SƏDAQƏT ANDI
Çoxdandır ürəyimdə bir arzum var. İstəyirəm
ki, yolum Dağıstana düşsə, hökmən Buynakska
gedim. Orada şəhərin mərkəzindəki köhnə
qəbiristanlıqda əziz bir məzarı tapım, o məzara
salam verim, baş əyim. O məzara ki, orada qiymətli bir azərbaycanlı
uyuyur - Mirzə Əbdürrəhim Talıbov. Amma hər dəfə
bu arzu ürəyimdən keçəndə məni bir nigaran
duyğu da narahat edir. Bəri başdan onun
narahatlığını çəkirəm ki, birdən
gedib məzarı taparam və görərəm ki, qəbir
baxımsız haldadır, üstünə gəlib-gedən,
diqqət yetirən olmadığından kol-kos basıb,
dağılıb getməkdədir. Ya da
acınacaqlısı...
Görəsən, orada - Dağıstanda, Buynakskda Mirzə
Əbdürrəhim Talıbovun məzarını
axırıncı dəfə hansı azərbaycanlı ziyarət
edib? Bu fədakar azərbaycanlını nə dərəcədə
tanıyırıq? Amma gərək tanıyaq, özü də
lazımınca, bütün yönləriylə.
Çünki o, Azərbaycanın, millətimizin
işığını artırmaq yolunda can
qoymuşlardandır. Mirzə Fətəli Axundzadədən
sonra Yaxın Şərqdə və əlbəttə ki, Azərbaycanda
təzə ədəbiyyatın, bədii sözdəki yeniləşmənin
bayraqdarı Mirzə Əbdürrəhim Talıbov olub. Azərbaycan
ədəbiyyatına müasir biçimli, Avropa tipli
romanı birinci gətirən də Mirzə Əbdürrəhim
Talıbovdur. XX yüzilin ortalarında işıq üzü
görmüş "Məşrutə dövründə Azərbaycan
şəxsiyyətləri" adlı əsərində Mehdi
Müctəhidi yazırdı ki, son yüz ildə İrandan
çıxmış mütəfəkkirlər arasında
mütləq birincilik Mirzə Əbdürrəhim Talıbova
məxsusdur və Azərbaycan, azərbaycanlılar onunla
iftixar edə bilərlər. Mirzə Əbdürrəhim
Talıbovu Şərqin Jan Jak Russosu, Volteri
adlandırmışdılar. Bəs biz - bugünün azərbaycanlıları
millətimizin, yurdumuzun iftixar qaynağı olan belə bir
şəxsiyyətə layiq olduğu qədər niyə bələd
deyilik? Azərbaycana, millətimizə başucalığı
gətirmiş və gətirməkdə davam edən belə
şəxsiyyətləri gərək isə yaxşı
tanıyaq, onların ehtiramını saxlayaq, onları həmişə
ucalarda tutaq. Çünki belə müstəsnalarımızı
yaxşı tanıdıqca, onlara ehtiram bəslədikcə,
onları ucalarda tutduqca biz özümüz də bir millət
və yurd olaraq daha yüksəklərə qalxa biləcəyik.
Mirzə Əbdürrəhim Talıbov ad-sanı,
şöhrəti Azərbaycan, İran, Anadolu çərçivələrindən
kənara yayılmış şəxsiyyət idi. Bunun əyani
sübutlarından biri: 1896-cı ildə məşhur şərqşünas
alim, akademik Fyodr Yevgeniyeviç Korş Mirzə Əbdürrəhim
Talıbovu Xarkov Universitetinə mühazirələr
oxumağa dəvət edir. Mirzə Əbdürrəhim
Talıbov bir neçə gün ərzində Xarkov
Universitetinin professorları, müəllimləri, eləcə
də o toplantılara dəvət olunan Xarkov ziyalıları
qarşısında çıxışlar edir. Onun əngin
biliklərlə dolu, bir-birindən dərin, cəlbedici məruzələri
dinləyənləri necə valeh edirsə, o dövrün məşhur
professorlarından olan təbib Leonard Hirşman Mirzə
Əbdürrəhim Talıbovun şərəfinə ziyafətlər
təşkil edir. Həmin ziyafətlərdən birində
professor Leonard Hirşman Mirzə Əbdürrəhim
Talıbovun şərəfinə badə qaldırır və
söyləyir ki, "açığı, mən bir qədər
tərəddüd içərisindəyəm. Bilmirəm bir
müsəlman ziyalının şərəfinə badə
qaldırmaq nə dərəcədə düzdür. Amma
çalışacağam ki, qızıl ortanı tutum. Şərabı
içirik, o, insana ləzzət verir, ruhunu oxşayır.
Əgər qəlbində hansısa ağır hisslər varsa,
onları qovur, əhval-i ruhiyyəni yüksəldir. Bu
günlər ərzində Mirzə Əbdürrəhim
Talıbovun mühazirələrini dinləyirdik. Qulaq
asdıqca ruhumuz dincəlirdi. Bizi daxildən narahat edən
hansısa fikirlər varsa, onları da həmin saatlar içərisində
unudur, başqa bir aləmə düşürdük. Onun
söhbətlərindən, onun biliyinin genişliyindən,
onun verdiyi məlumatlardan feyziyab olaraq ləzzət
alırdıq. Bizə ən gözəl şərabı
içdiyimiz halda aldığımız ləzzət qədər
zövq nəsib olurdu. Amma şərab müsəlman aləmində
də var, orta əsrlərin Şərq şairləri də
meydən, şərabdan yazmışlar. Ancaq Şərq
şairlərinin bəhs etdiyi mey, bizim şərabdan fərqli
olaraq, ilahi meydir, insanı ruh aləminə aparan, ülviyyət
məqamına yetirən, onu içəridən zənginləşdirən
mey. Bu günlər ərzində Mirzə Əbdürrəhim
Talıbovu dinlədikcə sanki həm də o ilahi meyi nuş
edirdik, içəridən zənginləşirdik, ruh aləminə
gedirdik, ülviyyət dünyasına gedirdik. Mən bu badəni
arxada qalan günlər ərzində bizi parlaq nitqi, dərin zəkası
ilə heyran etmiş Mirzə Əbdürrəhim Talıbov cənablarının
şərəfinə qaldırarkən onu da
düşünürəm ki, o, heç zaman tükənməyəcək.
