Əcəl gəldi,
gedən dönməz bir daha
USTAD ALİM KAMİL VƏLİ
NƏRİMANOĞLUNUN İŞIQLI, ƏZİZ
XATİRƏSİNƏ
O sabah xoş ovqatla oyanıb yeni bir arzuyla qanadlanmaq istəmişdim.
Fəqət bir andaca xoş xəyallarım pərən-pərən
düşdü aldığım acı xəbərdən.
Oğlum Əli, sosial şəbəkədə
görüb-eşitdiyi xəbərin təsirindən,
ehtiyatla, bir qədər də tərəddüd halıyla məndən
sordu: "Ata, Kamil Vəli Nərimanoğlunu
tanıyırsan?" Səhər erkən sorulan bu sual məni
diksindirən kimi oldu. Cavabında dedim: "Çox
yaxşı tanıyıram. 1987-ci ildə şair təbiətli
alim professor Mustafa İsgəndərzadənin evində qonaq
olduğu zaman professor Kamil Vəliyevlə
görüşüb tanış olmuşam. Mustafa müəllimin
oğlu Çinara saz dərsi dediyim zaman xalqımızın
bu ecazkar milli alətində klassik saz havalarını
çalmağımı o zaman dinləmişdi. Və daha
sonra folklorumuza aid yayımlatdığı "Elin
yaddaşı, dilin yaddaşı" adlı elmi əsərin
ikitab mağazasından alıb oxumuşdum, oğlum". Bu
cavabımdan sonra bir qədər duruxub, Kamil Vəlinin haqq
dünyasına qovuşduğunu ahəstə səslə, məyusənə
halda qara xəbəri çatdırdı. Kaş xəbərlər
qara olmayaydı, əlvan olaydı, rəngli, boyalı
olaydı. Qara xəbər kədər, üzüntü, dərd-qəm
ifadəsidir. İnsansevər insanların qara xəbərə
ehtiyacı yoxdur əsla. Türk təbiri ilə, mutlu xəbərə,
xoş xəbərə hər zaman ehtiyacı var
insanoğlunun. Nə isə...
Xoş xəbərlər almağa çox ehtiyac
duyduğum vaxt, dost itkisinin təsirindən bir anda yerimdəcə
donub qaldım, üşüdüm. Yarpaq kimi soldum, vücud
adlı ağacımın dibinə xəzəl olub
düşdüm bu gözlənilməz zərbənin,
sarsıntının təsiri ilə. Səd heyif ki,
dostlarımızdan biri də getdi 16 dekabr 2023 tarixində.
İctimai xadim, ədəbiyyatşünas alim, filologiya elmləri
doktoru, professor Kamil Vəli Nərimanoğlu
adlı-ünvanlı bir itki yaşadıq. Necə ki, Osman Sarıvəlli
ocağının yadigarı professor Babək Qurbanov, professor
Rafiq Qurbanov itkisi yaşamışdıq. Bu iki elm
adamının adını sadalamağım bir xatirəmlə
bağlıdır, dəyərli "525-ci qəzet"in
sayqıdəyər oxucuları.
2009-cu ildə musiqi estetikası üzrə filosof alimimiz,
professor Babək Qurbanovun 70 yaşına qədəm
qoyduğu ərəfədə Kamil bəyə və
ustadım professor Qəzənfər Paşayevə zəng
etdim ki, hörmətli alimimiz haqda bir məqalə
yazsınlar. İyunun 9-u münasibəti ilə sürpriz etmək
istədim. Kamil müəllimin
verdiyi cavab indi də xatirimdədir: "Mən böyük
qardaşı Rafiq Qurbanovu çox yaxşı
tanıyıram. Moskvada olarkən tanış olumuşam, əsl
ziyalı alimlərimizin Rusiyadakı layiqli-ləyaqətli təmsilçisidir.
