Bu vüsalın əbədidir, Kəlbəcər!
(Əvvəli ötən sayımızda)
O ağır 1990-cı illərdə Kəlbəcər
nələrdən keçib, nə zülmlər, faciələr
yaşayıb... "Düşmən süngüsünə
də keçib, əsir düşüb, zəhər də
içib". Yəqin ki, tarixinin ən qara dönəmini
görüb. Müharibə dövründə bir video da
dayanmadan tirajlanırdı. Əsli-nəsli bilinməsə də,
dünyanı "Ermənistan" bilən terrorist
Melkonyanın başçılığı ilə əli-ayağı
yalın kəlbəcərlilər 10 saat ərzində evlərindən
qovulur, Murovun qarlı aşırımları ilə
canını, ailəsini götürüb qaçan kənd
camaatı arxadan güllə yağışı və
düşmənin qəhqəhələri, əlçalmaları
ilə "yola salınır".
Melkonyan guya bizi heç rəqib olaraq da
görmürdü, "azərbaycanlılarla dava-dava
oynayıram", - deyirdi.
Kəlbəcərin sıldırımlarından,
şiş qayalarından nə qədər kəlbəcərli
namərd düşmənə əsir düşüb
rüsvay olmamaqdan ötrü özünü qorxunc
uçurumların qucağına atıb. Ağdaban,
Ballıqaya faciələri, Başlıbel
qırğını, yazıya gətiriləsi mümkün
olmayan, lakin vətəndaşlarımızın canlarında
yaşadıqları dəhşətlər... Hələ
uzaqlaşmamış, şahidləri sağ olan yaxın
tariximizin unudulmuş, bilmədiyimiz keçmişi də var.
Məmməd Aslan "Sümüklü dərə"
şeirini Göycə qətliamının qurbanlarına həsr
etmişdi. Adı eşidənin sümüklərini
yandırır:
Mən dərə görmüşəm: moruq qoxulu,
Mən dərə görmüşəm: nərgiz
yuxulu...
Bu dərə nə qədər müdhiş,
qorxulu - Sümüklü dərə.
...Bura şəhidlərin gorsuz gorgahı,
Bura qatillərin məhşər günahı!
1969-cu ildə, hələ sovet hökumətinin gəlhagəlli
vaxtında yazılıb. Xəbərim yox idi: nə bu
şeirdən, nə Məmməd Aslanın belə cəsarətindən.
Bu barədə məlumat çox azdır. Mən onu daha
çox "Dərədən-təpədən", uzun illər
aparıcısı olduğu "Əkil-bəkil" uşaq
verilişlərindən tanıyırdım. Folklor bilgisi,
folklor sevgisi ilə. Amma gör, papaq altında necə
oğullarımız olub, Hayastan-Azərbaycan
"qardaşlığı" dövründə nəyə
qalxıblar, nələr yazıblar.
44 günlük şərəf müharibəmizdə
15 yaşlı kəlbəcərli Zabil Səfərovun nənəsindən
güclə qopardılıb tanka mindirilərək əsir
aparıldığını qəlbim yana-yana izləmişdim.
Bu nə müsibət idi? XXl əsrə çataçatda
evinin içində sakit oturduğun yerdə gəlib səni əsir
aparsınlar? Xırda-xırda uşaqları... Kadrlar
yayılandan sonra bu adamın fikrini çox çəkdim,
onun barəsində çox düşündüm.
