Azərbaycanın
sürətli "yaşıl keçid"i
ÖLKƏMİZİN YAŞIL ENERJİYƏ
KEÇİD POTENSİALI YÜKSƏK
QİYMƏTLƏNDİRİLİR
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı
ilə 2024-cü il ölkəmizdə "Yaşıl
dünya naminə həmrəylik ili" elan edilib. Sərəncamda
Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyətin
etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin
fəsadlarına qarşı mübarizəyə öz
töhfəsini verdiyi qeyd olunur. Bildirilir ki, Azərbaycanın
2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş
milli prioritetindən biri "Təmiz ətraf mühit və
yaşıl artım ölkəsi" kimi müəyyən
edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin
sağlamlaşdırılması, yaşıllıqların
bərpası və artırılması, su ehtiyatlarından və
dayanıqlı enerji mənbələrindən səmərəli
istifadənin təmin edilməsi istiqamətində işlər
aparılır.
Azərbaycan baza ili (1990) ilə müqayisədə
2030-cu ilə qədər istilik effekti yaradan qazların
emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40
faiz azaldılmasını hədəf kimi götürüb.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi
Zəngəzur, eləcə də Naxçıvan Muxtar
Respublikası yaşıl enerji zonası elan olunub. Azad
edilmiş ərazilərdə həyata keçirilən
genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf
mühitin qorunması prioritetdir. Həmin ərazilərdə
"ağıllı şəhər",
"ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq
edilir, ekosistem bərpa olunur.
Yaşıl enerji növlərinin yaradılması və
yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın
enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi
istehsalının qoyuluş gücündə bərpa olunan
enerji mənbələrinin payının 2030-cu ilə qədər
30 faizə çatdırılmasını hədəfləyir.
Dövlət başçısının
imzaladığı sərəncamda qeyd olunub ki, BMT-nin
İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyası - COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda
keçirilməsi ilə əlaqədar yekdil qərarın
verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana
böyük hörmət və etimadın, eləcə də
ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf
mühitin qorunması, iqlim dəyişmələrinin
qarşısının alınması işinə töhfəsinin
təqdir olunmasının bariz nümunəsidir.
Ümumiyyətlə, son illərdə ölkəmizdə
iqlim dəyişikliyi ilə mübarizə istiqamətində,
"yaşıl enerji"dən istifadə ilə
bağlı mühüm işlər görülüb.
"Yaşıl enerji"dən danışarkən
Azərbaycanın potensialına nəzər yetirmək
vacibdir. Qeyd etmək lazımdır ki, ölkəmizin alternativ və bərpaolunan enerji
potensialı olduqca yüksəkdir. Azərbaycanın bərpaolunan
enerji potensialı 27,5 min meqavat həcmindədir. Bunun 3 min
meqavatı külək enerjisinin, 23 min meqavatı günəş
enerjisinin, 380 meqavatı bioenerjinin, 520 meqavatı isə
dağ çaylarının payına düşür.
Bütövlükdə isə, hazırda Azərbaycanın
ümumi enerji istehsalında bərpaolunan enerjinin payı 17,3
faiz təşkil edir. Eyni zamanda, yaşıl enerjiyə
keçid istiqamətində bərpaolunan enerji mənbələrindən
istifadə həcminin 2030-cu ilə kimi 30 faizə qədər
qaldırılması hədəflənib.
Prezident İlham Əliyev 2021-ci il mayın 18-də
Ağdam ictimaiyyət nümayəndələri ilə
görüşdə bəyan edib ki, bütün Qarabağ
zonası "yaşıl enerji" zonası olacaq.
