Nəsrimizdə qış: soyuq fəslin
yaşantıları...
Esse
(Əvvəli 26 dekabr sayımızda)
Yaşatdığı çətinliklərə,
problemlərə baxmayaraq, bütün mövsümlər kimi
qış da gözəldir, maraqlıdır. Elə bu
marağın, özünəməxsusluğun nəticəsidir
ki, yazıçılarımız öz əsərlərində
tez-tez müraciət ediblər bu fəsilə. Hərə fərqli
ideya, fərqli üslub ilə...
lll
Xalq yazıçısı Anarın əsərlərində
də tez-tez ilin ən soyuq fəslinin, qış gecəsinin
təsvirlərinə rast gəlirik. Məsələn,
"Yaxşı padşahın nağılı" hekayəsinin
qəhrəmanı padşah üçün qış gecəsi
əsl kabus idi: "Qış düşəndə
padşahın halı lap pis oldu. Uzun qış gecələri
uzandıqca uzanırdı. Yuxusuz padşah gözlərini dama
zilləyirdi - naxışlı dam göylər qədər
uzaq idi. Padşah çarpayısında uzanıb
düşünürdü. Yaman düşünən
padşah idi".
Yazıçının "Gürcü
familiyası" hekayəsində isə ilin ən uzun
qış gecəsinə incə, hüznlü bir toxunuş
var: "Yadımdadır, bizim riyaziyyat müəllimimiz Babayev
lövhənin qabağında bizə teoremi izah edərkən
qəfilcən susardı, fikrə gedərdi, sonra əzbərdən
Ömər Xəyyamın, ya Füzulinin bir beytini deyərdi.
O, Şərq poeziyasının bilicisi, aşiqi idi. Əsmərin
uzun hörüklərinə o, Şəbi-Yelda deyərdi Sonra
da bizə başa salardı ki, Şəbi-Yelda ilin ən uzun
gecəsi - 22 dekabr gecəsidir.
Əsmərin saçlarını qısa kəsilmiş
görəndə kişinin az qaldı dili tutulsun. Düz bir həftə
dərsdə ancaq riyaziyyatla məşğul olduq. Babayev indi
ancaq teoremlər isbat edir, həll etdiyimiz məsələləri
yoxlayır, tapşırıqlar verirdi. Bir həftə sonra
lövhə qarşısında yenə bir teoremi izah edərkən
o, birdən dayandı, bizə tərəf çevrildi və
Əsmərə baxdı: - İndi sənin saçların
22 iyun gecəsidir, - dedi".
Hekayənin davamında isə qış fəsli yenidən
xatırlanır. Bu dəfə başqa səbəblə:
"Onlar İçərişəhərdə
yaşayırdılar. Tez-tez gedərdim evlərinə.
Köhnə pilləkənin altında iki göz kiçik
otaq. Otaqların birinin pəncərəsi balaca, çirkli həyətə
açılırdı. İkinci otağın yerli-dibli pəncərəsi
yox idi. Bu otaq indiki kimi yadımdadır. Balaca, lampanın zəif
işığında ədəbiyyatdan ifadə yazıya
hazırlaşardıq, qış aylarında Əsmərin
anası kerosinkanı gətirərdi otağa - bir az
qızınmaq üçün. Anası deyərdi ki, evdə
kişi olsaydı, bu otağın divarını deşib
küçəyə pəncərə açmaq olardı.
Belə pəncərədən dəniz görünərdi".
lll
Xalq yazıçısı Çingiz Abdullayevin də
əsərlərində qışın maraqlı təsvirlərinə
rast gəlirik. Onun 1992-ci ilin şaxtalı fevral gecəsində
baş verən Xocalı soyqırımının da
xatırlandığı "Meymun ili" romanında
qış çovğunlu, boranlı deyil, təmiz havası
ilə yad edilir: "Onlar küçəyə
çıxdılar. Bayırda şimal şəhərlərində
qış mövsümündə olduğu kimi, təmiz hava
var idi. Parıltılı gecə qarı, dadlı, soyuq və
kəsici hava ilə bədirlənmiş ay..."
