Sənubər İsgəndərli:
"İşıq ucu görəndə ümid artır -
indi o vəziyyətdəyəm"
Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar
artist, Gənclər, Pantomima, "Yuğ", ÜNS
teatrlarının səhnəsində də sənət
bacarığını sınağa çəkən,
müğənni kimi yaddaşlarda "Məhəbbət
olmayanda" mahnısının ifası ilə qalan, teatrda
onlarla maraqlı obrazın məharətli
ifaçısı...
Bütün bunları istənilən aktyorun
bioqrafiyasında oxumaq olar. Sənətkar isə yalnız
hansısa rolları oynayan, lap olsun, yaradan adam deyil. Sənəti
ilə şəxsiyyəti bütövlük təşkil edən,
səhnəyə çıxanda heç bir dekora, rekvizitə
ehtiyac olmadan onu dolğunlaşdıran adama sənətkar
deyilir. Lap cümlənin tərifi kimi... Söhbət Sənubər
İsgəndərlidən gedir: həm də onun özü ilə.
O İLLƏRƏ ÇOX QAYITMAQ
İSTƏMİRƏM
- Sizi uşaqlığınıza aparaq, bəlkə:
biri var idi, biri yox, balaca Sənuş var idi...
- Evin tək, əziz-xələf qızı... Təəssüf
ki, bir günün içində hər şey dəyişdi,
anamın dünyasını dəyişməsi ilə mənim
dünyam dəyişdi. Həyatım dəyişdi. Sənuş
idim, amma daha o Sənuş deyildim. O illərə çox
qayıtmaq istəmirəm. Atamla anam fərqli mühitlərdə
yetişmişdilər. Mən daha çox ana tərəfə
idim. İki qütbdə yaşayırdım, ata tərəfdən
ana tərəfə gedəndə ayrı dünyalara
düşürdüm. Orda bəzən qavramadığım,
amma çox maraqlı söhbətlər dinləyirdim. Kitab
mühiti vardı, mənə dayım qızı, qohumlar
kitab verirdilər ki, oxu, gələn dəfə soruşacam. O
kitabları anlasam da, anlamasam da, oxuyurdum. Bəlli bir
yaşı gözləmək lazım deyil, əlinə
keçən kitabı maraqla oxuyursansa, onun özü
yaxşı haldır. 13 yaşımda Yeseninin sevgi şeirlərini
oxuyanda sevgi nə olduğunu bilmirdim, amma çox cazibəli gəlirdi
mənə.
- Ana tərəf qalırdı də, bəs anadan
sonra dəyişən nə idi?
- "Yetimə "gəl-gəl" deyən
çox olur, çörək verən az". Anam
dünyasını dəyişən gün bunu mənə
bir yaşlı qonşu qadın dedi. Çağırdı
yanına, bunu da dedi ki, bir az diqqətli ol, böyü bu
gündən. Mən o vaxt anlamadım, amma ilk dəfə ondan
eşitdiyim yadımdadır.
- Əslində, çox böyük məna
anlatmağa çalışıb.
- Elədir. Həmin gün hamı deyirdi "biz
ölməmişik, özümüz baxacağıq
qıza". Amma sonra reallıqlar başladı.
- Məktəbdə necə oxuyurdunuz?
- Nə qədər ki, anam sağ idi, əla oxuyurdum.
O, əllərimə xətkeşlə vura-vura vurma cədvəlini
əzbərlətmişdi mənə. Özü evdar qadın
olub, amma məni oxutmaqda israrlı idi. Musiqi məktəbinə
gedirdim, fortepiano sinfinə. Anam deyirdi, konservatoriyada oxuyacaqsan.
Ondan sonra evi dəyişdim, "Sovetski"yə nənəmgilə
köçdüm, məktəbi dəyişməli oldum. Dərslər
axsadı, çünki üstümdə duran yox idi, mən də
uşaq ağlımla buna bir az da şad idim ki, oxu deyən
yoxdur.
- Ananız sizi incəsənət yönümlü
yetişdirmək istəyirmiş...
