"Heydər
Əliyev: dil, ədəbiyyat və incəsənət"
AKADEMİK NİZAMİ CƏFƏROVUN EYNİADLI
KİTABI ƏTRAFINDA DÜŞÜNCƏLƏR
Azərbaycan Prezidentinin xüsusi sərəncamı ilə
2023-cü il ölkəmizdə "Heydər Əliyev
İli" elan edildi. Azərbaycan tarixində - çoxəsrlik
tariximizdə ən uğurlu bir il kimi özünü göstərən
bu zaman kəsiyi konkret zamandan çıxıb əbədiyyətə
çevrildi. Və tale elə gətirdi ki, tarixi
yaddaşımıza hopan 2023-cü il bütün
uğurları ilə birbaşa Ulu öndərə
bağlılıq konsepsiyasını meydana qoydu. Etiraf edək
ki, Azərbaycan media sisteminin bütün qolları "Heydər
Əliyev İli"ni düşmən üzərində
tarixi qələbəmizlə sinxronlaşdırdı və hər
kəs - xüsusilə yeni nəsil belə bir dövlət
Liderinin Vətənə, xalqa, dövlətimizə, milli
maraqlar sisteminə necə bağlı olduğunu görə
bildi.
Azərbaycanın bütün dövlət və
özəl qurumları, hər bir vətəndaş "Heydər
Əliyev İli"ni xüsusi məhəbbətlə
qarşıladı. Xüsusilə yaradıcı
ziyalılarımız, gənclərin təmsil olunduğu təhsil
müəssisələri Ulu öndərin 100 illik yubileyini
ifadə edən tədbirlər sistemi ilə yola
salmaqdadır.
Bu sırada Bakı Dövlət Universitetinin - Ulu
öndərin məzunu olmağından fəxr duyduğu bu
çoxminli kollektivin 2023-cü il boyu saysız-hesabsız elmi
konfransları, Heydər Əliyevin xalq, dövlət
qarşısındakı misilsiz
xidmətlərinin praktik göstəricilərini ifadə
edən elmi-nəzəri məqalələr toplusu, elmi jurnal
nömrələri, ayrı-ayrı monoqrafiyalar formatında
meydana qoyması ilə gənc nəslin milli ruhda tərbiyəsinə
xidmət göstərdi. Biz bu çoxsaylı əsərlər
silsiləsindən lap bu günlərdə işıq
üzü görmüş bir monoqrafiya haqqında söz
açmaq istərdik. "Heydər Əliyev: dil, ədəbiyyat
və incəsənət" adlanan bu kitabın müəllifi
Nizami Cəfərovdur. Nizami Cəfərov bir filoloq alim olaraq,
təkcə filoloji sahədə deyil, bütövlükdə
humanitar elmin bütün istiqamətlərində öz elmi
dünyagörüşü, fəlsəfi, politoloji,
kultoroloji erdusiyası, özünə məxsus elmi-publisistik
üslubu ilə fərqlənən, qəbul olunan bir alimdir.
Nizami Cəfərovun Atatürk Mərkəzinin direktoru,
AMEA-nın həqiqi üzvü və s. kimi titulları var.
Ancaq onun təhsil aldığı, fenomenal elmi
yaradıcılıq bacarığına yiyələndiyi bir
təhsil ocağı var: Bakı Dövlət Universiteti. O,
hansı vəzifədə olur-olsun, BDU-nun Ümumi
dilçilik kafedrasının müdiri kimi bir görəvi ilə
xüsusi fəxr edir. Və deməli, onun müəllifi
olduğu "Heydər Əliyev: dil, ədəbiyyat və incəsənət"
əsəri həm də Bakı Dövlət Universitetinin əsəridir.
