"Nə qədər ki öz əlimdir yazanım..."  

 

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra yeni dövr mətbuatımızın və jurnalistikamızın formalaşmasında bir çoxlarının danılmaz əməyi olub. Onları daim xatırlamağımız təkcə vicdan borcu deyil, həm də gələcəkdə bu tarixin daha obyektiv və hərtərəfli yazılmasına azacıq da olsa töhfə vermək məsuliyyətindən irəli gəlir. Dünən Azərbaycan mətbuatı və hərbi jurnalistikası son 32 ilin azı yarısının səlnaməsini yaradan istedadlı qələm sahiblərindən birini, imzası yaxşı tanınan Ədalət Teymurovu itirdi.

Onun jurnalistlik fəaliyyəti Azərbaycan Dövlət Universiteti Jurnalistika fakültəsini bitirdiyi 1984-cü ildən daha əvvəl, 1970-ci illərin sonlarından "Bakı" və "İnşaat"çı qəzetlərində başlamışdı. Xüsusən görkəmli mətbuat işçisi, Azərbaycan jurnalistikasının təşəkkülündə müstəsna yerə malik müəllimi Nəsir İmamquliyevin baş redaktoru olduğu "Bakı" qəzetində işləməsi Ədalət Teymurov üçün də böyük bir məktəb oldu. Bu qəzetlə əməkdaşlığı, az sonra qəzetin ştatlı işçisi kimi fəaliyyətə başlaması onu püxtələşdirdi. Qələmini bir çox mövzularda sınasa da, iqtisadiyyat sahəsi ilə bağlı yazıları diqqəti daha çox cəlb etdi.

Sonrakı illərdə "Kənd həyatı", "Azərbaycan təbiəti" jurnallarında dərc edilən publisistik yazıları və sanballı araşdırmaları onu nüfuzlu qələm sahibi kimi tanıtdı. Həmin illərdə Azərbaycanda cəmi bir neçə mərkəzi qəzet və jurnal nəşr edilirdi. Nə gizlədək, bu nəşrlərin bir çoxunda iqtisadi mövzularda yazmağı bacaran jurnalistlər az idi. Çünki adətən, əksər iqtisadçılar hətta mükəmməl iqtisadi təhlillər aparsalar da, maraqlı yazmağı bacarmırdılar, jurnalistlər isə oxunaqlı yazsalar da, bu sahəni lazımi səviyyədə bilməmələri səbəbindən məqalələri ya səthi alınır, ya da mövzu yetərincə açılmırdı. Ədalət Teymurov iqtisadi bilikləri və jurnalist istedadı ilə həmin nəşrləri tam qane edirdi, buna görə də kifayət qədər iş, əməkdaşlıq təklifləri gəlirdi. Öz qərarını verməkdə tərəddüd etməsə belə, bu məqamlarda adətincə, bəzi dostlardan: "Qadası, sən nə məsləhət bilirsən", deyə soruşardı. Bu təkliflər maddi və təminat baxımından bəzi üstünlüklər vəd etsə də, onları tam fərqli yöndən dəyərləndirməsi yəqin o vaxt olduğu kimi, bu gün də bir çoxlarını təəccübləndirəcək. "Bunu belə, onu elə yaz, deyiləcəksə, siz sağ, mən salamat". Çox sevdiyi Məmməd Araz demişkən:

 

Ürəyimsiz kəlmə yazan deyiləm,

Nə qədərki öz əlimdir, yazanım.

 

Yazmadı da, çünki "qələmin borcu həqiqəti yazmaqdır" deyən sələflərdən doğruları yazmağı əxz etmiş, böyüklərdən "özünə, sözünə sədaqət" dərsi almışdı.

1988-ci ildən sonra ölkədə və ətrafında baş verən hadisələrlə əlaqədar iqtisadi jurnalistika sahəsindəki fəaliyyətinə fasilə verməli oldu. O illərdə Azərbaycan, həqiqətən də, öz tarixinin ən mürəkkəb və çətin dövrlərindən birini yaşayırdı, Ermənistanın ərazi iddiası ilə başlatdığı işğalçılıq müharibəsi respublikanı ağır sınaqlarla üz-üzə qoymuşdu. Belə bir şəraitdə xalqın etiraz səsini, öz torpağını, haqqını müdafiə etmək qərarını saxta beynəlmiləlçilik təbliğatından əl çəkməyən, əslində, milli məsələlərə biganə olan hakimiyyət orqanlarına çatdırmaq üçün yeni və müstəqil mətbuat orqanlarının yaranmasına ciddi ehtiyac yaranmışdı. Az keçmədi ard-arda belə nəşrlərin meydana çıxması ilə Azərbaycan mətbuatının qarşısında yeni imkanlar açıldı. Sürətlə dəyişməkdə olan şəraitdə qələminə, məsləkinə sədaqətli, sözünü cəsarətlə deyən, açıq fikirli yazarlara meydan verilmişdi. Ədalət Teymurov müstəqil mətbuatın bayraqdarları sırasında olan, 1989-cu il oktyabrın 6-da Qarabağa Xalq Yardımı Komitəsinin nəşri kimi işıq üzü görən "Azərbaycan" qəzetində işə başladı.