- Musiqi məktəbində əlaçı idim,
musiqi duyumum çox yaxşı olduğundan müəllimlər
fortepianoçu kimi gələcəyimin yaxşı
olacağını deyirdilər. Anamdan sonra məktəb də
axsadı, musiqi də. Ona görə də sənədlərimi
ali məktəbə gec verdim, düşündüm ki, bu qiymətlərlə
qəbul ola bilmərəm. Gah, şərqşünaslıq
fakültəsini istəyirdim, gah da fikirlərim
qarışırdı. O yaşda hökmən adama bir istiqamət
verən böyük lazımdır. Ürəksiz idim,
qorxurdum ki, sənədlərimi verərəm qəbul
olunmaram, sınaram. Özgüvənim möhkəm
axsayırdı. Anam - sən bacaracaqsan, deyib çox dayaq
olurdu mənə. Birdən birə heç kim heç nə
demir, qalmışam dəryada tənha qayıq kimi. Hərənin
öz ailəsi, öz qayğıları.
HEÇ KİM DƏ DEMƏDİ Kİ, HƏLƏ
TEZDİR
- Bəlkə, ona görə tez ailə qurdunuz?
- O da ola bilər, amma həm də sevdim. 17
yaşım vardı, elə bilirdim, budur, bundan başqa
heç kim ola bilməz. Heç kim də demədi ki, hələ
tezdir, oxu, bu adam o deyil, bəlkə getməyəsən. O bəlkələr
bütün ailələrdə olur, məndə
olmadı. Heç kim demədi.
Özüm qərar verdim, getdim. Xalq Təsərrüfatı
İnstitutunu bitirmişdi, xırda sahibkarlıqla məşğul
idi. 14 il bir yerdə yaşadıq. İnstituta sənədlərimi
verəndə artıq qızımız da var idi, amma mən qəbul
olunandan sonra dedim ona. Baxdı, gülümsədi, "aktrisa
olacaqsan?" - deyə istehza ilə soruşdu. Dedim yox, mədəni-maarif
fakültəsinə qəbul olunmuşam. Özüm də
inanmırdım, sırf təsadüfən sənədlərimi
verdim və qəbul olundum. Elə 1-ci kursda oxuyanda Lütfi Məmmədbəyli
məni televiziya tamaşasına dəvət etdi. Yenə inana
bilmirdim. Lütfi Məmmədbəylinin teatr dərnəyi
vardı, mənimlə oxuyan qız o dərnəyə gedirdi.
Bir gün onunla mən də getdim. İçəri girən
kimi Lütfi müəllim gəldi qarşıma ki, sən
kimsən? Dedim heç kim, tələbəyəm, qızlarla
gəlmişəm. "Şeir bilirsən?" Dedim, yox.
"Necə yəni yox, - dedi, çıx bir şeir de".
Mənim də şeir yadımda qalmır, neçə il əvvəl
oynadığım rolların sözləri yadımdadır,
amma şeir əzbərləyə bilmirəm, birtəhər
birini xatırlayıb dedim. Dedi, səni televiziya
tamaşasına dəvət edirəm.
- Həyat öz axarı ilə aparıb sizi.
- Eyni ilə. Elə bil hansısa qüvvə məni
o istiqamətə yönləndirirdi, məcraya salırdı.
Lütfi müəllim dedi, sənə rol verəcəm,
güldüm. Məndə özgüvəni Lütfi müəllim
bərpa etdi. Dedi, bacaracaqsan, oynayacaqsan, səhnə sənin
yerindir. O, nə qədər sənətkarların ilk müəllimi
olub, yetişdirib. Həsənağa Turabov, Səməndər
Rzayev onun yetişdirdiyi sənətkarlardır.
- Sənətkar kəşf edən və yetişdirəndir.
İndi o cür sənətkar azdır, çatışmayan
da odur.
- Lütfi müəllimin 60 illiyində çəkdirdiyimiz
şəkil var, orda kimlər yoxdur, hamısı onun tələbələridir.
Nəriman Həsənzadənin "Kimin sualı var?"
tamaşasında mənə Ağgül obrazını verdi.
