ATALAR
SÖZÜNƏ BƏNZƏYƏN
O müdrik, o səxavətli kişinin səsi XIX
yüzilin sonlarının, XX əsrin əvvəllərinin
çox guşələrindən dikəlir. Sədası
haradan gəlirsə, orada mütləq hansısa
xeyirxahlığın, nəcibliyin izi var. Elə Hüseynzadələr
ailəsinin taleyində də onun daha bir təmənnasız
yaxşılığının sonralar nəsil-nəsil
ötürüləcək hekayəti qalır. Bu,
Əbülqasım müəllimin danışdığı
əhvalatlardandır.
Atası Nurməhəmməd kişinin adında
doğuluşundan nur varmışsa da, gözlərinin
işığını itiribmiş. O, dülgər idi, əsas
işi neft mədənlərində taxtadan buruqlar, qüllələr
düzəltməkdi. Bakının dəlisov küləkli
günlərindən birində qüllə aşır, Nurməhəmməd
kişi yıxılır, gözünə tilişkə
batır və bir müddət sonra hər iki
gözünün işığını itirir. Amma
taxta-şalban zavodunun rəhbərliyi iş başında
şikəst olmuş dülgərin
dolanışığı olsun deyə onun məvacibini verməkdə
davam edir, özünə də söyləyirlər ki, hərdən
gəl-get, məsləhət-filan ver, bu, yetər. 1902-ci il
imiş. Balaca Əbülqasım yapışıbmış
atasının əlindən, İçərişəhərin
dar küçələrindən keçə-keçə
onu aparırmış taxta-şalban zavoduna. Tağıyevin
kontorunun yanından keçəndə Hacı Zeynalabdin
onları görür, gendən səsləyir ki, Kərbəlayı,
bir bura gəlin. Dəvət edir içəri, keçib əyləşirlər.
Soruşur ki, Kərbəlayı, bu yanındakı kimdir? Nurməhəmməd
cavab verir ki, oğlumdur.
- Təhsil alırmı, harada oxuyur?
- Mollaxanada oxuyur, Hacı.
- Nə oxuyur, hansı kitablardan dərs alır?
- Nə oxuyacaq,
başına dönüm, "Quran", çərəkə,
arada da "Gülüstan".
Tağıyev qayıdır ki, a kişi, istəyirsən
sənin balan böyüyüb halvaxor molla olsun?
Nurməhəmməd də fağır-fağır
dillənir ki, ay Hacı, nə edim, kasıb adamam, Rus-tatar məktəbinə
qoymaq ürəyimdən keçir, amma onunçün pul
lazımdır, mənim də imkanım yox.
Hacı Zeynalabdin Tağıyev çıxarıb 25
manat verir ki, al bu pulu, əvvəlcə uşağına
yaxşı geyim-kecim al, məktəbə gedəndə
yaxşı görünsün, sonra da baş çəkərsiniz
Mahmud bəyə, deyərsiniz ki, məni Hacı göndərdi,
qoy uşağı məktəbinə qəbul eləsin.
Balaca Əbülqasıma da deyir ki, hər ay gələrsən
bu kontora, sənə 5 manat verəcəklər. Həmin 5
manat da sənin aylıq məktəbxərcin olsun.
Beləliklə, Hacı Zeynalabdin Tağıyevin alicənab
himayədarlığı ilə Əbülqasım düzəlir
məktəbə və onun həyatında tamam yeni bir səhifə
açılır. İllər ötəndən sonra o, həmişə
məhəbbət və ehtiramla andığı
Tağıyevlə haqqındakı xatirələrini qələmə
almışdı və neçə dəfə
görüşdüksə, həmişə buna şahid
oldum ki, nədən danışır-danışsın,
hökmən bir yolla söhbəti hərləyib-fırlayaraq
axırda gətirib çıxarır Hacı Zeynalabdinin
üstünə və Tağıyevdən etdiyi söhbətlərin
hamısında da mütləq o el ağsaqqalının qəlb
genişliyindən, maarif işığı saçan əməllərindən
soraq vardı. Bunu da öz gözü ilə görüb
şahid olmuşdu. Nə bir yerdə yazılıb, nə
danışılıb. Əbülqasımın məktəbli
olduğu vaxtların əhvalatlarındandır. Deyirdi ki, 6
saylı şəhər məktəbində oxuyurdum, bir səhər
bizə tapşırdılar ki, camaat yığılıb məktəbin
yanındakı məscidin həyətinə, Hacı da
oradadır, siz də gəlin. Biz də
qaçışdıq məscidin həyətinə,
artıq xeyli adam yığılmışdı. Bir nəfər
çıxış edirdi. Söyləyirdi ki, burada yeni
üsullu məktəb üçün bina tikmək niyyətindəyik,
bu, camaatın gücü ilə olacaq, Hacı 5 min manat ianə
edib, 2 min, 3 min, min manat verənlər də var, indi sizi də
çağırmışıq ki, kimin nəyə
gücü çatır versin.
Ora yığışanların arasında şəhərin
hörmətli, imkanlı adamları, tacirlər, dükan
sahibləri vardısa da, əksəriyyət elə tikinti
işi ilə məşğul olanlardı - bənna, dülgər,
suvaqçı... Hamısının imkanı
aşağı olduğundan məzənnə asta-asta
aşağı düşürdü - 1000-dən 100-ə
endi, oradan 50-60-a, oradan da gəlib dirəndi 10 manata, ancaq bu da
bir çoxuna iri məbləğ kimi görünürdü.
