Müasir çağırışlar: qarşıda
duran vəzifələr
Çağımızda din sahəsində istər
dövlətin, istərsə də cəmiyyətin
qarşısında duran ən ümdə vəzifələrdən
biri münasibətlərdə dözümlülüyə
nail olunması, müxtəlif inanc və mədəniyyətlərə
mənsub insanların sülh şəraitində
yaşayışının təmin edilməsidir. Təbii
ki, cəmiyyətdə dözümsüzlük, fundamentalizm,
terror, məzhəbçilik, xurafat, cəhalət, radikalizm,
fanatizm və dindən siyasi məqsədlərlə istifadə
meylləri baş qaldırarsa, insanlar arasında münasibətlər
kəskinləşər və yeni münaqişə
ocaqları yaranar.
Dinimizi araşdıranlar isə yaxşı bilirlər
ki, İslam sülhü, əmin-amanlığı, ətrafla
mötədil - mülayim, yumşaq,
aşırılığa varılmadan davranmağı təbliğ
edir. "İslam" kəlməsinin bir mənası məhz
sülhdür. Bu kəlmə elə öz özlüyündə
sülhün carçısıdır. Sülh dininin
radikalizm, o cümlədən, terrorla necə əlaqəsi ola
bilər? Bu baxımdan dinimizin qətllə heç bir əlaqəsi
yoxdur və ola da bilməz. Çünki Qurani-Kərimdə
bir insanın öldürülməsi bütün bəşəriyyətin
məhvi ilə müqayisə olunmuşdur: "...hər kəs
bir kimsəni öldürməmiş (bununla da özündən
qisas alınmağa yer qoymamış) və yer üzündə
fitnə-fəsad törətməmiş bir şəxsi
öldürsə, o, bütün insanları
öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni
diriltsə (ölümdən qurtarsa), o, bütün
insanları diriltmiş kimi olur..." (Maidə, 32).
Müqəddəs Kitabımız Qurani-Kərimin
"əl-Bəqərə" surəsinin 256-cı -
"Dində məcburiyyət yoxdur" ayəsində isə
lakonik, lakin tam mənada dini dözümlülüyü ortaya
qoymuş, müsəlmanları tolerant olmağa,
zorakılıqdan qaçmağa, insanları inanclarında sərbəst
buraxmağa dəvət etmişdir. Uca Yaradan Həzrət Məhəmmədə
(s) "İnsanları iman gətirməyə sənmi məcbur
edəcəksən?!" (Yunus, 99) deməklə, peyğəmbərlərin
belə, insanların inanclarını dəyişdirmək
iqtidarına malik olmadığını bildirmişdir.
İslamın əsas qaynaqları olan ayə və hədislərə
nəzər salsaq, belə əxlaqi düsturla
qarşılaşırıq: özünə qarşı
görmək istəmədiyin münasibəti başqasına
qarşı etmə. Qısası dinimiz bizə digər
inancları anlayışla qarşılamağı öyrədir.
Əslində İslam sevgidir, səbrdir, hörmətdir,
qarşılıqlı anlayışdır.
Bəhs etdiyimiz ayələrdən, eləcə də
hədislərdən anlaşıldığı kimi,
İslam mülayimlik, ölçülülük,
balanslılıq - bir sözlə, mötədillik dinidir. Bu
baxımdan söz və davranışlarımız mötədilliyin
mülayimlik, ölçülülük, balanslılıq
prinsiplərinə uyğun olmalı, ifrat və təfrid
arasında balansı qorumalı, əsla həddi
aşmamalıyıq. Allah-Təala Quranın bir neçə
ayəsində müxtəlif məsələlər, o
cümlədən, dini mövzuda həddi aşmamaqla
bağlı bizə xəbərdarlıq etmişdir. Həmin
ayələrin birində belə buyurulmuşdur: "Ey kitab əhli!
Öz dininizdə həddi aşmayın!" (Nisa, 4).
Çünki həddi aşmaq və ya
aşırılığa varmaq insanlara və cəmiyyətə
ancaq zərər vurmaqdadır. İfrat və təfrid
arasında həddi gözləyərək balansı
saxlamağı bacaran şəxs isə heç şübhəsiz,
İslamı ən yaxşı anlamış kamil iman
sahibidir. Peyğəmbərimiz (s) də məsələ ilə
bağlı hədislərinin birində bizə xitab etmiş
və belə buyurmuşdur: "Ey İnsanlar! Dində ifrata
getməkdən çəkinin. Çünki sizdən əvvəlkiləri
dində ifrata varmaq həlak etmişdir (İM 3029 İbn Macə,
Mənasik, 63, N 3059 Nəsai, Mənasikul-həcc, 217).