1-ci kursda oxuyurdum, ilk işim oldu. Ondan sonra "Şöhrət
və ya unudulan adam" tamaşasında çəkildim. 2-ci
kursdan Akademik Milli Dram Teatrına işə düzəldim.
- Bəs evdə nə dediniz, axı mədəni-maarifə
qəbul olunmuşdunuz?
- Normal qarşıladı, gülə-gülə,
amma sonra yolumu da çox bağladı. O vaxt kinolara çəkilə
bilərdim, imkan vermədi. "Əldən tutdu yoxdur",
"Beldən tutmaq olmaz" - söhbətləri ilə. Sənətdə
çox itirdim. Kinostudiya axsayanda düşündüm ki,
kaş, o vaxtlar çəkiləydim. Nə biləydim
böyük bir işlək mexanizm-industriya sürünəcək.
Gənclikdə fərqinə varmırsan ki, nə isə bir
gün gec ola bilər, zaman keçdikcə anlayırsan.
ELƏ SIXILIRDIM Kİ, SƏSİM ÇIXMIRDI
- "Azdrama"ya gəlişiniz necə oldu?
- Səhnədə ilk addımım uğurlu
olmadı. Aktyorluq ştatında yer yox idi, adımı
kitabxanaya yazdılar. Başqasının rolunda əvəzetməyə
verdilər məni: "Şeyx Xiyabani" tamaşasında Səhər
rolunda. Balaca rol deyildi, amma əvəzedici kimi girdim
tamaşaya, o halda da həmişə uğurlu olmur. Axı, əvvəldən
məşqlərdə, əsərin əxz olunmasında
iştirak etməmisən. Səhnəyə ilk dəfə
çıxan, cəmi 3 gün məşq etmiş 2-ci kurs tələbəsiyəm.
Birdən-birə özümü Amaliya Pənahova, Fuad Poladov,
Həsənağa Turabovla eyni səhnədə gördüm,
əsim-əsim əsirdim. Çox böyük risk idi. Elə
sıxılırdım ki, səsim çıxmırdı, hər
səhnədən sonra rejissor Mərahim Fərzəlibəyov
çığırırdı ki, səsin
çıxmır, ucadan danış. Nəhayət, şeir
deyən yerdə elə ucadan qışqırdım ki,
tamaşaçılar alqışladı. Keçdim pərdə
arxasına, dedim tamaşaçılar sevindi ki, bu qızın
səsi çıxdı. Sonra rolun ifaçısı gəldi,
daha o rolu oynamadım. Düşmüşdüm bir
nağıllar aləminə, axarı ilə gedirdim.
Hüseynağa Atakişiyev baş rejissor idi, bütün məşqlərində
iştirak edirdim. Baxırdım, öyrənirdim. Bir gün
eşitdim ki, "Azdrama"dan gedir və teatr açmaq
fikrindədir. Getdim yanına, dedim məni də aparın.
Soruşdu ki, peşman olmazsan, hamının düşə
bilmədiyi bir teatrdan çıxırsan? Dedim yox, sizinlə
gedirəm. Lütfi müəllim bir az incidi məndən, onu
da başa düşürdüm. Rəhmətlik Zərnigar
xanım dedi, hara gedirsən, getmə, hələ o teatr
bilinmir, necə olacaq. Getdim, peşman da deyiləm, Gənclər
Teatrı mənə böyük məktəb oldu. Baş
teatrda korifeylərin arasında təcrübəm yox idi, o ilk
roldan sonra anladım ki, bunlarla bir səhnəyə
çıxmaq üçün çox öyrənməliyəm.
İntuisiyam məni aldatmadı. 1988-ci ildə Akademik
Teatrı qoyub getdim, amma öyrənmək üçün
getməli idim. Hüseynağa müəllim rolları elə
bölürdü ki, bir gün kütləvi səhnədə
ola bilərdin, növbəti gün baş rolda. Hər gün
Füzulinin qəzəllərini deyə-deyə bədən hərəkətləri
edirdik, sonra məşqə başlayırdıq. Hər əsəri
götürəndə hələ rol bölgüsü etməmiş
onu bizim beynimizə yeridirdi. Əsərin
yazıldığı dövrdən tutmuş hər bir obraza
qədər analiz edirdik. Bir məktəb idi. O 8 ili mən
oxudum. Şekspirin "Yay gecəsində yuxu" əsərində
Yelena oynadım, "Neron"da Aqrepina. Bir "Leyli və Məcnun"
qoymuşdu Hüseynağa müəllim, 7 Leyli, 7 Məcnun, 7
rəngdə muğam üstündə.