Şükür, xilas ola bilib. 3 il sonra əsirlikdən azad
edilən, indi yaşı 40- keçmiş Zabil
kadrarxasında olanlardan söz açır. Onu cəlladların
əlindən ala bilməyən nənəsinin qorxmadan ermənilərə
nalə-nifrin etdiyini, onsuz da ordumuzun bir gün qayıdıb bu
torpaqları azad edəcəyini onların üzünə
söylədiyini deyir... Gözünün qabağında qətlə
yetirilmiş qoca nənəsindən, ermənilərin gülə-gülə
"gəl, basdır" deyə gülüşdüklərindən
göz yaşları ilə danışır. Mənə ən
çox təsir edən... yox, məni məhv edən isə əsir
qadınlardan birinin Zabilə "niyə qohumlarına məktub
yazmırsan? Bəlkə xilas olmağına kömək etdilər?"
deməsi və balaca əsirin "bunu eşidəndə dəli
oldum, axı mənə heç kim heç nə deməmişdi"
sözləri oldu. Onun qəfil peyda olan ümidini
düşündüm, axı heç azad olmaya da bilərdi.
Əsirlikdə keçirdiyi əzabla dolu 3 il ürəyimi
parçaladı. Əsirlər Qırmızı Xaçdan
gizlədilir, elementar insani hüquqlardan məhrum edilirdilər.
28 il qabaq itkin düşən 4500 vətəndaşımız
hələ də axtarışdadır. Mizan-tərəzi
deyilən bir şey də var, hər şeyin geci-tezi
olduğu kimi... Bu gün dövlətimiz vətəndaşlarının
30 il davam edən tapdanmış hüquqlarının
hüquq çərçivəsində detallı-təfərrüatlı
araşdırılması, bərpası istiqamətində
böyük işlər ortaya qoyur. Əslində bu işlər
həmişə aparılıb, biz indi görürük. Bizə
olunan zülmlərdə damcı boyda "zəhməti"
keçən erməni də haqq-hesabdadır. Kim qovdu, kim rəhbərlik
etdi, kim taladı, hərəkətverici, icraçı,
entuziast, volontyor... İşğal vaxtı Qarabağa oğru
kimi gəlib-gedən... Məhv edilən tarixi və təbiət
abidələri, infrastruktur, bir söz - düşmənin
Qarabağda qoyduğu heç bir "iz" cəzasız
qalmır. Cani həmişə cinayət yerinə
qayıdır. Damaqlarında qalıbmış bizim zəif,
özlərinin qəvi vaxtları, cəzasızlıq.
90-larda vətəndaşlarımıza qan udduran qatillər
köhnə hava və həvəslə yenə müharibəyə
qatılmışdılar. "İki dənə qumbara
atacağıq, qaçacaqlar" xəyalı ilə...
"Düşmənin iştahası həmişə
çürük dişinin altında olur" (sitat
özümdəndir). Nə gördülər? Əsgərlərinə
verdikləri "roqatka"ya qarşılıq göz
açmağa qoymayan, başlarına od yağdıran dronlar,
sonra da həbs, məhkəmə, hökm.
Həyatdı da, olur, bir də görürsən,
kiminsə pis əməli ilə qarşılaşırsan,
möhkəm gözündən düşür, daha onu
tanımaq istəmirsən. O zaman
həmin şəxsi xatırladan nə varsa, ləğv
edirsən. Həyatından da, göz önündən də
silirsən. Torpaqlarımız azad olunduqca mənzilləndikləri
evlərimizdən nələr çıxmırdı?
Üstü yazılı əşyalar, xatirə hədiyyələri...
"Gültəkindən bacısı Zəhraya ad
günü münasibətilə - 1988" xatirə vazası
Xocavənddəki evlərdən birindən çıxıb.
Bunu da qənimət bilib, 30 il saxlayıb işlədiblər...
Daha mənim sözüm yoxdur. Təsəvvür edin ki, bir azərbaycanlı
ailəsi "Haykanuşdan Siranuşa" yazılmış
güldanı əzizləyib 30 il saxlasın... Çoxdan rədd
etmişdik onu.
Elə bil hamısı bir başdan idarə olunur.
Qoyub qaçdıqları yuvalardan Nazpərinin, Brilyantın
şəkilləri tapılıb (bizsiz yaşaya bilmirlər).
