Böyük Qayıdış
ideyası ilə dirçəldilən Ağdam
Bu günlərdə Prezident İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində
salınacaq beşinci yaşayış kompleksinin təməlinin
qoyulması mərasimində iştirak ediblər. Qarabağ
iqtisadi rayonuna daxil olan işğaldan azad edilən ərazilərdə
(Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov
Prezident və birinci xanıma yaşayış kompleksi barədə
məlumat verib. E.Hüseynov bildirib ki, ümumi sahəsi 12
hektar olan yaşayış kompleksinin ərazisinin böyük
bir hissəsi yaşıllıq zonasından ibarət olacaq.
Kompleks şəhərin təsdiq edilmiş ümumi Baş
planına uyğun salınacaq. Bu kompleksdə tikiləcək
yaşayış binalarında ümumilikdə 1115 mənzil
olacaq. Mənzillərdən 25-i birotaqlı, 314-ü
ikiotaqlı, 552-si üçotaqlı, 224-ü isə
dördotaqlı olacaq.
Qeyd edək ki, kompleksdəki binaların
inşasında modern memarlıq yanaşmalarından və
milli naxış elementlərindən istifadə olunacaq. Burada
idman meydançalarının, istirahət guşələrinin,
velosiped dayanacaqlarının və digər zəruri
infrastruktur obyektlərinin yaradılması nəzərdə
tutulur. Bütün binalar daimi su, elektrik enerjisi və yüksəksürətli
internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı
mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək.
Binaların inşasında istilik tutumlu təbii inşaat
materiallarından istifadə ediləcək.
Prezident İlham Əliyev Ağdam rayonunun Baş Qərvənd
kəndinin də təməlqoyma mərasimində iştirak
edib.
Bildirilib ki, kənd tarixi ənənələri
qorumaqla müasir üslubda layihələndirilib. Kəndin
ümumi ərazisi 476 hektardır. Kənddə 6057 nəfərin
məskunlaşması və ümumilikdə 1495 fərdi evin
tikilməsi nəzərdə tutulub. Layihənin birinci mərhələsi
üçün 202 hektardan çox torpaq sahəsi
ayrılıb. Birinci mərhələdə kəndə 851
ailənin - 3703 nəfərin köçürülməsi
planlaşdırılır. Bunun üçün bu mərhələdə
851 ev inşa ediləcək. Bu evlərin 170-i ikiotaqlı,
425-i üçotaqlı, 213-ü dördotaqlı, 43-ü isə
beşotaqlı olacaq.
Vurğulanıb ki, kənddə əhalinin məşğulluğunun
və istirahətinin təmin edilməsi üçün də
hər cür şərait yaradılacaq. Burada uşaq
bağçası, məktəb, kollec binaları, kollektiv
istirahət və təhsil obyektləri, inzibati bina, klub icma mərkəzi,
tibb məntəqəsi, aptek, mehmanxana, bazar və bir sıra
xidmət müəssisələri yaradılacaq. Kənddə
enerji daşıyıcılarına qənaət etmək məqsədilə
alternativ enerjidən istifadə olunacaq.
Prezident İlham Əliyev eyni zamanda "AzərEnerji"
Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq
"Ağdam" qovşaq yarımstansiyasının
açılışında iştirak edib."Ağdam"
qovşaq yarımstansiyası rayonun bəzi kəndləri ilə
yanaşı, əsasən Xocalı, Əsgəran, Xocavənd,
Ağdərə və Xankəndini ölkə enerjisisteminə
qoşmaqla bərabər, həmçinin ehtiyat qida mənbəyi
kimi regionun enerji təchizatında etibarlılığı təmin
edir. Yaxın vaxtlarda "Ağdam" qovşaq
yarımstansiyasından Xankəndiyə 110 kilovoltluq
ötürmə xətti çəkilərək 110/35/10
kilovoltluq "Şuşa" və "Füzuli"
yarımstansiyaları ilə əlaqələndiriləcək.
Bununla da ikitərəfli elektrik təchizatına nail olunacaq.
Eyni zamanda, Xocalı, Əsgəran və digər kənd və
qəsəbələrin 35 kV-luq elektrik təchizatı da
"Ağdam" qovşaq yarımstansiyasından təmin
ediləcək.
"Ağdam" qovşaq yarımstansiyasında 110
kV-luq açıq paylayıcı qurğu yaradılıb və
açarların, ayırıcıların və digər
texniki avadanlıqların açılıb-qoşulması, o
cümlədən, aktivlərin, proseslərin, resursların
idarə edilməsi, qüsurların təcili aradan
qaldırılması və başqa əməliyyatların
proqram təminatı vasitəsilə avtomatik həyata keçirilməsi
təmin edilib. Yarımstansiyanın yeni tikilən İdarəetmə
Mərkəzində isə 35 və 10 kV-luq rəqəmsal
qapalı paylayıcı qurğular yerləşdirilib. Bununla
yanaşı, Mərkəz əks-qəza avtomatikası,
mikroprosessor tipli rele mühafizəsi, avtomatika və idarəetmə
panelləri, sabit və dəyişən cərəyan
qurğuları ilə təmin edilib. Yarımstansiyada
müasir tələblərə cavab verən mikro SCADA sistemi
yaradılıb və "AzərEnerji"nin mərkəzi
SCADA sistemi ilə sinxronlaşdırılıb.