1997-ci ildə ordan çıxdım, bir az
sarsılmışdım. Həmin gün Turabov mənə zəng
etdi ki, ay qız, qayıt gəl evinə. Səsini eşidən
kimi ağlamaq məni tutdu, hər görəndə o
sözü deyirdi, bu dəfə elə bil, ürəyimi
oxudu, zamanında olunan gözəl təklif idi. Səhər
qaça-qaça gəldim "Azdrama"ya, dərhal da
ştata götürdü.
PREMYERAYA ÜMUMMİLLİ LİDER HEYDƏR
ƏLİYEV DƏ GƏLMİŞDİ
- Onda artıq televiziya tamaşalarına çəkilmişdiniz
və sənətdə var idiniz...- "Məhəbbət
olmayanda" mahnısının klipi də
çıxmışdı, o vaxtlar bir televiziya vardı,
teletamaşadan sonra səhər artıq bütün Azərbaycan
səni tanıyırdı. Ağlıma gəlməzdi ki,
Turabov məni o məqamda elə sevindirər. Milli Dram
Teatrında ilk rolum "Özümüzü kəsən
qılınc" tamaşasında oldu. Anladım ki, 8 ilim
boş getməyib, bu səhnəyə hazır gəlmişəm.
Sonra "Şah Edip", "Burla Xatun"və
ardıcıl tamaşalar.
- 1998-ci ildə "Burla Xatun"un ilin tamaşası
olmağı yadımdadır
- Möhtəşəm tamaşa idi, premyeraya
Ümummilli lider Heydər Əliyev də gəlmişdi.
Dövlət qayğısı bizi daha da həvəsləndirirdi.
Bir gündə bir neçə məşqdə olurdum. Sonra
"Hamlet"də Gertrudanı oynadım.
- O arada artıq yoldaşınızdan
ayrılmışdınız?
- Hə, uzun zaman çəkdi o qərara gəlmək,
ailə dağıtmaq asandır, onu saxlamaq çətin.
Əgər övladın da varsa, daha çox çətin
olur. Çalışdım saxlayım, amma bir yerə qədər
bacardım, sonra davamı gəlməd.
- Böyüklər uşağın rəyini
soruşmadan qərar verir, çox ağrılıdır...
- Ən ağrılı məqam odur. Zərbə
uşağa dəyir. O anda hər kəs özünü
düşünür.
- İlk kinoya çəkilməyiniz necə oldu?
- "Kimin sualı var?" teletamaşasından sonra
kinoya dəvət aldım. O vaxt hər şey sənət
naminə idi. Lütfi müəllim o tamaşaları çəkəndə
öz cibindən də xərcləyirdi. Dəyərlər
başqa idi, bəlkə ona görə sənətə sevgi
vardı. İnsanlar kitaba, kinoya, teatra bağlı idi.
- Sosializm quruluşu ilə kapitalizmin fərqidir. Hər
şey mənəviyyata xidmət edirdi, indi madiyyata
bağlıdır.
- Kağız maklatura yığırdıq, aparıb
onu verib kitab alırdıq. O çətinliklə kitab
oxuyurduq, bu gün rahatlığın içindəyik, kitab
da çox, amma oxuyan az. Nə isə... "Kişi
sözü"nə çəkildim, sonra da "Şahid
qız" filminə. Ardınca "Fəryad", "Təsadüfi
görüş"...
- Teletamaşalarda da maraqlı obrazlarınız var,
"Fatehlərin divanı",
"Nigarançılıq", "Yaşıl eynəkli
adam" və sair...
- Hamısında Ramiz Həsənoğlunun imzası
var. İnanıram, yenə olacaq.