Yalnız bu gün deyil, gələcək zamanların içərisində
də əsərləri ilə insanlara zövq verməkdə,
onları içəridən zənginləşdirməkdə
davam edəcək".
Bu hərarətli qiymətvermənin dilə gətirildiyi
ziyafət XIX yüzilin sonlarında - 1896-cı ildə baş
verib və ötən müddətdə əsrlər əvəzlənib,
minilliklər dəyişib. Mirzə Əbdürrəhim
Talıbovun əsərləri ilk növbədə öz zəmanəsinə
ünvanlansa da, həmin kitabları bu gün vərəqlədikcə
professor Hirşmanın o vaxt yaşadığı hisslərlə
oxşar duyğu və düşüncələr bu gün
bizim də varlığımıza dolur. O zövq ki yüz
ildən də bir az əvvəl aqil insanlar Mirzə
Əbdürrəhim Talıbovdan alırdılar, indi biz, XXI əsrin
insanları da onun kitablarını vərəqlədikcə
canlı insanla üz-üzə dayanmış kimi olur, həmin
zövqü, eyni feyzi alırıq.
Millətin cəfakeş və təmənnasız
müəllimlərindən olmaq yükünü boynuna vicdan
borcu olaraq könüllü götürmüş Mirzə
Əbdürrəhim Talıbov kimi vətənsevərləri
gərək insanımız məktəbdən, dərsliklərdən
tanımağa başlaya. Əksərini tanımırıqsa
məktəb, onun dərsliyi təqsirkar deyil, günah elə
Talıbovun və Talıbovların özündədir. Deməli,
millət balalarını umulan səviyyədə yetişdirə
bilməyə ya gücləri, ya ömür möhlətləri
çatmayıb.
O, 1834-cü ildə Təbrizdə, müqəddəs
bir məkanda - min ildən bəri Azərbaycanın ən
seçkin övladlarının uyuduğu Məqbərət
uş-şüəranın yerləşdiyi Kuy-e Sorxabda təvəllüd
tapmışdı. Bir nəccar - dülgər ailəsində
doğulsa da, uşaq yaşlarından onda elmə, öyrənməyə
sonsuz həvəs vardı və əslində bu, nəslindən,
əslindən-kökündən gəlirdi. Mirzə
Əbdürrəhim uşaq yaşlarından farsca və ərəbcəni
mükəmməl öyrənməkdən savayı, müxtəlif
elm sahələrinə də meyl edir, ona ruhən daha yaxın
olan ədəbiyyat və tarixdən əlavə, fizika, kimya,
astronomiya, digər dəqiq elmlər sahəsində də
dolğun bilik qazanmağa can atır. Elmlərə belə
şövqünün nəticəsidir ki, sonralar
yaratdığı kamil bədii əsərlər öz yerində,
amma fizika, kimya ilə əlaqədar da dəyərli kitablar
ortaya qoymağa müvəffəq olur, üstəlik,
astronomiyaya dair qiymətli bir əsəri də farscaya tərcümə
edərək şərhlər yazır ki, müasirləri həmin
risaləni rahat anlaya bilsinlər.
Lap cavan yaşlarından Mirzə Əbdürrəhimə
daxili azadlıq, qoynunda bulunduğu mühitə
sığmazlıq xas imiş. Bir tərəfdən bu
duyğuların təsiri, o biri yandan təhsilini artırmaq
niyyətilə cavan yaşlarında gəlib
çıxır Tiflisə. Burada o, ruscanı, ingiliscəni,
fransızcanı öyrənir, rus və dünya ədəbiyyatının
çox nümunələri ilə tanış olaraq bir az da
zənginləşir. Həm axarında olduğu mühit, həm
də aldığı yeni biliklər Mirzə Əbdürrəhim
Talıbovu Şərq-Qərb adamına çevirir, onun
simasında Azərbaycan ziyalısının yeni tipinin parlaq
bir təmsilçisi - varlığında Avropa ilə
Asiyanı birləşdirən, təfəkküründə
həm müsəlman düşüncə tərzini
yaşadan, həm də həyata, hadisələrə
avropalı kimi baxmağa qadir olan şəxsiyyət
yetişirdi. Hər insan valideynləri ilə yanaşı,
öz mühitinin balasıdır. Tiflisə gəlib
çıxana qədər Mirzə Əbdürrəhim sadəcə
müsəlman Şərqinin oxumuş bir cavanı idi. Bu
köhnə Qafqaz şəhərinə varid olur və yeni
zamanın övladı kimi bişkinləşməyə
başlayır, Tiflis mühiti onu tamam başqa biçimdə
tərbiyə edir. Məhz içərisində yaranan şərqli-qərbli
qovuşuğu, həmin vəhdətin ona
bağışladığı yenilikçi
düşüncə tərzi onu təzə zamanın Mirzə
Fətəlisinə döndərir. Amma Mirzə Əbdürrəhim
hərtərəfli ağıl sahibi, tədbirli adamdı.
Anlayırdı ki, bu, həyatdır, irəliləmək,
yaşamaq, biliklərə daha artıq yiyələnmək, o
biliklərin ifadəsi üçün meydan da qazanmaqdan
ötrü babat maddi imkan da vacibdir. Ona görə də Mirzə
Əbdürrəhim Talıbov təhsilini başa vurunca Məmmədəli
Şeybani İbrahimbəyovun poçt idarəsində işə
düzəlir. Məmmədəli Şeybani poçt idarələrinin
sahibi olmaqla yanaşı, yol çəkməklə də məşğul
olur, yol icarədarlığı da edirdi. Poçt idarəsində
işləyə-işləyə fərasətli Mirzə
Əbdürrəhim tezliklə yol çəkmək işinin
sirlərinə də yiyələnir və bir müddət
sonra isə artıq özü müstəqil yol tikintisi idarəsi
qurur. Çox keçmir ki, o, Qafqaz-Stavropol yolunu inşa edir və
bu, maddi vəziyyətini xeyli yaxşılaşdırır.
