Necə edək ki, Yeni ilimiz maraqlı olsun?

 Esse

 

Bakıya qar yağmadı,

Qarsız düşdü qış bizə.

Şaxta baba və Qar qız

Gəldilər yanlış bizə.

Aqşin Yenisey

 

Təqvimləri dəyişməyimizə, yeni ilə qədəm basmağımıza sayılı günlər qalıb. Daha bir ili geridə qoyuruq. Qarşıda bizi yeni fəsillər, yeni aylar, yeni günlər, yeni hadisələr gözləyir. Maraqlıdır, görən, əvvəlki il kimin yaddında necə qaldı? Bu barədə düşünəndə görürsən ki, sabiq ili kimsə ad günü şənliyində maraqlı bir hadisə ilə, başqası küçədə pişik balasını sığallaması ilə, biri ilk dəfə aşiq olması, digəri ilk dəfə ayrılması ilə xatırlayacaq.

Yəni 2023-cü ildə hər kəsin mütləq yaddaqalan acı-şirin xatirəsi oldu, sözüm onda yox. Bəs görəsən, neçə nəfər ilin axırı başına gələn hadisələrdən necə nəticə çıxaracaq? Və yaxud buna nə qədər adam cəhd edəcək?

Məncə, ilin sonu adam özü üçün götür-qoy eləməli, "bu il hansı arzumu reallaşdırdım?", "hansı səhvlərə yol verdim?", "hansı yaxşı işlər gördüm?" və ən əsası "şəxsi inkişafım üçün nələr etdim?", - deyə, - düşünməlidir.

Düzü, içi mən qarışıq əksəriyyət bu kimi suallarla özümüzü yormuruq. Əlbəttə, kimisə buna məcbur da etmək olmaz. Amma adam hərdən boş vaxtında fikirləşir ki, aylar ayları, illər illəri əvəzləyir. Biz isə elə əvvəlki bizik. Həyatımız metrolarda, avtobuslarda, məktəblərdə, iş yerlərində xərclənib hədər gedir, "monotonluq" virusu hamını əldən salır. Fikir verirəm, artıq çoxu xoşbəxtliyi, gələcək arzuları, planları haqqında düşünmək belə istəmir.

Sözün açığı, bizdən əvvəlki nəslin nümayəndələrinin bayramı necə rəngarəng qeyd etməsi, necə xoşbəxt olması haqqında az-çox məlumatım var. Sovet dövründə insanlar əlamətdar günlərdə bir-birlərinə açıqca verir, təbrik məktubu yazırmışlar. Ailələrdə bayram ab-havası, yüksək əhval-ruhiyyə, bol-bol sevinc yaşanırmış. Böyüklərdən eşitmişəm ki, bayrama bir ay əvvəlcədən hazırlaşır, həmin gün yetişəndə maraqlı xatirələrlə yadda qalırmış. Ah, həmin mehribanlıq, səmimiyət, xoş arzular adama necə də şirin, nostalji, bir o qədər də uzaq görünür...

İndi sovet dövründən qat-qat yaxşı zamanda yaşasaq da, nədənsə çox şeylər adiləşib. Hətta o qədər adiləşib ki, parklarda şam ağacı, Şaxta baba, Qar qız olmasa, yəqin, çox adam bayram gəldiyinin fərqinə belə varmaz.

 

Sual ortaya çıxır: necə edək ki, Yeni ilimiz maraqlı olsun? İstəyirəm, bu barədə öz düşüncələrimi bölüşüm.

Mənə görə, yeni ili ailəmizlə, sevdiklərimizlə qeyd etmək ən cazibədar şəhərlərə səfər etməkdən daha üstündür. Adət-ənənələrə sadiq qalmaq, doğmalarını, dostlarını sevindirmək adamı, şübhəsiz, xoşbəxt edir, sevinc payladıqca artır. Tutaq ki, yaxın dostumuza kiçik bir hədiyyə almaq, çoxdandır görmədiyimiz qohumumuzu ziyarət etmək, ən azından zəng vurub bayramlaşmaq, əlbəttə, maraqlı olacaqdır. Məncə, ən gözəl hədiyyə kitabdır, yeni ildə dostlarımızla mütləq kitablaşaq. Kitabı daha sonra vərəqləyəndə onlarla keçirdiyimiz pis-yaxşı günlər yadımıza düşəcək.

Yeni ildə şəhid ailələrini ziyarət edib, onlarla bayramlaşmağa da vaxt ayırmalıyıq. Bizim bu gün qalib xalq kimi alnıaçıq, üzüağ qarşıdan gələn təzə ili qarşılamağımızın səbəbkarlarını - şəhidlərimiz və ailələrini yad etmək mənəvi borcumuzdur.

Uşaq evlərinə, internatlara gedib oradakıları sevindirmək, qayğıya möhtac insanlara qısa vaxt ayırmaq, sözsüz, vicdanımızı rahatladar və bu, bizi mütləq xoşbəxt edər.

Onu deyirdim axı, hər il özümüz üçün bir dəftər ayırıb səfər etdiyimiz yerlər, şahid olduğumuz qeyri-adi hadisələr, baxdığımız filmlər, oxuduğumuz kitablar haqqında qeydlər etmək, həqiqətən, ili mənasızcasına başa vurmadığımızı təsdiqləyəcəkdir. Bu metodla sonralar qeyd dəftərinə baxanda hər il hansı işlər gördüyümüzü, başımıza hansı maraqlı hadisələr gəldiyini xatırlayacağıq.

Xülasə, çalışıb bu yeni ili mənfi düşüncələrdən kənar qarşılamaq, adi şeylərlə xoşbəxt olmağa üstünlük vermək lazımdır.

Ümid edirəm, Əjdəha ili xalqımıza sülh, əmin-amanlıq, firavan və xoşbəxt günlər bəxş edəcək.

Yeni ilimiz mübarək olsun!..

 

İlkin ÖZ

525-ci qəzet.- 2023.- 30 dekabr,№238.-S.21.