"ƏQRƏB"ƏM AXI, İÇİMİ
YEYƏNƏM
- Hansısa obrazın arzusunda olmusunuz?
- İş o qədər çox olurdu ki, o barədə
düşünmürdüm. Bircə "Anna Karenina" olub
fikrimdə, onun da dövranı keçdi, yaş o yaş
deyil daha.
- Hansı obrazla xoşbəxt olmusunuz? Çünki
oynamaq xatirinə oynanılan rollar da olur?
- Olub, fikrimdən çıxıb
tamaşaçıdan üzr istəmək keçib ki,
bağışlayın, bu tamaşaya görə. 38 ildir, səhnədəyəm.
Çox sevdiklərim Gertrudadır, "Yaşlı
xanımın gəlişi"ndəki obrazım, "21:15
qatarı"ndakı rolum da çox sevdiklərimdəndir.
"Yay gecəsində yuxu"da Yelenanı çox sevirdim.
Burla Xatun, "Kimdir haqlı"da qadın obrazı da
maraqlı idi. Rol ürəyincə olmasa belə, məsuliyyəti
var, tamaşaçı qarşısına
çıxırsan. Tamaşaçı səni qınaya bilər,
haqlı olaraq. Ürəyimdən tikan çıxaran rol az
olur. Zatən, hər obrazdan sonra elə bilirəm bu da o deyil,
hələ də nə isə qalır. Potensial bitib-tükənməz,
tükənərsə, sən də tükənərsən.
- Vaqif İbrahimoğlunun quruluş verdiyi "Lənkəran
xanının vəziri" tamaşası da zövqverici idi,
sizin obrazınız xüsusilə...
- Çox sevirdim o tamaşanı, o obrazı.
- Bu gün dönüb arxaya baxanda nəyi dəyişmək
istərdiniz? "Nəyi düz elədim, nəyi səhv"
- adamın bu cür özünü qınamağı olur
axı...
- "Əqrəb"əm axı, içimi yeyənəm.
Bəlli yaşdan sonra özünü heç nədə
qınamırsan, yemirsən içini. Səhvlərimlə,
düzlərimlə bu, mənim həyatımdır. Bəlkə,
elə o səhvlər, yanlışlar, anamdan sonra həyatla təkbətək
qalmağım məni həyata hazırladı, möhkəmlətdi.
Həyat məni silkələdi, müvazinətimi,
özgüvənimi itirdimsə də, yenə özümdə
tapdım. Bunu kimsə yaratmır səndə, özünə
güvənməklə özgüvənli olacaqsan. Hələ
də öyrənirəm. Daha təmkinli, səbrli
olmağı öyrənirəm. Səhvlərimdən öyrənirəm.
Heç nəyi qaytarıb düzəltmək olmur.
Peşmanlığın nə mənası?! Demək, bir də
eyni səhvi etməmək üçün irəliyə getməlisən.
- İstədiyiniz nədir indi? Nə gözləyirsiniz?
- İşıq ucu görəndə ümid artır
- indi o vəziyyətdəyəm.
- "Dantenin yubileyi"ndən sonra?
- Xüsusən. Ərşad Ələkbərovun
üslubu mənə maraqlı gəldi, zövq aldım.
İnanıram ki, yaxşıya doğru gedirik. Müxtəlif
rejissorlarla işləməyi xoşlayıram. İşindən
zövq aldığım hər rejissor mənim rejissorumdur.
Bütün qaymaq rejissorlarla işləmişəm. Bəxtiyar
Xanızadə, Vaqif İbrahimoğlu, Vaqif Əsədov, Ramiz
Həsənoğlu, Bəhram Osmanov... Hüseynağa
Atakişiyevi demirəm, o, ustadımdı.
- Biz də bir işıq ucu gördük teatrda və
ümidliyik. Ümidliyik ki, sizi səhnələrdə hələ
çox gözəl obrazlarda alqışlayacağıq.
Uğurlar diləyirəm!
Ramilə QURBANLI,
Məxsusi "525-ci qəzet" üçün
525-ci qəzet.- 2023.- 30 dekabr,№238.-S.20;21.