Amma belə bir elmi postulat da mövcuddur: Bu əsərin
ərsəyə gəlməsində elmi redaktorları - Xalq
şairi Nəriman Həsənzadə, BDU-nun prorektoru
Əliş Ağamirzəyev, rəyçiləri Cahangir Məmmədli
və Elçin Məmmədovun da - deməli, hər biri
BDU-ya bağlı elm, incəsənət adamlarının da əməyi
var. Amma bir elmi postulat da var: hər şey ideyadan
başlayır. "Heydər Əliyev İli"ndə Heydər
Əliyevin milli-mənəvi dəyərlərimizə dair
qayğı və sevgisinin ifadəsi kimi qələmə
alınan bu kitabın ideya müəllifi Bakı Dövlət
Universitetinin rektoru Elçin Babayevdir. Rektor Elçin Babayev
Heydər Əliyevə bağlı elmi yaddaşımıza
yazılacaq bu ideyanın real nəşr formatına maraqlı
bir "Ön söz" yazıb. Əslində ön söz
təkcə bu monoqrafiyaya deyil, bütövlükdə
Bakı Dövlət Universiteti alimlərinin "Heydər
Əliyev İli"nə verdiyi töhfələrə qiymətin
ifadəsidir. "Ön söz"dəki bu cümlələr
fikrimizi daha dəqiq ifadə edir: "Universitetin alimlərinin
Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi,
iqtisadiyyatı, hərbi qüdrəti, ədəbiyyatı, mədəniyyətinin
və s. inkişafı, milli ordu quruculuğu, beynəlxalq
münasibətlərin yaradılması istiqamətində
misilsiz xidmətlərini elmi əsaslarla daha dərindən tədqiq
edərək əldə olunan nəticələri ictimaiyyətə
təqdim etməsi, gənc tədqiqatçıların, tələbə
və magistrantların istifadəsinə verməsi xüsusilə
təqdirəlayiqdir. Nüfuzlu alimlərimizin
hazırladığı bu kiatblar gələcəkdə
elmi-tədqiqat işləri üçün mötəbər
mənbə olacaq. Ulu öndərin tarixi xidmətlərinin,
azərbaycançılıq ideologiyasının gələcək
nəsillərə ötürülməsinə öz
töhfəsini verəcəkdir". Redaktorun bu sözləri
birbaşa akademik Nizami Cəfərovun "Heydər Əliyev:
dil, ədəbiyyat və incəsənət"
monoqrafiyasının müqəddəs tematikasına aiddir.
Əvvəlcədən qeyd edək ki, kitabın lap bu
günlərdə BDU-da - Heydər Əliyev Lektoriyasında
keçirilən təqdimat mərasimində
çıxış edənlər - Millət vəkilləri
Fazil Mustafa, Səyavuş Novruzov, Mədəniyyət Nazirinin
müavini Fərid Cəfərov, "525-ci qəzet"in baş
redaktoru Rəşad Məcid, "Ədəbiyyat" qəzetinin
baş redaktoru Azər Turan, BDU Azərbaycan dilçiliyi
kafedrasının müdiri Tofiq Hacıyev və
başqaları akademikin bu əsərini "Universitet
kitabı" epiteti ilə qiymətləndirdilər.