Sonra Prezident İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva Ağdam şəhər Mərkəzi
parkının təməlinin qoyulması mərasimində
iştirak ediblər. Prezident və birinci xanıma parkda
görüləcək işlər barədə məlumat
verilib. Ağdam şəhərinin yeni Baş planına əsasən
salınacaq park 5 hektar ərazini əhatə edəcək.
Parkın layihəsi Prezident İlham Əliyevin
tapşırıq və tövsiyələri nəzərə
alınmaqla hazırlanıb.
Mərkəzi parkın ümumi ərazisi dörd
zonaya ayrılacaq. Şəhər meydanı, Botanika
bağı, Çəmənlik və Meşəlik
zonalarında mədəni-kütləvi tədbirlərin
keçirilməsi üçün hər cür şərait
yaradılacaq. Burada, həmçinin su oyun zonaları,
çay evləri, istirahət və iaşə obyektləri,
mədəni və öyrədici meydançalar, təhsil və
sağlamlıq sahələri və aktiv oyun zonaları fəaliyyət
göstərəcək. Müxtəlif ağac növlərinin
və dekorativ kolların əkiləcəyi Ağdam şəhər
Mərkəzi parkında istirahət etmək, idmanla məşğul
olmaq istəyənlər üçün hər cür şərait
yaradılacaq.
Parkın salınması ərazidə ekoloji
tarazlığın bərpasına ciddi töhfə verməklə
yanaşı, həm Ağdam sakinlərinin, həm də
şəhərin qonaqlarının, turistlərin istirahəti
üçün ən gözəl məkanlardan birinə
çevriləcək.
Həmçinin Prezident İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva Ağdam şəhərində
"İmarət" Kompleksində aparılan təmir-bərpa
işləri ilə tanış olublar.
Ağdam rayonunda erməni vandalizminə məruz qalan
tarixi-memarlıq abidələrindən biri də Qarabağ
xanlığının banisi Pənahəli xanın
sarayıdır. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi
Azərbaycan ərazisində yayılmış digər xan
saraylarından fərqlənərək dəbdəbəli ev
xüsusiyyəti daşıyıb. İşğal altında
olmuş ərazilərdəki digər tarixi-mədəni, dini
abidələr kimi, Pənahəli xanın imarəti də
işğalçılar tərəfindən təhqir edilib,
vandalizmə məruz qalıb.
Burada Qarabağ xanlığının əsasını
qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif
illərdə hakimiyyətdə olmuş hökmdarlar -
İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü
türbələri, həmçinin Mehdiqulu xanın
qızı Xurşidbanu Natəvanın məzarı olub.
Qarabağ xanlarının nəslindən olan digər görkəmli
şəxslər də bu qəbiristanlıqda dəfn edilib.
Lakin Ağdam şəhəri işğal olunduqdan sonra qəbiristanlıq
da erməni vandalizminə məruz qalıb. İbrahimxəlil
xanın türbəsi və Qarabağın sonuncu hakimi
Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın
qəbirüstü abidəsi ermənilər tərəfindən
dağıdılıb.
Prezident İlham Əliyevin müvafiq
tapşırığına uyğun olaraq Pənahəli
xanın sarayının yerləşdiyi "İmarət"
Kompleksinin bərpa edilməsi üçün işlərə
başlanılıb. Kompleksin bərpası ilə
bağlı xarici mütəxəssislər tərəfindən
hazırlanmış konsepsiya 2022-ci il oktyabrın 4-də
dövlətimizin başçısına təqdim olunub və
işlərə başlanılıb. Konsepsiyaya əsasən,
kompleks Pənahəli xanın sarayı, türbələr və
Qarabağ atları parkından ibarət olacaq, xanın
sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət
göstərəcək.
Xarici mütəxəssislərin Ağdama səfərləri
çərçivəsində sahənin inspeksiyası və
çəkilişləri aparılıb, arxiv materialları
araşdırılıb, beynəlxalq təcrübəyə əsaslanaraq
bərpa və dizayn layihələri hazırlanıb. Kompleks
ümumilikdə 3,3 hektar ərazini əhatə edəcək."İmarət"
Kompleksindəki tarixi qəbiristanlıqda mövcud beş
türbə qalığı tədqiqat sahəsinə daxil
edilib. Türbələrin içi və ətrafı erməni
işğalçılarının bu abidələrin daxilində
qurduğu donuzçuluq təsərrüfatının
tullantılarından və digər qalıqlardan təmizlənib.
Tədqiqat nəticəsində burada çox sayda
müsəlman qəbirləri, daş abidələrin fraqmentləri
- başdaşıları, sinədaşıları, antik
dövr sütun bazası, antropomorf büt aşkarlanıb.