Bu əsnada bir nəfər ayağa durdu, üzünü tutdu
Tağıyevə. Dedi, ay Hacı, imkan verməyin hədd 10
manatdan aşağı düşsün. Çünki
görürsünüz, biz hamımız kasıb
adamlarıq, 10 manatdan yuxarı verməyə imkanımız
yoxdur, uzaq başı 3-5 manat verə bilərik. Bunu eşidincə
Hacı üzünü tutdu yığışanlara, dedi ki,
ay camaat, bəli, mən 5 min manat vermişəm. Amma mənim
5 min manatım elə sizin 1 manatınıza, 2
manatınıza bərabərdir. Çünki siz 1-2
manatı böyük zəhmətlə, alın təri ilə
qazanırsınız. Siz yox yerdən verirsiniz, mənsə 5
min manatı var yerdən vermişəm, ona görə o məbləğlə
bu məbləğ əslində bərabərdir, kimin nəyə
gücü çatır, onu versin.
Hacının bu sözləri camaatı çox həvəsləndirdi,
1 manat, 3 manat, 5 manat verənlərin sayı çoxaldı.
Qısa müddət içində böyük bir məbləğ
cəm oldu, həmin pulla da məktəb tikildi. Məktəb
camaatın ümumi iştirakı ilə inşa olundu, amma məktəbin
tikilib ərsəyə gəlməsinin əsas səbəbkarı
elə Hacı idi ki, vardı.
Əbülqasım müəllim bunu da yada
salırdı ki, o məktəb məscidin həyətində
indi də durur, deyirdi ki, son vaxtlaracan hərdən yolumu oradan
salardım, hər dəfə də ora baş çəkəndə
mənə elə gəlirdi ki, Hacıya salam vermiş kimi
oluram...
Vaxtın izahı mümkünsüz gizli qaydaları,
özünəməxsus cazibəsi, adi düşüncənin
tuta bilməyəcəyi yönəltmə gücü var.
Onillər öncə - 1980-ci illərin lap
başlanğıcında bir gün yazıçı Anar
dedi ki, gedək Əbülqasım Hüseynzadəyə
baş çəkək. Əliboş olmayaq deyə yolumuzu
Pasaj bazarından saldıq və üz tutduq ömrü boyu
atalar sözü toplamış, bu gedişatda elə
özü də həm zahiri, həm davranışları ilə
ata sözünə oxşamağa başlamış
Əbülqasım müəllimin İçərişəhərdə,
Sabir küçəsi 17-dəki mənzilinə. Hal-əhval
tutduq, xeyli söhbət etdik və həmişəki kimi,
Əbülqasım müəllim bir-birindən maraqlı xatirələri
ilə bizi keçmişlərə apardı. İki saata qədər
oturduq və mən bu söhbətlərin hamısını
lentə aldım. Elə o vaxtdan bəri həmin lent
yazısı arxivimdə qalırdı və
açığı, belə bir səs yazısının
varlığı xatirimdən çıxan kimi idi. Amma
Əbülqasım ustadı həmin ziyarətimizin
üstündən 40 ilə yaxın vaxt keçəndən
sonra bir gecə dostum Sultan Fərzəliyev mənə telefonda
yazdı ki, bu axşam Əbülqasım Hüseynzadənin
qohumları ilə görüşüb və eşitdikləri
ona çox maraqlı gəlib, düşünüb, mən də
bu qiymətli folklorçu ilə maraqlansam, yaxşı olar.
Həmin andaca 1981-ci ildə Anar müəllimlə
birgə Əbülqasım ustadgilə getməyimiz, o lent
yazısı yadıma düşdü, xeyli axtarandan sonra
yüzlərlə başqa kaset arasından o səs
yazısını tapdım. Artıq Əbülqasım
müəllimin vəfatından 31 ildən artıq zaman
sovuşurkən bu lentin dəyəri sözə sığan
deyildi. Başladım elə gecə ilə qulaq asmağa və
lentin fırlandığı həmin iki saat boyunca unudulmaz
Əbülqasım canlı idi və sanki yenə 38 il əvvəlki
kimi, onun İçərişəhərdəki mənzilində
qarşı-qarşıya əyləşmişdik.
Ertəsi gün radioya zəng vurdum ki, fonotekanı
araşdırsınlar, səsyazma arxivi ilə əlaqə
saxlayıb onlardan da soruşdum, məlum oldu ki, bir əsrlik
ömür yaşayaraq 1988-ci il sentyabrın 2-də 98
yaşında vəfat etmiş, axıracan da iti hafizəsini
itirməmiş folklorçu Əbülqasım Hüseynzadəni
ya studiyaya dəvət edərək, ya evinə gələrək
söhbətlərini yazmaq kimsənin yadına düşməyibmiş.
Elə bu ikicə saatlıq yadigar söhbətimiz də mənə
bir daha anlatdı ki, vaxtaşırı Əbülqasım
müəllimin qapısını açmaqla o xəzinə
adamdan nə qədər bəhrələnmək
olarmış...
Əbülqasım müəllimin "Hatəmi-Tai"
adlandırdığı və adı ömrü boyu dilindən
düşməyən Hacı Zeynalabdin Tağıyev
1924-cü il sentyabrın 1-də vəfat edəndə 103
yaşı vardı. Hacı həmin 103 ildən sonra 1988-ci il
sentyabrın 2-dək də ən azı Əbülqasım
Hüseynzadənin minnətdar xatirələrində dipdiri idi
və nə qədər ki o cür sevgiylə, sayğıyla
dolu anmalar var, elə diri də qalacaq.
