"Ayrılmaz yollar"ın təqdimatı
keçirilib
DÖRD FƏSİLDƏN İBARƏT KİTABDA BARAT
VÜSALIN ƏDƏBİ
DÜŞÜNCƏLƏRİNİ ƏKS ETDİRƏN
YAZILARI TOPLANIB
"Qazax" Xeyriyyə İctimai Birliyinin təşkilatçılığı
ilə Atatürk Mərkəzində şair, publisist, Azərbaycan
Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri
Barat Vüsalın "Ayrılmaz yollar" kitabının təqdimatı
olub. Kitabda müəllifin müxtəlif ədəbi nəsillərə
aid məqalələri, açıq məktublar, bir sıra
xatirələr, bir çox kitablara yazdığı ön
sözlər toplanıb. "Boxça çiçəyi",
"Bir ocağın övladıyıq", "Bir qom bənövşə"
və "Bir şamın kölgəsində" adlı fəsillərdən
ibarət kitabın rəssamı "Qazax" Xeyriyyə
İctimai Birliyinin üzvü Qafar Sarıvəllidir. Kitab
"Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü Xəyyam
Nəsibovun maliyyə dəstəyi ilə işıq
üzü görüb.
Təqdimat mərasimində "Qazax" Xeyriyyə
İctimai Birliyinin üzvləri - Xalq şairi Nəriman Həsənzadə,
millət vəkilləri Səməd Seyidov, Nizami Cəfərov,
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad
Məcid, Azərbaycan Yazıçılar Birliyinin katibi
İlqar Fəhmi, professor Rüstəm Kamal və bir sıra
başqa qonaqlar iştirak ediblər. Tədbiri giriş
sözü ilə "Qazax" Xeyriyyə İctimai Birliyi
İdarə heyətinin sədri, professor İlham Pirməmmədov
açaraq, Barat Vüsal yaradıcılığının
özünəməxsusluğu barədə
danışıb: "Barat Vüsal Qazaxdan Azərbaycan ədəbiyyatına,
Azərbaycan poeziyasına xidmət edən görkəmli
şairlərdən biridir. Özünəməxsus dəsti-xətti,
özünəməxsus yaradıcılığı olan
Barat Vüsalın əsərlərində Vətən, qələbə,
azadlıq, azərbaycançılıq,
türkçülük, keçmişi daim öz
yaddaşında yaşatmaq, gələcəyə
böyük umid, inam kimi mövzu və ideyalar öz əksini
tapır"
Xalq şairi Nəriman Həsənzadə
çıxışında bu fikirləri önə çəkib:
"Barat şair idi. Bu kitabı oxudum, gördüm Barat
filosofdur, tənqidçidir, ədəbiyyatşünasdır,
alimdir, ictimai xadimdir. Həm şair, həm alim Baratı təbrik
edirəm. Bu gün biz alim Baratın görüşünə
gəlmişik".
Akademik Nizami Cəfərov görkəmli klassiklərin
ideyalarında ümumi azərbaycançılıq,
türkçülük ruhunu axtarıb tapmağı
B.Vüsalın xidməti olaraq dəyərləndirib:
"Rayonda yaşasa da, o, respublika miqyasında, hətta
Türk dünyası miqyasında görünən bir
şairdir. Onun ədəbi əcdadları ayrılan yollardan
danışırdısa, Barat Vüsal ayrılmaz yollardan
danışır. "Ayrılmaz yollar" kitabı çox
dəyərli bir əsərdir. Hətta şairliyi qədər
də Barata nüfuz gətirən bir
yaradıcılıqdır".
Millət vəkili Səməd Seyidov bildirib ki,
B.Vüsal unikal insandır: "Onun yaradıcılıq fəlsəfəsində
böyüklüklə sadəlik birləşib. Barat müəllim
bir dost kimi, insan kimi, şair kimi hər kəs tərəfindən
yüksək qiymətləndirilir".
Mətbuat Şurasının sədri Rəşad Məcid
həm vətənpərvərlik, həm ədəbi
mövzuda tədbirlərin təşkilinə, həm də
insanlara göstərdikləri diqqətə görə
"Qazax" Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin
sədri İlham Pirməmmədova təşəkkürünü
bildirdikdən sonra B.Vüsalın
yaradıcılığı haqqında fikirlərini
bölüşüb: "Barat Vüsal
yaradıcılığı xüsusi dəyərə
malikdir. O, bölgə şairi yox, ölkə şairidir.
Torpağa bağlı insandır. Zəngin biliyə malik, dərin
düşüncəli qələm adamıdır".
Yazıçılar Birliyinin katibi İlqar Fəhmi,
professor Rüstəm Kamal, Milli Məclisin Mədəniyyət
komitəsinin eksperti Əkbər Qoşalı, həmçinin
Vurğun Vəkilov, Xəyyam Nəsibov, Nəzakət Məmmədli,
Aqşin Ağkəmərli və digər
iştirakçılar da B.Vüsal haqqında, onun yeni kitabı
barədə yüksək fikirlər söyləyiblər.
Tədbirdə aşıqlar B.Vüsalın
yaradıcılığından nümunələr səsləndiriblər,
tanınmış söz adamlarından Qiymət Məhərrəmli
və İbrahim İlyaslı ona həsr etdikləri şeirlərini
oxuyublar. Sonda çıxış edən Barat Vüsal tədbir
iştirakçılarına və
çıxışçılara təşəkkürünü
bildirib, yubiley tədbirində əməyi olan insanlara,
xüsusilə İ.Pirməmmədova minnətdarlıq edib.
525-ci qəzet.- 2023.- 28 dekabr,№236.-S.13.