Nizami Cəfərovun monoqrafiyasını iki
mühüm cəhət qiymətli edir; birincisi, əlbəttə
ki, əsərin mövzusu, ikincisi, bu mövzunun obyektə
layiq elmi səviyyəsi. Və əsəri bu qədər
maraqlı edən faktorun da üç cəhəti var:
birincisi, müəllifin Heydər Əliyevin dövlətçilik
fəaliyyətinə tam şəkildə bələd
olması, onu bir şəxsiyyət kimi lap gənc
yaşlarından tanıması ilə öhdəsinə
aldığı sahələrin - ayrıca olaraq, dil və
dilçilik sahələrinin bir filoloq kimi birbaşa mütəxəssisi
olması ilə, incəsənətin fəlsəfəsini
öz çeşidli məqalələrində birbaşa ifadəsi
ilə elmi mühitdə çoxdan qəbul edilmiş bir ədəbi
tənqidçi kimi. Bütün bunların hamısı
kitabın ümumi kompozisiyasında özünü aydın
şəkildə göstərməkdədir. Bu
kompozisiyanın - süjet xəttinin başında müəllifin
əsərə "Giriş" sözü dayanır. Bu
"Giriş"də müəllif öz əsərinin yol
xəritəsini müəyyənləşdirir. Bu yerdə
müəllifin belə bir dəqiq fikrinə diqqət edək:
"Heydər Əliyevin məhz "Azərbaycanın Heydər
Əliyevi" kimi formalaşmasının nəticəsi idi
ki, o, sovet ideologiyasının, sosialist beynəlmiləlçiliyinin
tüğyan elədiyi dövrlərdə, hətta sovet
dövlətinin, kommunist rejiminin ən yüksək idarəçilik
pillələrilə yüksəldiyi illərdə belə
öz milli mövqeyində hər hansı tərəddüdə
yol vermədi. İstər dövlət təhlükəsizlik
orqanlarında çalışdığı, istərsə
də SSRİ-nin rəhbərlərindən biri olduğu
zamanlarda Heydər Əliyev bir azərbaycanlı olaraq
qaldı. Və heç bir şübhə yoxdur ki, o, "Azərbaycanın
Heydər Əliyevi" olmasaydı, mənsub olduğu xalq,
dövlət də "Heydər Əliyevin Azərbaycanı"
olmazdı". Akademikin bu sətirləri bizə Heydər
Əliyevin milli göstəricilərini özündə ehtiva
edəcək geniş bir əsər vəd edir. Və bir
neçə sətirdən sonra biz bu giriş sözündə
monoqrafiyanın əsasını təşkil edən belə
bir tezisin şahidi oluruq: "Heydər Əliyev dövlət
quruculuğuna millət quruculuğunun davamı, bir sıra
hallarda, hətta onun üzvi tərkib hissəsi olmaqla yüksək
mərhələsi kimi baxdığına görə millətin
əsas etnokulturoloji əlamətləri olan dil, ədəbiyyat
və incəsənət məsələlərini milli
dövlətin prioritetləri hesab etmişdir". Bir də təkrar
edirik, bu sətirlər "Heydər Əliyev: dil, ədəbiyyat
və incəsənət" əsərinin fundamentini təşkil
edir.
Biz yuxarıda N.Cəfərovun özünəməxsus
fəlsəfi görüşə malik olmasını qeyd
etmişdik. Alimin Heydər Əliyevin bir çox keşməkeşlərdən
sonra yenidən Azərbaycana rəhbərlik etməsinin fəlsəfəsini
müəllif belə ifadə edir: "Heydər Əliyevin Azərbaycanda
yenidən hakimiyyətə gəlməsi Azərbaycan
üçün həm də ona görə tarixi əhəmiyyətə
malik idi ki, o, bu vəzifəyə bütün keşməkeşlərə
baxmayaraq (və baxaraq!), tarixin
"aşağılar"ından deyil,
"yuxarılar"dan (və sovet tarixinin fövqündən!")
gəlmişdi. "Aşağılar"dan gələnlərin
etnoqrafik özünəməxsusluqları, tədricən məlum
olduğu kimi, Azərbaycanı xanlıqlara parçalayacaq qədər
mənhus bir iddianın qol-qanad açmasına gətirib
çıxardı... "Yuxarılar"ın diktəsi ilə
gələnlər sona qədər sovet imperiyasının
dirçəlməsi xülyalarından "güc"
aldılar. Heydər Əliyev isə
"aşağı"dan "yuxarı"ya hansısa diktə
ilə qalxmamışdı. Onun tərcümeyi-halında
bioqraflarının, müasirlərinin, politoloqların və
onu çox sevən ədəbiyyat-incəsənət adamlarının
dəfələrlə qeyd etdikləri, mənsub olduğu
xalqın naminə "aşağılar"la
"yuxarılar"ı birləşdirən elə bir
ümummilli enerji vardı ki, bütöv bir xalqın - Azərbaycan
xalqının taleyini işıqlandırmaq, nura qərq etmək
gücündə idi. Və təhsilə, mədəniyyətə,
elmə əsaslanırdı". Bu da ümumxalq liderinin
elmi-fəlsəfi portretidir və bu ədəbi portret ustad bir
rəssamın şedevr əsəri kimi maraq kəsb edir.