Amma Mirzə Əbdürrəhimə ilk gəncliyindən
mühüm bir keyfiyyət də xas idi -
qazandığını bölüşmək nəcibliyi, əliaçıqlıq,
imkanı daxilində hamıya faydası dəyəcək
işlər görmək şövqü. Ticarətlə məşğul
olduqca, əlinə asta-asta pul gəldikcə
topladığı vəsaitin böyük bir hissəsini
biliklərini genişləndirməyə, əlyazmalar, kitablar
toplamağa yönəldirdisə, digər hissəsini xeyriyyəçi
əməllərə sərf edirdi. Və belə savab əməllərini
Mirzə Əbdürrəhim cavanlığından
ömrünün sonuna qədər davam etdirdi.
Tiflisdən ayrılandan az sonra Dağıstana -
Xasavyurda köçmüşdü. Elə Xasavyurdda
oturuşunca orada bir məktəb, bir məscid inşa
etdirmişdi. Kimsə rica etməmişdi ki, ehtiyacımız
var, bunu et. Heç sərvəti başından aşanlardan
da deyildi. Ürəyi yönəldirdi, boşluğu duyurdu,
könlü hökm edirdi ki, et, o da edirdi. Həm də bilirdi
ki, burada çox qalası deyil, fərqində deyildi ki, burada
müvəqqətidir, çıxıb ayrı bir yerə gedəcək.
Məktəb qalacaqdı, məscid qalacaqdı və xidmətini
göstərəcəkdi. Mirzə Əbdürrəhimə
bu, bəs idi. O, xeyriyyəçi və yaxşı adam kimi
görünməkçün yox, mahiyyətilə belə
olduğundan bu cür hərəkət edirdi. Çox
keçmir ki, Xasavyurddan ayrılır, köçür
sonralar Buynaksk adlandırılacaq Temirxanşuraya.
...Mirzə Əbdürrəhim Talıbov cavan
yaşlarında İrandan ayrılaraq Tiflisə gəlsə,
sonra Dağıstanda yerləşsə də, ömrü boyu
İran da, Azərbaycan da daim onunla idi. Və oralarda baş verən
hadisələri daim izləyirdi. Daha artıq - baş verənlərə
onun bilavasitə təsiri də vardı. Talıbov sadəcə
bir ədib, universal zəkalı alim deyildi. Həm də cəmiyyətşünas,
siyasətçi idi. Onun siyasətə dair silsilə məqalə
və kitabları bir yana, amma bilavasitə siyasi fəaliyyətləri
də vardı. İranda Məşrutə hərəkatı
baş verəndə onun başlıca beyin mərkəzlərindən
biri elə Mirzə Əbdürrəhim Talıbov idi. Buna
görə Mirzə Əbdürrəhimi Volterə də
oxşadırlar və bu bənzətmə də səbəbsiz
deyildi. O məşhur fransız ədibi qoca yaşlarında
İsveçrədə xudmani bir qəsəbədə
yaşayırdı. Böyük Fransa inqilabını
hazırlayanlar mütəmadi onun yanındaydılar - gəlib-gedir,
Volterdən məsləhətlər alırdılar. Eynən
Mirzə Əbdürrəhim Talıbov da Məşrutə
dönəmində o cürdü. Oturmuşdu Dağıstanda
- Temirxanşurada, Azərbaycan ziyalıları, İranın
mütərəqqi düşünən aparıcı
insanları hey onunla məşvərətə
yollanırdılar. "Molla Nəsrəddin" jurnalından
bəhs edənlərin dilində haqlı olaraq ənənəviləşmiş
bir dəyərləndirmə var ki, bu dərgi Azərbaycanın,
Yaxın və Orta Şərqin ziyalanması, inqilabiləşməsi
səmtində bir ordunun edə biləcəyi qədər nəhəng
iş görüb. Eyni qiyməti Məşrutə hərəkatı
haqqında düşünərkən Mirzə Əbdürrəhim
Talıbovun fəaliyyətlərinə də tərəddüdsüz
aid etmək mümkündür. Məşrutə hərəkatı
və məşrutəçilər haqqında İranda da, dünyada
da kitabxana dolduracaq qədər bolluca araşdırmalar, məqalələr,
kitablar var. Bəlli Məşrutə ədəbiyyatı
qatarında Mehdi Məlikzadənin yeddi cildlik "İran məşrutə
tarixi" adlı tədqiqatı xüsusi
sanballığı ilə ağırçəkililər cərgəsindədir
və həmin mükəmməl araşdırmada Mirzə
Əbdürrəhim Talıbova məxsusi diqqət yönəldən
müəllif yazır ki, o, bilavasitə təsirləri və
əsərləri ilə Məşrutə hərəkatına
ən çox təsir göstərənlərdəndir.
Vurğulayır ki, Mirzə Əbdürrəhim Talıbov sadə
bir dillə istibdadın fəsadlarını və İran
xalqlarının təməddün karvanından geridə
qalmasını onların qulaqlarına
pıçıldayırdı.
Zahirən Talıbov Bakıdan da, Təbrizdən də
xeyli aralıda idi. Ancaq Dağıstandakı bütün
başqa işlərini görə-görə sanki daim elə
həm Bakıda, həm Təbrizdə - otaylı-butaylı Azərbaycanda
idi. Onun həm Azərbaycan, həm də İran
aparıcı qüvvələrinin fasiləsiz nəzər
nöqtəsində olmasının tutalğaları bəs
deyincədir - 1903-1904-cü illərdə Firidun bəy
Köçərli "Azərbaycan ədəbiyyatı
tarixi"ni işləyərkən davamlı olaraq Mirzə
Əbdürrəhim ağaya, təbii ki, içərisi
suallarla dolu məktublar yazır, müfəssəl də
cavablar alırdı. Mirzə Əbdürrəhim Talıbov
ona həm tərcümeyi-halını, həm də əsərlərindən
nümunələri göndərmişdi.
