SSRİ-də Yeni il
açıqcaları ilə tanınan rəssam - Zarubin
Çox güman, SSRİ zamanında
yaşamış hər kəs ömründə ən az bir
dəfə də olsun, sevimli heyvanların şəkilləri
həkk olunmuş sovet açıqcalarını
görüb, hətta alıb və kiməsə hədiyyə
də göndərib. Hətta SSRİ zamanında
böyümüş insanların bəziləri evlərində
indi də bu açıqcaları gözəl xatirə kimi
saxlamaqdadırlar. Lakin əminəm, az adam bilir ki, bu gözəl
açıqcaların hamısını sadəcə bir
şəxs - rəssam Vladimir Zarubin hazırlayıb.
Sevimli və komik heyvanlar dünyasının
yaradıcı olan Zarubin 30 illik karyerası dövründə
1.5 milyard nüsxədən çox açıqcaya öz
imzasını atmış və bütün həyatını,
yaradıcılığını bu mövzuya həsr
etmiş nadir rəssamlardandır.
1925-ci ilin 7 avqust tarixində Oryol vilayəti,
Andriyanovka kəndində anadan olan rəssam ailənin 3-cü
oğul övladı idi. O, II Dünya müharibəsinə qədər
Lisiçanskda ailəsi ilə birgə yaşayırdı.
Uşaq yaşlarından onun rəsmə marağını kəşf
edən valideynləri onu daha da həvəsləndirirlər,
atası oğluna açıqcalar kolleksiyası yığmağı
təklif edir. Bir tövsiyə ilə açıqca
yığmağa başlayan oğlanın
kolleksiyasındakı açıqcaların sayı 5 mini
ötür.
Müharibə zamanı yaşadığı şəhər
işğal olunarkən o da hamı kimi Almaniyaya göndərilir,
əmək düşərgəsində işə cəlb
olunur. Bir neçə dəfə güllələnmək təhlükəsi
ilə üz-üzə qalsa da, həyat üzünə
gülür və müharibədən sonra sağ-salamat vətəninə
geri qayıda bilir. 1945-1949-cu illərdə sovet ordusu
komendantlığında atıcı vəzifəsində
çalışan Zarubin 1949-cu ildən rəssam kimi fəaliyyətə
başlayır. Əvvəlcə Kömür Sənayesi
Nazirliyində, 1950-ci ildən 1958-ci ilə qədər zavodda
rəssam (sonralar NPO Giperon) kimi çalışıb, gecə
məktəbində oxuyub.
Zarubin 1957-1982-ci illərdə "Soyuzmultfilm"də
karikaturaçı kimi çalışaraq yüzə
yaxın sovet cizgi film personajının yaradılmasında
iştirak edib.
Kitablara, zərf və təqvimlərə
illüstrasiyalar çəkməklə də məşğul
olan rəssama əsl şöhrəti isə cizgi filmi
mövzularında hazırladığı təbrik
kartları gətirir. O, ilk açıqcasını 1962-ci ildə
çəkib.
Əvvəllər nəşriyyatlar onun
açıqcalarını çap etməyə dərhal həvəs
göstərmirlər. Çünki onlar bunun əhali tərəfindən
maraqla qarşılanacağına şübhə ilə
yanaşırdılar. Axı bu personajlar və sujetlər həmin
dövr insanı üçün çox qəribə və
qeyri-adi idi: fil xizək sürür, dovşan xoru mahnı
oxuyur, kirpi qarmon çalır, dələ yolka ağacı bəzəyir...
Amma tale göstərdi ki, onlar səhv etmişdilər.
Açıqcalar satışa buraxılan ilk gündən
çox böyük fanat ordusu toplayır. İnsanlar üzərində
Şaxta baba, uşaqlar, dovşanlar, ayı balaları, dələlər,
kirpilər, qar adamları olan bu şirin və maraqlı
açıqcaları almaq üçün mağazaların,
kioskların qarşısında uzun növbələr
yaradır, bu təbrik kartlarının kolleksiyasını
toplayırdılar.
1960-1990-cı illərə qədər Yeni il sujetlərini
əks etdirən əl işləri ilə az qala, hər sovet
ailəsinin qonağı olmağı bacaran rəssam
1990-cı ildən sonra işlərinə tələbin
azalması nəticəsində çox çətin günlər
yaşayır və 1996-cı ildə ürəktutmasından
vəfat edir.
Həmin dövrdə açıqcalar öz
aktuallığını itirsə də, indiki zamanda
kolleksiyaçılar tərəfindən çox yüksək
qiymətləndirilir. Hətta bəzi açıqcalar nadir
hesab olunduğundan çox bahalıdır.
2007-ci ildə isə Vladimir Zarubinin açıqcalar
kataloqu nəşr olunub.
Zarubinin açıqcaları ona görə bu qədər
sevilmişdi ki, onlar müəllifinin səmimiliyini,
mehribanlığını özündə əks etdirirdilər.
Xarakter etibarı ilə çox mehriban, həlim insan olan
Vladimir Zarubin insanlar arasında da bu sevgi bağlarının
artmasına çalışırdı. O, niyə görə
məhz bu cür açıqcalar hazırlaması ilə
bağlı verilən suala belə cavab vermişdi: "Bəlkə
mənim açıqcalarım insanlara bir az mehriban olmağa
kömək edəcək".
Çox güman ki, bu kiçik yazının
oxucuları arasında da həmin açıqcaları görənlər,
ya da elə indi evinin bir küncündə, köhnə
kitabların, albomların arasında ən az bir sovet yeni il təbriki
kartını tapanlar olacaq. Elə isə bu, onlar
üçün müəllif Zarubindən və bizdən
nostalji dolu Yeni il təbriki olsun...
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2023.- 30 dekabr,№238.-S.17.