Aktrisanın şirin-acı həyat
hekayəti
(Əvvəli ötən çərşənbə
sayımızda)
Bizim yaşadığımız məşhur
küçədəki bir yaxın qonşu kimi
tanıdığımız ailənin bütün üzvləri,
təkcə ana istisna olmaqla, atanın iyrənc təcrübəsindən
nümunə götürərək, narkomanlığa
qurşanmışdı, buna pul əldə etmək
üçün oğurluğa da girişmişdilər. Hətta
bizim evə də girmişdilər, lakin yararlı bir şey
tapa bilməmişdilər. Biz belə oğruya fars filmindəki
böyük azərbaycanlı şair Şəhriyar kimi cavab
verərdik ki, oğru, axı sən ağıllı adamsan,
elə yerə get ki, orada qiymətli bir əşya tapa biləsən.
Oğruluq edilən evlərin sahibləri də polisə
müraciət etdikdə, onların bir qardaşını həbs
etdilər. Dustaqxanadan dörd ildən sonra qayıtdıqda o,
nəşə çəkməyə daha pis
qurşandığından, az keçməmiş
öldü. Onun iki qardaşı azacıq fasilələrlə
dünyanı tərk etdi. Dərdə dözə bilməyən
ana da vəfat etdi və narkomaniya bütöv bir ailəni məhv
etdi. Onların komasının qapısı birdəfəlik
bağlandı.
Ailəmiz narkomanlarla, xuliqanlıq nümayiş etdirmək
həvəskarları ilə məşhur olan kasıb bir
küçədə yaşayırdı. Burada adam
bıçaqlanması, döyülməsi adi hal hesab olunurdu.
Az qala hər ailə mükəlləfiyyət qaydası kimi
həbsxanaya öz nümayəndəsini göndərməli
idi. Dustaqxanadan çıxıb, qayıdanlar məhəllənin
"qəhrəmanlarına", "şöhrət
ulduzlarına" çevrilirdilər. Həbsxana təcrübəsi
onlara yaşadıqları mühitdə məhəllə
"kübarlığına", "Don" olmalarına
çatmaq hüququ verirdi,
onlara əslində çoxları nifrət bəslədiyi
halda, bəziləri qorxudan ehtiram göstərirdi. Heç kəs
onların qumar oyunlarına, onun bir hissəsinə
çevrilmiş nərd oyunlarına müdaxilə edə
bilməzdi, buna görə ona cəhd edən adamı sadəcə
olaraq cəzalandırar, yortardılar.
Belə küçədə yeniyetmə, cavan qız
kimi böyümək çətin idi, onu daim müxtəlif
səviyyədəki təcavüz kölgəsi izləyə
bilərdi. Mənə belə bir mühitdə, özü də
ehtiyac içərisində yaşamaq "xoşbəxtliyi"
qismət olmuşdu. Atam bizi atıb getdiyindən, anamın
himayəsində qalmışdıq. Böyük
qardaşımı anam ərköyün
böyütmüşdü, cüzi qazandığı pulun
çox hissəsini oğluna xərcləyirdi və bu, mənim
kiçik büdcəmin daha da kiçilməsinə səbəb
olurdu. Anam qardaşımı küçənin iyrənc təsirlərindən
qorumağa çalışsa da, bu məsələdə
çox şeyə nail olduğu ilə öyünə bilməzdi.
Avara, sərgərdan həyata aludəçilik
qardaşımı daha çox cəlb edirdi, həmyaşıdları
ilə küçədə laqqırtı vurmaqla
gününü keçirir, dərslərini
hazırlamağa fikir vermirdi.
Mənim narkoman oğlanla
məcburi xarakter daşıyan münasibətlərim
Qonşu narkoman oğlan bir gün yolumu kəsib, mənimlə
danışmaq istədiyini bildirdi. O, mənə sevgisini elan
etdi, hətta mənlə evlənəcəyini bildirdi.
