Teatr prosesinin ilk mərhələsi:
Milli teatr düşüncəsinin əski qaynaqları
Azərbaycan teatrı-150
(Birinci yazı)
...Qomaduğun yerdən götürmə
"Oğuznamə"
"Mədəniyyətə olduqca güclü təsir
göstərən amillərdən biri zaman amilidir, yaddaş
amilidir - keçmiş mədəniyyətlərin
yaddaşıdır, yəni yeni mədəniyyətin tərkibində
yenidən yaradılan mədəniyyət sistemi
üçün substrat, ilkin element olan rudimentlərin
mövcudluğudur" (L.N.Qumilev. Qeoqrafiə gtnosa v
istoriçeskiy period. L., Nauka, 1990, s.112 (rus dilində).
Azərbaycan teatrşünaslığında belə
hesab olunur ki, mədəniyyətimizdə teatr və
dramaturgiyanın yaranması M.F.Axundzadənin altı
komediyasının meydana gəlməsi ilə
bağlıdır. Müəyyən mənada doğru olan bu
fikir teatrşünaslığımızın təməli
anlayışına dönərək, tədqiqatçıları
teatr prosesinin tarixini məhz bu aspektdən
araşdırmağa yönəldib. Bu fikri dəqiq anlamaqdan
ötrü əslində iki anlayışı bir-birindən
ayırmalıyıq:
...TEATR DÜŞÜNCƏSİ İDEYASI, hansı
ki, kökləri əsrlərin dərinliklərinə gedib
çıxır...
...MƏDƏNİYYƏTİMİZDƏ AVROPA TEATR
MODELİNİN AKTUALİZƏ, GERÇƏKLƏŞMƏ
FAKTI, hansı ki, onun mədəni əhəmiyyəti
çox böyükdür...
Hazır və aprobassiyadan keçmiş Avropa teatr
formalarını əxz edən Azərbaycan milli professional
teatrı Şərq mədəniyyətinin mənəvi dəyərlərini
özünə İDEAL seçdi. Məlum səbəblərdən
sovet teatrşünaslığı bu mətləbi tamamilə
inkar edirdi: əks təqdirdə ənənəvi Şərq
mədəniyyətinin üzvi tərkib hissəsi olan Azərbaycan
mədəniyyətinin məğz etibarilə İslam mədəniyyətindən
qaynaqlanması və Azərbaycan incəsənətinin estetik
formalarda İslam dünyagörüşünün ideoloji, mənəvi,
sakral (ilahi) və humanist anlayışlarını əks
etdirməsi fikri qəbul olunmalı idi.
Əsas məqsədimiz teatr prosesində yaranan poetika
səciyyələrini bərpa etmək olduğundan ötərgi
məsələlərə toxunmayacağıq. Sovet
ideologiyasının bədii düşüncəmizə
vurduğu başlıca zərbə böyük idi: bəsitləşdirmə
prosesi rəsmən elan olunmasa da, rejim tərəfindən
ardıcıl olaraq həyata keçirilirdi. Sovet ədəbi
prosesində bu əməliyyat nisbətən ağır
gedirdi, çünki fərdi yaradıcılığı nəzarət
altında saxlamaq çətin məsələ idi. Kino və
teatr sənətləri isə bu mərhələdə nəzarət
altında saxlanılır, sərt senzura təqibinə məruz
qalırdı. Ədəbiyyatşünas-yazıçı
Viktor Yerofeyev bu prosesin nəticələri haqqında belə
yazır: "Ədəbiyyatın (ümumiyyətlə, mədəniyyətin)
sahmanlanması cəmiyyətimizə dəhşətli ziyan
verdi, bu ziyanın əsl ölçülərini müəyyənləşdirmək
çətindir. Kontuziyadan zədələnən cəmiyyət
mürəkkəb əxlaqi və ekzistensional problemlərdə
oriyentasiyasını itirmişdi - onun insani potensialı kəskin
surətdə azalmış, aşağı
düşmüşdü. Eyni zamanda oxucularını bədii
həllərinin aydınlığı və sadəliyiylə
bihuş edən ədəbiyyat doğuldu və bu ədəbiyyat
gerçəkliklə heç bir əlaqəsi olmayan həyatın
böyük sadəliyi haqqındakı çox təhlükəli
bir mifə dönməkdə idi..." (V. Erofeev. V labirinte
proklətıx voprosov. M., Sov.pisatelğ., 1990, s.7 (rus dilində).
