bir yanaşma ilə təsvir
etsək, cümlə tam yerinə düşər: "Sən,
tərəzinin gözündəki düyülərin çəkisini
tamamlayacaq sonuncu düyüsən (və ya ola bilərsən)".
Mirzə İbrahimov, bax, eynən bu şəkildə
çatdırır bizə fərdin cəmiyyətdəki
yerinin nə dərəcədə zəruri əhəmiyyətə
malik olduğunu. Necə ki əsərlərində, xüsusən
"Gələcək gün" romanında bunu bir çox
obrazların simasında görürük. Firudinin ətrafına
topladığı
yoldaşlarından demək olar ki, ilkini Sərxan təşkil
edirdi. Sərxan obrazının insanda ilk yaratdığı təəssürat
mənfidir. Lakin Firudin bu kobud, qəddar, bir qədər
qapalı, qaradinməz insanın daxilindəki nəcib şəxsiyyəti
görür və üzə çıxarır. Eyni zamanda Sərxanın
həyat yoldaşı Fəridənin qəlbindəki iradə,
azad və mütərəqqi düşüncələr
Firudini heyran edir, özünün gördüyü kimi Sərxanın
da görməsinə nail ola bilir. Sonrakı hadisələr
onun nə qədər haqlı olduğunu göstərir. Sərxanın
zəif, aciz olaraq gördüyü,
sıxıntısını belə bölüşmədiyi,
heç bir haqq tanımadığı xanımı onunla bir
amal uğrunda mübarizə aparan yoldaşı olur.
Özü də ağıl, fərasət və məharətinə
görə heç də əks cinsin nümayəndələrindən
geridə qalmayan bir yoldaş...
Mirzə İbrahimovun əsərlərində sadəcə
onun həyatının, dövrünün aktual problemlərinin
əksini görmürük, bəşəri və milli
problemlərin ən əhəmiyyətli, bəlkə də,
tam kökünü təşkil edən məsələlərə
toxunduğunu görürük. O, sadəcə problemi göstərmir,
onun həlli yollarını da məharətlə izah edir. Mirzə İbrahimov bir
ocağın yanması naminə ürəyini yerindən
sökəcək cəsarətə sahib "gələcək"
arzu edir. Məhz həmin ürəyə sahib gələcək,
bir TONQAL BAŞINDA bütünləşə bilər. Elə
bir bütünlük ki, əzəl-əbəd daim olsun. Və
inşallah olacaq da... Çünki bizim də Alparslanların
qabağına çıxacaq şir ürəkli
Elcanlarımız var. Çünki o tonqal dünən, bu
gün deyil, o tonqal min illərlə var olub. Külü
istidir, közü, qoru sağlamdır, odu da var, çox
şükür. Amma əzəmətini,
bütünlüyünü, kamal halını alması
üçün çox odun yanmalıdır. Buna görə
də hər birimiz odun daşımaqda öz boynumuza
düşən öhdəlikləri layiqincə yerinə
yetirməliyik. Bunda bir Nəmrud tonqalının
böyüklüyü olmaqla yanaşı, biz o odunları
daşımaqda Nəmrudun qulları kimi məcburiyyətdən,
qorxudan yox, Elcan kimi, yeri gələndə ürəyimizi sinəmizdən
qoparacaq məhəbbətlə, eşqlə, şövqlə
çalışmalıyıq ki, Ağrı
dağının əzəməti kimi öz
vüqarının tam halına qovuşsun "tonqalımız".
Ağır, əzablı, eyni zamanda şərəfli
bir ömür yolu keçən
Mirzə İbrahimovun həyatı da yaratdığı
qəhrəmanlar kimi bizlərə, eləcə də o
taylı-bu taylı, Azərbaycanın bütün gənclərinə,
damarında türk qanı axan, vətən, azadlıq
eşqi ilə yanan hər kəsə nümunə
olmalıdır. Bu şərəfli həyat yoluna nəzər
saldıqda görürük ki, yaşından, sosial vəziyyətindən,
həyat fəlsəfəsindən asılı olmayaraq hər
kəs Mirzə İbrahimovun həyatından dərs
çıxara bilər. Öncə, gənclər onun
hansı şəraitdə, necə şərtlər
altında təhsil aldığına baxmalıdır.