1909-cu ilin 5 oktyabrı - İranın
tanınmış ziyalılarından və siyasətçilərindən
olan, oçağkı Azərbaycan düşüncə aləminin
qabaqcıl simaları ilə də sıx təmas saxlayan Yəhya
Dövlətabadi günlərin birində gəlir Petrovskiyə
- Mahaçqalaya, orada da bir fayton tutub dikəlir
Temirxanşuraya. Məşrutə hərəkatının əsas
zəka daşıyıcılarından olan Yəhya Dövlətabadi
ora Mirzə Əbdürrəhim Talıbovun ziyarətinə tələsirdi.
Bir tərəfdən ictimai-siyasi mühitin Əhməd bəy
Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə kimi
artıq yetişmiş, sözü eşidilən
seçilmişlərilə oturub-duran Yəhya Dövlətabadi
digər tərəfdən Əbdürrəhim Talıbovdan da
tövsiyələr almağı zəruri sayırdı.
Yəhya Dövlətabadinin faytonu soraq-soraq gəlib
yetişir Talıbovun malikanəsinə və o vaxtlar Mirzə
Əbdürrəhim artıq yaşlı idi, gözləri də
xeyli zəifləmişdi. Hələ 1902-ci ildə gözlərini
müalicə etdirmək üçün Berlinə də səfər
eləmişdi, ancaq canlı şahidlərin yazılı təsdiqləri
də bizə gəlib çatıb ki, Ustadın gözləri
nə qədər zəifləmişdisə də, son
anınacan yazmaqdan, oxumaqdan nə doydu, nə əl
götürdü. Şahidlərin xatirələrində bu
qüssəli xəbər də qalır ki, Talıbovun
görməsi o qədər zəifləyibmiş, bir mətni
oxumaqçün kağızı gözlərinə
üç barmaq qədər yaxınlaşdırmalı
olurmuş.
Ancaq Yəhya Dövlətabadinin gəlməsini
eşidincə elə bil gözünün də
işığı artan Əbdürrəhim ağa
aşağı enir, əziz qonağı özü
qarşılayır. Deyir ki, nə yaxşı təşrif gətirdiniz,
sizin gəlişinizi çox gözləyirdim.
Eşitmişdim ki, Dağıstandasınız, əgər məni
görmədən getsəydiniz, çox pərişan
olardım.
Yəhya Dövlətabadi ilə bu görüş
Mirzə Əbdürrəhim Talıbov üçün
yalnız çoxdan tanıdığı, İranın fikir
həyatındakı öncüllərdən olan və qəlbinə,
ruhuna yaxın şəxsiyyətlə ünsiyyət dəqiqələri
kimi cəlbedici deyildi. Həmin görüşün Mirzə
Əbdürrəhim Talıbovçün əsas əhəmiyyət
bunda idi ki, Məşrutə hərəkatının
mövcud vəziyyəti ilə əlaqədar ən son məlumatları
ilk qaynaqdan əldə etmək fürsəti
qazanmışdı və bu, bir girəvə idi ki,
qonağı vasitəsilə o da hərəkatın bir az da
coşması, daha nəticəli ola bilməsi
üçün tövsiyələrini versin, öyüdlərini
etsin.
Özü İrandan uzaqda ola-ola Talıbovun Məşrutə
hərəkatının həlledici simalarından biri məqamına
yüksəlməsinin digər təsdiqi də odur ki, 1907-ci
ildə Təbriz əhalisi onu İranın Birinci Məclisinə
millət vəkili seçmişdi. Mirzə Əbdürrəhim
Talıbov əvvəlcə xalqın bu seçiminə məmnuniyyətlə
"hə" desə də, az sonra İran Milli Məclisində
iştirakdan imtina edir. Yeni başlanan XX yüzildə İran
həyatının çalxantılı 1904-1911-ci illərinə
dair xatirələrini əks etdirdiyi "Tarix-e bidari-ye
iraniyan" ("İranlıların oyanış tarixi")
sərlövhəli əsərində Nazim ül-İslami
Kermani, söz yox ki, adı Məşrutə hərəkatının
açar sözlərindən və rəmzlərindən
birinə çevrilmiş Mirzə Əbdürrəhim
Talıbov kimi önəmli şəxsiyyətdən yan
keçə bilməzdi. O, həmin dövrdə Talıbovun qələmindən
çıxmış "Səfine-yi Talibi ya Ketab-e Əhməd"ini
Məşrutə məfkurəsinin şəkillənməsində
yeri olan üç-dörd əsərdən biri kimi yada
salır, ancaq Mirzə Əbdürrəhim ağanın
İranın birinci Millət Məclisindən imtina etməsinin
səbəbini göstərərkən bunu Talıbovun əvvəlki
inqilabi ideyalarından əl çəkməsi ilə izah edərkən,
əlbəttə ki, yanılır. Çünki həqiqətdə
belə yox, tam əksinə idi. 1906-cı ildəki həmin
imtinadan bir il əvvəl Mirzə Əbdürrəhim
Talıbovun "Azadlıq haqqında izahat" adlı
kitabı işıq üzü görmüşdü. Orada
açıqca bəyan eləmişdi ki, məşrutiyyət
və mütləqiyyət qətiyyən bir yerə
sığmaz. 1907-ci ildə təbrizlilərin onu
İranın Birinci Milli Məclisinə yekdilliklə millət
vəkili seçməsindən az sonra imtinasının cəmiyyət
içərisində doğurduğu fikir müxtəlifliyinə
aydınlıq gətirmək üçün Mirzə
Əbdürrəhim Talıbov Milli Məclisə yüz
sözdən ibarət bir teleqram göndərir. Sözünü
şax - mərdi-mərdanə deyir. Yazır ki, mütləq
şah və Məclis bir yerdə ola bilməz. Ya Məclis, ya
mütləqiyyət. Təbii ki, Mirzə Əbdürrəhim
Talıbovun inqilab saçan bu düşüncələri
şahlıq rejimini yerində qurcuxdurmaya bilməzdi və onun
əleyhinə yeni bir dalğa kükrəyir. Hakimiyyətin
birbaşa tapşırığı ilə Məhəmməd
Faizi və Şeyx Fəzlullah kimi əmmaməli jandarmlar Mirzə
Əbdürrəhim Talıbovu kafir elan edirlər. Lakin təkfirlər
Mirzə Əbdürrəhim Talıbov kimi cəsarətli,
inqilabi düşüncələrində sarsılmaz olan mətin
insanı yolundan döndərə bilərdimi? Əlbəttə
ki, yox. Və bəyan edir ki, məmləkətinin və millətinin
səadətini istəyən padşah məmləkətin
idarə edilməsinə xalqı dəvət etməlidir.
