Alim nəfəsli şair

 

 

 

İslam Sadıq haqqında yazmaq istəyəndə bilmədim nədən və haradan, daha doğrusu, onun hansı insanlıq keyfiyyətindən, hansı əməl və amal yolçuluğundan başlayım. Çünki o, elə insandır ki, bir şəxsiyyətdə bir sıra nəcib, ali insani keyfiyyətləri birləşdirib. Onun timsalında təriqət əhlinin dili ilə desək, bir vücudda bir çox insani atributlar, xarakterlər, əməl və amallar, bacarıq və xüsusiyyətlər təcəlla edib. İslam müəllimin xarakterlər qalereyasının müsbət, nurlu cəhətləri o qədər çoxdur ki, bilmirsən onun hansı keyfiyyətindən söz açasan: şəxsiyyətindənmi, insanlığındanmı, şairliyindənmi, alimliyindənmi, vətənpərvərliyindənmi, milli təəssübkeşliyindənmi, vətəndaş yanğısındanmı, həqiqətə və halallığa təşnəliyindənmi, şərə və bədxahlığa müxalifətindənmi, dostluqda sədaqətindənmi, türkə və türkçülüyə sevgisindənmi və sair.

Fikrimizcə, bunlardan ən öndə gedəni İ.Sadığın şəxsiyyətidir. Onun qalan bütün insana məxsus ali keyfiyyətlərinin hamısı İslam müəllimin şəxsiyyətinə bağlıdır və oradan qida alır. O, şəxsiyyətcə bütöv, kamil insandır. Həmişə doğrunun, haqlının, xeyirin yanındadır. Gözü, könlü toxdur. Nəfsinin hakimidir. Heç vaxt nəfsinin köləsinə çevrilməyib. Əksinə, onu öz quluna çevirməyi bacarıb. Vəzifə, şöhrət, mal-pul arxasınca qaçmayıb. Sərvət eşqi, dünya həvəsləri ilə yaşamayıb. Yaltaqlığı, yarınmağı, ucalmaq üçün alçalmağı, vəzifə, sərvət, şöhrət üçün kiminsə qabağında əyilməyi bacarmayıb. Onun təbiəti, fitrəti elədir ki, bunları istəsə də, eləyə bilməz. Çünki Allah-Taala ona belə bir "istedadı", "bacarığı" verməyib. İlahinin ona lütf etdiyi ancaq ali, işıqlı, müsbət keyfiyyətlərdir ki, bunlar İslam müəllim üçün, həqiqətən də, bir Tanrı ərmağanıdır.

Mən İ.Sadığı uzun illərdir ki, tanıyıram. Onun görünən və görünməyən bir sıra xüsusiyyətlərinə, xarakterlər silsiləsinə, davranış və səciyyəsinə bələdəm. Ancaq bu o demək deyil ki, mən onu bütünlüklə kəşf etmişəm. Kiçikli-böyüklü, irili-xırdalı, zərrədən bütövə bütün insani cəhətlərinə aşinayam. Yox. Təbii ki, hər bir insanı sona qədər tanımaq, kəşf etmək mümkünsüzdür. Mən tanımadığım deyil, tanıdığım İslam Sadıq barədə danışmaq, ürək sözlərimi bəyan etmək istəyirəm.

İslam Sadıq mənalı və məhsuldar bir ömür yaşayıb: siqlətli bir insan ömrü, bir şair ömrü, bir alim ömrü. Onun ömür karvanının yükü ağır, dəyəri böyük, sanbalı tutumludur. Bu, adi, yüksüz, çəkisiz bir insan ömrünə bənzəməz.

Bu il o, ömrünün 70-ci təqvim ilini yola salır. Lakin onun amal və əməl dəftərinin səhifələrindəki yazılar, məhsullar mahiyyət, çəki etibarı ilə 70 zaman ilinin hüdudlarını aşır. Daha əhatəli, miqyaslı və əzəmətli görünür. Hazırda İslam müəllim 32 cilddən ibarət əsərlərini nəşrə hazırlayır. Həmin cildlərdən beşi artıq işıq üzü görüb. Yaxın illərdə, yəqin ki, bütün cildlər, başqa sözlə, İ.Sadığın külliyyatı oxuculara təqdim olunacaqdır. Bu cildlərə müəlifin şeirləri, elmi və publisistik əsərləri, yaradıcılığının əsas faktları daxil ediləcək. Əlbəttə, həmin 32 cildlik miras İslam müəllimin necə məhsuldar bir yaradıcılıq yoluna malik olduğunu aydın şəkildə sübut edir.