"Şəhriyar" cəmiyyətinin
başçısıdır. Babək müəllimi də əsərləri
ilə, möhtəşəm yaradıcılığı ilə
uzun illərdir tanıyıram. Fəqət, hələ ki,
üz-üzə görüşüb söhbət etmək nəsib
olmayıb. İnşaallah, görüşərik bir
zaman". Bu təklifim əsasında mayın sonuna yaxın hər
iki hörmətli alimimiz - Kamil bəy və Qəzənfər
Paşayev internet adresimə Babək müəllim haqda
yayımlanmış yubiley məqaləsini 10 gün öncə
və ad günündə mənə göndərdi. (Və
beləcə Babək Qurbanovun qəlbini hər iki məqalə
ilə sevindirmiş oldum.) Bu səbəblə də Babək
müəllimin də könül dünyasına Kamil Vəli
Nərimanoğlu adında bir Vətən övladı
alimimizin adı həkk edilmiş oldu. Qismət oldu ki, Qaziantep
Universitetinin rektoru, professor Yavuz Coşğunun dəvəti
üzrə 2014-cü ilin iyun ayında təşrif buyuran
Kamil Vəlinin, Mühəndislik fakültəsinin salonunda
Mehmet Akif Ərsoyun yaradıcılığı barədə
digər dəvətli türk alimləri ilə birgə
verdiyi konfransdakı məruzəsini dinləmək
üçün Babək müəllimlə birlikdə oraya
getik. Kamil bəyin mükəmməl
çıxışını dinlədik. Heç unutmuram,
ünlü şair haqda yüksək elmi səviyyəli, dərin
məzmunlu, mükəmməl təhlilə təməllənən
bilgilər dinləyiciləri heyrətə gətirdi. Bunu səmimiyyətimlə
etiraf edirəm. Nə qədər zəngin bilgiyə sahib
olduğunu bu konfransda elmi çıxışı ilə bir
daha təsdiqlədi Kamil bəy. Babək müəllimlə
birlikdə qürurlandıq, iftixar hissi keçirdik vətənoğlumuzun
bu uğurlu çıxışından. Konfrans bitdikdən
sonra Babək müəllimlə Kamil Vəlini tanış etmək
şərəfinə nail oldum. İki nəhəng alimin
üz-üzə görüşünə, səmimi söhbətlərinə
şaihidlik etmək nə xoş an oldu! Ömrümə həkk
etdiyim unudulmaz bir ana çevrildi. Sonralar qəlbim hər
ikisinin itkisindən viran oldu, çox heyif ki...
2004-cü ildə təcrübəli fortepiano müəllimi,
dosent Tamilla Qasımova ilə Ərzurum Atatürk Universitetindən
Qazi Universitetinin Əczaçılıq fakültəsində
konsert vermək üçün, dekan, professor Fəthi
Şahin bəyin dəvəti üzrə birlikdə Ankaraya gəldik.
Saatyarımlıq konsertimizi tamamladıqdan sonra axşam
21.00-da "Başkənd Öyrətmən Evi"nə
getdik. Tarımı və sazımı otağa qoyub giriş mərtəbəyə
endim ki, bir stəkan çay
içib bir qədər özümə gəlim. Bu zaman Kamil
bəy məni gördüyü zaman şən halda
yaxınlaşdı və heyrətli baxışlarla
"burada nə gəzirsən?" deyə sual verdi. Qazi
Universitetində konsert vermək üçün dəvət
edildiyimi bildikdə tarımın və sazımın da
yanımda olduğuna çox sevindi. Dedi ki, tarı və
sazı da götür, təcili bura gəl! Böyük alimin
bu amiranə təklifinə bir söz demədən
otağımdan tarımı və sazımı da
götürüb Kamil bəyin yanına gəldim. Yanında,
tanımadığım üç nəfər şəxs
var idi. İlk dəfə gördüyüm bu şəxslərlə
görüşüb Kamil bəyin göstərişi ilə
tarımı və sazımı futlyardan çıxarıb fərqli
muğamlardan bölümlər, xalq mahnılarından və
klassik aşıq havalarından nümunələr
çalmağa başladım. Bu ifamın müddəti uzun
oldu. Anladım ki, 3 saat keçib bu ikinci konsertimdən. Gecə
saat 2-yə kimi məni 4 nəfərdən ibarət dinləyici
qrupum və kənardan da otelin çalışanları dinlədilər.
