Antoni ilə
Kleopatranın gur məhəbbətinin faciəli sonluğu -
Telman Orucov yazır
Antoni ilə Kleopatranın gur məhəbbətinin
faciəli sonluğu
(Əvvəli ötən şənbə
sayımızda)
Nəhayət, VII Kleopatra 51-30-cu illərdə Misirin
çariçası oldu. 51-48-ci illərdə o,
qardaşı XIII Ptolomey Dionislə birgə çarlıq
etmişdi. 30-cu ildə Misir Avqust qoşunları tərəfindən
işğal edildikdə bu dövlət məhv oldu və Misir
Roma dövlətinin bir hissəsinə, onun əyalətinə
çevrildi.
Kleopatranın damarlarında, yəqin ki, pers qanı da
axırdı. 324-cü ildə Suzada 10 min nəfər yunan və
Makedoniya döyüşçüsü yerli qızlarla evlənib
toy etdilər. Bu vaxt Aleksandr Daranın böyük qızı
ilə, Gefestion isə onun kiçik qızı ilə evləndi.
Aleksandrın digər yaxın silahdaşları olan Perdikka,
Ptolomey, Krater, Evmen, Selevk Daranın saray adamlarının və
satraplarının qızları ilə evləndilər. Bundan
əvvəl isə Aleksandr Baktriya zadəganı Oksiratın
qızı Roksana ilə evlənmişdi. Deməli, Ptolomey nəslinin
damarlarında makedoniyalı qanı ilə yanaşı, pers
qanı da axırdı.
Sezar döyüş cəbhələrində nə qədər
parlaq qələbələr çalsa da, hətta Pontdakı
ildırım sürətli qələbəsini və oradan
Mitridatın oğlu Farnakı qovmasını məşhur
"veni, vidi, vici" - "gəldim, gördüm, qalib gəldim"
lakonik kəlmələri ilə Senata xəbər versə də,
silahdaşları Romada onun nüfuzunu öz hərəkətləri
ilə aşağı salırdılar. Dolabellanın
ağılsız hərəkətləri, Matinin
tamahkarlığı və Antoninin eyş-işrətləri
xalqı boğaza yığırdı və bunların
günahını hamı Sezarda görürdü. Mark Antoni əyyaşlığı
azmış kimi, fırıldaq yolu ilə Pompey Maqnın evini
ələ keçirmişdi və məşhur sərkərdənin
evi, guya dar olduğuna görə orada yenidənqurma işləri
aparmışdı. Xalq Sezarın silahdaşlarının bu
nümayişkaranə iyrənc hərəkətlərindən
narazı qalırdı. Lakin Sezar öz mövqeyini möhkəmləndirmək,
nəticə etibarilə, diktaturaya yiyələnmək
üçün onlara dözürdü, bu dayağını
itirmək istəmirdi. Sonralar Antoni və Dolabellanın qiyam
hazırlaması barədə məlumat alan Sezar onların nəyə
qadir olduğunu yaxşı bildiyindən demişdi ki, mən
bu uzunsaçlı şişmanlardan o qədər də
qorxmuram. 45-ci ilin sonunda İspaniyadan vətənə
qayıdan Sezar Mark Antoni ilə birlikdə 44-cü ildə
konsul seçildi. Elə bu vaxt Mark Yuni Brut və Qay Kassi Lonkin
pretor seçildilər. Mark Antoni ilk dəfə idi ki, belə
yüksək vəzifəyə, özü də Sezarla birlikdə
seçilirdi. Romada o qədər də populyar olmayan bu
adamın konsul seçilməsi, heç şübəhsiz,
Sezarın xidməti idi. Axı Romada seçkilər o qədər
də demokratik xarakter daşımırdı, klan mübarizəsi
olub, ən vacib məsələlər adamların pulla ələ
alınması ilə həll edilirdi. Antoni isə buna cavab
olaraq Sezarın çar olmaq həvəsini daha da
qızışdırdı. Luperkali bayramında Sezar natiqlər
üçün hündür yerdə qızıl
kürsüdə oturub, Müqəddəs qaçışa
tamaşa edəndə yanvarın 1-dən konsulluğa
başlamış Antoni Foruma çıxdı və
Sezarın başına dəfinə çələngi ilə
bəzənmiş tac qoydu. Sezar bunu rədd edəndə,
bütün tamaşaçılar əl çaldı. Antoni
buna ikinci dəfə cəhd edəndə, Sezar yenə eyni
cavabı verdikdə, hamı əvvəlki kimi əl çaldı.