İ.Sadığın insani məziyyətləri nə qədər çeşidli və işıqlı olsa da, onu daha çox tanıdan, ictimaiyyətə bəlli edən, tarixləşdirən, zamanın unudulmaq təhlükəsindən xilas edən onun şairlik istedadı və alimliyidir. Əlbəttə, bu gözəl insanın digər nurlu cəhətləri onun şairliyini və alimliyini zənginləşdirən, tamamlayan əlamətlərdir. Ancaq onu şəxsən tanımayan indiki insanlar və gələcək nəsillər, təbii ki, İslam müəllimi poeziyasından, elmi və publisistik əsərlərindən, bir sözlə, yaradıcılıq irsindən tanıyırlar və tanıyacaqlar. Beləliklə, biz haqqında söz açdığımız bu insanın başqa müsbət keyfiyyətlərini xatırlatmaqla yanaşı, şair və alim İslam Sadıq barədə məxsusi danışmağı zəruri, gərəkli saydıq.

Söz ruhun ifadəsidir. İ.Sadığın sözü, şeirləri də onun ruhunun aynasıdır. Onun ruhu, qəlbi, iç dünyası nədirsə, poeziyası da odur. Bu poetik örnəklər şairin insan, şəxsiyyət vətəndaş "mən"inin güzgüsüdür. Onun həyata, gerçəkliyə, vətənə, insanlara, cəmiyyətə, dünyaya baxışı şeirlərində aşkar şəkildə ifadə olunub. Bu şeirlər həm də onun tərcümeyi-halıdır. Duyğularının, düşüncələrinin bədii inikasıdır, sözdə təcəssümüdür.

İ.Sadıq sevgi şairidir. Həm də bu sevda qız, qadın sevdası deyil. Vətənə, bəşər övladına, insanlığa, mənsub olduğu xalqa, haqqa, həqiqətə, doğruluğa, halallığa, saflığa, namusa, vicdana, səmimiyyətə, comərdliyə, azadlığa, ünvanı insan ləyaqəti ilə əlaqəli olan gözəlliklərə, təbiətin füsunkarlığına və sairə olan aşiqlikdir. Dürüst və şərəflə yaşamağa olan təşnəlikdir. Bu mənada İslam bizə sevgini və sevməyi öyrədən qələm sahibidir. Eşq, məhəbbət müsafirliyinin təşviqatçısı, təbliğatçısıdır. Və həm də şairin bu amalı, amacı vətən sevgisindən, yurd və torpaq aşiqliyindən başlayır. Sənətkarın istər poeziyası, istərsə də şəxsiyyəti ilə yaxından tanış olanlar aydınca sezə bilərlər ki, İ.Sadığın cismi və ruhu elə özü boyda Vətəndir. O, Vətənin torpağını, suyunu, havasını, nemətlərini şərəflə, xoşhallıqla cismində gəzdirir. Vücudunun vətənin bu müqəddəs nemətlərindən ibarət olduğunun ciddi mənada fərqinə varır. Vətənə şərəflə xidməti hər bir vətəndaşın şərəf yükü, namus borcu hesab edir. Və şairə görə:

 

Vətəni sevənin kirpiyi almaz,

Qarın otaranın sevgisi olmaz.

 

Vətənə təmənnasız xidmət hər bir vətəndaşın məslək, vicdan borcudur! Vətənin şərəfi, əbədiliyi onu şərəflə qoruyan, ucaldan namuslu, hünərvər oğulların əməllərinə bağlıdır! Bu ideya və ideal İ.Sadığın poeziyasından qırmızı xətt kimi keçir:

 

Oğullar vətəndə bir od parçası,

Vətən içimizdə yanan od-ocaq!

Vətən oğulların isti yuvası,

Oğullar yaşadır Vətəni ancaq!

 

 

Təsadüfi deyil ki, sənətkarın 32 cildlik əsərlərinin işıq üzü görmüş ilk dörd cildinin hər biri vətən mövzulu poeziya nümunələri ilə başlayır. Bu o deməkdir ki, vətən şair üçün hər şeydən öndədir. Onun  beş bənddən ibarət beşlik formasında qələmə aldığı "Azərbaycan bayrağı" şeiri Azərbaycan bayrağına həsr olunmuş ən dəyərli poeziya örnəklərindən biridir. Şeirdə bayrağımızın müstəqillik, istiqlaliyyət, hürriyyət atributu kimi milli qürur fəlsəfəsi, rənglərinin rəmzi yükü yığcam və dolğun şəkildə, poetik axarda mənalandırılır. Bayraq Azərbaycan torpağının və xalqının ümid, əbədiyyət günəşi, zamanın, tarixin gedişatında onun yoluna nur saçan şölə hesab edilir:

 

Səhər başın üstə ucalır günəş,

Axşam ayağına alçalır günəş.

Sən cavanlaşırsan, qocalır günəş,

Ömrümün ən ölməz varağı mənim

Sənsən, Azərbaycan bayrağı, mənim!