Onun ağlı başında deyildi, gözləri
axırdı. Hətta məni qucaqlamağa da cəhd etdi. Mən
gülümsəyərək özümü ondan
uzaqlaşdırdım. Sərt etiraz etsəm, mənə təcavüz
edə bilərdi, hətta məhv etməkdən də çəkinməzdi.
O, artıq qeyri-adekvat idi və cinayətkarlar ordusunda xidmətə
asanlıqla girə bilərdi. Öz aləmində onlar
güman edirdilər ki, hətta qətl hadisəsinə yol
versələr də, onları bəlkə də dustaqxana əvəzinə
məcburi müalicəyə göndərəcəklər.
O, yarı hədə, yarı xoş qaydada bildirdi ki, istəklərimə
tabe olmasan, səni incidə bilərəm. Yaxşısı
budur ki, mənim xoş niyyətimi cavabsız qoymayasan. Sonra
biz səninlə ailə quracağıq. Mən onun
eyhamını başa düşüb, daha da qorxdum. Beynim
sürətlə işləyirdi, yeganə yol onun zəif cəhətindən
istifadə etmək idi, bu isə onun narkotik tapmaqda çətinliklərlə
üzləşməsi idi. Bir dəfə ona aptekdən gizli
aldığım ucuz narkotik təklif etdiyimə görə mənimlə
artıq xoş rəftar etməyə
başlamışdı.
Onun hədəsi mənə casus filmlərini
xatırladırdı. Filmlərdə qisas almaq əmrinə
tabe olmayanları cəzalandırmaq adi hal idi. Mən müdafiəsiz
bir məxluq idim, o, mənə qarşı ən pis,
alçaq hərəkətdən də çəkinməzdi.
Ona görə də mən ona narkotik gətirməklə,
könlünü ala bilərdim. Bu da xoşbəxtlikdən
uzun çəkmədi. Bizim əlaqəmiz tez
qırıldı, məhlədə danışırdılar
ki, küçədə narkotik satanda polis onu tutmuş, məhkəmənin
hokmü ilə beş illiyə həbsxanaya göndərilmişdi.
Narkomanlardan qorxmaq təkcə mənə aid deyildi, onlardan demək
olar ki, hamı qorxurdu, öz dəstələrinə aid
olmayanlara nifrətlə baxırdılar, bu daimi düşmənçiliyi
isə, onlara məxsus olan "vendetta" hesab etmək olardı.
Həm də narkomanların tabe olduqları tiran, onlar
üçün yeganə hakim qüvvə olan cahillikdir, cəhalətdir.
Nə qədər ki, bu tiran onlar üzərində
özünün şər hakimiyyətini saxlayır, onlara
qarşı görülən yumşaq tədbirlərin
heç biri fayda verməyəcəkdir.
Bunlar o demək deyildir
ki, mənim həyatım yalnız faciələrdən ibarət
idi. Xoş günlərim də olurdu, onlar isə yalnız məktəblə
əlaqədar idi, burada mən yaxşı mənada fərqlənirdim.
Ədəbiyyat dərslərindən "əla" qiymətlər
almaq üçün dəridən-qabıqdan
çıxırdım.
İlk səhnə fəaliyyyətim məktəbdə
başladı, əslində heç bir səhnə-filan yox
idi, mən öz monoloq qabilyyətimi və rollara girmək
bacarığımı göstərmək cəhdi etdim,
müəllimin və şagirdlərin rəyinə görə
bu, olduqca uğurlu alınmışdı. Altıncı sinfin
şagirdi ilk dəfə öz istedadını açıqca
nümayiş etdirmişdi.
Ədəbiyyat müəlliməmiz bizə
A.P.Çexovun "Buqələmun" hekayəsini öyrənməyi
tapşırmışdı. Səhərisi gün müəllimə
əvvəlcə əlaçıları lövhə
qarşısına çıxardı. Onlar nəsə
mızıldandılar, heç nə başa düşmədik.