Sonra xalq Sezarın heykəlinin başına tacın
qoyulduğunu gördükdə, iki xalq tribunu çələngi
heykəlin üstündən götürdü və
Sezarı bundan əvvəl şəhər qapısında ilk
dəfə çar kimi salamlayanları həbsxanaya saldı.
Bundan qəzəblənən Sezar həmin tribunları hakimiyyətdən
məhrum etdi. Bir az bundan sonra isə Sezar ömürlük
diktator elan edildi. Belə söhbətlər gəzirdi ki,
Parfiya yürüşü ilə əlaqədar olaraq o,
paytaxtı İliona, yaxud da Aleksandriyaya köçürmək
istəyir ki, Sezara istədiyi qədər arvad almağa icazə
verilsin və təki onun varisi olsun. Bununla o, Kleopatra ilə
nikahını qanuniləşdirmək istəyirdi. gözəlliyinə,
rəftarına vurulduğu bu qadından o, ayrılmaq istəmirdi.
Nəhayət, Brutun və Kassinin
başçılıq etdiyi sui-qəsdçilər 44-cü
il martın 15-də Senatın keçirildiyi Pompey
kuriyasında Sezarı qətlə yetirdilər. Ona 23 xəncər
yarası vurulmuşdu. Diktatorun ölümü şəhərdə
böyük panikaya səbəb oldu. Qaçan senatorlar da,
görkəmli sezarçılar da bərk qorxuya
düşmüşdülər. Konsul Mark Antoni qorxusundan evində
gizlənmişdi. Lakin sui-qəsdçilər də qətldən
sonra təşəbbüsü ələ ala bilmədiklərinə
görə, sezarçılar tezliklə özlərinə gəldilər
və bu işdə Antoni olduqca riskli hərəkət etdi və
fədakarlıq göstərdi. O, martın 17-də Senatın
iclasını çağırdı. Bu iclasa o, yaxşı
hazırlaşmışdı, Sezarın arvadı Kalpurniyadan
pul vəsaitlərini və kağızları
almışdı. Senatda sui-qəsdçilər Sezarı
tiran elan etməyi təklif etdikdə, Antoni bildirdi ki, əgər
belə edilsə, Sezarın bütün sərəncamları
avtomatik olaraq ləğv edilir. Senatorların mənafeyinə
ciddi təhlükə yarandığına görə onun bu
sözləri əhval-ruhiyyəni əsaslı surətdə
dəyişdirdi və Siseronun kompromis tərzli təklifi qəbul
edildi. Sezarın bütün sərəncamları, o cümlədən,
gələcək üçün niyyət kimi nəzərdə
tutduqları da təsdiq edildi. Sui-qəsdçilərə isə
amnistiya verildi və onlara əyalətlər
tapşırıldı. İki əks tərəfin
barışmasına səbəb olan Senatın qərarı, əslində,
təşəbbüsü Sezar tərəfdarlarına verirdi.
Sezarın dəfn mərasimində çıxış edən
Antoni öz nitqini sui-qəsdçilərin əleyhinə
yönəltdi və xalqa 23 yara almış diktatorun mumdan olan
heykəli göstərildi. Bundan əvvəl isə Sezarın
xalqa çatdırılan vəsiyyətindəki onun şəxsi
vəsaitindən hər plebeyə 300 sistertsi pul verilməsi xəbəri
sui-qəsdçilərin şanslarını xeyli zəiflətmişdi.
Bu hadisələr sezarçıların Mark Antoni və
Emili Lepid kimi iki liderini üzə çıxardı.
Sonrakı 14 illik dövrün hadisələrinə bu iki adam
xeyli dərəcədə öz təsirlərini göstərdilər.