Müəllifin bu "Giriş" sözü əsərin
fəsillərinin necə maraqlı olacağını əvvəlcədən
vəd edən maraqlı bir prelüdiyadır. Və bu ecazkar
prelüdiyanın cızdığı xəritə ilə
oxucu əsərin üç hisəsinə və hissələrin
hər birinin üç fəslinə qədəm qoyur.
Kitabda mövzunun məntiqi ümumi kompozisiyanı
müəyyən edir: Birinci hissə, Dil. İkinci hissə,
Ədəbiyyat. Üçüncü hissə, İncəsənət.
Bu hissələrin hər biri xeyli dərəcədə
praporsional şəkildə üç fəsilə
bölünür. "Dil" hissəsinin birinci fəslinin
adı Heydər Əliyevin vaxtilə elmi şəkildə
ifadə etdiyi bir cümləsindən formalaşıb:
"Xalqı xalq edən, milləti millət edən onun ana
dilidir." 20 səhifəni əhatə edən bu fəslin əsas
mahiyyəti Ulu öndərin tarixi mübarizələrdən
doğan bu sətrinə bağlıdır. Heydər
Əliyevin bu cümləsi kontekstində müəllif
bütövlükdə dillərin, xüsusilə Azərbaycan
dilinin türk dilləri arealında tarixinə çox
maraqlı elmi yanaşmasını ortaya qoyur. Akademik dilimizin
inkişaf tarixini üç dövrə bölür: 1. Təşəkkür
dövrü, 2. Köhnə Azərbaycan dili dövrü; 3.
Yeni Azərbaycan dili dövrü.
Əsərdə bu dövrlərin hər birinin tarixi
və bu tarixin keşməkeşli yolları, Turan-türk
etnosundan bu günə qədər gəlib çıxan
dilimizin adının dəqiqləşdirilməsi və bu dəqiqliyin
elmi əsaslandırılması kimi məsələləri
aydınlaşdırır. Müəllifin tarixi inkişaf yolu
və bu yolda dilimizin adına bağlı
araşdırmalarının bu yerdə bir əsası var:
Yeni müstəqillik dövründə dilimizin adı ətrafında
gedən qeyri-elmi yanaşmalara Heydər Əliyevin son
qoyması. Əgər sovet dövrünün kəskin
antimilli kanonları dövründə Heydər Əliyev Azərbaycan
Sovet Sosialist Respublikasının Konstitusiyasında Azərbaycan
dilinin dövlət dili kimi təsbit olunmasını təmin
etmişdisə, təkcə bu fakt onun dilə elmi-praktik
istiqamətdən yanaşmağa da sahib olması bu fəslin
ideya istiqamətini müəyyən edir. Milli dilə Heydər
Əliyev baxışı bu dilin "Azərbaycan dili"
adlandırılması kimi vacib bir problemi həll etmişdir.
Problemin bu şəkildə dəqiq həlli II fəsildə
"Azərbaycanın dövlət dili Azərbaycan
dilidir" kimi bir postulatın təsdiqi yollarını
aydınlaşdırır.
Əsərin "Dil" hissəsinin III fəsli
"Azərbaycan dili təliminin miqyası... və dünya azərbaycanlıları"
kimi maraqlı, vacib problemə Heydər Əliyevin istər
sovet dövrü, istərsə də müstəqillik
zamanındakı mövqeyini, qətiyyətini ifadə edir.
