Elvin
İntiqamoğlunun "On dördüncü
qızılgül"ü
Yeni nəsil şairlər içərisində Elvin
İntiqamoğlu artıq yetkinliyə doğru can atan və fərdi
üslubu da müəyyənləşməkdə olan
şairdir. İyirmi altı yaşı var və "On
dördüncü qızılgül" adlı, ilk şeirlər
kitabı da işıq üzü görüb. Xalq şairi
Sabir Rüstəmxanlı onun bu kitabına "Poeziya təkcə
qızılgüllərdən ibarət deyil" adlı səmimi
bir ön söz də yazıb. Sabir müəllmin ön
sözündə oxuyuram: "İlk növbədə, Elvinin
şeirlərinin yığcamlığını,
sözçülükdən uzaq olmasını bəyəndim.
Gəlişi gözəl, qafiyə havasına uzanan
yazısı yoxdur. Təqdim olunan yazıların, demək
olar ki, hamısında irili-xırdalı bir poetik yük, bədii
maya var". Bir gənc şairin yaradıcılıq yolunun
başlanğıcında tanınmış Xalq şairinin
işıqlı ön sözü gəlirsə, bunu
doğrultmaq gərək, tərifdən baş gicəllənməsin.
Elvin İntiqamoğlu II Qarabağ müharibəsinin
iştirakçısıdır. Qazi şairdir. Onun
"Müharibə xatirələri" silsiləsindən
olan şeirlərində müharibə ab-havası yetərincədir.
Müharibədə təkcə döyüşmək, qan
tökmək azdır, onu içində yaşatmalısan - bu
yaşantılar Elvini mühasirə zamanı əsgərlərin
keçirdiyi hisslərə sarı aparır, bir şəhid
anasının "çətindi övlad qəmi"nə,
səssiz harayına doğru səsləyir, bir şəhid
qızının atasızlıq həsrətinə
qovuşdurur, tağım komandiri baş leytenant Emil Əsədovun
qəhrəmanlıq və şəhidlik səhnəsinə
çəkir, ümidin, inamın heç bir vaxt sönməyəcəyinə
inandırır. Hətta yağış suyunda da bir məna
axtarır:
Axır düşmənin qanı
Vətənin can yerinə -
Yerdən narahat olma,
sən su tök göydən yerə
qan yerinə.
Həsrətində olduğumuz torpağı
daddırdı bizə
palçıqlı gölməçələr,
Qoyma yağış dayansın
Qarabağ suyunu içənə qədər.
Ümumiyyətlə, Elvin İntiqamoğlunun
müharibə ilə bağlı seçdiyi detallar
uğurludur. Məsələn; "Bəlkə, uzaq dəhlizlərdən
görünmür Laçın pəncərələri-Havası
çatmır Vətənin boğulur, açın pəncərələri".
O, müharibədə odlar-alovlar ilə üzləşib,
şəhidlik nədir ("Şəhid rəsmi
gördüm, ürək dözmədi dərdə,
ağladım") və bunun ağrısı ürəyi
necə parçalayır - bunları yaxşı bilir.
Elvin İntiqamoğlu əksər şeirlərində
yaşının bu çağınacan həyatda, gerçəklikdə
müşahidə etdiyi hadisələri, insanlarla münasibətlərini,
dünya və cəmiyyət haqqında
düşündüklərini bizə çatdırır.
Hiss edirsən ki, qarşımızda həyatı dərindən
duymağa can atan bir cavan şair əyləşib.
Çünki "Həyat haradadırsa, poeziya da
oradadır" (V.Q.Belinski). O, müəllimi olan Həyat
qarşısında imtahan verir. Birinci sual Dünya və
İnsan haqqındadır.
Təsəvvür et:
Yer qatı var, göy qatı var,
insan adlı canlı yoxdu...
Təsəvvür et:
dünyanı yoxdan yaradan Tanrı var,
palçıqdan
insan düzəltmək istəyən Tanrı yoxdu.
Təsəvvür et:
nə savab var, nə günah var,
nə cənnət var, nə cəhənnəm.
Təsəvvür et:
insan əliylə qurulan bina yoxdu,
insan əliylə salınan meşə yoxdu.
Sənət yoxdu, peşə yoxdu...
dünya çılpaqdı,
ona paltar tikən yoxdu...
Boş dünyanın boşluqların
karandaşla çəkən yoxdu.
