Uğurlu
qadının arxasındakı qadınlar...
Esse
"Mahnının birinci xanımı", "Caz
Kraliçası" və "Ledi Ella" kimi də
tanınan amerikalı caz müğənnisi Ella Jane Fitzcerald
karyerasının ilk illərində böyük çətinlik
və haqsızlıqla qarşılaşır. Mənsub
olduğu irq və bədən quruluşuna görə
Hollivudun ən məşhur gecə klubu olan "The
Mocambo"da səhnəyə çıxmağına
qadağa qoyulur.
Ellanın sənətinin, səsinin heyranı olan
dövrünün çox məşhur kino aktrisası Merilin
Monro sözügedən gecə klubunun sahibi ilə
danışaraq əgər Ella səhnəyə
çıxarsa, özünün də hər gecə orada
olacağını deyir. Hətta aktrisa bu vədini mətbuata
da açıqlayır.
Təbii ki, Merilin Monro kimi məşhur müştərini
heç kim qaçırmaq istəməzdi. Buna görə də
Ella həmin gündən yenidən orada səhnəyə
çıxmağa başlayır. Merlin də sözünə
əməl edərək hər gecə ön masada əyləşib
onu dinləyir.
Sonralar karyerasının zirvəsini yaşayan və ən
məşhur caz ulduzuna çevrilən Ella Fitzcerald müsahibələrindən
birində deyir: "Həmin hadisədən sonra bir də
heç vaxt kiçik bir caz klubunda səhnəyə
çıxmaq məcburiyyətində qalmadım. O, (Merilin Monro)
qeyri-adi bir qadın idi, zamanından çox öndə idi və
bunun fərqində belə deyildi".
lll
Çox da uzaq keçmişdə olmayan, amma
şöhrətləri ilə bütün dövrlərin ən
böyük ulduzlarına çevrilmiş iki uğurlu
qadının həyat hekayəsindən ortaq əhvalatı
oxuyarkən yadıma tez-tez rastlaşdığımız və
qeyd-şərtsiz inandığımız bir ifadə
düşdü: "Qadının birinci düşməni elə
qadındır". Düzü, gün içərisində
qarşılaşdığımız, eşitdiyimiz,
oxuduğumuz hadisələri mizan tərəzisində
ölçsək, bəlkə də bu ifadənin
doğruluğunu əyani də sübut etmiş olarıq.
Xüsusən, uğurlu qadınların bir-birini
gözügötürməzliyi, eqoları, daim
özünün diqqət mərkəzində olmaq
çabaları gün keçdikcə daha vahiməli vəziyyət
alır.
Doğrudan da, qadın qadının düşmənidirmi?
Ya da qadın qadına düşmən olmalıdırmı?
Yaşadığımız dövr və cəmiyyət
onsuz da qadın doğulan varlıq üçün təbii və
qeyri-təbii çox böyük əngəllərlə,
"olmaz"larla, məhrumiyyətlərlə doludur.
Ətrafında, həyatındakı, demək olar, hər kəs
tərəfindən azadlığı, söz haqqı əlindən
alınan, atdığı addımdan, geyindiyi paltara qədər
hər şeyi müzakirə obyektinə çevrilə bilən
qadını haradasa eyni həyatı, eyni məhrumiyyətləri
yaşayan başqa bir qadının anlamaması, anlamaq istəməməsi,
bircə pillə ucalmaq üçün öz həmcinsini
ayağının altına alması nə qədər
acı, nə qədər kədərlidir...
Deyirlər ki, hər uğurlu kişinin arxasında
bir güclü qadın var. Bəs hər uğurlu
qadının arxasında kim var? Hər kəs Ella kimi
şanslı, Merilin Monro kimi də böyük ürək
SAHİBİ olmadığından, məncə, hər
uğurlu qadının arxasında dalınca danışan,
ona getdiyi yoldan geri qaytarmağa, bacarmayanda ayağından tutub
dartmağa çalışan başqa bir qadın var.
Merilin Ellaya sənət verməmişdi, istedad verməmişdi,
pul verməmişdi, adından, şöhrətindən istifadə
edərək onu öz arxasınca zirvələrə
daşımamışdı. Merilin sadəcə
istedadını, səsini sevdiyi bir həmcinsinə
qarşı edilən haqsızlığı aradan
qaldırmışdı, bunun üçün sadəcə
zamanını xərcləyərək. Ona Ellanın nə
irqi, nə görünüşü maraqlı idi, nə də
sabah uğur qazansa, öz şöhrəti ilə onu kölgədə
qoyacağı qorxusu vardı. Çünki Merilin təkcə
böyük aktrisa, pop ikonu deyildi, həm də əsl
qadın idi.
Həqiqi qadınlar da digər qadınları dəstəkləyərlər...
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2023.- 27 dekabr,№235.-S.13.