Müəllif Azərbaycan Dövlət Universitetinin 50 illik
yubileyində Heydər Əliyevin doğma Azərbaycan dilində
çıxışının əsas məğzini məhz
dilimizə rəhbər sevgisinin leytmotivi kimi dilə gətirir.
Və bu fəsildən aydın olur ki, Heydər Əliyev sovet
ideologiyasının milli dillərə qısqanc
dövründə belə doğma dilimizin
doğmalığını qorumaq nümunəsi göstərmişdir.
Və sonda əsərin müəllifi Heydər
Əliyevin milli dilə münasibətinin epogeyini göstərən
nitqindən bir sitatı misal çəkir: "Xalqları dil
qədər, milli-mənəvi ənənələr qədər,
dəyərlər qədər birləşdirən başqa
bir vasitə yoxdur. Biz bu vasitədən daim istifadə etməliyik.
Xüsusən, başqa ölkələrdə yaşayan azərbaycanlılar.
Ona görə də mən arzu edərdim ki, hər bir ölkədə
Azərbaycan icmasında azərbaycanlılar həmrəy
olsunlar, bir-birinə dayaq olsunlar, bir-birinə yardım etsinlər,
bir-birinin dərdinə yansınlar və bizim milli adət-ənənələrimizi,
milli dəyərlərimizi birlikdə gözləsinlər,
milli bayramlarımızı qeyd etsinlər. Təkcə
müstəqillik bayramını, Novruz bayramını deyil,
bütün başqa bayramları da qeyd etsinlər. Azərbaycan
dilini yeni nəslə, uşaqlara çatdırmaq
üçün müəyyən tədris imkanları
yaratsınlar. Biz bu barədə kömək edəcəyik
ki, bizdən sonra gələn nəsillər, sizin
övladlarınız, bizim övladlarımız azərbaycançılığı
daha da yüksəklərə qaldırsınlar, Azərbaycan
dilini, milli-mənəvi dəyərlərimizi daim
yaşatsınlar".
Tədqiqatın İkinci hissəsi "Ədəbiyyat"
adlanır və burada "Klassiklərin müasirliyi",
"Azərbaycan ədəbiyyatının Heydər Əliyev
dövrü" və "Ədəbiyyatın
ümumtürk üfüqləri" kimi problemlərə
Heydər Əliyevin bir rəhbər yanaşmaları öz əksini
tapmışdır. Dahi Liderimiz şifahi xalq ədəbiyyatına,
"Koroğlu" dastanına, Nizami, Füzuli, M.P.Vaqif
yaradıcılığına, Üzeyir bəy, Cəfər
Cabbarlı, Hüseyn Cavid, Əli bəy Hüseynzadə,
Əhməd bəy Ağayev, Cəlil Məmmədquluzadə,
M.Ə.Sabir və başqa şair, yazıçı,
publisistlərin yaradıcılığına diqqətlə
yanaşmış, onların hər birinin yubileylərinin təşkili
barədə sərəncamlar imzalamışdır. Nizami Cəfərov
Azərbaycan ədəbiyyatının, jurnalistikasının
inkişafında rolu olan hər bir klassikə Heydər Əliyev
qayğısını konkret misallarla göstərə
bilmişdir. "Heydər Əliyev: dil, ədəbiyyat və
incəsənət" monoqrafiyası Ulu öndərin
klassikanın müasirliyinə necə diqqətlə
yanaşmasını göstərməkdədir. Heydər
Əliyevin müasir Azərbaycan yazıçılarına
göstərdiyi qayğı, onları sovet repressiyasından
necə qoruya bilməsi, çox sayda yaradıcı
ziyalılarımızı orden və medallarla, dövlət
mükafatları ilə necə təltif etməsi bu fəsillərin
leytmotivi kimi səslənir. Müəllifin Heydər
Əliyevdən təqdim etdiyi bir misal: "Biz Nizamini,
Füzulini, Nəsimini, Vaqifi qiymətləndirdiyimiz kimi, Mirzə
Fətəli Axundovu da, Üzeyir Hacıbəyovu da, Cəlil Məmmədquluzadəni
də, Cəfər Cabbarlını da, Müslüm Maqomayevi də,
Səməd Vurğunu da, Rəsul Rzanı da, Süleyman Rəhimovu
da, Mehdi Hüseyni də, Qara Qarayevi də, Fikrət Əmirovu
da, Niyazini də, Rauf Hacıyevi də və
başqalarını da qiymətləndiririk. Biz bu gün
yaşayıb-yaradanları da qiymətləndiririk.