Möminlərin əmiri Həzrət Əli (ə) isə
mübarək kəlamlarının birində mötədilliyə
həvəsləndirərək buyurmuşdur: "(Həyatda)
mötədilliyi öz peşəsi edən kəs yoxsul
olmayıb" ("Nəhcül-Bəlağə", s.
741).
Çağımızın
çağırışlarından olan cəhalət və
xurafata qarşı mübarizə məsələsinə gəlincə,
əvvəla onu bildirək ki, maarifin fanatizm üzərində
zəfər çaldığı tarixdən yaxşı məlumdur
və bilik mövhumata qarşı bir sipər, bəşəriyyəti
zülmətdən çıxardan və insanlığın
yolunu aydınlatan bir nurdur. Yalnız təhsil sayəsində
bəşər övladının müstəqil
düşünməsi, dünyadakı və cəmiyyətdəki
prosesləri doğru qiymətləndirməsi
mümkündür. Yalnız savad fərdi dar
düşüncə tərzindən qurtararaq dünyaya
geniş üfüqdən baxmağa imkan verir.
Çoxsaylı sosioloji sorğular da təsdiqləyir ki,
radikal və ekstremist meyllər, dini-etnik münaqişələr,
terror aktları daha çox savadsızlığın hökm
sürdüyü ölkələrdə
yayılmışdır. Orta təbəqənin
formalaşdığı, təhsil səviyyəsi yüksək
və kasıbçılıq göstəricisi
aşağı olan dövlətlərdə isə vətəndaşlar
liberal dəyərlərə, mötədil dini əqidələrə
üstünlük verirlər. Təhsilli cəmiyyət zəmanənin
nəbzini tutmağa, dünyada söz sahibi olmağa qadirdir. Onsuz
cəmiyyət isə etnik-dini fanatizmin fonunda baş verən
münaqişələrin ağuşuna yuvarlanmağa,
haqqının çeynənməsinə, ideoloji
işbazların oyuncağına çevrilməsinə, bir
sözlə, geri qalmışlığa məhkumdur.
İntellektual şəxs isə geniş düşüncəli,
şübhəcil və hərtərəflidir. O, hər
şeyi təhlil edir, ölçüb-biçir və
planetimizdəki rəngarəngliyə təbii yanaşır.
Bəşəriyyətdəki fərqlilik, yad fikirlər və
adət-ənənələr savadlı adamda qorxu yaratmır.
Onun zehin pəncərəsi müasir ideyalara daim
açıqdır. Əsl təhsilli şəxsi nəyəsə
inandırmaq, kiminsə əlində oyuncağa çevirmək,
absurd ideya naminə insanları öldürməyə, yaxud
kor-koranə intihara yollamaq müşkül məsələdir.
Bu baxımdan İslam elm öyrənməyi ən
vacib əməllərdən saymış və bu zəruri məşğuliyyət
sahəsi VII əsrdən başlayaraq getdikcə genişlənən
boşluğu doldurmağa başlamışdır. Həmin
dövrdə Mesopotamiya, Misir, Yunan və Roma mədəniyyətlərinin
təsiri azalmışdır. Hindistanın mədəni
nüfuzu və təsir dairəsi isə demək olar ki, yox
olmuşdur. Həmin dövrdə Çin mədəniyyəti
İslamın yaranmasından on il sonra, Tanq Sülaləsi
dövründə parlamışdır. İslama qədər
Çinin təsiri yalnız qonşuları ilə məhdudlaşırdı.
Xüsusən, orta əsrlərdə Abbasilər tərəfindən
Bağdadda qurulan "Beytül-Hikmə" adlı tərcümə
və araşdırma mərkəzi tərəfindən
çağımızdakı müasir elmlərin, xüsusən
dəqiq elmlərin əsası qoyulmuşdur. İslamın
"Qızıl Çağı" adlanan həmin dövrlərdə
İslam mədəniyyəti dünya elm və
düşüncəsinə meydan oxumaq dərəcəsinə
gəlib çatmışdır.
Görkəmli alman şərqşünası Frans
Rozentalın "Elmin zəfəri" adlı kitabında
açıq şəkildə ifadə etdiyi kimi, öyrənmə
və öyrətmə İslamla vəhdət
yaratmışdır (Franz Rosenthal, Knowledge Triumphant, s. 70).