1981-ci ildə Əbülqasım Hüseynzadəylə
İçərişəhərdəki mənzilində
görüşərkən o, Hacı ilə bağlı bir
xatirəsini də söyləmişdi və bu, kədərli,
sadəcə qəmli yox, həm də ağrıdan xatirə
idi. Həmin xatirənin qəhrəmanını mən tez-tez
görürdüm - çiynində içərisi
kağızlarla, sənədlərlə ləbələb
ağır çantalar, indiki İstiqlaliyyət, ovaxtkı
Kommunist küçəsi ilə hər gün yoxuş
yuxarı qalxır, aşağı enir, ünvan-ünvan
gedir, atası haqqındakı haqsız unutqanlığa son
qoyulmasına çalışır. Bu, Hacı Zeynalabdin Tağıyevin
qızı Sara xanım idi. Əbülqasım Hüseynzadənin
xatirəsi də həmin qadınla əlaqədardı.
Danışırdı ki, İkinci Dünya müharibəsindən
sonrakı illərdən birində, "İsmailiyyə"də
hansısa böyük iclas keçirilirmiş, qəfildən
Sara xanım bu toplantıya aidiyyəti olmadan və söz
almadan qalxır ayağa, gündəliyə, orada bəhs edilən
mətləblərə dəxli olmayan sözlər söyləməyə
başlayır. Deyir ki, rus mətbuatında, ayrı-ayrı
kitablarda Savva Morozov haqqında xeyli yazılar
çıxıb, onu tərif edirlər, xeyriyyəçiliyini,
yaxşı əməllərini insanlara nümunə göstərirlər.
Bəs mənim atam haqqında niyə danışmırlar? Mənim
atamın gördüyü yaxşı işlər
haqqında niyə bir kəlmə müsbət söz deyən
yoxdur?
Əbülqasım müəllim həmin
yığıncaqda iştirak edirmiş, deyir, iclası aparan
çox cəhd elədi ki, Sara xanımın
sözünü yarımçıq kəssin,
danışmağına imkan verməsin, amma camaat yer-yerdən
səsini qaldırdı ki, imkan verin danışsın.
Əbülqasım müəllim dünyagörmüş adam
idi, həyatın hər üzünə bələd idi, uzun
yaşadığı, çətin əyyamlardan keçdiyi
ömrü boyunca elə dramatik hadisələrin şahidi
olmuşdu ki, onu dünənin hansısa ürəksızladan
xatirələri ilə riqqətə gətirmək, həyəcanlandırmaq,
qəhərləndirmək çox çətin idi.
Dünyanı yaxşı tanıyırdı o. Ancaq Hacı
Zeynalabdin Tağıyev haqqında bu qüssəli xatirəni
dilə gətirəndə yaşı 100-ə çatmaqda
olan Əbülqasım Hüseynzadənin gözləri
dolmuşdu. Səsi titrəmişdi və xeyli susandan sonra
handan-hana demişdi ki, o gün acizliyimə, Hacının
qızına bu yerdə dayaq dura bilmədiyimə görə
özümü çox vecsiz adam saymışdım, mənim
kimi neçə başqası da kirimişcə, sadəcə
günahkar kimi bir-birimizə baxmışdıq...
Atalar sözləri bizə öyüddür.
Yüz illər, min illər söylənəcəkdir.
Yaxşılıq eləyib sən at dənizə,
Balıq bilməsə də, xalq biləcəkdir.
Uzun ömrü boyu müdrik ata sözlərinin saf
havası ilə nəfəs almış Əbülqasım
Hüseynzadə Bəxtiyar Vahabzadənin bu misralarını
elə zərbülməsəl kimi təkrarlamağı sevərdi
və ata sözlərinə necə
bağlandığını, bu el müdrikliyinin incilərini
toplamağın haradan onun ürəyinə bir eşq olaraq
düşdüyünü nağıl söyləyirdi və
onun ata sözlərini necə yığmağa
başlaması haqqındakı söhbəti
yazıçı qələmindən çıxmış
hekayət kimi son dərəcə maraqlı idi. Nağıl
edirdi ki, 1900-cü illərin əvvəllərində
Bakıdakı rus-müsəlman məktəbində
oxuduğu çağlarda Hacı Zeynalabdin Tağıyevin
ayırdığı 5 manat ki Əbülqasımın məktəb
xərclərinə nəzərdə tutulmuşdu, Nurməhəmməd
kişi hər gün həmin puldan 1 şahı, yəni 3 qəpiyi
oğluna məktəbə gedib-gələndə şirni
almaqçün verərmiş: "Məktəbimizin
yanında şirniçi dükanı vardı, orada 3-ü 1
qəpiyə yaxşı saçaqlı konfetlər
satırdılar. 5 yoldaş idik, hərəmiz 1 qəpik
qoyurduq, 15 konfet alırdıq, elə oradaca
kağızlarını soyub başlayırdıq
ağzımızı şirin eləməyə. Həmin
konfetlərin kağızlarında seçmə atalar sözləri
yazılardı. Birinci dəfə oxuyandan xoşuma gəldi,
konfetlərimin kağızlarını saxladım, o biri dostlarım
öz konfetlərinin kağızını atmaq istəyəndə
onlardan da rica elədim ki, versinlər mənə,
başladım hər gün o konfetlərdən almağa.
Hansılarında ki atalar sözləri təkrarlanırdı,
onları qoyurdum bir qırağa, təkrarlanmayanları
ayırırdım, bir kitabın arasına
yığırdım".
Saçaqlı, alabəzək konfet
kağızlarını bir kitab arasına
yığdığı həmin günlərdən yarım
əsrdən də artıq vaxt keçərkən,
1960-cı illərin sonlarında Əbülqasım
Hüseynzadənin qalın atalar sözləri kitablarından
növbətisi işıq üzü görmüşdü.