Bu il fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi
Məşvərət Şurası çərçivəsində
nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət
Şurası çərçivəsində nazirlərin 1-ci
iclaslarının keçirilməsi Azərbaycanın ənənəvi
enerji resurslarının istehlakı və ixracı ilə
yanaşı, öz yüksək potensialı hesabına bərpaolunan
enerji istehsalı məsələsinə verdiyi önəmin
ifadəsi oldu. Yaşıl enerji ilə bağlı Məşvərət
Şurasının ilk iclası bu sahədə konseptual məsələlərin
həlli baxımından mühüm əhəmiyyət kəsb
edib. 2022-ci il dekabrın 17-də Rumıniyanın Buxarest şəhərində
"Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və
Macarıstan hökumətləri arasında yaşıl
enerjinin inkişafı və ötürülməsi sahəsində
strateji tərəfdaşlıq haqqında Saziş"in
imzalanması Azərbaycanın bu sahədə
potensialının realizə olunmasını və
dünyanın enerji bazarında əhəmiyyətli rolunun
daha da yüksəlməsini şərtləndirir.
Prezident İlham Əliyev həmin mərasimdəki
çıxışında bildirdi ki, biz Avropaya digər
enerji körpüsünü salmağa başlayırıq.
Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən,
yaşıl enerji təchizatçısına çevrilməyi
planlaşdırır: "Azərbaycanın bərpaolunan
enerji potensialına gəldikdə, quruda külək və
günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər
dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157
qiqavat təşkil edir. Ölkəmizin strateji
investorlarının biri ilə biz 2027-ci ilə qədər 3
qiqavat külək və 1 qiqavat günəş enerjisini
istehsal etməyi planlaşdırırıq. Onların 80 faizi
ixrac olunacaq. Biz 2037-ci ilə qədər ən azı 6
qiqavatlıq əlavə gücləri yaratmağı
planlaşdırırıq".
Qeyd edək ki, Azərbaycanın bir sıra ölkələrin
aparıcı şirkətləri ilə ümumi gücü
28 QVt-dan çox layihələrə dair əməkdaşlıq
sənədlərini imzalaması da ölkəmizin
"yaşıl enerji" kursuna və potensialına olan
maraqdan irəli gəlir. Eyni zamanda bu, Azərbaycanın
etibarlı tərəfdaş olduğunu bir daha sübut edir.
Belə ki, Səudiyyə Ərəbistanı
Krallığının "ACWA Power", Birləşmiş
Ərəb Əmirliklərinin "Masdar" şirkətləri
arasında bərpaolunan enerji üzrə imzalanan müqavilələlərə
uyğun olaraq "ACWA Power" şirkəti ilə 240 MVt
gücündə külək, "Masdar" şirkəti ilə
isə 200 MVt gücündə günəş
stansiyalarının tikintisi ilə bağlı pilot layihələr
icra ediləcək. "ACWA Power" şirkəti ilə
külək elektrik stansiyası layihəsi üzrə də
müqavilə imzalanıb. Artıq
"Xızı-Abşeron" Külək Elektrik
Stansiyasının təməlqoyma mərasimi keçirilib. Həmçinin,
"bp", "Fortescue Future Industries", "China Gezhouba
Group Overseas Investment", "Total Energies", "Nobel
Energy" və "A-Z Czech Engineering" şirkətləri
ilə də əməkdaşlıq sənədləri
imzalanıb.
Nəhayət, ölkəmizin qeyd edilən istiqamətdə
gördüyü işlər ona COP29 tədbirinə ev
sahibliyi qazandırdı. Gələn ilin sonlarında iki həftə
ərzində bütün dünya ictimaiyyətinin diqqəti
Azərbaycanın üzərində olacaq. BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər
bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar
yekdil qərarın verilməsi eyni zamanda ölkəmizə
olan hörmət və etimadın nümunəsidir. COP29-un ev
sahibi olaraq Azərbaycanın seçilməsi Qoşulmama Hərəkatına
sədrlik və BMT Təhlükəsizlik Şurasına
qeyri-daimi üzvlükdən sonra xarici siyasətdə əldə
edilmiş ən böyük uğurlarından biri hesab olunur.
Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili mövzu ilə
bağlı bildirib ki, 2024-cü ilin "Yaşıl dünya
naminə həmrəylik ili" elan edilməsi haqqında
Prezident İlham Əliyevin sərəncamı iqlim dəyişmələrinə
qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin
gücləndirilməsi məqsədi daşıyır.