Lap içində adlarımız həkk olunan üzük də
taxıblar yəqin... Əcəbdir, guya özümüz
pisik, guya heç nəyimiz yoxdur, amma maddi, qeyri-maddi nəyimiz
var, gen-bol oğurlayıb sağa-sola işlədirlər. Biz
onların qaçaqaçda imkan tapıb
yandırdığı evlərimizə də heyifsilənmirik
ki, nəfəsləri ilə murdarlayıblar. Əslində
bunlar və daha sonra tapılacaqlar xalis muzey
eksponatlarıdır. İşğal muzeyi... Olacaq. Dərsimiz
çox ağır olub. Qalın oğuz elləri "dastan
yaratmaqdan baş açıb dastan yazmağa fürsət
tapmayıblar". Ona görə başımıza bu bəlalar
gəlir. Bu gün Qarabağda yazdığımız yeni
tarixi hər şəhərdə, kənddə işğal
muzeyləri ilə bərkitməklə nəsildən nəsilə
ötürəcəyik.
Kəlbəcərin təbii ehtiyatları 27 il zəli
kimi sorulub, sovrulub. Xromunu, qızılını
daşıyıb aparıblar, İstisu mineral bulaqları vəhşicəsinə
istismar edilib başqa adla dünya bazarına
çıxarılıb.
30 000-dən artıq nadir muzey eksponatı olan, Sovet
İttifaqında zənginliyinə görə Ermitajla ilk iki
yeri bölüşdürən Kəlbəcər
Tarix-diyarşünaslıq muzeyi də işğal müddətində
erməni vandalları tərəfindən
dağıdılıb talan edilmişdir. Kəlbəcərin
qızılından, yarımqiymətli metallarından
yığılıb dəfə-dəfə cilalanan,
üstü rəngbərəng daşlarla, minerallarla bəzədilmiş
qeyri-adi heykəllər, artefaktlar illərin əziyyətli zəhmətinin
bəhrəsi idi...
Qədim insan məskənlərindən olan doğma Kəlbəcərimiz
ikinci cəhddə də olsa, qansız qayıtdı. Gedənbaş
qayıdışının da qanını vermişdi. Ermənilər
gedəndən sonra Kəlbəcərdə bəbirlər,
qaplanlar görünməyə başladı, onlar da
qayıdıb gəldi.
Nə qədər imişlər Kəlbəcərdə...
Bütün erməni ordusu burda yerləşibmiş.
Çıxanda gördük. 30 il müftə kirayənişin
olar?
90-cı illərin milli özünümüdafiə
batalyonu döyüşçülərinin fotolarına
baxıram. İlahi, necə kişilər olub! Vətən
müharibəmizin döyüşçüləri kimi
sütül deyillər: orta yaş civarında, arxasız,
dayaqsız, silahsız... Heç tam hərbi geyimləri də yoxdur. Amma
baxışlarından od, düşmənə qəzəb
saçılır. Təkbaşına işğalçıların
anasını ağladıb bir ordunun işini görüblər.
1023 nəfəri əsirlikdən və 500-dən çox
dağ və meşə yolu ilə qaçan Xocalı sakinini
ölümdən xilas edən Qarabağ şiri Allahverdi
Bağırov, adı qardaşı ilə qoşa çəkilən,
onu cənnətdə də tək buraxmayan Eldar Bağırov,
artilleriya atəşi altında UAZ-la öndə gedib batalyonu
arxasınca aparan Fred Asif, 4 əsgərlə ermənilərlə
dolu 28 vertolyotu 8 saat Xocalı aeroportunda saxlayıb
uçuşa buraxmayan, son gülləsinə qədər
döyüşərək şəhid olan hava
limanının komendantı Əlif Hacıyev müasir əfsanə
kimi bu günün gənclərinə nümunədir. Hər
deyəndə belə kişilər gəlib keçməz bu
dünyadan! Arzu ilə, çalışmaqla da, bu cür olmaq
mümkün deyil. Bu, təcrübə ilə
qazanılası bir şey də deyil. Sadəcə, gərək
anan səni belə şir ürəkli, aslan pəncəli
doğa!