Xalqı dəvət etməsə, xalq özü dəvətsiz
gələr və onda da başqa nəğmə oxuyar.
...Kədərli gündə, çətin anda
insanın ilk yadına düşən doğmalar, simsarlar
olur. 1911-ci il fevral ayının 26-da Mirzə Əbdürrəhim
Talıbovun həyatının son saatı
çatmışdı. Həyat yoldaşı Xanbikə
xanım həmin hüznlü anlarda həyəcan içərisində
ilk teleqramları Bakıya, Mirzə Əbdürrəhim
Talıbovun Bakıdakı məsləkdaşlarına,
dostlarına yollayır və müdhiş ayrılığa
həsr edilən ilk kədər yazısı "Səda"
qəzetində yer alır. Qəzetin baş redaktoru
Haşım bəy Vəzirov "Vəfat-i ustad, fəryad-i
şagird" adlı məqaləsində yalnız görkəmli
ədibin ölümünə sonsuz kədərini ifadə
etmir, həm də xatirələrə dalır, ustad
haqqında məhəbbətlə söz açaraq iki il əvvəl
Temirxanşurada Mirzə Əbdürrəhim Talıbovun evində
gördüyü misilsiz qonaqpərvərlikdən bəhs
edir. Bir-birinin ardınca Bakı qəzetlərində bu millət
itkisi ilə bağlı vida yazıları dərc edildikcə
acı xəbər asta-asta Azərbaycandan kənara da
yayılır, İstanbulda çıxan "Şəms"
qəzeti Talıbovun əbədi gedişini "ədəbiyyatın
parlaq bir ulduzunun sönməsi" kimi mənalandırır.
Üstündən iki gün keçincə Bakıda, yenə
həmin "Səda" qəzetində Seyid Məhəmməd
Tağızadənin Mirzə Əbdürrəhim Talıbov
haqqında geniş məqaləsi işıq üzü
görür. Müəllif tarıma çəkilmiş hisslərlə
yazdığı məqaləsini bu riqqətoyadıcı
sözlərlə bitirirdi: "Ey pir-e həqiqət! Məzarında
asudə yat. Vətən balalarının qəlbində əkdiyin
toxumlar, sanma ki, puç olar. And olsun qibləgahın olan vətənə!
Bir gün o toxumlar yenidən yaşıllanacaq. Amalınca və
arzunca məhsul verəcəklər. Asudə yat, ey pir-e
duagu-ye Vətən! (Ey vətən duaçısı olan
azman - R.H.) Bir gün duaların vətən
övladının hümməti ilə müstəcəb
olacaq. O vaxt sənin şərəfinə bayramlar
yapılacaq, qəlb-i Vətəndə mücəssəmələrin,
heykəllərin qoyulacaq".
Mirzə Əbdürrəhim Talıbovun - o
böyük vətən övladının şərəfinə
bayramların yapılacağı, heykəllərin
ucalacağı günlər hələ gəlməyib. Amma o
günlərin də uzaq olmayan sabahlarda mütləq gələcəyinə
də şübhə yoxdur!
...Biliklərlə dolu Mirzə Əbdürrəhim
Talıbov yazmağa, yəqin ki, erkən
başlamışdı. Ancaq çap olunmağı xeyli
sonralara, yaşlı vaxtlarına təsadüf etdi.
Əllisini arxada qoyandan sonra irihəcmli əsərləri
ard-arda ortaya çıxmağa başladı. Ahıl
vaxtında böyük ədəbiyyata səsli-küylü əsəriylə
gələn Mirzə Əbdürrəhimin ədəbi yolu
başlanğıcdan sərgüzəştli alındı.
1888-ci ildə İranda "Əlhimar yəhmilu Əsfar"
adlı, amma qısaca "əl-Himar" kimi şöhrətlənən
bir kitab işıq üzü görür. Bu, əslində
Mirzə Əbdürrəhim Talıbovun böyük ədəbiyyatda
siftəsi idi. Ancaq kitabın üstündə müəllifin
adı göstərilməmişdi. Sadəcə belə bir
qeyd vardı ki, guya bu kitab ayrı bir dildən farscaya tərcümə
edilib. Ona görə də sonralar "Kitab yüklü
eşşək" adı ilə məşhurlaşacaq həmin
əsərin Mirzə Əbdürrəhim Talıbova aid
olmadığı haqqında mübahisələr də gedəcək.