Bununla bağlı hazırda tədbirlər planının
hazırlanması üzərində iş gedir. Əminliklə
söyləmək olar ki, Azərbaycan "Yaşıl
dünya naminə həmrəylik ili"ndə qlobal iqlim dəyişmələrinə
qarşı mübarizəyə öz töhfəsini verəcək.
Deputat bildirib ölkəmizdə ətraf mühitin
sağlamlaşdırılması, yaşıllıqların
bərpası, su ehtiyatları və dayanıqlı enerji mənbələrindən
səmərəli istifadənin təmin edilməsi istiqamətində
əhatəli işlər aparılır. Xüsusilə də
istilik effekti yaradan qazların emissiyalarının 2030-cu ilə
qədər 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz
azaldılması hədəfi ölkəmizin ekoloji
sağlamlıq strategiyasına nə qədər önəm
verdiyinin təsdiqidir. Azad edilmiş ərazilərdə
"ağıllı şəhər",
"ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq
edilir. Yaşıl enerji istehsalı və əldə ediləcək
məhsulların dünya bazarlarına nəqli Azərbaycanın
enerji siyasətində mühüm yer tutur. 2030-cu ilə qədər
bərpaolunan enerji mənbələrindən əldə
olunacaq elektrik enerjisinin ümumi payı 30 faizə
çatdırılacaq".
T.Mirkişili qeyd edib ki, yaşıl enerjiyə
keçid strategiyası qlobal iqlim dəyişmələrinin
qarşısını almaq və sağlam həyat şəraitini
təmin etmək məqsədi daşıyır. Dünyada
neft, qaz, elektrik enerjisi ixracatçısı kimi tanınan Azərbaycan
Avropanın enerji təminatında vacib rol oynayır. Amma
ölkə rəhbərliyi dünyada cərəyan edən
prosesləri, trendləri yaxından izləyir və ölkəmiz
ənənəvi enerji resursları ilə yanaşı, bərpaolunan
enerji istehsalı sahəsində də özünəməxsus
yer tutmaq istəyir. Karbon emissiyası üzrə ölkəmizin
üzərinə götürdüyü öhdəliklərin
icrası istiqamətində işlər görülür. Bu
mənada 230 meqavat gücündə Qaradağ Günəş
Elektrik Stansiyasının açılışını
xüsusi qeyd etmək lazımdır. Prezident İlham
Əliyev çıxışı zamanı bu elektrik
stansiyasının regionumuzda ən böyük günəş
elektrik stansiyası olduğunu qeyd edərək Birləşmiş
Ərəb Əmirlikləri ilə birgə həyata
keçirilmiş layihənin üstünlüklərindən
danışdı. Gələcəkdə 1 qiqavat həcmində
bərpaolunan enerji istehsalına yol açacaq üç
investisiya sazişinin imzalanması Birləşmiş Ərəb
Əmirlikləri ilə Azərbaycan arasında
qardaşlıq əlaqələrinin parlaq nümunəsidir.
Bu əməkdaşlıq həm Azərbaycanın iqtisadi gəlirlərini
artıracaq, həm də iqlim dəyişikliyi ilə
bağlı məsələlərə öz töhfəsini
verəcək. Dördüncüsü, Sənaye
İnqilabı adlandırılan yeni dövrün əsasını
təşkil edən yaşıl enerji ənənəvi enerji
mənbələrini - daş kömür, neft-qaz kimi sahələri
geridə qoyacaq. Yeni istehsal olunan mühərriklər,
maşınlar hidrogen, qaz və elektrik enerjiləri ilə
işləyirlər".
Deputat əlavə edib ki, Azərbaycanın alternativ
enerji mənbələrinə çıxış
yollarını genişləndirməsi onun iqtisadi və siyasi
gücünü də artıracaq. Enerji təhlükəsizliyinin
təmin edilməsi, enerji mənbələrinin şaxələndirilməsi
o deməkdir ki, Azərbaycan regiondakı liderliyini hələ
uzun müddət qoruyub saxlayacaq.
Pərvanə
525-ci qəzet.- 2023.- 29 dekabr,№237.-S.5.