Ərazidə xüsusilə kəllə və alt çənə
sümükləri, çox sayda insan skeletinin fraqmentləri
tapılıb. Onların arasında xan nəslinə aid olan qədim
sərdabə tipli qəbirlər də yer alıb. Burada sovet
dövründə dəfn edilənlərin qəbirlərinin
böyük bir hissəsi vandalizmə məruz qalıb.
Ərazidə aşkarlanan sümüklərdən DNT
nümunələri götürülüb, qəbirlərin
identifikasiyası üzərində araşdırmalar davam
etdirilir.
Erməni işğalçılar tərəfindən
məzarların sinədaşı və
başdaşıları sındırılıb, bir çoxu
müxtəlif məqsədlə istifadə üçün
qəbiristanlıq ərazisindən çıxarılıb.
Kompleksin ərazisində arxeoloji tədqiqatların
aparılması məqsədilə AMEA-nın Arxeologiya,
Etnoqrafiya və Antropologiya İnstitutu bu ilin aprelində
Ağdam şəhərinə mütəxəssislərdən
ibarət elmi ekspedisiya göndərib. Tədqiqatlar zamanı
tapıntıların foto və videoçəkilişləri
həm fotoaparat, həm də kvadrokopterlə aparılıb. Tədqiqatlar
nəticəsində müəyyən edilib ki, "İmarət"
Kompleksinə aid olan tarixi qəbiristanlığın ərazisi
6 min kvadratmetrdir. Cari ilin sonunadək Kompleksin ərazisindəki
tarixi qəbiristanlıqda arxeoloji tədqiqat işlərinin
birinci mərhələsi yekunlaşacaq. Burada tədqiqat
işlərinin ikinci mərhələsinə
başlanılacaq.
Xatırladaq ki, Kompleksin tam bərpası
üçün vəsaitin Qarabağ Dirçəliş
Fondu tərəfindən ayrılması nəzərdə
tutulur.
Millət vəkili Azər Badamov bildirib ki,
işğalçıların 30 il dağıdaraq viran
qoyduğu ərazilərimizin yenidən qurularaq bərpa
olunması qürur hissi doğurur. Dövlətimizin
başçısı, illərdən bəridir ki, öz
doğum günlərində işğaldan azad olunan ərazilərdə
keçmiş məcburi köçkünlər
üçün tikilmiş yaşayış məntəqələrin
açılışlarında və yeni layihələrin təməlqoyma
mərasimlərində iştirak edir. Bu ilin 24 dekabrı da ermənilərin
daşı daş üstündə saxlamadığı və
Qafqazın Xirosiması adlandıran Ağdamın yenidən
qurulması və bərpası ilə bağlı
keçirilən mərasimləri ilə zəngin oldu: "Cənab
Prezident Ağdama səfəri çərçivəsində
Ağdam qovşaq yarımstansiyasını,
Xaçınçay Su Anbarını, uzunluğu 44,5 km olan Bərdə-Ağdam
yolunu istifadəyə verdi. Ağdam şəhərinin 4 və
5-ci yaşayış komplekslərinin, Mərkəzi
Parkın, Qiyaslı, Salahlı, Baş Qərvənd kəndlərinin
təməlləri qoyuldu, Ağdam Şəhərinin daxili
yollarında və İmarət kompleksində aparılan yenidən
qurma və bərpa işləri ilə tanış olaraq
tapşırıqları verdi. Dövlət
başçısının xüsusi
tapşırıqları və nəzarəti ilə Ağdam
rayonu ən yükəsk səviyyədə yenidən qurulub bərpa
edilir. Keçmiş məcburi köçkün həyatını
yaşamış ağdamlılar dünyanın ən gözəl
yaşayış məntəqlərinə qayıdacaqlar.
Ağdam şəhəri özünün arxitekturası və
dizaynı ilə xüsusilə fərqlənəcək.
Prezidentin işğaldan azad olunan ərazilərə etdiyi
mütəmadi səfərlər o ərazilərdə
görülən işlərin daha keyfiyyətlə və
sürətlə icra olunmasına yol açır.
İşğaldan azad olunan ərazilərdə icra edilən
layihələrin səviyyəsi yeni bir Azərbaycan
standartını meydana gətirir. Bu standart
xalqımızın milli-mənəvi dəyərlərini
özündə əks etdirməklə müasirliyi
özündə birləşdirir. İşğaldan azad
olunan ərazilərdə yenidən qurma və bərpa işlərinin
yüksək səviyyədə aparılması həm bu ərazilərə
qayıdacaq keçmiş məcburi köçkünlərin
firavan yaşayışını təmin edəcək, həm
də 30 il dövriyyədən kənarda qalmış ərazilər
yenidən ümumi iqtisadiyyatımıza reinteqrasiya olunacaq. Bu
da dövlətimizin gücünü daha da artıracaq".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2023.- 27 dekabr,№235.-S.15.