O, səxavətli adamdı, ömrü boyu başqalarından
yaxşılıq, kömək gördüyündən bu
xasiyyət Əbülqasımın da canına hopmuşdu.
Kitabları çıxanda çoxlu nüsxələri
alardı, dosta, tanışa, heç tanımadıqlarına
da üstünü yazaraq hədiyyə edərdi. Avtoqraflı
kitab yolladığı dostlarından biri sadəcə telefon
açaraq təşəkkür etməyi az hesab etmişdi,
götürüb Əbülqasım müəllimə bir
açıqcada məktub yazmışdı. Hər işində
səliqə-sahmanlı Əbülqasım ustad yüz cür
başqa yadigar kağızlarının arasında həmin
açıqcanı da qoruyub saxlamışdı. O
açıqcanın xüsusi dəyəri bunda idi ki, orada
minnətdarlıq sözlərini yazan şəxs hədiyyə
aldığı kitabın onillər öncə necə
yaranmağa başlamasının şahidi idi - 1900-cü illərin
əvvəllərində Əbülqasım Hüseynzadə
ilə eyni məktəbdə oxuyan uşaqlardan biri, indi bu
kitabı vərəqlədikcə yarım əsrdən də
xeyli qabaq dərsə gedərkən yol boyu yediyi şirnilərin
dadını damağında hiss edərək xəyalən o əziz
günlərə qayıdan ixtiyar. Yazırdı ki:
"Əbülqasım! Sənin bizdən fərqli çox
vacib bir cəhətin var. O vaxt hamımız eyni konfetləri
alırdıq, yeyirdik. Həmin kağızları bəlkə
bəzilərimiz də oxuyurduq, amma saxlamırdıq,
atırdıq. Amma sən saxladın və saxlamaqla da kifayətlənmədin.
Başladın o atalar sözlərinin üzərinə yenilərini
əlavə eləməyə. İllər keçdi, indi
budur, kitablar yazırsan, xəzinələr yaradırsan. Bu
kitabların təməlində dayanan bir vaxtlar
ağzımızı şirin eləmək üçün
aldığımız o konfetlər dayanır. Amma sənin
yaratdığın bu kitablar indi bütün millətin
ağzını şirin edir".
...Ədəbiyyatımıza, mənəvi xəzinəmizə
bu qədər əvəzsiz incilər bağışlamış
Əbülqasım Hüseynzadə heç ədəbiyyat
adamı deyildi - hesabdardı. Yeniyetməliyində
Bakıdakı tütün fabrikində işləmişdi -
XX əsrin əvvəllərində, məktəbi bitirəndən
az sonra. 1910-cu ildən isə Səadət məktəbində
işə başladı. Orada da mühasib idi. Ancaq taleyi elə
gətirmişdi ki, lap əvvəldən həmişə ədəbi
mühitlə əhatə olunmuşdu. Uşaqkən, 6
saylı məktəbdə təhsil alanda onun müəllimləri
məşhur ədiblər Abdulla Şaiq, Süleyman Sani
Axundov idi. O cür müəllimlərin şagirdi ola-ola ədəbiyyatı
sevməmək mümkündümü? Şagird
yoldaşlarından biri Seyid Hüseyn idi. O Seyid Hüseyn ki,
sonradan Azərbaycanın ən məşhur
yazıçılarından birinə çevrildi. 1910-cu ildə
Səadət məktəbində hesabdarlığını
etməyə başlayanda da ətrafındakıların hərəsi
mədəniyyət, ziyalılıq, yazı-pozu aləmində
adı, imzası ilə tanınan parlaq simalar idi: Fərhad
Ağazadə, Üzeyir Hacıbəyli, Vüsaqi təxəllüsü
ilə şeirlər yazan, gələcəyin şöhrətli
şairi Mikayıl Müşfiqin atası Mirzə
Əbdülqadir İsmayılzadə. Və sonra qismət
Əbülqasımı gətirib bağladı Azərnəşrə.
Burada düz 35 il baş mühasib işlədi. O vaxtsa Azərnəşr
tək nəşriyyat idi. Bir növ, Azərbaycanın əsas
ədəbi mərkəzi idi. Bütün tanınmış
yazıçılar, ədəbiyyata yeni gələn
istedadların hamısı hər
gün-günaşırı ora baş çəkirdilər.
Bu gəlib-getməklərin hamısının sonunda qələm
adamlarının müəlliflik haqqı alması
dayandığından onların hər birinin yolu hökmən
gec-tez mühasibatdan - Əbülqasımın otağından
keçirdi. Odur ki, Əbülqasım Hüseynzadə
ahıllı-cavanlı yazıçıların
hamısı ilə mütəmadi ünsiyyətdə idi.
Alın yazısı belə cızılmışdı ki, o,
uşaqlığından həmişə ədəbiyyatın
yanında, bədii sözümüzlə və bu sərvəti
yaradanlarla nəfəs-nəfəsə olmuşdu. Ona görə
də söz eşqi onun içərisində gəncliyindən
deyil, lap uşaqlıq, məktəb dövründən
axır nəfəsinəcən ürək kimi
çırpınırdı.
...Səadət məktəbində işlədiyi
vaxtlarda günlərin birində müəllimlər
otağında açır qalın dəftərini,
topladığı atalar sözlərini ilk dəfə müəllim
yoldaşlarına göstərir. Dəftər əl-əl gəzir,
kim vərəqləyirsə, çox xoşuna gəlir, hətta
bəziləri xahiş edirlər ki, icazə ver bəzi atalar
sözlərini köçürək. Fərhad Ağazadə
də həmin yoğun dəftəri alır, diqqətlə
baxır, deyir ki, Əbülqasım, sən faydalı iş
görürsən, bunu nəbada yarımçıq qoyasan.