İki ay yarım konsulluqdan sonra birdən-birə Romanın
sonrakı taleyi məsələsi, əsasən, Antoninin fiziki
cəhətdən qüvvətli olsa da, siyasi təcrübə
cəhətdən zəif və kövrək olan çiyinləri
üzərinə düşdü. Sonralar Antoniyə
Sezarın düşmənlərini, onun qatillərini məhv
etmək qismət olsa da, öz düşmənlərinə,
daha doğrusu, onların ən mahir və hiyləgəri
Avqusta xırda döyüşləri uduza-uduza,
bütünlükdə müharibəni də uduzmağa məcbur
oldu və bu, onun tam məğlubiyyəti ilə nəticələndi.
Onun silahdaşı Lepidin nisbətən zəifliyi də Roma
səhnəsində gur işıq altına düşən
Antoninin fiqurasını daha cəsarətli göstərirdi.
Birdən-birə sarsıntılar qabarmasında, bu nəhəng
dalğada yüksəkliyə qalxan Antoni nəinki bu bədbəxtliklərə
son qoymadı, həm də onların sayının
çoxalmasına səbəb oldu. Yüz on il sonra isə
onun nəslinin beşinci budağından olan Neron
imperatorluğa gəlməklə, Romanı eybəcərliklər
dənizinə çevirdi, yanğın alovuna məhkum etdi.
Öz hərəkətlərinə cavab verə bilməyən,
məişətindən tutmuş siyasi fəaliyyətinə
qədər hər şeydə kobud səhvlər buraxan
Antoninin hakimiyyətdə olması və ya təkbaşına
bu hakimiyyətə yiyələnmək cəhdləri Romaya bədbəxtlikdən
başqa heç nə vəd etmirdi. O, öz vəziyyətini
möhkəmləndirmək üçün heç bir
fürsəti əldən vermirdi, bütün imkanlardan istifadə
edirdi. Senatdan özünə şəxsi mühafizəçilər
yaratmaq icazəsini aldıqdan sonra, o bu dəstəyə
qısa müddətdə altı min adam topladı. Sezarın
qətlindən sonra keçirilən Senat iclasının qərarından
istifadə edərək və mərhumun, guya ifadəsinə əsaslanaraq
ona sədaqətli olan adamlara yüksək vəzifələr
payladı, Senat üzvlüyünə daxil etdi, bəzilərini
isə sürgündən qaytardı. Prokonsul kimi gələcəkdə
onların idarə edəcəyi əyalətlərdə də
dəyişikliklər aparmağa və özünə
Makedoniyanı götürməyə nail oldu.
Belə uğurlu və çox şey vəd edən
tədbirlər zəncirini bircə şey pozdu və bu da
Sezarın vəsiyyətində varis elan etdiyi və
bacısının nəvəsi, 19 yaşlı Qay Oktavinin
Yunanıstandan təhsildən qayıtması idi. Artıq
özünü vəziyyətin ağası hesab edən
Antoni bu gəncə çox etinasızlıqla yanaşdı.
Hələ bu azmış kimi, o bu oğlanın həyasızlığından
da hiddətləndi. Oktavian ondan atalığının miras
qoyub getdiyi vəsaiti tələb etdikdə Antoni ona hesabat verməyəcəyini
bildirdi, əlavə olaraq ona dedi ki, bu pullar lazım olan
adamları ələ almağa sərf edilmişdir. Bu
görüşdən sonra Oktavian özünü Qay Yuli Sezar
Oktavian adlandırmağa başladı və o, xalqı Antoniyə
qarşı qızışdırmaq yolunu tutdu. Hadisələrin
sonrakı gedişi göstərdi ki, bu, müasir dillə desək,
gənc siyasət şahmatçısı bir neçə
gedişi qabaqcadan düşünməyi və
planlaşdırmağı bacarır və siyasi oyunlardan nəinki
xeyli yan keçmiş Antoniyə, hətta çoxlarına
taktiki ustalıq dərsi verə bilər. Antoniyə
qarşı mübarizəsində o, özünə
güclü və nüfuzlu müttəfiqlər də
tapırdı. Bunlardan biri məşhur natiq və filosof
Siseron idi. O, Mark Antoni ilə "söz müharibəsi"nə
başlayır və onu açıqca tiran olmaq niyyətində
ittiham edirdi. O, Senatda Antoniyə qarşı ittihamların
ağırlığı getdikcə şiddətlənən
çıxışlar edir və onları Afina natiqi Demosfenin
Makedoniya çarı II Filippə qarşı etdiyi kəskin
nitqlər kimi "filippikalar" adlandırırdı. Bu
çıxışlar, əsasən, invektiva xarakteri
daşıyırdı. Natiq Mark Antonini əyyaşlıqda və
pozğunluqda ittiham edir, onu əclaf, həyasız,
ağılsız, hətta qorxaq adlandırırdı. Öz
çıxışlarında Antoniyə müraciət edərək
deyirdi ki, "yat və sonra şərab buxarını
burax" və ya "sən hamının istifadə etdiyi
fahişə idin" və s. Hətta öz nifrət etdiyi
adamı Siseron əmin edir ki, ondan bütün hər şeydə
üstün olan Sezar kimi, tiranlara məxsus olan ölümlə
öləcəkdir.
