Qələmsiz yazılanlar
status-esselər
"Qarabağ" futbol komandasının heyətiylə
birlikdə Bakıdan təyyarə ilə Füzuliyə
uçmaq, Qırmızı Bazardan, Xankəndinin yanından
keçərək Şuşaya qalxmaq, səhərisi gün
Xankəndi stadionunda "Qarabağ"la MOİK-in oyununu izləmək.
Beş il əvvəl belə bir səfər hər
birimizə ya yuxu, ya da fantastik bir hekayənin süjeti kimi gələ
bilərdi.
Amma bu möcüzə reallığa çevrildi.
...Xankəndidə stadiondayıq. Oyunun
başlamasına az qalmış Azərbaycan Prezidenti İlham
Əliyevlə birinci xanım Mehriban Əliyevanın stadiona gəlişi
böyük coşğu ilə qarşılanır.
Oyundan əvvəl çıxışına
"Əziz dostlar, Xankəndiyə xoş gəlmisiniz!" -
sözləri ilə başlayan dövlətimizin
başçısı qısa nitqində heç kəsi və
heç nəyi unutmur: stadiondakı şəhid
uşaqlarına, onların ailə üzvlərinə
ehtiramını ifadə edir, Xankəndinin qədim Azərbaycan
diyarı olduğunu, bu kəndin təməlinin Qarabağ
xanı tərəfindən qoyulduğunu, sonrakı illərdə
Azərbaycanın vəsaiti hesabına böyük şəhərə
çevrildiyini xatırlatdır, bu stadionun cəmi iki ay ərzində
yenidən əsaslı təmir olunduğunu vurğulamaqla
separatizm simvolikasını əks etdirən bütün
yazıların silindiyini bildirir, bir neçə aydan sonra
Ağdam şəhərində "İmarət"
stadionunun yenidən inşasına
başlanılacağının müjdəsini verir.
Oyun boyu stadionda şəhid övladları ilə
birlikdə əyləşən dövlət
başçısının bu alicənab davranışı
isə xüsusi rəğbət doğurdu. Ümumiyyətlə,
dünən stadiondakı mənzərəni müşahidə
edərkən bir neçə dəfə kövrəldim, ən
çox da Prezidentin çıxışında və alicənab
davranışlarındakı kübarlıqdan və səmimiyyətdən
təsirləndim.
Dövlət başçısının
çıxışındakı bir nüans isə, zənnimcə,
təkcə bir futbol oyunu haqqında fikirlər yox, həm də
Qalib Liderin hər zaman üçün Azərbaycanla
bağlı böyük arzularının ifadəsi idi:
"Bugünkü oyunun nəticəsindən asılı
olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan
dövlətidir!"
lll
Müzəffər Ali Baş Komandanın növbəti
ad günündə hara səfər edəcəyi müzakirə
olunurdu. Yenə həmişəki kimi bizi təsirləndirdi.
Doğum günündə Ağdama səfər etdi.
lll
Prezidentin tükənməz enerjisi, dinamikliyi dövlət
strukturlarında çalışanlara nümunə və
örnəkdir.
İnsafən, indi əksər dövlət
qurumları saat kimi, çevik çalışırlar. Bu
templə ayaqlaşmayanlar, gücü çatmayanlar isə yəqin
ki, bunu özləri də hiss edirlər.
lll
Xankəndidəki tarixi oyuna getməzdən öncə
fürsət tapıb Cıdır düzünə qalxmaq,
Şuşanın tərtəmiz, qarlı havasını sinənə
çəkmək, Günəşin doğmasına tamaşa
etmək, Cıdır düzünün ilahi sükutunu dinləmək
böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi yaradanlara və
bizlərə yaşadanlara sonsuz minnətdarlıq hissimiz əbədidir.
Şuşa və Cıdır düzü isə 1979-cu ildə,
on beş yaşında yazdığım şeirdəki
kimidir:
"Tarixin möcüzə sərgisi..."
lll
Aqil Abbas və Fəxrəddin Manafovla Şuşada və
Xankəndidə!
lll
"Şuşa" otelinin otaqlarında
"Qarabağ: real tarix, faktlar, sənədlər" və
Xalq yazıçısı Elmira Axundovanın Ümummilli
lider haqqında yazdığı "Kreml beşilliyi"
kitablarını görmək xoş ovqat yaratdı. Müəlliflərə
və təşəbbüskarlara təşəkkürlər
düşür.
lll
Şuşada hava gec işıqlanır...
lll
Sabaha saxlamadıq!
Elə Xankəndidə, oyun zamanı təəssüratlarımızı
bölüşdük.