Üzeyir Hacıbəyli alıb dəftəri vərəqləyir
və onun da tövsiyəsi bu olur ki, əsla belə xeyirli
işi dayandırmaq rəva deyil, mütləq davam etdir.
Bu ruhlandırmalar Əbülqasımın həvəsini
birəbeş artırır. Bunu da özü söyləyirdi
ki, həmin gündən sonra elə ilhamlandım ki, çox
keçməmiş bir dəftərim iki oldu, dalınca da
üçüncüsü gəldi.
Belə-belə dəftərlər qalaq-qalaq
yığılmağa başlayır. Amma
Əbülqasımın ürəyindən o da keçirdi
ki, günlərin birində bu dəftərlər kitaba
çevrilsin. Nəhayət, bəxt həmin
çırağı da yandırır. 1925-ci ildə, Azərnəşrdə
işlədiyi vaxtlarda rəhbər vəzifə tutanlardan olan
Əlisgəndər Cəfərov Əbülqasımın
atalar sözlü dəftərlərini görür. O,
Əbülqasımın hələ məktəbli
çağlarından atalar sözləri toplamasından xəbərdar
idi. Çünki özü də orada Əbülqasıma dərs
demişdi.
Bir gün Əbülqasım utana-utana keçmiş
müəlliminə müraciət edir ki, hamının kitablarının
çıxdığı bir yerdə işləyirəm, bəlkə
kömək edəsiniz mənim də kitabım işıq
üzü görsün, atalar sözlərini neçə illərdir
toplayıram, içərisində elələri var ki,
çox adam bilmir, nəşr olunmasa, ola bilsin, asta-asta unudulub
gedə.
Bu təklif Əlisgəndər Cəfərovun
ağlına batır, dəstəyi götürüb
Böyükağa Talıblıya zəng edir. Talıblı o
dövrdə Azərbaycan Yazıçılar Cəmiyyətinin
sədri imiş. O da müraciətə biganə qalmır,
öz növbəsində Abdulla Şaiqə müraciət
edir ki, Əbülqasımın topladıqlarını nəzərdən
keçirib münasibətini bildirsin. Amma Əlisgəndər
Cəfərov Əbülqasım Hüseynzadənin əlyazmasını
necə tərif eləmişdisə, Böyükağa
Talıblının özünü də maraq
götürür, istəyir tanış olsun görək
Əlisgəndərin ağız dolusu "xəzinə"
dediyi dəftərlərdə nələr var. Deyir, ləngitməyin,
elə indi göndərin gəlsin, mən də baxım.
Tanış olunca da elə həmin gün qət edir ki,
çox gərəkli kitab alınacaq, yubatmadan çap etmək
lazımdır. Abdulla Şaiqin rəhbərliyi altında
komissiya təşkil edilir. Allah özü adamın işini
düz gətirsin - Şaiq də Əbülqasımın
müəllimi olmuşdu, dəftərlərdən də
haçandı ki, xəbəri vardı və təbii ki, belə
bir kitabın nəşrinə də, təqdim edilmiş əlyazmaya
da rəyi müsbət olur. Və 1926-cı ilin baharında
Əbülqasım Hüseynzadə çevrilir
dünyanın ən xoşbəxtinə - 2.000 atalar
sözünün qovuşduğu ilk kitabı nəşr
edilmişdi. İllər sonra Əbülqasım Hüseynzadə
ilk kitabının çıxmasının gətirdyi bəxtiyarlığın
hələ də soyumamış fərəhi ilə belə
yazırdı: "Uçmağa qanadım yox idi, bir gənc
ata övladının dünyaya gəlişinə necə
sevinirsə, mən də o cür sevinirdim. Axı hər kitab
həm də insanın övladı deməkdir. Axı hər
kitab həm də insanın mabədidir".
"Mabədi" yazırdı Əbülqasım
Hüseynzadə - yəni davamı, ardı, kitabı
insanın doğmaca övladına oxşadırdı, insana
qanad verdiyini təsdiqləyirdi.
XXI əsrin üçüncü onilliyidir. Müasir
Azərbaycanda o ilk "Atalar sözləri"
kitabının nəşrindən bir əsrəcən vaxt
keçir. Çoxdandır Əbülqasım Hüseynzadə
həyatda yoxdur. Amma onun ötən yüzillikdə
yaratdığı o və ondan sonrakı kitablar qalır, yenə
təkrar-təkrar nəşr edilir.
Əbülqasım Hüseynzadəyə həyatını
və uçuşunu davam etdirməyə qanadları və
övladları kömək edir - ömrünün mabədi
olan, sadiq balaları olan həmin kitabları.
...Bakının memarlıq incilərindən olan həmin
binanın yanından keçəndə istər-istəməz
həmişə qanrılıb o tərəfə baxıram -
XX yüzillik tikincərlik tariximizdə ən gözəgəlimlərdən
olan, cizgisi Stanislav Penonun yadigarı Azərnəşr
binasına, 1933-cü ildə Mətbuat Sarayı kimi
tikilmiş və Bakıdakı heç bir binaya oxşamayan
yaraşıqlı imarətə. Bir zamanlar ora Azərbaycan
yazıçılarının hamısı üçün
olduğu kimi, Əbülqasım Hüseynzadədən
ötrü də öz evi kimi imiş. Əbülqasım
müəllimin cavan vaxtlarından ahıl
çağlarınacan həyatının çox hissəsi
orada keçdi. Öz evi yolun obiri tayında, İçəri
şəhərdə, beş-on dəqiqəlik məsafədə
yerləşdiyindən çox vaxt iş saatlarından sonra
da bura gələrdi, sakitlikdə kağızlarını
qaydaya salar, kitablarının mətnləri üzərində
çalışardı.