Xalqımızın, mədəniyyətimizin, incəsənətimizin,
elmimizin çox gözəl keçmişi, tarixi və bu
günü vardır. Mən tam əminəm ki, bundan da
gözəl gələcəyi olacaqdır".
Əsərin üçüncü hissəsində
üç mühüm fəsildə milli musiqi, təsviri sənət,
teatr, kino, televiziya kimi mühüm sektorlara böyük rəhbərin
verdiyi qiymət öz əksini tapmışdır. Kitabda
müəllifin Heydər Əliyevdən gətirdiyi belə
bir misal Ulu öndərin milli-mənəvi dəyərlər
sisteminə elmi yanaşmasını sübut edir.
Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə
gəlməsi ilə müstəqil Azərbaycan mədəniyyəti
qarşısında geniş inkişaf üfüqləri
açıldı. Böyük mütəfəkkir
görürdü ki, "müstəqilliyi elan etmək, onun
qorunması və möhkəmləndirilməsi istiqamətində
dövlət tədbirləri həyata keçirmək nə
qədər vacib olsa da, əsl müstəqilliyi qazanmaq
üçün bu hələ azdır. Gərək hər
bir insan və xüsusən gənc nəsil müstəqilliyin
nə qədər müqəddəs olduğunu bütün
varlığı ilə dərk etsin, onu qorumaq və möhkəmləndirmək
üçün hər cür qurban verməyə hazır
olsun. Bunun üçün isə o, ilk növbədə
yüksək mənəviyyata malik olmalıdır,
xalqımızın milli-mənəvi dəyərləri onun
şəxsiyyətinin mahiyyətini təşkil etməlidir.
O, azərbaycançılığın, mənsub olduğu
Azərbaycan xalqının mədəniyyətinin, ədəbiyyatının,
incəsənətinin, elminin nə olduğunu dərindən
bilməlidir. Bu, çox mühüm məsələdir. Bizim
bu gün təhsilimiz də, incəsənətimiz də məhz
Azərbaycanın dövlət müstəqilliyinə xidmət
edərək, əsl vətəndaş tərbiyə
olunması prosesinə cəlb edilibdir.
Onu da qeyd edək ki, "Heydər Əliyev: dil, ədəbiyyat
və incəsənət" kitabı tərtibatı və
poliqrafik keyfiyyəti ilə son dərəcə mükəmməl
bir nəşr nümunəsidir. "BDU nəşr evi"nin
çap etdiyi kitab elə bu keyfiyyəti ilə də "Heydər
Əliyev İli"nə layiq bir hədiyyədir.
Böyük rus yazıçısı Lev Tolstoy deyirdi:
"Bu dünyada hər şey sonda yox olacaq. Amma bu dünyada əbədi
qalan söz olacaq". Biz də əlavə edək ki, bu
"əbədi söz" kitab formatında daha etibarlı və
əbədi olur. "Heydər Əliyev: dil, ədəbiyyat və
incəsənət" kitabı müəllifin və
bütövlükdə Universitetimizin Ulu öndərin xatirəsinə
əbədi və ədəbi yadigardır.
Cahangir MƏMMƏDLİ
BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri,
professor
Elçin MƏMMƏDOV
BDU-nun Filologiya fakültəsinin dekanı, dosent
525-ci qəzet.- 2023.- 28 dekabr,№236.-S.12;13.