Yazıçı əsərlərində də bizə
çatdırır ki, elm, təhsil, irfan əslində hər
şəraitdə var, biz isə bunu ətalətdən
dolayı görə bilmirik, bizim hər birimizin içində
əzmli, mübariz bir ruh yatıb və hər birimiz o ruhu
oyatmağa qadirik.
Mirzə İbrahimov bizə ümidlə baxır.
Oyanacaq ruhun lazım olan qida ilə bəslənərək
müzəffər olacağına inanır, GƏLƏCƏK
GÜNÜ aydın, nurlu görür. Və həmin
GƏLƏCƏK GÜN yolunda heç kim məsuliyyətdən
kənarda deyil, bu istər bir savadlı həkim olsun, istər
əkinçi, istər qoca qarı, istərsə bir əkinçi
arvadı. İnsanın ən aciz yetim və kasıb
olduğu vaxtdır ki, yenə bu dahi şəxsiyyət bizə
burada da örnək rolunu oynayır. O göstərir ki, biz həyatın
heç bir mərhələsində əzm ruhumuzu itirməməli,
məqsədə doğru mübarizə aparmalı, bu yolda
mübariz yoldaşlar qazanmalıyıq. Seçdiyimiz
yoldaşlar, dostlar da azad ruhlu
yoldaşlar olmalıdır. Necə ki, Mirzə İbrahimovun
özü çox gözəl vurğulayır: "Azad
adamların dostluğuna etibar eləmək olar. Amma azad olmayan
adamların dostluğu yalançı dostluqdur, ikiüzlülük
olur... Mütləq o, bəzən məcbur olur..."
Əlbəttə ki, biz azadlıq deyəndə, ilk
olaraq, zehində, ruhda azad olmağı nəzərdə
tuturuq. Kənardan baxanda azad olduğunu
gördüyümüz necə insanlar vardır ki, onlar öz
zəkasının məhbusdur. Öncə, daxilən, əqlən
azad olmalı insan. Yoxsa onun heç vaxt mübarizə yolunda
sabitqədəm olduğunu görə bilmərik. Bizə isə
sabitqədəm dostlar lazımdır. Əks halda, yola
çıxdığımız yoldaşı həyat yolunun
sürüşkən döngələrində itirə bilərik.
Bax, azad fikirli, azad düşüncəli, azad ruhlu insanlar
bizim ən yaxın silahdaşlarımız olmalıdır. Həmin
silahdaşlarla da məqsədə doğru irəliləməli,
həyat yolunun sürüşkən döngələrində
duruşumuzu daha şax etməli, sarsılmadan hədəfə
doğru irəliləməli, hər çətinlikdə məqsədimizin,
amalımızın o çətinlikdən daha böyük
olduğunu xatırlamalıyıq.
Bəs nə etməli? Öncə özümüzə
inanmalıyıq ki, biz Allahın izni ilə buna qadirik. Qeyd
etdiyimiz kimi, hər zaman özümüzü tərəzidə
çəkini tamamlayacaq son düyü olaraq görməliyik.
Bunun həm şəxsimiz, həm cəmiyyət, həm Vətən
üçün, şanlı amal uğrunda borcumuz olduğunu
özümüzə xatırlatmalıyıq. Vəzifəmizin
aliliyinin, yolumuzun müqəddəsliyinin fərqində olaraq
irəliyə doğru
azadlıq və tərəqqi yolunda sarsılmaz
mübarizə aparmalıyıq. Kimi bir gənc Firudin
misalı həzrəti Əlinin:
"Haqsızlığın qarşısında susan dilsiz
şeytandır" sözünü düstur edib sinəsini
qabağa vermək, kimi kürd Əhməd kimi gözəl
siyasət yeridərək özümüzü düşmənin
içində belə, onlara göstərməsən də,
yolumuzda irəliləyə, hətta hədəfə
çata bilərik.