Sonra məni cavab verməyə çağırdı. Hekayəni
yaxşı mənimsəmişdim. Generala qonaq gələnin
küçüyü, ya da yiyəsiz küçə iti
nökərin barmağını dişləmişdi.
Əslində it bir dənə idi. Yaltaqlar generala görə
iti müdafiə edir, nökəri günahkar hesab edirdilər,
generalın qonağının itinin nəzakətliliyini
xüsusi qeyd edirdilər. Digərləri isə bunun
küçə iti olduğunu təsdiq edirdilər. Mən
hekayə qəhrəmanlarının hər birini təbii
qaydada səsləndirirdim.
Müəllimə məəttəl qalmışdı,
nökərin danışığı ona daha çox
xoş gəlmişdi.
Müəllimə dedi: - İzolda! Sən həqiqi
aktrisasan. Gələcəkdə istedadlı səhnə
ustası ola bilərsən.
Uşaqlar bu sözü yalan şişirtmə hesab
edib, gülüşdülər. Oturmaq təklifi olsa da,
oturmadım, bəzi fikirlərimi bildirmək istədim:
- Mən nökərin barmağını qapan iti
müdafiə edənləri də qınamıram.
Yaltaqlıq, xüsusən varlılar qarşısında əyilmə
onları belə öyrətmişdir. Onlar hər şeyi tərsinə
deyə bilərlər və ya tam inkar edərlər. Fikrimi
möhkəmləndirmək üçün N.V.Qoqolun
"Müfəttiş" pyesinə keçdim. Əsərin
qəhrəmanı Xlestakov nadir dələduzdur. O,
quberniyanın paytaxtında korrupsiyanın sistemə
çevrildiyindən asanlıqla hali olur və bütün vəzifəliləri
müxtəlif vasitələrlə soymağa başlayır.
Şəhərdə məmur ailələrində, əxlaq
da yaxşı vəziyyətdə deyildir, xüsusən
qubernatorun arvadı və qızı Xlestakovun yalanlarına
inanıb, əxlaqsız istəyində ona tam tabe olmağa
hazırdırlar. Deməli, cəmiyyətdə
çürümə gedir. Korrupsiya epidemiya xarateri
almışdır. Əgər xəstəliyin
qarşısı alınmasa, buqələmun kimi həşəratlar
və Xlestakov kimi ikiayaqlı tülkülər Rusiya ərazisini
bütünlüklə bürüyəcək və məhv
edəcəklər.
Müəllimə İzoldanın fəlsəfi
düşüncələrinə heyran qalmışdı, bu
qız hələ çoxlarını təəccübləndirəcək,
üsyankar ruhu ilə işlədiyi teatrın yeniləşməsinə
də şərait yaradacaqdır.
Sonra müəllimə özü əlavə etdi:
- Mirzə Cəlil Məmmədquluzadənin
ifşasından məlum olduğu kimi, Azərbaycanda din pərdəsi
altında meydana gələn Şeyx Nəsrullahlar adamların
cəhalətindən istifadə edib, ölüləri diriltmək
barədə heç bir təsdiqi olmayan fantastik
fırıldaqlara əl atıb, pul yığır,
varlanır, əxlaqsızlıq edirdilər. Onlar saxta sözlərinin
möhkəmliyini saqqalları ilə, əmmamələrinin
iri həcmdə olmaları ilə təsdiq etməyə
çalışırdılar. Şeyx Nəsrullahlar
Xlestakovlardan daha qorxulu idiər, şəhərlərdəki
varlı adamları deyil, kasıb, hər cür yalana inanan və
uşaq ağlından uzağa getməyən kəndliləri
soyurdular. Onlar kəndə elm, bilik gətirən adamları lənətləyib,
kənddən qovur, cəhalətin daha da dərinləşməsinə
şərait yaradırdılar. Kəndlərin havasından
geriliyin naftalin iyi gəlirdi. İrticanı müdafiə edənlər
dəstələri də yaranmışdı və
ABŞ-dakı zəncilərə qarşı ağların
irqçi dəstələri olan kukluksklanlar kimi, onların
mövqeyinə etiraz etmək olmazdı.