Ədalətin "Azərbaycan" qəzetindəki yazıları haqqında bu qəzetdə ona çiyindaşlıq etmiş tanınmış jurnalist, istedadlı publisist Elman Gədiklinin dedikləri ən yaxşı bələdçidir: "Ədalətin bənzərsiz üslubu, mövzunu mükəmməl çardırması, təsirli və oxunaqlı dili adamı valeh edirdi. O, haqqını almamış orijinal qələm adamı idi".

Ədalət təqribən iki il sonra fəaliyyətini başqa bir yeni və müstəqil qəzetdə, həmin vaxt Hüquqşünaslar İttifaqının nəşri olan "Ədalət"də davam etdirdi. Düzə düz, əyriyə əyri dedi, doğruları yazmaqdan nə çəkindi, nə də usandı. Ancaq həmişə ədalətli oldu, ən kəskin vəziyyətlərdə belə obyektivliyi gözlədi, həqiqəti yazdı desəm, heç bir mübaliğəyə yol vermərəm. Ədalət "Ədalət"in şöhrətinə töhfə verdi, "Ədalət"sə onun jurnalist keyfiyyətlərinin, peşəkarlığının gizli qalan tərəflərini üzə çıxardı.

Azərbaycan çətin günləri davam edirdi. Ya Qarabağ, ya ölüm! deyib ayağa qalxan xalq öz haqlarını axıradək qorumaqda qərarlı idi. Gərgin dövrdən keçən, torpaqlarının müdafiəsi üçün ölüm-dirim savaşına qalxmış Vətənin çağırışına cavab verən, harayına yetənlərin ilk sırasında o, Ədalət Teymurov da vardı. Yurd, millət, doğma ocaq sevgisi ilə alışan qəlbini nümunə bildiyi Danko kimi əlinə alıb başı üzərində məşələ çevirməkdə qərarlıydı. Ədalət Teymurovun jurnalist taleyinə fərqli bir sahədə ilklərin sırasında yer almağı qismət edən də elə bu amal, bu yanğı oldu.

1991-ci il sentyabrın 5-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi fəaliyyətə başladı. İlk gündən qarşıya çıxan və təcili həllini gözləyən məsələlərdən biri gənc nazirlikdə informasiya işinin təşkili, eləcə də ictimaiyyətlə əlaqələrin qurulması idi. Bu baxımdan mətbuatla müntəzəm və səmərəli əməkdaşlıq əlaqələrini qurmağa qadir, səriştəli jurnalist kadrlara ciddi ehtiyac vardı. Qısa müddətdə Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi təşkli edildi və fəaliyyətə başladı. Bu şöbədə ilk iş dəvəti alanlər sırasında yazıları ilə artıq ölkədə kifayət qədər tanınan Ədalət Teymurov da var idi.