Gənc yazıçılarımızın da əsərləri
ilin ən soyuq fəslinin təsvirindən heç də xali
deyil. Məsələn, Aysel Əlizadə "Qadın
peyğəmbər" romanında qışı, onun
qarını fərqli obrazla əks etdirir: "Elə
olmadı. Günəş qürurla boy-boy düzülən
dağların arxasında gizlətdiyi sapsarı
başını göstərmədi, yox. Nə də təbiətin
sevgilisi yaz qaranlığın ömrünü azaltmaq
üçün gəlib gecəni qısaltdı.
Qışın uzun, üzücü gecələri
ucbatından həyatın bütöv mənzərəsində
qara rəng ağ rəngi üstələməsin deyə, təbiət
qar düşündü. Qar yağdı, o, doğulan gün,
qar. Adını Qar qoydum".
Romanın başqa bir yerində isə çox
maraqlı təsvirlə qarşılaşırıq. Müəllif
bu təsvirlə sanki öz ölkəsində
qışın niyə çox sevilmədiyini, ya da
özündən əvvəlki yazıçıların əsərlərində
niyə qışın daha çox çətinliklərindən,
problemlərindən söz açıldığını
izah etməyə çalışır: "Bu ölkədə
qar hər qış yağmazdı. Qar qıtlığı
vardı buranın. Yağanda hamı küçəyə
tökülüşərdi. Uşaqlar dəlicə
qaynaşardılar, qar adamına oxşar məxluqlar düzəldərdilər.
Böyüklər qardan ləzzət ala bilməzdi.
Çünki yollar tutulur, buz olub sürüşkənləşir,
işə gedənləri, maşın sürənləri,
yola çıxanları dilxor edərdi. Qarı sevərdi
hamı, ancaq qəzaların, sorunların sayı
artırdı deyə, kimsə arzulamazdı. Belə havada
çocuğunu qartopu oynamaq bəhanəsiylə şəhərə
gətirən analar yığıncağı gözə dəyərdi.
Qar bəhanəli qeybət toplantısı axşama kimi
sürərdi. Qarla Nur belə toplantılardan birinin
yanından keçirdi. Dinmədən topuğa qədər
yığılan qarı addım-addım basıb yerə
yapışdırır, havanın təmizliyini duyuran şaxtadan
ləzzət alıb, bir-birini sözlə yormadan aramla
yeriyirdilər. Gözlərini hara dikdiklərini özləri
də bilmədən addımlayırdılar. Hamar bəyazlığa
ayaqqabı şəkli çəkir, cığır
açırdılar. Arxalarınca öz ayaq izləri gəlirdi.
Kimsə həmin izə düşüb onlara yetişə bilərdi.
Arxada isə bu izlərdən başqa heç kimləri və
heç nələri yox idi..."
Tural Sahab isə "Canavar ovu" romanında şəhərin
deyil, ucqar bir kəndin qış mövsümündən və
onun yaşatdığı çətinliklərdən
danışır. Demək olar ki, roman bütünlüklə
məhz kənd əhalisinin qışda
yaşadığı problemlərə həsr olunub.
"1974-cü ilin sonuna beş gün qalmış qar
yağdı. Bozdağ kəndinin yolları, demək olar ki,
bağlandı. Həmin il qış o qədər sərt
keçdi ki, ən gur bulaqların suyu da dondu. Fevral
ayının sonunadək bulaqların gözündəki buz
açılmadı.
Bu müddət ərzində kənd sakinləri
çox ağır günlər yaşadı. Qocalardan bəzilərinin
canı soyuğa dözmədi; bu dünyayla
vidalaşdılar... Sağ qalanlar isə "74-ün
qışı"nı yaddaşlarına yazdılar... Onda
telefon və televizor addım-addım insanların həyatında
özlərinə yer açırdı, "internet" kəlməsi
elmi termin kimi işlədilirdi. Ucqar dağ kəndində
dünyadan xəbər tutmağın yeganə yolu radio idi.