Eyni sözləri sovet teatrı haqqında da demək
olar və Azərbaycan sovet teatrı da burada istisna deyil.
Bizcə, Azərbaycan milli teatr düşüncəsinin
qaynaqlarını ilk öncə əcdadlarımızın
mifoloji təfəkküründə axtarmaq ona görə səmərəlidir
ki, bu gün də düşüncəmizdə rudiment
(qalıq) halında olan bir çox təsəvvürlərin
mənasını açıqlamağa müvəffəq ola
bilək. Milli teatr poetikasının bir çox səciyyələri
əski oğuzların mif yaradıcılığında,
deyimlərində, müxtəlif adət-ənənələrində,
oyunlarında, mahnılarında və s. səpələnmiş
halda mövcuddur. Odur ki, əski oğuzların məsləhətləriylə
biz sadaladıqlarımızı "qoyduğumuz yerdən
götürməyi" rəva bilirik.
Ümumtürk mədəniyyətinin üzvi tərkib
hissəsi olan əski oğuz mədəniyyətinin
çağdaş mədəniyyətimizə təsiri
danılmazdır. "Oğuzlar çox əski mədəniyyəyə
malik türkdilli qəbilə birləşmələri silsiləsindəndir"
(Mirəli Seyidov. Azərbaycan mifik təfəkkürünün
qaynaqları. B., Yazıçı, 1983. s.250), amma bizi
maraqlandıran bu mədəniyyətin tərkibində olan
müxtəlif mifoloji-epik əsərlərdəki teatr
düşüncəsinin elementləridir. "Oğuzların
öz dillərində yazılmış ilk milli dastanları
Dədə Qorqud dastanlarıdır. Bu dastanlar son əsrlərə
qədər Anadolu və İran türkləri arasında
sevilərək dinlənilmiş, oxunmuş..." (Faruq
Sümər. Oğuzlar. B., Yazıçı, 1992, s.345). Odur
ki, bu abidənin boylarını çıxış nöqtəsi
kimi götürmək olar.
Ədəbiyyatşünas alim, Xalq yazıçı
Kamal Abdulla "Gizli Dədə Qorqud" monoqrafiyasında
dastanın özümüzü, gerçəkliyimizi, iddia və
imkanlarımızı daha yaxşı tanımaq
üçün arac, vasitə olmasını vurğulayaraq
daha dərin qatlardakı Dədə Qorqud mənalarını
göstərir.
Göründüyü kimi, teatr prosesinin ilkin mərhələlərində
sırf milli teatr poetikasının yaranması
üçün ən vacib şərtlər artıq
mövcud idi (əgər bəlli tarixi səbəblərdən
teatrımızın "rişələr"i süni şəkildə
kəsilməsəydi...). Bunlar
aşağıdakılardır:
- Sehrli sənətin yaranması üçün
etno-psixoloji tələbat;
- Onu qavrayıb, təsirlənmək üçün
aparıcı motivasiya;
- Özəl üsul və formalar;
- Sehrli söz qatı;
- Bədii-estetik sistemlər.
Bədii-estetik sistemin başlıca elementi ritm
olduğundan hər hansı mərasimin təsir qüvvəsi
birə on artır. Dədə Qorqud fenomenini araşdırarkən,
bəzən unuduruq ki, o, öz boylarını qopuzda
çalmaqla müşayiət edirdi. Daha dəqiq desək (bu
isə "Kitabi-Dədə Qorqud"un mətnindən
aydın görünür), Dədə Qorqud nəqlini musiqiyə
tabe edirdi.