Bu başqalarına bənzəməyən dərsdən
sonra məndə azacıq da olsa öz istedadıma inamım
yarandı və əvvəlki həkim olmaq qərarımı
dəyişib, nə olursa olsun aktrisa olmağı qərara
aldım. Həmin gün mənim həyatımın
dönüş nöqtəsi oldu və buna görə
böyük yazıçı Çexova ömrüm boyu minnətdar
olacağam. Lakin qərarımı anamdan gizlədirdim, ancaq o,
təcrübəsinə görə çox şeydən hali
idi və rəfiqələrim də həmin dərsdə
baş verənləri və müəllimənin məni
aktrisa adlandırmasını ona
çatdırmışdılar.
Mən müəllimin mənə etimad bəsləməsindən
daha da ilhamlanmışdım, axı müəllimə buna qədər
şagirdlərə tərif söyləmək barədə
daim xəsislik göstərmişdi. Belə bir şəraitdə
yaxşı oxumağı, əlaçı olmağı qərara
almışdım və tədricən bu baş verdi.
Düşünürdüm ki, böyüyəndə
kasıblığın daşını hökmən
atacağam, özü də bir şahzadəyə ərə
getməklə, Fransa kralı XV Luinin məşuqəsi olan
Madam Pompadur kimi qaraçıların öncəgörməsi
ilə az qala kraliça olmaqla deyil, birinci növbədə
öz zəhmətimlə yaxşı yaşayacaq, anama və
qardaşıma da kömək edəcəyəm.
Aşağı siniflərdə oxuyarkən rəfiqələrim
mənim onlarla münasibətimdə oyun əlamətlərini
müşahidə edib, rəqsə, mahnı oxumağa həvəsimi
görüb, aktrisa olacağımı, müəlliməmizdən
hələ xeyli əvvəl demişdilər. Bu da gələcəyimin
parametrləri barədə daha dürüst fikirə
düşməyimdə az rol oynamamışdı. Gələcəkdə
hərtərəfli aktrisa olmaq üçün musiqi ilə də
məşğul olurdum, evimizdə piano olmadığından,
musiqi məktəbində fortepianoda çalmaqdan yorulmurdum. Həm
də rəqslə də məşğul olurdum, bədən
quruluşuma görə rəqs müəlliməmiz təbiətin
məni balerina olmaq üçün yaratdığını
demişdi və bu sözlər məni
qızışdırdığından, əsl balerina olmaq
üçün çox çalışırdım, dəzgahdan
aralanmırdım. Bu, çoxlarının təəccübünə
səbəb olurdu. Mən XIX əsrin məşhur fransız bəstəkarı
Kamill Sen-Sansın işıqlı lirika, nəcib
patetikanın üstünlük təşkil etdiyi balet əsərlərini
çox sevirdim, onun "Ölüm rəqsi"ni mən
dünyada yaranmış ən güclü rekviyem
sayırdım və ona saatlarla qulaq asırdım. Məşhur
balerina Mayya Plisetskayanı təqlid edərək Sen-Sansın
"Ölən qu quşu" suitasını ifa etməyə
çalışırdım, elə ifadəliliyə nail ola
bilməsəm də, musiqinin sədaları mənə görünməmiş
könül rahatlığı verirdi, təsəvvürümə
gətirirdim ki, bir gün mən də qanadlarını
büküb, yerə çökən qu quşu kimi həyatdan
gedəcəyəm. Ona görə də çox işləməli,
heç olmasa, mükəmməl də olmayan rəqsimin
hesabına xatırlanmalıyam. Çünki bu çətin
rəqsi ifa etməyə mən ən azı cəsarət
etmişdim. Başqaları isə
Plisetskayanın şöhrətindən və
nüfuzundan qorxub, o suitaya yaxın düşmək istəmirdi.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2023.- 27 dekabr,№235.-S.14.