Qurani-Kərimdə təqribən 750 yerdə elm
kökündən törəyən sözlər mövcuddur.
Qurani-Kərimdə elmin hər növü təriflənmiş,
bilənlərlə bilməyənlərin bir ola bilməyəcəyi
açıqca ifadə edilmiş, ancaq ağıl sahiblərinin
ibrət alacaqlarına diqqət çəkilmişdir:
"Heç bilənlərlə bilməyənlər bir
olarmı? Ancaq ağıl sahibləri düşünüb
ibrət alarlar" (əz-Zümər, 9).
İslam elmin, alimin və elm yolçusunun da dəyərini
yüksəltmişdir. Qurani-Kərimdə "Allah
içinizdən iman edənlərlə özlərinə elm
verilənlərin dəyərini yüksəldər" (əl-Mücadələ,
15) deyə buyurulur. Məsələ ilə bağlı onu
xüsusən qeyd edək ki, elmlə bağlı vəhy olmuş bu ayələr Qurani-Kərimin
ilk nazil olan ayələridir.
Elmin anlamı, əhəmiyyəti və funksiyası
hədislərdə də vurğulanmışdır.
İslam ümmətinin qəbul etdiyi dəyərlər
sisteminin davamlılığı elmə bağlı
olduğu üçün Həzrət Peyğəmbər (s)
də elmi uca tutmuş və təşviq etmiş, elmin nafilə
ibadətdən daha üstün olduğunu söyləmiş,
elm öyrənmək istər kişi, istərsə də
qadınlara vacib buyurulmuşdur (Tirmizi, Elm, 19; İbn Macə,
Müqəddimə, 17,19).
Quran və Həzrət Məhəmmədin (s) hədislərinin
işığında yola çıxan müsəlmanlar
sözügedən xüsusda bir çox yenilik və kəşflərə
imza atmış və beləliklə, VIII-XIII əsrlərdə
İslam mədəniyyətinin yüksəliş
dövrü başlamışdır.
Onlar Cəbr (ərəbcə "əlcəbr" -
hesab) elminin əsasını qoydular, hind rəqəmlərindən
istifadə etməyə başladılar. Bağdad və Dəməşq
şəhərlərində rəsədxanalar
açıldı. Astronomlar mürəkkəb alətlərdən
istifadə edərək Yer kürəsinin təxmini
böyüklüyünü hesablaya bildilər. Orta Asiya alimi
Əl-Biruni Yerin Günəş ətrafında
fırlanması ideyasını irəli
sürmüşdü, o zaman üçün bu, dahiyanə fərziyyə
hesab olunurdu.
Müsəlman səyyahlar Hindistan və Çini təsvir
etmiş, Afrikanın və Şərqi Avropanın içərilərinədək
gedib çıxmışdılar. İslam dünyasında təbabət
də uğurla inkişaf edirdi. Belə ki, İbn Sina (980-1037)
dünyada təbib kimi böyük şöhrət
qazanmışdır. Onun yüzdən çox elmi əsəri
vardır. Şərqdə onu "alimlərin
başçısı" adlandırırdılar. İbn
Sina yoluxucu xəstəliklər, anesteziya, insanın psixoloji və
fiziki durumu arasında əlaqəni kəşf etdi, yüzlərlə
ideyası ilə tibb elminin ehkamlarının əsasını
qoydu. Onun "Tibb elminin əsasları" kitabı tam 5 əsr
boyunca Avropanın ən məşhur universitetlərində dərslik
kimi istifadə olunmuşdur.
Müasir dövrdə təəssüf ki, bəzi
qruplar dindən və milli mənsubiyyətdən öz siyasi
məqsədləri üçün istifadə edir, məzhəbçiliyə
can atır, hətta milli və dini kimliyimizi
qarşı-qarşıya qoyaraq cəmiyyətdə
qarşıdurma yaratmağa can atırlar. Bu baxımdan
qarşıda duran ən ümdə vəzifələrdən
biri ölkəmizdəki sabitliyin qorunub
saxlanılmasıdır. İslama gəlincə, əslində
o, cəmiyyətin milli-dini
birliyini sarsıtmağa yönələn hər cür təfriqəçiliyi
qadağan etmişdir. Çünki xalqların inkişaf və
tərəqqisi vəhdət halında yaşamaqdan
asılıdır. Birlik və həmrəyliyin
olmadığı cəmiyyətlərdə isə
parçalanma, kin, nifrət və düşmənçilik
hökm sürər. Uca Rəbbimiz Qurani-Kərimin
"Ali-İmran" surəsinin yüz üçüncü
ayəsində bu xüsusa diqqət çəkmiş,
düşmənçilik və çəkişməni oddan
olan uçurumun kənarında olmaq kimi xarakterizə
etmişdir: "Hamılıqla Allahın ipinə (dininə,
Qurana) möhkəm sarılın və (firqələrə
bölünüb bir-birinizdən) ayrılmayın! Allahın
sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə
düşmən ikən, O, sizin qəlblərinizi (İslam ilə)
birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə
qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən
O, sizi oradan xilas etdi..."