Məqsəd yoldaşlarımızı da qəflətə
düşməyə qoymamalı, Firudinin Sərxanı
ayıltdığı kimi onları ayıltmalıyıq. Necə
ki Sərxan Firudinə: "Sənin o kitabın mənim
başımı xarab edib... Fars deyir ki,"nə midanəm,
rahəti-canəm"... Bilmirdim, dinc idim. İndi hər yerdə
bir zülm görürəm. Rahatlığım
qaçıb. Bir şeyin pis olduğunu bilmək azdır. Gərək
pisi yaxşıynan əvəz edəsən. Yoxsa pisi
görüb, göz yummaq insaniyyətdən kənar hərəkətdir.
İlanı görüb öldürməyənə lənət
deyərlər. Bəs indi nə etməli?" deyərək
bildikdən sonra gözündən pərdənin necə
qalxdığını, bunun da ona rahatlıq vermədiyini deyərək
artıq bir şeylər edilməli olduğunu anlayır.
Əgər fikirlərimizi ümumiləşdirəsi
olsaq, deyərik ki, Mirzə İbrahimov sözün əsl mənasında
Xalq yazıçısı, xalqın
yazıçısı, xalqın dərdi ilə dərdlənən
qayğıkeş bir qələm ustası idi. O, qələmindən
ancaq haqq süzülən hikmət dəryası olan bir insan
idi. Bəzən adam onun haqqında keçmiş zamanda
danışmaq istəmir. Ölməz şəxsiyyət
deyiriksə, onu aramızda hiss etməliyik. Necə? Öyrənərək,
tanıyaraq, tanıdaraq və ən əsası,
amalının davamçıları olaraq... Bunun ən
yaxşı yollarından biri də əlbəttə ki, əsərlərini
mənimsəmək yolundan keçir.
Biz Mirzə İbrahimovdan danışarkən, onu əlbəttə,
sadəcə yazıçı deyib məhdudlaşdıra
bilmərik. Elm sahəsindəki, dövlət qulluğunun
müxtəlif sahələrindəki
fəaliyyətlərini də unutmamalıyıq. Bu xidmətləri azacıq
araşdırmaq bəs edir ki, onun mükəmməlliyini, həyat
fəlsəfəsinin dürüstlük olduğunu,
bütün fəaliyyəti dövründə vəzifəsini
ən ali formada icra etdiyini görmüş olarıq
Bayaq yazıçının üslubunu həzin fəryada
bənzətdik. Bəli, bütün əsərlərində
bu həzin, ürəyə işləyən bəmi hiss
edirik. Əlbəttə ki, bu cür ecazkarlığı ilə
qələminin gücü insanı tilsimləyir. Necə ki,
heykəltaraş öz daxilini yonduğu heykəllərdə,
rəssam çəkdiyi tablolarda, xalçaçı
toxuduğu xalçalarda, bəstəkar bəstələdiyi
musiqilərdə əks etdirirsə, eləcə də
yazıçı öz əsərlərində əks
etdirir. Yazıçının da dili onun əsərləridir.
Bu gün Mirzə İbrahimovun əsərləri bir
konstitusiya, bir müqəddəs qanunlar kitabı kimi gənclər
arasında daha çox təbliğ olunmalı, şərhi
daha aydın, daha dolğun verilməli və şərhə
uyğun, daha dəqiq desək, Mirzə İbrahimovun, eləcə
də hər birimizin amalına uyğun reallıqlara
çatmağa vəsilə edilməli və gözlədiyimiz GƏLƏCƏK GÜN bu gün
olmalı...
Sevinc HƏSƏNOVA
ADMİU-nun dosenti, pedaqogika üzrə fəlsəfə
doktoru
Kəmalə NƏCƏFOVA
ADMİU-nun II kurs tələbəsi
525-ci qəzet.- 2023.- 14 dekabr, № 227.- S.13.