İTV-nin "Sabaha saxlamayaq" verilişinin müəlliflərindən
biri, çox hörmət etdiyim, peşəkar jurnalist
Vüsalə xanım Məmmədovayla Xankəndidə tarixi
oyunda görüşdük və isti-isti fikirlərimizi
açıqladıq.
lll
Deyilənə görə, Xankəndi və
Şuşaya dəmir yolunun tikintisinə başlanılacaq.
Şuşaya dəmir yolunu dağların dibiylə çəkmək
mümkündür - dəmir yolu Xankəndidən sonra
Daşaltıda nəfəs dərib Turşsuyacan çəkilə
bilər. Turşsuda gözəl bir sanatoriya tikilər. Tarixən
bu qəsəbədə, Turşsu bulağının ətrafında
yay aylarında camaat çadır qurub yaşayardı.
Dəmir yolunun Daşaltı dayanacağından
Şuşaya 5, Turşsu dayanacağından isə
Laçına 20 kilometrlik məsafədir.
Biz son illər elə böyük xəyallarımızın
reallaşdığını gördük ki, onların
yanında bu arzunun gerçəkləşməsi xeyli adi
görünür.
Bizim də dağların ətəyiylə, meşələrin
içiylə keçən dəmir yolumuz niyə olmasın
ki?!
Qalır "Azərbaycan Dəmir Yolları"
Qapalı Səhmdar Cəmiyyətinin təşəbbüskarlığı
və layihəni reallaşdırması.
Uğurlu olsun!
lll
Media Agentliyi yeni il qabağı region mətbuatı
nümayəndələrinin Şuşaya səfərini təşkil
edib. Gözəl təşəbbüsdür. Təşkilatçıları
və iştirakçıları təbrik edirəm.
lll
Xankəndi Universitetində səviyyəli alimlərimiz,
tanınmış müəllimlərimiz
çalışıb. Allah dünyasını dəyişənlərə
rəhmət eləsin, qalanlara cansağlığı versin.
Mənim bacım da orda təhsil alırdı və mən
də tez-tez Ağdamdan o univeritetə gedib gəlirdim.
Bəs siz orada çalışan, oranı bitirən
insanlardan kimləri xatırlayırsız?
lll
"Euronews" kanalı Azərbaycan mədəniyyətinə
və təbiətinə həsr olunmuş silsilə
verilişlər hazırlayıb. Süjetlər təkcə əcnəbilər
üçün yox, elə bizim üçün də
maraqlı informasiyalarla zəngindir.
lll
Müəllim nüfuzuna xələl gətirə biləcək
xəbərləri paylaşarkən həddən artıq həssas
davranmaq, yüz ölçüb-bir biçmək, hətta təsdiqlənmiş
xəbərlərə də ehtiyatla, tərəddüdlə
yanaşmaq lazımdır. Cəmiyyətin əsəbləriylə
oynamağın, azyaşlıların sadəlövhlüyündən
sui-istifadə etməyin, bir fərdə qarşı qərəz
və qəzəbin ümumi müəllim adına
etimadsızlıq yarada biləcəyini düşünmək
gərəkdir.
lll
Adətən candərdi getdiyi yerlərdə adam
sürprizlərlə qarşılaşır, həyatı dəyişir.
Səadət gözlənilmədən gəlir.
lll
Uzun müddətdən sonra tanınmış
şair, dostumuz Çingiz Əlioğluyla İTV-nin
"Ötən günlər" verilişində
görüşdük.
lll
Həyəcan bütün hallarda yaxşı hissdir.
lll
Öz uğursuzluğunun səbəbini
başqalarında axtarmaq dövrü keçib.
"Özünə güvən, özünə..."
lll
Səviyyəli, maraqlı "Maska" proqramına,
hədər getməyən əziyyətə və vəsaitə
görə İTV rəhbərliyinə, təşkilatçılara,
bütün zəhməti keçənlərə təbriklər
və alqışlar!
lll
Vətən müharibəsindən çəkilən
filmlərin, bəzi verilişlərin içərisində
reklam vermək yaxşı reaksiya doğurmur - yaranan ovqat dəyişir,
təsir effekti azalır.
Gərək TV idarəçiləri belə məsələlərdə
həssas olsunlar.
lll
Qəzet oxumadıqlarını qürrələnərək
söyləyənlər, ümumiyyətlə, qəzet
oxumayanlardır. Bu isə qürurlanası keyfiyyət deyil.
lll
TV-lərin rəqabəti inkişafı şərtləndirir.
lll
O qədər düz çıxmayan proqnozlar olub ki...
lll
8 saata cəmi 1 bəyənmə.
Bu, nəyin göstəricisidir?..
Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini
525-ci qəzet.- 2023.- 30 dekabr,№238.-S.9.