Elvinin dünya ilə bağlı digər şeirləri
də var, bu şeirlərdə özü üçün
müəyyənləşdirmək istədiyi bir çox mətləblərə
toxunur. Təbii ki, İntiqamoğlu dünya haqqında söz
açanda məlum stereotiplərdən uzaqlaşmağa
çalışır, dünyanın əbədiliyindən,
vəfasızlığından, gəldi-gedərliyindən,
ya da dünyanı bürüyən faciələrdən
danışmağı sevmir, Dünya gedişatına
İnsan münasibətini ortaya qoyur. "Dünya yüz don
geyinir, zəif, güclü bilinir" - bu şeirdə təzadlar
bir-birini əvəz edir "Qışla dağ yola getmir,
başında qar var axı. Necə xoşbəxt yaşayaq, mərdiməzar
var axı". Bu təzadlar silsiləsi onun başqa şeirlərində
də diqqəti cəlb edir: "Asılqan" şeirində:
"Aman Allah, dünya yaman dəyişib, söyüd
ağacından bəhər asılıb". "Göydən
yerə dərd tökülür, deyəsən, ekvator xəttindən
kədər asılıb". "Dünya intihara çoxdan
əl atıb, göyün dirəyindən kəmər
asılıb". XXI əsrdir və biz dünyanın necə
çalxalandığını, lokal və qlobal müharibələrin
necə baş verdiyini görmürükmü, eşitmirikmi?
Ona görə də, ilk növbədə, dünyanı dərk
etməyə çalışırıq və haqqında
söz açdığım İntiqamoğlu da bu yolda ilk
addımlarını atır.
Elvin İntiqamoğlu ilk şeir kitabına "On
dördüncü qızılgül" adını
seçib. Bəlkə, bu səbəbdən Sabir müəllim
də "Poeziya təkcə qızılgüllərdən
ibarət deyil" adlı ön söz yazıb kitaba. Amma mən
Elvin İntiqamoğlunun bütün şeirlərini diqqətlə
oxudum. Bəs hanı qızılgüllər?
Şair qızılgül əkir
sözün bitdiyi yerə.
Elvin İntiqamoğlu yalnız bir şeirində
("Gül kimi sevmək"):
Düzün qızılgülləri,
solanların verin mənə -
təravətli olanların yar aparsın,
qalanların verin mənə.
Qızılgüllərin "gül qoxuyan
zamanları" arzulayır İntiqamoğlu. Təbii ki, bu da
o qızılgüllər kimi solub-saralmış xatirələrlə
bağlıdır. "Nişanlı qız" şeirində
yazır: "Bizdən başqa sevənlər xoşbəxt
olub, bilirəm, On dördüncü qızılgül
çoxdan solub, bilirəm".
Bu qızılgül söhbətini bir qədər
başqa səmtə yönəltmək istəyirəm.
Şah İsmayıl Xətai deyirdi: "Qızılgül,
bağü-bustanım, nə dersən, fəda olsun sənə
canım, nə dersən?" Şair sevdiyi qızı
qızılgülə bənzədir. Və bizim klassik
poeziyadan üzü bəri qızılgül gözəllik və
həyat rəmzi kimi mənalanıb. Əlbəttə,
dünyamız və gerçək həyatımız ziddiyyətlər
içində keçir. Bəlkə, həyat və gözəllik
simvolu olan qızılgüllər unudulur? Amma yox! Gözləyirəm
ki, Elvin İntiqamoğlu da yeni şeirlərində
"Sözün bitdiyi yerə" öz qızılgüllərini
əksin. Həyatımız təkcə ağrılardan, qəmlərdən
ibarət deyil.
Mənə ən çox xoş gələn Elvinin
"Təkbəndli şeirlər"i oldu. Bu şeirlərdə
Elvin üç-dörd, beş-altı misrada az sözlə dərinliyə
- fikrin lakonik və mənalı ifadəsinə can atır və
buna nail olur. Baxın:
Hamını ağladan dünya
özü də
haçansa ağlayacaq -
səs salmayın, dünya yatır,
oyansa, ağlayacaq.
Elvin İntiqamoğluna nə arzulaya bilərəm?
Axtarışlarında daha inadlı olsun, şeir dilindəki
saflığı qoruyub saxlasın, şeirlərində
işığa, bu dünyanın gözəlliklərinə
şövqü, meyli artsın, çoxalsın, ruhunu, qəlbini
əzən dərdlərə pessimist yox, nikbin nəzərlərlə
boylansın, axı dərdin özünün də gözəlliyi
olur. Onun "Yol gəlmişəm" adlı proqram səciyyəli
bir şeiri var, bu yollçuluğunu-daş yol-torpaq yol, daha
geniş mənada Vətən yol, Cahan yol əbədi səyahətini
yeni poetik çalarlarla davam etdirsin.
Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru
525-ci qəzet.- 2023.- 14 dekabr, № 227.- S.11.