Ancaq ədəbiyyat tarixində belə qəziyyələrə
az rast gəlinməyib ki, əsl müəlliflər hansı
tarixi səbəblərdənsə adlarını pərdə
dalında saxlayıblar, təxəllüslər, ləqəblər
ardında gizləniblər. Mirzə Fətəli Axundzadə
də guya "Kəmalüddövlə məktubları"nı
özünün yazmadığını, farscadan Azərbaycan
dilinə tərcümə etdiyini bəyan edir. Əslində
isə o, əsərindəki sərt deyişlərin, zəmanəyə
müxalif baxışların, dikbaş səslənişlərin
vəd etdiyi təhlükələrdən
sığortalanmaqçün bu fəndə əl
atmışdı. Eyni şəkildə də Mirzə
Əbdürrəhim Talıbov. Sələfi Mirzə Fətəlidən
də xatalı bir gedişatın burulğanları
arasındaykən onun da bu əsərini adam arasına
çıxararkən şəxsiyyətini məxfi saxlamaqdan
başqa çarəsi yoxdu. Di gəl, bu ehtimal da bir zamanlar
geniş yayılıbmış ki, guya Talıbov bu əsəri
qədim yunan ədibi Apuleyin "Metamorfozlar, yaxud qızıl
eşşək" əsərindən iqtibas edib - ya tərcümə
sayılmalıdır, ya da oradan götürülən
süjetin yeni işlənməsi. Yaxud belə fərzetmələrə
də təsadüf edilib ki, guya bu əsərin sahibi Məhəmmədhəsən
xan Etimadüssəltənə imiş, bir paraları isə əsərin
fransız yazıçısı Pol de Kuka aidliyi
gümanına düşüblər. Çox da ki, deyiblər,
nə olsun ki, yazıblar. Həm Apuleyin, həm Pol de Kukun
yazdıqları, həm də "Kitab yüklü
eşşək" göz qabağındadır. Onları da
oxu, bunu da. Nə var-nə var, orada da, burada da Allahın o məsum
heyvanının xoş sədası ucalır deyə bu kitab
obirinin təkrarıdır iddiasını irəli sürmək
əsla tənqidə dözməz. Çünki "Kitab
yüklü eşşək" səhifə-səhifə
oxunduqca və "Qızıl eşşək"lə
tutuşdurulduqca əlavə heç bir iddiaya yer qalmır -
tam bakirə bir mətn. Digər yerli mümkün müəlliflər
məsələsinə gəlincə, burda da Talıbovla
qarşıdurmada digərləri uduzur. Talıbovun bu əsəri
ruhu, fəlsəfəsi, yazı tərzi ilə onun digər əsərləri
ilə vəhdətdədir, hamısı bir-birinə
bağlıdır. Əhvalat vaqe olur Güney Azərbaycanda. Nəql
edilən ibrətli hekayət bir adamla - Mirzə Cəfərxanla
bir uzunqulağın söhbətləşməsidir. Adətən
uzunqulaq bizlərdə dədə-babadan qanmazlıq timsalı
hesab edilib. Lakin bu əsər xəbərdarlıq edir ki, qərar
verməyə tələsməyin, adama da baxın,
uzunqulağı da eşidin, ondan sonra insafla
çıxardığınız nəticəni dilə gətirin.
Talıbovun uzunqulağı ağıllı-ağıllı
danışır və elə hikmətləri ərz edir ki,
onların müqabilində adam özünü elə uzunqulaq
yerində hiss edir. Mirzə Cəfərxana uzunqulaq nə
deyirdi? Deyirdi ki, siz - Allahın nitq qabiliyyəti bəxş
etdiyi insanlardan biz - dilsiz heyvanların əsas fərqi ondan
ibarətdir ki, biz eşşəklər icma halında
yaşayanda bərabər oluruq. Ancaq siz insanlar bir yerə
yığılanda, icma halında ömür sürməyə
başlayanda cızığınızdan
çıxırsınız, hər hansı faydanı
dadınca dərhal çalışırsınız ki, ətrafdakıları
o mənfəətdən məhrum edəsiniz, həmin
faydanı öz inhisarınıza alasınız. Bundan
ötrü lazım gələndə onlara təcavüz də
edirsiniz, zülm də verirsiniz. Və uzunqulaq
dayanmırdı, adamla ulaq müqayisələrini davam
etdirirdi. Deyirdi ki, biz eşşəklərin siz insanlardan bir
üstünlüyü də var, biz qismətimizə bir nemət
düşəndə yeyib ondan ləzzət alırıq və
fikirləşirik ki, neməti verən Allahdır, yenə
payımızı yetirəcək. Siz insanlar isə əlinizə
bir nemət düşüb ondan faydalandığınız
zaman bizim kimi bundan zövq almaq əvəzinə daha yeni nemətləri
qamarlayıb toplamaq barədə düşüncələrə
girişirsiniz.
Eşşək danışdıqca onun danılması
müşkül söhbətləri insan xislətinin, cəmiyyət
həyatının budanıb, yontanıb cilalanmalı
çox eybəcərliklərini üzə
çıxarırdı. Dövr elə dövr, zaman elə
zaman, mühit elə mühit idi ki, eşşək nə qədər
istəyir belə danışa bilərdi, eşşəyə
nə var, o, azaddır, adamın bu mətləbləri
açıq deməsi isə eşşəklik
sayılırdı və belə ucadan eşşəklik eləməyin
cəzası da ağır idi. Odur ki, belə şəraitdə
gərək eşşəyi qalxan edəydin, eşşəyi
bu sayaq danışdıranın da kim olmasını elə
ört-basdır edəydin ki, başın salamat,
qulağın dinc qalaydı.
Odur ki, bu ilk mətbu bədii əsərində Mirzə
Əbdürrəhim Talıbov adını gizlətmişdi,
amma guya bu əsərini başqa bir dildən farscaya tərcümə
etdiyini yazanda, ola bilsin ki, elə doğrusunu demişdi. Hadisələr
Güney Azərbaycanda cərəyan edir və hekayət farsca
olmağına baxmayaraq, əsər boyu ara-sıra Azərbaycan
ifadələri, el sözləri, sırf Cənub ləhcəsinə
xas deyişlər yer almaqdadır. Ola da bilər ki, Mirzə
Əbdürrəhim Talıbov bu əsərini əvvəlcə
ana dilində yazıb, sonra farscaya çevirib.
Və yeri gəlmişkən Talıbovla bağlı
bu ümdə həqiqəti də yadda saxlamağın yeri
var - Mirzə Əbdürrəhim bir sıra Şərq və
Qərb dillərini ana dili səviyyəsində təmiz bilsə
də, azərbaycancanı onların hamısından
üstün tuturdu və danışığında istifadə
etdiyi də yalnız ana dili idi. Bunu Mirzə Əbdürrəhim
Talıbovu görmüş, onunla ünsiyyətdə
olmuş çox insanların xatirələri təsdiqləməkdədir.
Bir ədibin, qələm, düşüncə, duyğu
adamının böyüklüyünün, yurduna və
xalqına sədaqətinin ən bariz göstəricisi isə
ən əvvəl onun öz doğma dilinə sevgisi və həmin
məhəbbətin əməldəki ifadəsidir.
El üçün ağlayan göz kor olar, - deyiblər.
