Mən səni özümdə tapandan bəri,

 

Özümü tapmadım itirən qədər.

İncimə, nə yalan deyim ki, daha

xətrin əziz deyil xatirən qədər.

 

Boğazdan yuxarı yaxşıyam deyib,

Boğazdan aşağı uduram pisi.

Xaraba qalmışda seçmək də olmur,

Cilddən-cildə girən yaxşını, pisi.

 

Zaman da eynidir, şəhər də eyni,

İndi ötənlərdən yad gəlir səsin.

"Darıxmaq"dan əllərimi üzmüşəm,

Dizin-dizin süründürür nəfəsi.

 

Qaçmağa yolum çox, dayanmağa az,

Günlər təngənəs dayanıb yolda.

Həyat da tamaşa deyil ki, hərdən

bir az xoşbəxt olaq obrazda, rolda.

 

lll

 

Qırılmış badədən içdim şərabı,

Doymadı, doymadı çat-çat dodağım.

İndi də yadlara gülümsəyirsən...

Utandın? Utanma, soyun, yanağım!

 

Yalandan nə deyim, unutmaq olmur,

Gözümdən düşənlər gözümə dəymir.

Dilim də özümə qənim kəsilib,

Xətrinə dəyirəm, sözümə dəymir.

 

Sevgimiz bicliyi təzə öyrənib,

Aldadıb çəkirəm, oyuna gəlmir.

Neyləsin, ürəyim dərdi boydadı,

Ölçürəm, sevgimin boyuna gəlmir.

 

Bu gün dünənlərə cavab tapmır ki,

Baxıb suallara gözünü döyür.

Nə olsun gözümdən düşən adamlar

Özgə ürəyində özünü öyür.

 

lll

 

Sən gedəndə dalınca elə yıxılmışdım ki,kəsdilər ayağımı.

 

Elə o gündən sonra sənə qaça bilmədim.

Susdum özgə evində elə həmin gündəcə,

Nə yalan deyim, sonra

bu barədə heç yerdə söhbət aça bilmədim.

 

Sonra, sonra nə oldu?

Beşikdə qığıldayan körpələrim dinlədi,

Özümü vərəqləyib,

özümə danışdığım yalançı nağılları.

Kəsilən ayağımı gizlətdim böyüdükcə

onların iməyində,

Onların da heç zaman kəsmədi ağılları.

 

Sonra, sonra nə oldu?

Böyüdü arzularım,

hərəsi gülüşündən bir pay verdi ömrümə,

Hərəsi bir qolumu saxladı, dayaqlarım.

İlahi möcüzəymiş!

Bir də baxdım, baxdım ki,

kəsildiyi yerindən boy atdı ayaqlarım.

 

   Gülnar ÜMİD

525-ci qəzet.- 2023.- 28 dekabr,№236.-S.15.