Nəhayət, Kamil bəyə: "Sabah Ərzuruma dönəcəm"
- deyəndə mənə qəti etiraz etdi. Dedi ki, bu konserti
sabah axşam bir daha təkrar etsən sevinərəm. Naəlac
qalıb razılaşdım. Çünki xətir-hörməti
mənim üçün əziz idi, bir ziyalı alim və əsl
insan kimi. Və ertəsi gün yenə "Başkənd
Öyrətmən Evi"nin 1-ci qatında kiçik, özəl
bir bölümdəki sərgi salonunda konsertimi təkrar verməyi
qərarlaşdırdım. Bu arada vaxt tapıb Kamil bəyin
yanındakı qonaqlarının adını da öyrənəndə
heyrətimi gizlədə bilmədim. Biri Türk
Dünyası Araşdırmaları Vakfının
başqanı, professor Turan Yazqan, digəri tədqiqatçı
və şair, Ege Universitetinin professoru,Türkiyə Yazarlar
Birliyi, Avrasiya Yazarlar Birliyi, Türk Kültürünü
Araştırma İnstitutu və Azərbaycan
Yazıçılar Birliyinin üzvü Əli Yavuz
Akpınar, üçüncü, xanım dinləyicim isə
Türkiyə Cümhuriyyətinin 3-cü
Cümhurbaşqanı Cəlal Bayarın nəvəsi,1987-1989-cu
illər ərzində Oksford Universitetində dərs demiş,
1984-2016-cı illərdə Mərmərə Universiteti Fənn-Ədəbiyyat
fakültəsində professor vəzifəsində
çalışmış Əminə Gürsoy Naskali
olduğunu öyrənəndə bir daha bu kiçik konsertim
üçün qürurlandım. Təbii ki, Kamil bəyin təşkilatçılığı
sayəsində.
Bu xoş hadisədən keçən müddət ərzində
professor Çengiz Alyılmazdan aldığım telefon
nömrəsini yığıb Əminə xanımla
danışaraq həmin anları yadına saldığım
zaman dedi ki, heç unutmamışam o iki gündə bizləri
heyrətə gətirən konsertini. Bu cavab məni indi də
duyğulandırmaqdadır. Bu ülvi xatirəmi
oxucularımla paylaşmaqda məramım Kamil bəyin bir alim,
bir vətənpərvər şəxsiyyət kimi, Azərbaycan
musiqi mədəniyyətini sevən, onu təbliğ etməyi
bacaran, türk təbiri ilə, əfəndi bir insan
olduğunu çatdırmaqdır.
Nə edəsən, fələyin üzü qara olsun!
Kamil bəyin itkisi ürəyimizi köz kimi yandırdı,
ruhumuzda dolmayacaq bir boşluq yaratdı. Elm aləmində bir
mayak kimi işıq saçırdı, gənc tədqiqatçıların
yolunu aydınladırdı, uğurlu
çalışmaları ilə hər zaman bizə
başucalığı gətirirdi Kamil Vəli Nərimanoğlu.
Xalqımızın başı sağ olsun!
Bu nisgilli şeirimin ustad Kamil Vəlinin
işıqlı xatirəsinə ərmağan olmasını
istərdim:
Könlümüzə bu gün yaman dərd
düşdü,
Bir an gəldi qar-boran, qış sərt
düşdü,
Son gedişdən dost-qardaşlar pərt
düşdü,
Əcəl gəldi, gedən dönməz bir daha.
Mərd oğultək şərəf-şanla
yaşadın,
El dərdini ürəyində daşıdın,
Alimlərin sırasında baş idin,
Əcəl gəldi, gedən dönməz bir daha.
Ad salmışdın obalara, ellərə,
Kəlamın var, salamın var dillərə.
Şirin ömrün axıb getdi sellərə,
Əcəl gəldi, gedən dönməz bir daha.
Rüzgar əsdi, qəndil kimi sönmüşəm,
Bəd xəbərdən diksinmişəm,
çönmüşəm,
Arzuları şaxta vurdu, donmuşam,
Əcəl gəldi, gedən dönməz bir daha.
İlqar, dünya əvvəlindən fanidir?
Anlayanın gözlərində anidir.
Ömürlərə qəsd eyləyən canidir,
Əcəl gəldi, gedən dönməz bir daha.
16.12.2023
İlqar CƏMİLOĞLU İMAMVERDİYEV
Sənətşünaslıq elmləri doktoru,
professor, Bakı Musiqi Akademiyasının və Qaziantep
Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının
müəllimi
525-ci qəzet.- 2023.- 27 dekabr,№235.-S.12.