Kimsə telefonla uzaqdakı qohum-əqrəbasına xəbər
ötürmək istəyəndə mütləq rayon mərkəzinə
getməliydi. Kəndin elektriki də bərbad idi; sutkada 2-3
saat verilirdi. Üstəlik, köhnədən qalma işıq
xətləri tez-tez qırılır, kəndi aylarla neft
lampasının və öləziyən şam
işıqlarının ümidinə qoyurdu. Bir sözlə,
vəziyyət ürək açan deyildi. Külək bir azca
bərkiyəndə, yaxud qar yağmağa başlayanda
hamı evdə şamını, lampasını
gündüzdən hazırlayardı..."
lll
Amma qış təkcə soyuqların,
şaxtaların, boranların mövsümü deyil axı.
Qışda elə bir bayram var ki, bunu az qala bütün
dünya qutlayır. Hətta noyabrın axırından -
soyuqlar özünü qapının kandarından göstərəndən
hamı məhz həmin günə hazırlaşmağa
başlayır. Bəli, bu, Yeni il bayramıdır ki, onun gəlişi
ilə köhnə ilə "əlvida" deyib təzə
ilə "xoş gəlmisən" söyləmək
şansı qazanırıq.
Dekabr girər-girməz hər evdə yeni il
yolkaları qurulur, evlər, parklar, yollar rəngarəng
işıqlarla bəzədilir, təzə ilin sevimli obrazları
Şaxta baba və Qarqız uşaqlara gözəl anlar bəxş
edir, hər kəs bir-birinə yeni il hədiyyəsi alıb
sevindirməyin tədarükünü görür.
Azərbaycan ədəbiyyatında da bəzən
müəlliflər qışı məhz bu cür- təzə
ilin gəlişi ilə yad ediblər. Amma heç şübhəsiz,
Yeni il bayramının ədəbiyyatımızdakı yerindən
danışanda çoxumuzun yadına Xalq
yazıçısı Anarın məşhur "Keçən
ilin son gecəsi" əsəri düşür. Zamanında
televiziya filmi kimi də çəkilərək
tamaşaçılarla görüşən əsərdə
bir ailədə keçən köhnə ilin son saatları və
təzə ilin ilk dəqiqələrinə görülən
hazırlıqlar əks olunub:
"Həmişə olduğu kimi indi də Həmidə
xala yeni ili öz evlərində qarşılayırdı.
Onun yaşı əllini çoxdan ötmüşdü. Yeni
ili qarşılamaq dəb düşəndən bəri o,
yalnız bircə dəfə, dekabrın otuz birində öz
evlərində olmamışdı. O da təsadüfən; Həmidə
xala əri Qəzənfərlə Moskvadan
qayıdırdı. İş elə gətirdi ki,
Mahaçqaladan bir az bəri qatarı saxladılar. Yolu qar
basmışdı. Başqa sərnişinlər kimi Qəzənfərlə
Həmidə də qırx yeddinci ili qatarda
qarşılamalı oldular. Əlli ikinci ildə isə Qəzənfər
vəfat elədi. Həmidə xalagilin dörd
uşağı vardı. İki yaşında vəfat eləmiş
Sahib də dursaydı, beş olardı. Böyüyü
qız idi - Gülarə. Ondan kiçiyi - Rüstəm. Sonra
Dilarə, bir də sonbeşik - Tofiq. Gülarə ərdə
idi. Əri Süleyman həkim idi. Gülarə ilə
Süleymanın uşaqlarının adı Vaqif idi. O,
yaşyarımında idi. Tofiqin on dörd, Dilarənin on yeddi,
Rüstəmin iyirmi bir, Gülarənin iyirmi beş
yaşı vardı. Gülarədən başqa bütün
uşaqlar evdə Həmidə xala ilə bir yerdə
yaşayırdılar. Keçən ilin son gecəsi idi".
lll
Bəli, elə bizə təzə ili gətirməsi
ilə də sevimlidir, gözəldir qış. Deyilmi?!
Günəşli, həlim qış günündə,
Yeni il bayramına sadəcə bir neçə gün
qalmış oxuduğunuz bu məqalə ilə biz də
ömrünüzə təşrif buyurmuş növbəti
qış fəslinizi və üzümüzə gələn
təzə təqvim ilinizi təbrik edir, təkcə bayram
günü deyil, həyatınızın heç bir
günündə tənha qalmamağınızı arzu
edirik.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2023.- 28 dekabr,№236.-S.11.