Bunu el söyləməyib, bunu o adamlar uydurublar ki, el
üçün ağlayanların az olmasında maraqlı
imişlər. Danılmaz gerçəkdir - el yolunu tutub gedənlərin
ayağına daşlar dəydiyi də az olmur, el naminə
köksünü irəli verənlərin neştərlərə
məruz qaldığına da tarixdə nisgilli örnəklər
nə qədər desən. Ancaq o millət cəfakeşlərinin
xoşbəxtliyi bundadır ki, heç vaxt tək
qalmırlar, həmişə məslək qardaşları
olur, daim onlara arxa olan, dayaq duran başqa elsevərlər də
tapılır. Əbdürrəhim Talıbov ömrü boyu
el üçün yanan bir insan oldu və həmişə də
bəxtiyar, mübarizələrində ona görə
ardıcıl idi ki, uzun ömrü boyunca bir ləhzə də
məsləkdaşlarsız, əqidədaşlarsız,
duyğudaşlarsız qalmadı.
O, 1907-ci ildə İranda istibdada qarşı səsini
cəsarətlə qaldıranda, hakimiyyət əleyhinə
sözünü açıq və ucadan kişi kimi söyləyəndə
və yazanda hakimiyyətin əli ilə riyakar ruhanilərin
vasitəsilə ona qarşı təkfir başlandı. Lakin
cılız bir dəstə Mirzə Əbdürrəhim
Talıbovu kafir elan edəndə daha möhtəşəm bir
dəstə İstanbulda, Tehranda, Təbrizdə, Bakıda
qeyzlə səsini ucaltdı. Qəzet səhifələrində
ləngimədən görünən silsilə yazılarda
kafirlikdə ittiham edilən Talıbovun mütəfəkkirliyindən
iftixarla söz açıldı. Əhməd bəy Ağaoğlu
"İrşad" qəzetində yazırdı ki, sinni 80-ə
çatmış və bu 80 illik ömrünün 50 ilini
milləti oyatmaq üçün həyəcan
zınqırovu çalmış və nəhayətdə
İran xalqlarının ayılmasına nail olmuş Mirzə
Əbdürrəhim Talıbova necə kafir demək olar? Elə
həmin "İrşad" qəzetində bir neçə
gün sonra "əl-Mücahid İsfahani" imzası ilə
"Təbrizdən" başlıqlı daha bir məqalə
dərc edilir. Müəllif soruşurdu ki, illərlə qeyrəti,
alın təri, halal zəhməti ilə sərmayə
toplamaq, topladığı bu sərmayəni öz canı ilə
bərabər bu Vətən və millət yolunda sərf etmək
məgər küfrdür? Əsl kafir o adamlardır ki, Allaha
ibadət və millətə xidmət üçün nəzərdə
tutulmuş minbəri dükana döndərərək bir ticarətgaha
çeviriblər.
Əli bəy Hüseynzadə də Mirzə
Əbdürrəhim Talıbovun yanında idi. Onun səsi
"Füyuzat"dan gəlirdi. O da oxucuya - xalqın
aydınlarına üz tutaraq soruşurdu ki, qəfildən
Haqq dərgahından səs gəlsə, qeybdən gələn
o səda soruşsa ki, siz kafir olmağa razısınız,
yoxsa Vətənin məhv olmağına - hansını
seçərsiniz? Və Əli bəy Hüseynzadə
qoyduğu sualı elə özü də
cavablandırırdı ki, mən bilmirəm siz hansı
cavabı verərsiniz, amma Əbdürrəhim Talıbov
hansı cavabı verər, onu bilirəm. Əbdürrəhim
Talıbov zahirən müsəlman olub, batinən kafir
olanlardan fərqli olaraq, heç vaxt Vətənin məhv
olması ilə razılaşmaz!
Mirzə Əbdürrəhim Talıbovun müdafiəsinə
kimlərin qalxması onun hansı dəyər olmasının
bir ayrı sübutudur.
...Böyük yazıçıya əsl şöhrəti
gətirən və müəyyən mənada onun şah əsəri
adlandırıla biləcək kitabı "Səfine-yi
Talibi"dir - "Talibinin gəmisi". Hər böyük
yazıçının söz ümmanına çıxan hər
yaşarı əsəri dəryada üzən gəmi kimidir.
Və Əbdürrəhim Talıbovun "Səfine-yi
Talibi"si çox limanlara çatıb, bundan sonra da
neçə-neçə limanlara yetişəcək. İki
cilddən ibarət idi bu əsər və İstanbulda
1894-cü ildə birinci, 1895-ci ildə ikinci cildi
basıldı. Ədəbiyyat tariximizdə daim yaşamaq
haqqı qazanmış bir başqa əsər də var - yeni
zaman içərisindəki ilk romanlarımızdan biri -
Hacı Zeynalabdin Marağayinin "Səyahətname-yi
İbrahim bəy"i. Əsərin qəhrəmanı
İbrahim bəy Misirdən İrana səyahət edir və
yolüstü gəlib çıxır İstanbula. Burada
atasının bir dostunun evində kitab rəfini gözdən
keçirəndə "Səfine-yi Talibi" gözünə
sataşır, götürüb başlayır oxumağa.
Özü İrana getməyə
hazırlaşdığından bu əsərdə
İranın, Cənubi Azərbaycanın həyatından mənzərələrin
təsvir edilməsi ona həm maraqlı, həm də
çox yerinədüşmüş gəlir. Kitabı oxuyub
sona çatır və başa düşür ki, bu nasir qətiyyən
sadə adam deyil, çox bəsirətli
yazıçıdır, amma heç də onun bütün
fikirləriylə barışmaq olmaz. Odur ki, İrana səfəri
ərəfəsində mütaliə etdiyi, döşünə
yatan, eləcə də razılaşmadığı qənaətlərlə
ləbələb bu əsər haqda təəssüratlarını
isti-isti kağıza köçürməyə bilmir.