Bəllidir ki, kobız-qopuzun simləri qoldan aralı
olduğuna görə barmaqla basılanda qolun səthinə
kip yapışmır və buna görə də, səsində
fitə bənzəyən çalarlar eşidilir. Bu əlavə
təsir vasitəsi sehr ovqatını artırır, onu adi əyləncə
və nəşədən uzaqlaşdırır. Deməli,
qeyd edə bilərik ki, boylama, aydırma kütləvi sehr
ovqatıyla səciyyələnir, bu isə teatr
düşüncəsinin olduqca mühüm bir
kateqoriyasından, atmosferindən xəbər verir
Teatr prosesi əcaib dövrə vurub əski
qaynaqlarına qayıdır. Bu qarşılıqlı hərəkətdə
üç əsas meyl sezilir:
1) Kitabi Dədə Qorqudun zahiri əlamətlərindən
faydalanıb, onun sujet xəttini, qəhrəmanlarını,
hadisələri və s. modernləşdirməklə
"aktual" məsələləri həll etmək.
2) KDQ-nın daxili mifo-epik strukturlarından faydalanaraq
yazılı ədəbiyyatın imkanlarını təzələmək
niyyəti (çağdaş mifo-epik yaradıcılıq).
3) KDQ-nın strukturuna çağdaş ədəbi
(formal) məntiqlə müdaxilə edərək
"qaranlıq" mənaları işıqlandırmaq,
çağdaş nöqteyi-nəzərdən boşluq olan
hissələri doldurmaq cəhdləri.
Biz hər üç meyli qənaətbəxş
sayırıq, çünki nəzərə çarpan cəhdlər
milli düçüncəmizin əski xəzinəsindən
faydalanmaq deməkdir. KDQ-nın mifoloji (sehrli)
başlanğıcı hər hansı vasitələrlə
adiləşdirilməməlidir, əksinə, o,
çağdaş fəlsəfi nailiyyətlərdən təkan
alaraq dastanın mistik mənalarını gücləndirməlidir.
Başqa sözlə, bu gün səhnə əsəri
üçün əsas kimi götürülən KDQ dini
kitabələr kimi qavranmalıdır. Bu halda onun sakral mənaları
öz ilkin anlamlarında təsir göstərmiş olar. Dədə
Qorqudun "qayibdən dürlü xəbər verməsi"
(mifoloji keyfiyyəti) bəlkə də bütün başqa
keyfiyyətlərdən önəmlidir. Bu keyfiyyət bu
gün hiss olunan "mifoloji aclığı" aradan
götürüb canlı epik ənənənin
davamını təmin edə bilər. Teatr prosesi
üçün isə bu hal ən mühüm və həlledici
amillərdən biridir. KDQ-nın istisnasız bütün
boylarında mifo-epik struktur və mənaları
aşkarlamalıyıq, əks təqdirdə biz sehrli məsəlləri
etnopsixoloji problemlərlə əvəz edə bilərik.
Dədə Qorqudu ozan-sənətçi kimi anlayanda,
unutmamalıyıq ki, arxaik dövrdəki hər hansı sənət
hələ öz mistik mənşəyini və məqsədlərini
sırf peşəkar funksionallığına dəyişməmişdi.
Unutmayaq ki, Dədə Qorqud qopuzu icad etmiş demiurqdur, deməli,
hər hansı sənət düşüncəsinin, o
cümlədən, teatr prosesinin banisidir.
Çağdaş teatr prosesinin bəzi
"düyünlü" problemləri məhz "Dədə
Qorqud açarı" ilə açılıb, tam
gücü ilə öz əbədi işini görə bilər.
Əgər bu problemlər sırasında milli dramaturgiya məsələsinə
ayrıca nəzər salsaq, görərik ki, bu gün onun
çatışmayan cəhəti məhz sehrdir, qutdur,
ovsundur. Bunları isə dramaturgiya məhz KDQ-nın
boylarından əxz edə bilər: bundan ötrü
yalnız hamımızın düşüncəsində
yaşayan duyğu və inanclara çağdaş forma vermək
yetərlidir. Unutmayaq ki, Dədə Qorqudun özü də
daha qədim ənənələrdən faydalanırdı...