 

İ.Sadıq söz adamıdır. Sözün xiridarıdır, sərrafıdır. Sözlə oynamağı, başqa tərzdə desək, sözü oynatmağı, onu hər cür dona salmağı bacarır. Gah onu vətənsevərlik, gah qəm, gah sevinc, gah əzab, gah millətsevərlik, gah da nifrət vasitəsinə çevirməyin ustasıdır. Hisslərini, baxışlarını, duyğu və düşüncələrini ustalıqla sözə çevirə bilir. Söz onun həmdəmi, sirdaşı, munisi, dərd və sevinc ortağıdır. Şairin "Sözdü", "Öz taxtında deyil söz nə qədər ki...", "Qısır söz" və sair şeirlərində sözə münasibəti, sözlə ünsiyyəti aydın şəkildə ifadə olunub. "Sözdü" şeirində müəllif sözlə ixtilatını, ünsiyyətini bu şəkildə bəyan edir:

 

Olanım, qalanım da,

Boşalıb dolanım da,

Gerçəyim, yalanım da,

Başda tacım da sözdür

 

Yoldaş desəm, yoldaşım,

Sirdaş desəm, sirdaşım,

Qardaş desəm, qardaşım,

Elə bacım da sözdür.

 

Sənətkara görə, söz əsl mətləbin, insan qəlbinin ifadəsinə çevrilmirsə, deməli, "qısır"dır. Yaxud söz öz taxtında oturmayıbsa, məqamında, yerində deyilməyibsə, onun dəyəri, çəkisi yoxdur. Fikrimcə, "qısır söz" anlayışını poeziyada ilk dəfə işlədən məhz şair İslam Sadıqdır.

Müəllif deyimlərində orijinaldır. Yeni, maraqlı, deyilməmiş fikirlər, yozumlar tapıb deməyi bacarır. Bu məziyyət onun poeziyasına bir tərəvət, təzəlik, yeni ruh aşılayır. Məsələn, "Məhəbbətin ata zirvəsi" şeirindən aşağıdakı bəndə nəzər salaq:

 

Məhəbbət önündə, sevgi önündə,

Ölüm qolu bağlı qula dönərmiş.

Ayrılıq günündə, həsrət günündə,

Sevgiylə ölmək də elə hünərmiş.

 

Burada məhəbbət və ölümün üzləşməsindəki həyati-fəlsəfi not, çalar nə qədər orijinal biçimdə oxucuya təqdim edilir və onu ovsunlayır: Məhəbbətin elə çaları, elə məqamı, elə ruhani əzəməti var ki, onun qarşısında ölüm belə əyilir, qolu bağlı itaətkara çevrilir. Deyim, fikir kifayət qədər cəlbedici və orijinal təsir bağışlayır.

İslam Sadıq bir şair kimi nə qədər məhsuldardırsa, bir alim kimi də bir o qədər məsuliyyətli, cəfakeş, yorulmazdır. O, elmi axtarışdan, elmin əzabkeşi olmaqdan yorulmur. Əksinə, bundan zövq alır. Onun bir alim kimi yetərincə faydalı və çoxsaylı tədqiqatları vardır. Lakin bunların içərisində iki istiqamətdə gördüyü iş daha çox diqqətəlayiqdir: şumerşünaslıq və koroğluşünaslıq. Tam cəsarətlə deyə bilərik ki, İslam müəllim Azərbaycanda şumerşünaslıq sahəsində ən dəyərli araşdırmalar müəllifi kimi tanınır və ölkəmizdə barmaqla sayılacaq qədər azsaylı tədqiqatçılardan biridir. Bu sahədə onun elmi axtarışlarının əsas istiqaməti şumerlərin türk mənşəli etnik toplum olması kimi elmi-tarixi həqiqətə köklənir.

Koroğluşünaslıq sahəsində də alimin kifayət qədər xidmətləri vardır. Eposun mənşəyi, sənətkarlığı, dil-üslub xüsusiyyətləri, Koroğlu obrazının, həmçinin eposdakı bəzi digər obrazların tarixi şəxsiyyət olması, dastandakı hadisələrin coğrafi arealının tarixiliyi və gerçəkliyə uyğunluğu, eposla əlaqəli əvvəlki tədqiqatlarda özünü büruzə verən bir sıra xətaların, yanlışlıqların düzəldilməsi və sair istiqamətlərdə İslam müəllimin dəyərli araşdırmaları kifayət qədər aktual və faydalı hesab oluna bilər.

İ.Sadıq zamanın 70 ili ilə yoldaşlıq etdi. Onun çiyindaşı, müsafiri oldu. Ancaq həmişə də zamanın ədalətsizliyi, haqsızlığı, qaranlığı, şəri ilə müxalifətdə oldu. Və bu 70 ili şərəflə, ləyaqətlə, alnıaçıq yaşadı. Bədii əsərləri ilə oxucu zövqünü oxşadı, poeziyamızı zənginləşdirdi. Elmi əsərləri ilə ədəbiyyatşünaslığımıza boy verdi.  Əminik ki, o, bundan sonrakı ömrünü də eyni ahənglə, eyni avazla, eyni məcrada yaşayacaq. Mən İslam müəllimə uzun, məhsuldar və mənalı bir ömür arzulamaqla öz yazımı bitirmək istəyirəm.

 

Yaqub BABAYEV

Filologiya elmləri doktoru, professor, Əməkdar müəllim

525-ci qəzet.- 2023.- 29 dekabr,№237.-S.12.