Bir dəfə 1970-ci illərin ortalarında Azərnəşrin
dəhlizində dayanaraq şöbələrdən birinə əlyazmasını
gətirmiş bir dostu gözləyirdim. İki-üç
yazıçı dayanıb qızğın söhbət
edirdi. Hamısının da diqqəti çevrələdikləri
şair Hüseyn Hüseynzadədə idi. O vaxtlar hələ
şair istəkli oğlunu itirərək Hüseyn Arif
olmamışdı, elə ad-soyadı ilə tanınan təxəllüssüz
söz ustalarımızdan biriydi. Hüseyn Hüseynzadənin
orada söylədiyi misralar elə həmin andaca
yaddaşıma hopdu və bugünəcən də hafizəmdədir.
Təzə yazdığı şeirlərindən birindən
iqtibas gətirərək deyirdi ki:
Alim var, anamız qoca Qafqazın
Çeşmətək durulub dibindən
çıxır.
Alim var, sağ əli Salman Mümtazın,
Sol əli Hümmətin cibindən çıxır.
Neyləməli ki, bu, acı həqiqətdir. Dərin
bilikli, vergili, yorulmaz alimlərimiz həmişə olub, var, gələcəkdə
də olacaq, lakin Hüseyn Hüseynzadənin söylədiyi qəbildən
olanlar da heç az deyil axı.
Əbülqasım Hüseynzadənin el
sözünü toplamaq yolunda böyük sələfləri
vardı. Acı ruzigarlar Salman Mümtazları, Hənəfi
Zeynallıları, Hümmət Əlizadələri, Bəhlul
Əfəndiləri və neçə-neçə
başqalarını caynağına alıb apardı. Nə
yaxşı ki, Azərbaycanın bəxtində Əbülqasım
Hüseynzadə kimi fədakarlar da varmış ki, onların
yarımçıq qalan yolu davam etdi.
Azərbaycanın birinci atalar sözü kitabı
1899-cu ildə İrəvanda işıq üzü
görmüşdü və həmin kitabı buraxan Məhəmməd
Vəli Qəmərli idi. Ondan sonra bu hikmət saçan mirasın
qızıl zərrələrinin ardınca düşənlər
az olmadı. Amma həmin şərəfli yolda ən uzun gedən
və hamıdan çox məhsul verən Əbülqasım
Hüseynzadədir. Əbülqasım ustad,
uşaqlığındakı ilk konfet kağızlarından
başlasaq, dünya araşdırıcılıq tarixindəki
misli olmayan bir müddətdə - 80 il atalar sözləriylə
oturub-durdu, xalqımıza 30-a yaxın kitab
bağışladı. Elə kitablar ki, hamısı həmişə
yaşayacaq. 1899-cu ildə çıxan ilk atalar sözü
kitabımızda 750 müdrik el deyimi vardı,
Əbülqasım Hüseynzadənin 1926-cı ildə
işıq üzü görən birinci atalar sözü
kitabında 2.000, lakin onun ömrünün sonlarında
hazırladığı məcmuə daha mükəmməl
idi və 20.000 atalar sözünü əhatə edirdi. Amma bu
da hamısı deyildi. Yaşı 100-ə yaxınlaşsa da,
Əbülqasım Hüseynzadənin ürəyi arzularla dolu
idi və çox istəyirdi ki, üzərində atalar
sözləri və zərbülməsəlləri qeydə
aldığı 50.000 vərəqdən ibarət
kataloqundakı irsin böyük hissəsini təzə
kitabında sevimli millətinə axırıncı sovqatı
kimi ərməğan etsin.
Əbülqasım Hüseynzadə ömrü boyu
kağızla, qələmlə baş-başa oldu. Amma Azərbaycanın
sözün çəkisini bilən məşhur
yazıçılarından biri Əbülqasım
Hüseynzadəyə hədiyyə etdiyi kitabın ilk səhifəsində
onu əli qələmli yazıçıya deyil, əli
külünglü Fərhada oxşadırdı və bir
çox baxımdan haqqı da vardı. Fərhad böyük
zəhmətlərə qatlaşaraq dağ çapan sayaq,
Əbülqasım Hüseynzadə də qələmi ilə
onillərlə atalar sözlərimizi zərrə-zərrə,
gilə-gilə, damla-damla toplayaraq, Azərbaycanın atalar
sözü ümmanını yaratmağı
bacarmışdı. 90 il boyunca davam edən bu yol qaya
çapmaqdan qat-qat ağır və çətin başa gələn
əməl, çox adamda ola biləcək qol zorundan fərqli
olaraq, hər adama nəsib olmayan zəka gücü tələb
edən hünərdir. Və Əbülqasım Hüseynzadənin
gördüyü işlərin bəhrələrinə
indinin nəzərləri ilə baxarkən ona veriləsi ən
layiqli və ədalətli qiymət elə "qəhrəman"
kəlməsidir. Lakin bəlkə də daha dəqiqini
başqa bir şairimiz - Əlağa Vahid deyib. Vahidin adətiymiş
ki, hər kitabı çıxınca bir-bir dost-tanışa
şəxsən özü aparıb təqdim edərmiş.
Əbülqasım Hüseynzadəyə hədiyyə etdiyi
növbəti kitabının əvvəlində şair onu
"millətin xeyirxahı" adlandırır. Gerçəkdən
də belədir. Yurdunun xeyirxahı, millətinin
canıyananı olmasan, belə böyük işləri
görə bilməzsən.
