Atılmış daxma kimi qərib,
tənha və yalnız
Atılmış daxma kimi qərib, tənha və
yalnız
Bir ömürün içində azıb
qalmışam, dostum.
Yelkənləri didilmiş, küləyin həmləsindən,
Bir gəmiyə bənzərəm, sahilləri unutdum.
Uşaqlığın havası çoxdan tərk
edib məni,
İndi qoca vulkantək uyuyuram içimdə.
Beynimdə qırıq-sökük xatirələrim sənlə...
Və bir də daşa dönmüş
qızcığaz var gecəmdə...
Qulağımda sırğatək saxladığım
sözlərin,
İnci-inci töküldü, məni qınama, nolar.
Demişdin, məsumluğu dünya boyda gözlərin
Bu dünyadan gördüyü əzablar böyük
olar?!
Atdım üstümdən, atdım zəriflik əsarətin,
Ancaq çoxmu gec oldu, çoxmu
yaralanmışdım?!
İndi mənə yad olan bir dünya kəsalətin,
Əlindən öz içimə qaçdıqca
qaçdım, qaçdım...
İndi yorğun zehnimi aydınladan surətlər
Ya bir olar, ya iki, o da ən dinc anımda...
Gözlə məni, ey dostum, öldüyün həmin
gündə...
Ölümü hiss edirəm indi canım-qanımda...
Sən getdiyin o yerdə bilmirəm saat neçə,
Ya da hansı fəsildir tellərində uyuyan...
Gözlə məni, gələcəm, göylərdən
keçə-keçə,
Gəlib qəfil deyəcəm:
Gəlmişəm, dostum, oyan!
lll
Belə baxma gözlərimə,
Sükut dolu sualı var.
Yerə gəlmiş dizlərimlə
Sürünürəm diyar-diyar.
Əllərimdə çiliklənmiş
ümidlərin tikələri.
Sol yanımda gün görməyən
arzuların bəlkələri
"Niyə sevmirsən?" - soruşsan,
Mən sevməyi unutmuşam.
Çobanyastığı çiçəyin
lap köhnədə qurutmuşam.
Sevə bilirsən sev məni,
Mən indi qarlı bir qışam.
Bir vaxt Bahar-Yaz Qız idim,
İndi doluyam, yağışam.
Gözlərimdə neçə şeir
Özünü asdı kirpikdən.
Yaş oldu, bircə damla yaş,
İncitək töküldü dən-dən.
Məndən o qadın olmaz ee,
Nahaq gözləmə, Səbr Adam.
Mən bir az narsis xəyallı,
Sevgimi çətin oyadam.
Get, kölgəni götür apar,
Vallah, yükdür bu xəyallar
İndi gözümdə sıxdığım,
Bircə bulud göz yaşı var.
O da sənin üçün yağmaz,
Yağsa, özünə ağlayar.
O içində öldürdüyü,
Bahar Qızına ağlayar.
Get, get, Adam, qapını ört,
Soyuq gəlir keçmişimdən.
Mən dünəni dəfn etmişəm,
Mən köçmüşəm öz içimdən.
lll
Gözlərimdə illərin
küllənmiş ağrıları...
Yandım, yandım, çox yandım...
Keçdi getdi... soyuyur...
Barmaqlarım ucunda
xəfif-xəfif gedirəm,
Gedirəm incə-incə
üzü sükuta sarı...
Qulağımda səssizlik...
mışıl-mışıl uyuyur...
Dəli xatirələri
toplamışam ovcumda,
Bir qartopu vuruşlu
hədəf kimi sıxıram...
Haçan çatsam o yerə,
o sükut məbədinə,
o buz xatirələrim,
əriyər aram-aram...
onu hədəfə vursam...
Dağılar pərən-pərən
min-min çılğın xəyallar...
Düşüb izinə qaçsam,
yollar ömrümü yorar,
İllər ömrümü alar...
Bu qərib taleyimə
bir küskün gileyim var;
onu özümə desəm
xəzəl pıçıltısıyla,
ölü keçmişim duyar...
İndi dirildim görən,
ötüb keçən anları...
Yoxsa, bir də yanmağa
tövbə eləyim, Tanrı?!
Yox, sükuta vəd verdim,
tutmalıyam sözümü...
Gələcəyin kəpənək röyasına
bürünüb,
yaşayacam ömrümü,
son qətrəsinə kimi...
Ölüm yuxusu kimi...
Dadlı, şirin, əbədi..!
Budur sükuta vədim!!!
lll
Şüşə qırıqlarıtək iti və
kəskin,
batdıqca qanadan duyğu içrəyəm...
Başımın içində savaş
sirenaları...
Sanki 3-cü Hərb astanasında,
mərmi qoxan gecədəyəm...
Ürəyim ağzımda,
nəbzim əcəl zəngi kimi vurur,
vurur aramsız...
Hiss edirəm hər birini
kar olmağa müdavim
qulaqlarımda...
Allahı çağırıram,
dəhşətdən
böyümüş gözlərimdə
uşaqca bir yalvarış...
Özümdən böyük qorxu...
Allah, axı mən hardayam?!
Bu nidanı ucaldır
lal olmuş dilimin
harayını gözlərimə zərrə-zərrə
həkk eləyən həyəcanım...
Yanır canım...
Və ayılıram...
qəfil güllə açılır
yuxumda qaçan qıza...
O mənəm, zavallı mən...
Qəzzada, Fələstində, İsraildə
öldürülən minlərlə məsumdan
biri...
minlərlə məzlumdan biri...
Amma diri, hələ diri...
Aysel ZÜLFÜQAR
525-ci qəzet.- 2023.- 28 dekabr,№236.-S.15.