Milli-dini birlik həm də güclü millət və
dövlət olmağın əsas şərtidir. Buna görə
də milli-dini birliyə yönəlmiş hər cür mənfi
fikir və ideyaların yayılmasının qarşısı
alınmalıdır. Belə zərərli ideyaların
yayılmasında söz və vicdan azadlığından
sui-istifadə isə yolverilməzdir. Çünki söz və
vicdan azadlığı əslində hər ağıla gələnin
söylənilməsi deyil, cəmiyyət üçün
faydalı ideyaların irəli sürülməsidir. Bu səbəblə
də müsəlman Allah Rəsulunun (s) buyurduğu kimi ya
xeyir söyləməli, ya da susmalıdır. Uca Yaradan
Qurani-Kərimin "əl-İsra" surəsinin 53-cü ayəsində
Həzrət Məhəmmədə (s) xitab edərək
buyurmuşdur ki, "bəndələrimə de, gözəl
sözlər söyləsinlər, yoxsa şeytan onların
arasına fitnə-fəsad salar".
Milli müxtəlifliyə gəlincə, bəşər
övladının müxtəlif qəbilə və xalqlara
ayrılması bir gerçəklikdir. Məsələnin hikmətini
isə Allah-Təala Qurani-Kərimdə belə
açıqlamışdır: "Ey insanlar! Biz sizi bir
kişi və bir qadından yaratdıq. Bir-birinizlə
tanış olasınız deyə sizi xalqlara və qəbilələrə
ayırdıq. Şübhəsiz, Allah yanında sizin ən dəyərliniz
ən təqvalı olanınızdır. Şübhəsiz
ki, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır"
(Hucurat surəsi 13).
Anlaşıldığı kimi, insanlar bir-birini
tanısınlar deyə müxtəlif millət və
qövmlərə ayrılmış və hər xalqın da
öz ünsiyyət vasitəsi, mənsubiyyəti, mədəniyyəti
və digər dəyərləri vardır. İrqlərin və
millətlərin olması, həmçinin, onlar arasında fərqlilik
ixtilafa gətirib çıxarmamalıdır. Bu müxtəliflikdəki
hədəf Uca Yaradanın da buyurduğu kimi ancaq
tanışlıqdır. Həzrət Məhəmmədin (s)
səhabələrinə nəzər yetirdikdə onların
içərisində müxtəlif millət və irqlərin
nümayəndələrinin olduğunu görərik. Məsələn,
fars mənşəli Salman əl-Farsi, yunan mənşəli
Süheyb, Efiyopiya mənşəli - qara dərili Bilal Həbəşi.
Həzrət Peyğəmbər (s) həmin şəxslərə
olduqca böyük hörmət və ehtiramla
yanaşmış, onları yüksək dəyərləndirmiş,
ərəb mənşəli səhabələrdən
heç fərqləndirməmişdir.
İslama görə, insanları bir-birindən fərqləndirən
meyar zahiri görkəmləri deyil, mənəvi zənginlikləri
və təqvadır. Allah Elçisi (s) hədislərinin
birində bu cəhətə belə diqqət çəkmişdir:
"Ərəbin əcəm üzərində, ağın
isə qara üzərində heç bir
üstünlüyü yoxdur, üstünlük ancaq təqvaya
görədir".
Şübhəsiz ki, millətimizin tarix boyu əldə
etdiyi zəfərlərinin təməlində məhz dini və
milli birlik dayanmaqdadır. Əsrlərcə xalqımıza
hakim olan və əcdədlarımızdan bizə miras
qalmış bu qardaşlıq gücümüzə güc
qatmış və vətənin hər şeydən
üstün tutulmasına səbəb olmuşdur.