Bəs Dədə Qorqud ənənəsindən qədim
ənənələr hansılardır ki, biz onları da teatr
düşüncəmizin köklərinə aid edib
araşdıraq?
Birinci və ən əhəmiyyətlisi rituallar-mərasimlər-ayinlərdir
ki, hər hansı etnosun mədəniyyəti onları
yaddaşında saxlayır. V.Ternerə görə
"...ritual jestləri, sözləri, obyektləri əhatə
edən məxsusi yerdə (məkanda) icra olunan, fövqəltəbii
qüvvələrə, ya məxluqlara
ifaçıların maraqları və məqsədlərinə
uyğun təsir göstərə biləcək əməllərin
(əməliyyatların) stereotipli (qəliblənmiş -
M.Ə.) ardıcıllığıdır" (Viktor Terner.
Simvol i ritual. M., Nauka, 1983, s.12).
Bu qısa təyinlə kifayətlənib xatırladaq
ki, mərasimlər mövsumi, işgüzar, nigah,
qurbanlıq, müalicə, doğum, ölüm, fəlakət,
sakral və s. mövzularda olur. Mülahizələrimizi daha
aydın anlamaq üçün V.Ternerin bir mühüm
tezisini də göstərək: bir halda ki, cəmiyyətlər
donub qalmış strukturlar deyil, dəyişikliklərə
cavab verən proseslərdir, deməli, onların içində
yeni rituallar yaranır, ya da ki, kənardan
götürülür, əski rituallar isə tənəzzülə
uğrayıb yox olur. Bununla belə, bu daimi dəyişikliklərin
axınında rituallar üçün yeni bəhanələrdə,
hətta yeni ritual konfiqurasiyalarında radikal yenilikdən
çox bir qayda olaraq keçmişin variantlarının
görkəmini alan formalar qorunub saxlanılır. (Viktor Terner.
Simvol i ritual. M., Nauka, 1983, s.33)
Dədə Qorqud ənənəsi məhz əski
oğuzların zəngin ritual ənənəsindən qaynaqlanıb
cəmiyyətin yeni tarixi şəraitdə yeni mənəvi
psixoloji təlabatlarını ödəməyə yönəlmişdir.
Bunu da xüsusi vurğulamağı lazım bilirik ki,
Azərbaycan milli sənət təfəkkürü intuitiv və
praktikidən başlamış nəzəri-konseptual
düşüncəyə qədər təfəkkürün
bütün növlərinə malikdir. Çağdaş
teatr düşüncəsi isə daha çox reproduktiv əsaslara
bağlı olduğundan teatr prosesinin köklü problemlərinə
müraciət etməyə subyektiv və obyektiv maneələr
yaradır. Belə ki, bu gün teatr düşüncəsinin qarşısında bir sıra
başqa problemlərlə yanaşı, teatrın
"özünü dərketməsi"ni təmin etmək vəzifəsi
durur: teatrımız özünü subyekt kimi (milli mədəniyyət
kontekstində) anlamalı, düşüncə obyektiylə
identifikasiya (eyniləşdirmə) etməli, öz
başlıca problemini (İdealını, poetikasını) mənimsəməli
və bu problemə öz münasibətini təyin etməlidir.
Demək artıqdır ki, yeni tarixi şəraitdə
bu vəzifələr ümummilli düşüncə problemləri
ilə ayrılmaz vəhdət təşkil edir,
çünki teatr düşüncəsinin problemləri etik,
estetik, sakral, psixoloji problemlərin kəsişən nöqtəsində
cəm olunaraq öz sahəsində mühum ontoloji (mahiyyət),
ekzistensional (varolma, mövcudluq) problemlərin dərkində,
həllində güclü və başlıcası emosional
yardımçı ola, xalqın yaradıcı enerjisini ali dəyərlərə
istiqamətləndirə bilər.
Məryəm ƏLİZADƏ
Sənətşünaslıq doktoru, professor
525-ci qəzet.- 2023.- 28 dekabr,¹236.-S.10.