Bütün bunlardan sonra 44-cü ilin payızında hər
iki siyasi rəqib özünə qoşun toplamağa
başlayır və Oktavian bu sahədə daha uğurlu hərəkət
edərək qısa müddətdə on min nəfərlik
ordu toplayır. 43-cü ilin başlanğıcında isə
gərginlik daha da artır. Öz çıxışları
ilə böyük nüfuz qazanan və vəziyyətə
ağalıq edən Siseron Katilina qiyamı dövründə
olduğu kimi cəsarətlə, "vətən
xilaskarı"nın köhnə rolunda hərəkət edərək,
əslində, Antonini Romadan qovdu. Komissiyanın qərarına
uyğun olaraq əvvəllər Senatın qərarı ilə
Detsim Bruta verilən Tsizalp Qalliyasının idarə
olunması Antoniyə tapşırıldı. Sui-qəsdçilərdən
biri olan Detsim Brut gözlənildiyi kimi bu qərara tabe olmaqdan
imtina etdi və öz qoşunları ilə Mutina şəhərində
möhkəmləndi. Bu vaxt Antoni qoşunlarını səfərbər
edib, Mutinanı mühasirəyə aldı. Beləliklə,
yeni vətəndaş müharibəsi başlandı. Antoninin
vəziyyətini ağırlaşdıran bir də bu oldu ki,
Makedoniyadan onun yanına qayıdan dörd legiondan ikisi
Oktavianın tərəfinə keçdi. Antoninin
apardığı müharibəni Siseron qanunsuz müharibə
adlandırdı. Cavab tədbirlərinin görülməsinə
başlandı və veteranları yığmaqla Oktavian
Senatı və dövləti bütünlükdə Antonidən
xilas etdi. Antoniyə hər iki konsulun adından məktub
göndərildi, Antoni isə cavabında bildirdi ki, Romada və
Senatda hakimiyyəti pompeyçilər tutmuşlar. 43-cü
ilin yazında hər iki konsulun komandanlığı
altında qoşunlar Mutinaya yaxınlaşdı. Bir konsul Pansa
məğlub olub həlak olsa da, digər konsul Antoni qüvvələrinə
ağır zərbə vurdu. İkinci döyüşdə
isə Mutinadan çıxan Detsim Brutun köməkliyi ilə
şəhərin divarları yanında Antoni məğlub
edildi və şəhərin mühasirəsindən əl
çəkdi. Bu döyüşdə digər konsul Girtsi də
həlak oldu. Qələbə əldə etməsinə
baxmayaraq, Senat qoşunları sərkərdəsiz qaldı. Bu
vaxt döyüşün yekunundan xəbəri olmayan Antoni tərəfdarları,
Forumu və Kapitolini tutmaq istəyirdilər. Qələbə
Romaya məlum olduqdan sonra, nəhayət, Antoni vətən
düşməni elan edildi. Qaliblər Detsim Brut və Oktavian
isə layiq olduqları mükafatı aldılar. Elə bu da gənc
Sezarın inciməsinə səbəb oldu, o, gözlədiyi
halda zəfəri ona yox, Bruta vermişdilər. O, Senatla
dostluğunun böyük şey vəd etmədiyi qərarına
gəldi və başa düşdü ki, Antoninin tam
uzaqlaşdırılması onun özünün də
mövqeyinin zəifləməsinə səbəb olacaq və
onun özünü də Senat istədiyi vaxt kənarlaşdıra
bilər.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2023.- 30 dekabr,№238.-S.22.