"Falçı qadın"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas Bəhmən Səlimovdur.
Onunla məşhur rəssam Mikelancelo Merizi da Karavacconun
"Falçı qadın" əsərindən
danışmışıq.
XlV-XVI əsrlərdə Avropa incəsənətində
yeni üslub - Barokko yarandı. Bu dönəmi digərlərindən
fərqləndirən əsas özəllik insan və
dünyanın harmoniyasından çox, onlar arasındakı
ziddiyyətləri əks etdirməsi idi. Üslubun ən məşhur
rəssamlarından biri Mikelancelo Merizi da Karavacco 29 sentyabr
1571-ci il tarixində İspaniya imperiyasının Milan şəhərində
anadan olub. Qısa sürən 38 illik həyatında ölməz
sənət əsərləri və üslub yaradıb. Rəssamın
dini mövzularda işlədiyi rəsmlər son antik dövrlə
müasir dövr arasında kontrast yaradır. Ondan sonra bu yolu
gedən davamçıları "karavaccoçular"
adlandırılıblar.
- Məlum olduğu kimi, Karavacco "Falçı
Qadın" əsərini iki versiyada çəkib. İki rəsm
arasında nə kimi fərqlər var?
- İlk rəsm üslub cəhətdən möhtəşəm
idi. Əsər 1594-cü ildə işlənmişdi. Lakin
Mikelancelo bu dövrdə kasıbçılıqla üzləşdiyindən
rəsmi satmaq məcburiyyətində qalır. İkinci əsəri
isə 1595-ci ildə, yaşadığı evin sahibi Kardinal
del Montenin sifarişi ilə çəkib. Bəhs etdiyimiz əsərin
ilkin versiyası ilə ikinci versiyası arasındakı ən
böyük fərqlərdən biri rəng həllidir. Birinci
rəsmdə geyim rəngləri qaranlıq olduğu halda,
ikinci əsər incə rəng keçidləri ilə
işlənilib. Kardinalın sifarişi ilə təsvir
edilmiş tablonun diqqəti cəlb edən əsas cəhətlərdən
biri də işıqlı məkan həllidir. Bu əsərdə
birinci ilə müqayisədə falçı qadının
və gəncin duruşu, baxışı fərqlidir.
Qadının və oğlanın baxışında cazibədarlıq,
incəlik hiss edirik. Rəsmdə təsvir olunan
personajların duruşu donuqluqdan çıxaraq, sevgi hissini
tamaşaçıya aşılayır. Rəssamın erkən
yaradıcılıq əsərlərində mifoloji və məişət
təsvirlərinə də yer verilib.
- Əsərin rəng həlli necədir?
- Rəsm məişət janrında işlənib.
Texnika baxımından yağlı boyalardan istifadə edilib.
Fon qəhvəyi rəngin açıq tonu ilə ağ rəngin
qarışığından əmələ gəlib. Əsərdə
soyuq və isti rənglərin qarışığı var.
- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?
- Tablonun kompozisiyasında falçı qadın və
gənc bir oğlan görürük. Falçı qadın
hiyləgər baxışlarla gənc oğlanın əlini
tutub. Gəncin sol əli isə belində təsvir edilib.
Oğlanın belində qılınc var. Kompozisiyadakı ən
vacib nüans qadının hiyləgərliyini
anladığımız məqamdır. O,
baxışlarıyla oğlanı başdan çıxararaq,
əlindəki üzüyü xəlvətcə
götürməyə çalışır.
- Ümumiyyətlə, fərqli və
düşündürücü yanaşma Karavacco
yaradıcılığı üçün xarakterikdir.
- Bəli. Karavacconun realist naturalizm üslubundakı
ilk əsəri Romadakı "San Luici dei Francesi" kilsəsinin
"Contarelli" kapellasındakı "Müqəddəs
Metyu həyatından" bəhs edən bir sıra rəsmlər
idi. Burada İncil yazıçılarından olan Müqəddəs
Metyu adi bir fəhlə və ya əkinçi kimi
görünürdü. Onun ayaqlarının şəkildən
kənara uzadılması, sanki bir insanın üzünə
çatmaq üçün ayaqlarını kobud şəkildə
çarpazlaşması kimi təsvir edilib. Kilsə rəhbərləri
başa düşə bilmirdilər ki, Karavacco adi bir
insanı təsvir edərkən, əslində Müqəddəs
Metyunu xilas edən İsanı xatırlatmağa
çalışıb.
- Əsər hazırda harada saxlanılır?
- "Falçı qadın" əsərinin ilkin
versiyası Romada Kapitoli muzeyində saxlanılır. İkinci
eyniadlı əsər isə Parisdə Luvr muzeyində
qorunmaqdadır.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Mikelancelo Merizi da Karavacco bütün həyatı
boyu böyük fəlakətlərlə üzləşib. Rəssamın
kasıbçılığı səbəbindən ilk rəsm
daha donuq və soyuq təsir bağışlayır. Bu rəsmi
tədqiq edərkən rəssamın keçirdiyi hissləri
anlamaq o qədər də çətin deyil. Rəsmin
satılmasından sonra, sifariş əsasında yenidən bu əsərin
ikinci versiyasını hazırlayan Karavacco artıq maddi cəhətdən
sıxıntı yaşamadığından, ikinci əsər
daha canlı və incə təsvir edilib. Hətta burada təsvir
olunan falçı qadın və cavan oğlan
obrazlarının bir-birini həqiqətən sevdiyini düşünmək
mümkündür. "Falçı qadın" sənət
tarixində, fikrimcə, ən önəmli tablolardandır. Bu
rəsm özündən sonra yaranan gündəlik məişət
təsvirlərinə örnək bir əsərdir.
Aytac SAHƏD
525-ci qəzet.- 2023.- 27 dekabr,№235.-S.13.