Əbülqasım Hüseynzadə ömrünü
yaşayıb gedib, kitabları qalıb. Və onun milləti
üçün etdiyi xeyirxahlığının
mükafatı xalqının ürəyində və
yaddaşında həmişəlik qalmaq, kitabları hər dəfə
vərəqləndikcə rəhmətlə yad edilmək məsudluğudur.
...Əbülqasım Hüseynzadənin illərlə
sevərək topladığı minlərlə ata sözləri
içərisində xüsusən sevdiyi biri də vardı:
"Yaxşılıq görmək üçün gərək
əvvəldən beh verəsən".
Əbülqasım Hüseynzadə özü əvvəldən
bu cür beh verənlərdən idi. Ona görə də həyatı
boyu o yaxşılıqlarla qarşı-qarşıya gəlməsi
hökmi-zər idi. Onun verdiyi beh gördüyü nəcib
iş idi - ata sözlərini itib-batmaqdan xilas etmək, kitaba
döndərmək, millətə çatdırmaq.
Əbülqasım müəllim 1981-ci ildə mənzilinə
qonaq olduğumuz saatlarda savab əməllərinin onun
qarşısında yolları necə açmasının
birinin hekayətini də Qurban Pirimovun, Mirzə Mansurun, Bəhram
Mansurovun muğam çalğısına bənzəyən
aram danışığı ilə bizimlə
bölüşmüşdü. Deyir, 1941-ci il idi, müharibənin
şıdırğı vaxtları. Axşamın gec
saatlarında Mərkəzi Komitədən zəng oldu.
Dövr elə dövr idi ki, Mərkəzi Komitədən,
yuxarılardan olan istənilən zəngdən sonra adamın
ürəyi qopurdu. Çünki dərhal bunun düşər-düşməzi
ola bilməsi ağlından keçirdi. Yollandım Mərkəzi
Komitəyə, məni Teymur Quliyevin qəbuluna
çağırmışdılar. Teymur Quliyev o vaxtlar Xalq
Komissarları Şurasının sədri idi. Bugünkü
dillə desək, baş nazir.
Əbülqasım dövrün inzibati şakərinə
müvafiq olaraq üç-dörd saat qəbul otağında
nigaranlıq içində gözlətdirilir. Gecədən
xeyli keçəndən sonra onu içəri dəvət
edirlər: "Girdim içəri, Teymur Quliyev müqəddiməsiz
başladı. Söylədi ki, biz İrana böyük
nümayəndə heyəti göndəririk. Tərkibə
alimlər, şairlər, yazıçılar, mədəniyyət
xadimləri də daxildir. Orada uzun müddət olacaqlar, iş
aparacaqlar. Ona görə bir mühasibə də ehtiyac var.
Mühasibsə adi adam ola bilməz. Adi adam bizə yaramır.
Gərək ərəb əlifbasında
yazıb-pozmağı yaxşı bilsin, farsca
danışmağı bacarsın. Aradıq, soraq elədik, məlum
oldu ki, bu keyfiyyətləri olan, həm də təcrübəli,
üz tutmalı yeganə adam sizsiniz. Ona görə sizi
göndəririk ora. Sabahda-birisigündə yola
düşürsünüz".
Əbülqasım müəllim bu sözləri
eşidəndən çox həyəcana
düşdüyünü, üstəlik bərk də
qorxduğunu deyirdi. Çünki etiraz eləmək
olmazdı. "Yox" deyərdin, qanın gedərdi, səni
İran əvəzinə birbaşa Sibirə vasil edərdilər.
Amma vəziyyətdən də çıxmaq lazım idi.
Öz sözü, burada da atalar sözləri, atalar sözlərinin
hikməti, zərbülməsəllərin verdiyi ağıl
dadına yetişir. Deyir ki, mən hökumətimin, dövlətimin
naminə nəinki İrana gedib işləməyə, lap 24
saat da xidmət eləməyə hazıram. Ancaq indi mənim
İrana yola düşməyimə mane olan mühüm bir səbəb
var.
Teymur Quliyev bir az hirslə xəbər alır ki, o nə
səbəbdir elə? Əbülqasım qayıdır ki, mənim
doqquz nəfərlik ailəm var, onları başsız necə
qoyub gedəcəm?
- Yox, narahat olma, sənə yüksək məvacib
ödəniləcək, ailənə də burada lazımi
qayğı əsirgənməyəcək.
- Amma burada mənim əsas işimdən əlavə
bir məşğuliyyətim də var ki, o da
yarımçıq qalacaq.
Əbülqasımın inadla bu cür boyun
qaçırması, illah da "ayrı məşğuliyyət"
məsələsi köhnə çekist Teymur Quliyevi şəkləndirir,
soruşur ki, o nə məşğuliyyətdir ki, bizim bu
işlərdən daha vacib sayırsan?
Əbülqasım müəllim deyirdi ki, mən
"ayrı məşğuliyyət" məsələsini
səbəbsiz demirdim, əslində bu söz o anda
ağlıma gəlmişdi. Çünki baxdım ki, Teymur
Quliyevin masasının üstündə açıq bir kitab
var, arasında da qələm, yəqin, mən gələnədək
oxuyurmuş, dayandığı yerdən davam etməkçün
qələmi də ora əlfəcin kimi qoyubmuş. Dedim ki, mən
atalar sözləri toplayıram.
- Hə, nə yaxşı, bu, lazımlı məsələdir.