1992-ci ilin yanvarından Ədalətin cəbhə bölgələrinə, ön xətdə yerləşən döyüş səngərlərinə yolu başladı. İlk mərhələdə operativ və peşəkarlıqla hazırlanmış hərbi, hərbi-siyasi xarakterli informasiyalar üstünlük təşkil etsə də, çox keçmədi bunlarla yanaşı, bütün müvafiq tələblər gözlənilməklə cəbhə bölgələrindən göndərilən qısa reportajlar da Azərbaycan televiziyasının proqramları vasitəsi ilə bu sületləri səbirsizliklə gözləyən tamaşaçılara çatdırıldı. Ədalət artıq zabit kimi hərbi xidmətini yeni yaradılmış Sənədli Filmlər Kinostudiyasında davam etdirirdi. Onun mərhum videooperator Seyidağa Mövsümlü ilə birgə çəkib hazırladıqları yüzlərcə belə süjetlər və 20-də artıq sənədli film bu gün Azərbaycanın Birinci Qarabağ müharibəsi tarixinin canlı xronikasını təşkil edir. Bu çəkilişlər zamanı hər iki hərbi jurnalistimiz dəfələrcə ölüm təhlükəsi ilə üz-üzə gəlmişdilər, böyür-başlarında mərmilər partlamış, müxtəlif çaplı silahlardan atılan güllələr az qala santimetrlik məsafələrindən keçmişdi. Həmin güclü top atəşlərindən birində lap yaxınlığına düşən mərminin partlamasından ciddi zədə (kontuziya) alan Ədalət Teymurova 3-cü dərəcəli əllillik verilmişdi. O, 1991-1994-cü illərdə Birinci Qarabağ müharibəsinin getdiyi dövrdə Azərbaycanın cəbhə bölgələrini, səngərləri az qala qarış-qarış gəzmiş, neçə döyüşün canlı şahidi, hətta iştirakçısı olmuş, əsgər-zabitlərmizin necə fədakarlıqla vuruşduqlarını qürurla qələmə almışdı. Bu yazıların bir çoxu Seyidağanın çəkdiyi süjetlərin kadrarxası mətni kimi televiziya ekranlarından yayılsa da, əksəriyyəti Müdafiə Nazirliyinin arxiv materialları arasında, hərbi xronika nümunələri kimi qorunub saxlanılır. Yəqin nə vaxtsa o kadrların əsasında hərb tariximizi əks etdirən sənədli və tammetrajlı bədii filmlər çəkiləcək. Onda Ədalət Teymurovun hərbi jurnalistika tariximizdə hansı xidmətlər göstərdiyini, qələminə, borcuna necə sadiq olduğunu indiyədək bu fədakarlıqdan xəbərsiz olanlar da, bunu görməzdən gələnlər də nəinki biləcək, inanaq ki, etiraf da edəcəklər. Nə gizlədim, bir neçə il əvvəl dostların israrlı tələblərindən sonra mətbuatımızla əlaqədar təşkilatlardan birinin rəhbərinə göndərilən və onun da sənədləşdirib müvafiq ünvana çatdırdığı təqdimat nəzərə alınmamışdı. Beləcə, Ədalət Teymurovun adı sağlığında haqq etdiyi mükafatı alanlar sırasında olmadı. Ancaq o, bundan bir qədər incik düşsə də, məsələyə yenə özünəməxsus nikbinliklə yanaşdı, necə deyərlər, "əlyazmaları yanmır". Elə bizim də ümidimiz bunadır. Yanmayan dəyərli yazılar kimi, Seyirdağa Mövsümlünün çəkdiyi tarixi kadrları tamamlayan, Ədalət Teymurovun qələmə aldığı o mətnlər də yəqin nə vaxtsa həqiqi dəyərini alacaq.

Onun jurnalistlik fəaliyyəti sonra da davam etdi. Hərbi mütəxəssis kimi mayor rütbəsində pensiyaya çıxdıqdan sonra da müxtəlif mətbu orqanlarda, daha çox da "Təzadlar", "Bakı Xəbər" qəzetlərində köşə yazarı kimi aktual mövzulara həsr edilən maraqlı məqalələri dərc edildi. Yəqin onun barəsində daha geniş bir yazıda bunlar barəsində də söhbət açarıq.

...Ədalət Teymurov Birinci Qarabağ müharibəsinin od-alovunu ekranlardan izləməmişdi, üz-gözünü qarsan bu od-alovu ekranlara, kinoxronikaların nümayiş etdirildiyi səhnələrə gətirənlərdən olmuşdu. Təkcə buna görə ən azı özü barədə nələrinsə yazılmasını, göstərilməsini haqq edir. Vətən müharibəsinin getdiyi günlərdə teleoperatorlarımızın çəkdikləri və nümayiş etdirilən qürurverici, peşəkar kadrlara baxanda onun və məsləkdaşlarının daha çətin şəraitdə, məhdud imkanlı texnika ilə az qala eyni işi gördüklərini xatırlayıb, bir daha, ey fədakar insanlar, minnətdar Vətən sizi unutmayacaq, dedim. Torpaqlarımızın Ermənistanın işğalından qurtardığı gün və sonrakı günlərdə onun necə ürəkdən sevindiyini, gözlərinin yaşardığını da xatırladım. "İnşallah, imkan olsun, Laçını, Qubadlını, Kəlbəcəri, Zəngilanı, Cəbrayılı, Ağdamı ziyarət edərik", demişdi. Bəs Şuşa, soruşmuşdum? Sən demə, Şuşaya getməyi tələbə dostlarımızdan birinə vəd edibmiş, onu da özü ilə aparacaqmış. İlk dəfə vədinə əməl etmədi. Ancaq təəssüf ki, əməl etmədiyi daha bir vədi qaldı. Dekabrın 24-də çox arzuladığı bir görüşə, dostlarla görüşə gələ bilmədi. Çünki artıq getmişdi. Əlində nə qədər işi vardı...

Haqqında deyiləsi, yazılası çox şeylər var. Təki ömür aman versin. İndiliksə, məslək və can dostumuz, Masallının Qədirli kəndində dədə-baba məzarlığındakı son mənzilində arxayın uyu. Ədalət Teymurov, sən saflığın, millət, Vətən sevgin, bütövlüyün, nəhayət, təsirli yazıların ilə yol tapdığın qəlblərdə həmişə yaşayacaqsan, deyirəm və buna inanıram.

 

Lətif ŞÜKÜROĞLU

Tarix üzrə fəlsəfə doktoru

525-ci qəzet.- 2023.- 29 dekabr,№237.-S.16.