Elə 44 günlük Vətən müharibəsində
qələbəmizi təmin edən əsas amillərdən
biri də məhz Ali Baş Komandanımızın ətrafında
sıx birləşərək dəmir yumruq
olmağımızdır.
Çağımızın
çağırışlarından biri də radikalizm və
fundamentalizmlə bağlıdır. Məsələ ilə
bağlı iki fərqli yanaşma mövcuddur. Belə ki, bir
qrup radikal düşüncəli şəxslər yeniliyə
və müasirliyə
qarşı çıxaraq tarixin çarxlarını geriyə
çevirməyə cəhd edirlər (dini fundamentalistlər,
xəvariclər, təkfirçilər və s). Başqa bir
qrup isə İslam həqiqətlərini bilməyərəkdən
və ya ona qərəzli münasibət bəsləyərək
dinimizi irticaçı kimi qələmə verərək onu
bir kabus halına gətirir, hər fürsətdə müsəlmanları
qaralamağa çalışırlar (İslamofobiya).
Əslində isə İslamla irticanı, müsəlmanla
mürtəceni eyniləşdirmək doğru deyildir. Belə
ki, dinimiz cəhalətə qarşı çıxaraq elm və
mədəniyyətin inkişafına təşviq etmişdir
və böyük əksəriyyəti təşkil edən
saf, təmizqəlbli müsəlmanlarla, İslam adına
aşırı hərəkətlər edən kiçik
zümrəni də bir-birindən ayırd etmək
lazımdır. Çünki din adına cəhalət yayan
qisim müsəlmanların çox kiçik hissəsini təşkil
edir və onlar İslamın simvolu ola bilməz
Tarixə nəzər salsaq görərik ki, İslam
irticanı ortadan qaldırmaq üçün gəlmiş mədəniyyət
və tərəqqi dinidir. O, qaranlıq və mühafizəkar
cahiliyyə dövrünə son qoyaraq, bəşər
övladına hər iki dünyada xoşbəxt
olmağın yollarını göstərmiş, nəinki
insanlara, hətta digər canlılara da zülm etməyi
qadağan etmişdir. Bu baxımdan hər iki zümrənin
iddialarına elmə və həqiqətlərə əsaslanan
cavablar verməklə və insanları real düşünməyə
sövq etməklə, həm din, həm də cəmiyyət
qarşısında üzərimizə düşən vəzifələrimizi
yerinə yetirmiş olarıq.
Çağımızda qarşımızda duran ən
ümdə, ən vacib məsələlərdən biri
qloballaşmanın mənfi təsirlərindən milli-mənəvi
dəyərlərimizi qorumaq, onun faydalarından isə bəhrələnməkdir.
Belə ki, qloballaşan dünyada cəmiyyət dəyişir,
insanlararası münasibətlər tamamilə yeni müstəvidə
formalaşır. Təəssüf ki, bu zaman bəzən
milli-dini dəyərlərin itirilməsi ilə
rastlaşır, istər obyektiv, istərsə də subyektiv səbəblərdən
cəmiyyətdə bəzi mənəvi amillərin qiymətinin
itirilməsi tendensiyası hiss olunur. Tarix boyu
xalqımızın köklü ailə dəyərlərinə,
yüksək nəzakət və mədəniyyət
potensialına sahib olduğunu bilirik.
Allahsızlığın təbliğ edildiyi SSRİ dönəmində
belə, böyük-kiçik yeri, xeyirxahlıq, qonaqpərvərlik,
başqasının tikəsinə göz tikməmək və
s. xüsusiyyətlər xalqımızı "böyük
sovet ailəsində" seçilənlərdən etmişdi.
Lakin qloballaşma bəzən mədəni özünəməxsusluğun
itirilməsi təhlükəsi yaradır.
Qloballaşmanın müsbət yönü isə
xalqların dünya sisteminə inteqrasiya prosesinin sürətlənməsi,
digər millətlərlə mədəni əlaqələrin
genişləndirilməsi və vətəndaşların
miqrasiyası ilə bağlıdır. Zənnimcə,
sözügedən inteqrasiya proseslərindən və mədəni
əlaqələrin genişlənməsindən elmi, texniki,
eləcə də texnoloji yeniliklərin öyrənilib tətbiq
olunması məqsədilə istifadə olunmalıdır.