Kəlbəcəri heç qaytarmaq fikirləri yox idi.
Özləri də deyirdilər ki, "biz onu qaytarmaq
üçün tutmamışdıq, bəd ayaqda
"dqr"in tanınmasına dəyişə bilərdik".
Ümumiyyətlə isə, 90-ların sonunda Ermənistanın
və keçmiş vilayətin əhalisinin 30 faizi Azərbaycana
ərazi güzəşti "jestinə" etiraz edirdisə,
2020-ci ildə bu rəqəm 100 faizə
çatmışdı. 2006-cı ildə "dqr" yeni
konstitusiya qəbul edərək rəsmi surətdə 7 rayonu
da dünyanın heç bir xəritəsində
görünməyən və heç bir ölkə tərəfindən
qəbul edilməyən qondarma
respublikaya daxil etmişdi.
Zar kəndi tarixdə Şəhrizər adı ilə
tanınır. Şəhrizər qızılla zəngin olan
şəhər deməkdir. Kəlbəcər Azərbaycanın
"zəri" idi. Biz onun tökülmüş zərini
yerinə qaytaracağıq, o, yenə parıldayacaq.
Şücaət, neyləyək, baxt belə
baxtdı,
Darıxma, hər şeyi həll edən vaxtdı.
Bir gün gülə-gülə qayıdacaqdı,
Ağlaya-ağlaya köçən Kəlbəcər!
Dili-ağzı fal imiş şairin! "Fal"
sözündən diksinməyin, ərəbcədən
"öncəni görmə" deməkdir. Şərq hikməti
də "əgər qəlbinizdə heç olmasa bir
çiçəkli budaq qalıbsa, orada cəh-cəh vuran
bir quş oturacaqdır", - deyə təsəlli edir. Elmi
izahı da var: kainata mesaj. Mesajın xarakteri necə idisə,
qarşılığı da elə oldu. Tini şad, yeri
uçmaq olsun!
Kəlbəcər gülə-gülə
qayıtdı, onlar isə "Qarabağsız Ermənistan
yoxdur", - deyə-deyə, qədim adətləri üzrə
zarıya-zarıya çıxdılar. Allah bir tərəfdən
onlara xeyir-dua verməyib. Azərbaycanın altı da,
üstü də sərvətdir. Bunlara isə
torpağımızın qeyri-məhsuldar, gəlir gətirməyən
hissəsi düşüb, ya da bunlar qurudublar,
ayağıağırlar...
Noyabrın 25-i bacım qızının ad
günüdür, həm də bu günü Bakı zəlzələsinin
ildönümü kimi yada salırıq. Amma 2020-nin 25
noyabrı Fidanın ad günündən çox Kəlbəcərin
azad edilməsi ilə yadda qaldı və tarixə
düşdü. Baxmayaraq ki, karantin idi... Baxmayaraq ki,
toplaşmaq məqbul sayılmırdı... Amma o qədər
sevinirdik ki, cəzamızı
çəkməyə də hazır idik... Düşmənlərimiz
tərəfindən onilliklərlə məruz
qaldığımız, son 10 gündə isə daha da
güclənən siyasi və psixoloji zərbə öz
işini görmüşdü. Birdən yenə də
çıxmazlar? Yenə də güzəşt istəyərlər?
Gör dünyanın nə yeridir ki, yaşadıqları
keçmiş evlərimizi yandırdıqlarını görəndə
rahatlayırdıq, daha hara qayıdacaqdılar? 27 ilin həsrətinin
səbrini daşırırdı 10 gün... Ona görə rəsmi
xəbəri eşidən kimi toy-bayrama başladıq.
Könlümüzdən, ruhumuzdan toy-bayram havası heç
çəkilməsin, bu vüsalımız əbədi olsun,
Kəlbəcər!
Dilarə ADİLGİL
525-ci qəzet.- 2023.- 29 dekabr,№237.-S.14.