Ancaq bu işi başqa adamlar da görür, kitab da
buraxırlar, sən fikir eləmə. Bax, elə əlimdə
o kitablardan birini oxuyurdum. Sən bunu görmüsən?
- O kitabı elə mən
buraxmışam.
Əbülqasım müəllim
xatırlayırdı ki, mən belə deyəndə Teymur
Quliyevin bayaqdan ciddilik, sərtlik yağan sifəti dəyişildi,
səsi də yumşaldı. Kitabı götürdü, dedi
ki, mən bunu diqqətlə oxumuşam, həmişə də
masamın üstündə saxlayıram, çox da bəyənmişəm,
soruşmuşam da, söyləyiblər ki, bizdə indiyədək
ortaya çıxan ən sanballı "Atalar sözləri"
kitabı elə budur. Ancaq mən rusların
buraxdığı belə kitabların bir neçəsini
görmüşəm, onlar sənin nəşr etdirdiyindən
beş-altı dəfə qalındır. Məgər bizim
atalar sözlərimiz belə azdır?
Əbülqasım ürəklə dillənir ki, az
niyə, bizimki başqalarınkından dəfələrlə
çoxdur, hazırda əlimdə 12.000 atalar sözləri
var, onlardan ən azı 9.000-ni dərhal çap etmək olar.
İmkan olsaydı, nəşr etdirərdim, hamı da görərdi
ki, bizim atalar sözlərinin zənginliyi ruslarınkından
geri qalan deyil.
Teymur Quliyev "Çapına mən kömək edərəm,
amma niyə 12.000 atalar sözü artıq əlinizdə
olduğu halda deyirsiniz ki, bunun hələlik 9.000-i çap
oluna bilər? O 3 minin ortaya çıxarılmasına nə
mane olu ki?
- Yoldaş Quliyev, mən hər növ atalar sözlərini
toplayıram. Amma onların eləsi var ki, mənası gözəldir,
ancaq elə açıq-saçıqdırlar ki, onları
çap etmək, geniş kütlə arasına
çıxarmaq münasib deyil, o atalar sözlərində bəzi
biədəb kəlmələr, ifadələr var.
Teymur Quliyev qımışır:
- Olsun da. Mənim belə məsəllərdən də
xəbərim var, Vladimir Dalın o məşhur lüğəti
haqqında oxumuşam ki, bir cildi də var, ancaq nəşr
edilməyib. Dal orada söyüşləri, el içərisində
dolaşan, indi adam arasına çıxarılması məqbul
olmayan ifadələri cəmləyib. Çünki bu da elin
sözüdür, elin sərvətidir. - Ardınca da
Əbülqasıma: - Hə, o qırağa qoyduğun 3 min
atalar sözündən bir-ikisini de, eşidək, - deyir.
Əbülqasım təbəssümlə yad edirdi
ki, Teymur Quliyev belə deyəndə pörtdüm,
qıpqırmızı qızardım, başımı
saldım aşağı. Hər halda yüksək vəzifə
sahibi idi, yaşlı adamdı, mən də cavan oğlan,
onun yanında elə sözləri dilimə gətirməyə
heç üzüm gəlmirdi.
Teymur Quliyev onu toxdadır ki, utanma, burada qadın yoxdur
ki, ikimizik, çəkinmə, de.
Əbülqasım müəllim söyləyirdi ki,
Teymur Quliyev təkid edəndən sonra canımı dişimə
tutub üç-dördünü dedim, şaqqanaq çəkib
güldü. Dedi, yaxşı, get öz işinlə məşğul
ol, amma İrana yollamaqçün bir nəfər uyğun adam
tap, elə olsun ki, ərəb əlifbasını bilsin,
az-çox farscası da olsun. Sənin kitabının nəşrinə
də mən kömək edəcəyəm.
Gecə saat üç radələrində
Əbülqasım çıxır Teymur Quliyevin kabinetindən. Deyir, sanki çiynimdən dağ
götürülmüşdü. Şəhərin
küçələri bomboş, ins-cins gözə dəymirdi.
Həyəcanımdan heç evə getmədim. Birbaşa gəldim
Azərnəşrə, kabinetimi açdım. Bircə
qarovulçu idi işdə. Sübhəcən otağımda
oturub fikirləşdim və adamı tapdım. Azərnəşrdə
köməkçim işləyən bir nəfər
vardı, mühasibliyi də vardı, ərəb əlifbasını
da bilirdi, farscadan da qismən başı
çıxırdı. Daha ondan yaxşısını tapmaq
mümkün deyildi. Səhər ona söyləyəndə
ki, belə bir iş var, İrana gedib orada
çalışmalısan, yaxşı da maaş olacaq, istəyirəm
sənin namizədliyini verim, sevindiyindən kövrəldi.
Allah ikimizin də işimizi düzəltmişdi. Heç bir
saat keçməmiş bu xəbər də gəldi ki, Teymur
Quliyev tapşırıb, nə qədər atalar sözün
var, topla gətir, növbədənkənar kitabını
buraxacağıq.
Atalar sözünə oxşayan o nurlu kişi -
unudulmaz Əbülqasım Hüseynzadə 1981-ci ildə,
ömrünün 90-a doğru irəlilədiyi günlərində
bunları söyləyəndə ötmüş əziz
çağların axarında idi və çöhrəsində
elə məsumluq vardı və qırx il əvvəlki
ovqatını olduğu kimi çatdırmaq istərkən o
qədər səmimi idi ki, onun həmin gün Bakı
küçələri ilə yeriməyini, məhz sevincindən
qanadlanıb uçduğunu təsəvvür edirdim.
27 dekabr 2023
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2023.- 30 dekabr,№238.-S.14-15.