Qloballaşmanın güclənməsi isə
dünya miqyasında həm qlobal cinayətlər (beynəlxalq
miqyasda cinayətkarlıq və terrorizm, narkotik, silah və
insan qaçaqmalçılığı və s.), həm də
bəzi zərərli vərdişlərin yayılması
üçün də şərait yaradır. Zərərli
vərdişlərin başında isə ağ ölüm -
narkomaniya durmaqdadır. Onun ən faciəvi tərəfi isə
sözügedən bəlanın xüsusən gənclər
arasında yayılmasıdır. Gənclik insanların həyatında
inkişaf və yetkinliyin yaşandığı bir
dövrdür. Bu dövr onlarda xəyal dünyası və təxəyyüllərinin
cücərdiyi, özlərini sübut etmə istəklərinin
meydana gəldiyi çağdır. Bu səbəblə də
insanlar gənc çağlarında yad təsirlərə
daha tez məruz qalırlar. Bu baxımda cəmiyyətin
güc qaynağı, gələcəyin qurucuları olan bu
ilahi əmanətləri zərərli vərdişlərdən
qorumaqla və onları sağlam elmli, əxlaqlı,
dürüst, xoş niyyətli və cəmiyyətə
faydalı yetişdirməklə çağımızın
çağırışlarına ən gözəl şəkildə
cavab vermiş olarıq. Gələcəyin ümidi olan elmli, ədəbli
və tərbiyəli gənclərə sahib çıxan millətlər
sabaha nikbin baxarlar. Elə isə bu milli xəzinəmizi pis təsirlərdən
qoruyaraq, xoşbəxt gələcəyə hazırlanaq. Peyğəmbərin (ə) bir hədisində
buyurduğu kimi, ixtiyarlar kimi düşünən, nəfsinə
məğlub olmayan və qəflət içində
boğulmayan gənclər yetişdirməklə
qarşımızda duran ən ümdə vəzifəmizi
yerinə yetirmiş olarıq.
Qarşıda duran digər çağırış
vaxtın dəyərləndirilməsi və zamanın
boş, faydasız keçirilməməsi
ilə bağlıdır. Təəssüf
ki, bu gün bəzi uşaqlar, yeniyetmələr və gənclər
faydasız oyun proqramlarının aludəçisi olur, kafe və
internet klublarda mənasız vaxt itkisinə yol verirlər.
Vaxtla bağlı o qədər müdrik deyimlər,
atalar sözləri, ifadələr var ki, sayı-hesabı
bilinməz. Məsələn, zamanın önəmini bildirmək
üçün müdriklərimiz "Vaxtı itirsən hədər,
görərsən böyük zərər" deməklə
onun nə qədər qiymətli olduğunu ustalıqla
vurğulamışlar. Zaman həm də görkəmli alim
Tomas Edisonun sözü ilə ifadə etsək, ən
böyük sərmayədir. Elə görkəmli müsəlman
alimi, coğrafiya, tarix, etnoqrafiya, təbiətşünaslıq,
riyaziyyat, astronomiya və mineralogiyaya aid 150-dən çox əsərin
müəllifi Əbu Reyhan əl-Biruni də bu sərmayəni
son nəfəsinədək layiqincə qiymətləndirməkdə sonrakı nəsillərə
nümunə olmuşlar. Belə ki, bir gün Əl-Biruni
ağır xəstələnir, yaxınları da həkim
çağırırlar. Onu müayinə edən həkimlər
alimin son günlərini yaşadığını söyləyirlər.
Yaxınları vəziyyətinin ümidsiz olduğunu
Əl-Biruniyə bildirdikdə o deyir: "Neçə
vaxtdır riyaziyyata aid çözə bilmədiyim bir məsələ
var. Xahiş edirəm
riyaziyyatçıları çağırın,
ömrümün son günlərində də olsa, həmin məsələni
birlikdə həll edək və mən bu dünyadan rahat köçüm".
Alimin son vəsiyyətini yerinə yetirirlər. Bundan sonra
Əl-Biruni yaxınları ilə halallaşaraq, dünyadan təbəssümlə
köçür.
İtirdiklərimizi qaytarmaq,
qüsurlarımızı düzəltmək
üçün bu əmanəti layiqincə dəyərləndirək.
Doğumla verilən, ölümlə alınan, dəqiqəsi
belə itirilməməsi zəruri olan bu müqəddəs əmanətə
sahib çıxaq.
Səyyad ARAN
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
sədrinin I müavini, Filologiya elmlər namizədi
525-ci qəzet.- 2023.- 14 dekabr, № 227.- S.10;11.