Yazır ki, bu, çox kamil, fazil bir ədibdir, amma İran
haqqında dediklərinin çoxuna şərik
çıxmaq çətindir. İran haqqında yüksək
fikirdə olan İbrahim bəyi narazı salan "Səfine-yi
Talibi"də o ölkədəki yaramazlıqların
açılıb-tökülməsi idi. Oxuduqlarına şəkk
gətirən İbrahim bəy belə nəticə
çıxarırdı ki, ya bu adam iranlı deyil, oraları
görməyib, ya da səhvə yol verir, həqiqətləri
təhrif edir. İbrahim bəy düzəlir yola,
başlayır İrana səyahətini, ölkəni
obaş-bubaş gəzib-dolanır və bütün
gördüklərini görəndən sonra
düşündüklərini qələmə alır. Deyir
ki, o böyük ədibin qarşısında mən
başı aşağı üzrxahlıq edirəm.
Çünki mən təəssübkeşlik edərək
onu haqsız saymışam, onun haqqında pis fikirləşmişəm
və şahid olub anladım ki, əsl vətənpərvərlik
alovu elə onun içərisində yanırmış.
...Mirzə Əbdürrəhim Talıbovun bu məşhur
əsərinin iki adı vardı: "Səfine-yi Talibi",
bir də "Əhmədin kitabı" və bu əsərin
"Əhmədin kitabı" adlandırılması da bica
deyildi, elə əsərin mahiyyəti ilə birbaşa
bağlı idi. Çünki Əbdürrəhim Talıbovun
bu əsərində ata ilə oğul üz-üzədir. Ata
özüdür, oğlu da Əhməd. Övladına nəsihət
verir, onu həyatın qəliz dolanbaclarında asudə irəliləyə
bilməyə hazırlayır. Fəlsəfi yanaşanda tarixdə
izi qalan hər böyük sənətkarın öz
doğmaca övladına üz tutaraq söylədiyi istənilən
ibrətli söz əslində onun millətə, Vətən
balalarına müraciəti kimi qavranılmalıdır.
Böyük ölçüdə millətin hər
uşağı da elə sənətkarın öz
balasıdır. Nizami Gəncəvi oğlu Məhəmmədə
nəsihət edirdi. Ancaq oğlu Məhəmmədə verdiyi
nəsihətlərin hər biri əslində ellik azərbaycanlılara,
bir az da geniş - insanlığa aid deyilmi? Və Mirzə
Əbdürrəhim Talıbovun qələmə
aldığı "Kitab-i Əhməd", yəni öz
oğluna üz tutaraq yazdığı əsər də təkcə
Əhməd, yalnız Azərbaycan balaları yox, elə
insanlıq üçün nəzərdə tutulmuş
öyüdnamədir. "Səfine-yi Talibi"ni roman da
adlandırırlar, uzun hekayət də, elmi-pedaqoji risalə də.
Ancaq onun biçiminin necə müəyyənləşdirilməsi,
üstünə hansı janr, hansı janr şəkli
yazılmasından asılı olmayaraq mahiyyət əsərin
cövhərindədir. Bu kitabı Jan Jak Russonun "Emil, ya tərbiyə
haqqında"kı elmi-pedaqoji romanına da bərabər
tuturlar. Gerçəkdə o əsərlə bu əsər
arasında oxşarlıqlar çoxdur və Talıbov
özü də etiraf eləyirmiş ki, Jan Jak Russodan
ilhamlanıb. İlhamlanmağına ilhamlanıb, amma daha irəli
gedib. Orada da valideyn övladına tərbiyə verir. Ancaq Jan
Jak Russo tərbiyəni uşağı mühitdən, ətraf
aləmdən ayıraraq, təcrid edərək verir. Həm də
bir kənd yerində. Mirzə Əbdürrəhim Talıbovsa
uşağı gətirir insanlar arasına, şəhərin
qaynar mühitinə, onu addım-addım insanların, insan
münasibətlərinin, cəmiyyət hadisələrinin
burulğanlarından keçirir. Ona görə də bu əsər
yalnız bir uşağa, bir gəncə, bir ailəyə
verilən tərbiyə kitabı deyil, həm də cəmiyyət
haqqındakı kitabdır və toplum haqqında burada
Talıbovun elə düşüncələri əks olunub
ki, oxuduqca müəllifin yalnız bir mahir ədib olduğuna
yox, həm də müdrik cəmiyyətşünas, dərin
siyasətçi olmasına şahid kəsilirsən. Paradoks
kimi də səslənə bilər: mülahizə edirlər
ki, insan həyatı boyu alacağı məlumatların ən
mühüm hissəsini və bir insan kimi yetişmənin əsas
dərslərini elə yeddi yaşınacan əldə edir. Və
Mirzə Əbdürrəhim Talıbov da öz balasını
əvvəlcə yeddi yaşına qədərki mərhələdə
tərbiyə edir, sonra da başlanır ömrün yeddi
yaşından sonra gələn ikinci hissəsi - təhsil illəri,
dünyayla, kitabla tanışlıq, məlumatların
çoxalması, həyatın daha mübhəm sirlərinə
vaqif olmaq.
Və "Səfine-yi Talibi"nin, həmin ikicildliyin
davamı olan üçüncü bir kitabı da Mirzə
Əbdürrəhim bizlərə yadigar qoyub: "Məsail-ul
həyat" - "Həyat məsələləri". Bu
cilddə kadrlar dəyişir - əsərin qəhrəmanı
balaca Əhməd yaşa dolub, böyüyüb, məktəbi
bitirib, gedib Fransaya və ali təhsil alaraq vətənə
qayıdır. İndi onu həyatın başqa
sınaqları gözləyir və qəhrəmanını
qədəm-qədəm həyat mərhələlərindən
keçirə-keçirə Mirzə Əbdürrəhim
Talıbov həm də bu qiymətli əsərində
İranın oçağkı həyatının şəklini
çəkir, elə mətləblərə toxunur ki, bu sətirləri
yazan nəzərlərimizdə sadəcə qabil nasir deyil,
usta yazıçı qələmli filosof, cəmiyyətşünas
kimi yüksəlir. Mirzə Əbdürrəhim Talıbov həyatını
yaşayacaq, dünyadan köçüb gedəcək, XX əsrin
ortalarında Birləşmiş Millətlər Təşkilatı
yaranacaq, onun Təhlükəsizlik Şurası olacaq,
bir-birinin ardınca dünyanın bir çox beynəlxalq təşkilatları
formalaşacaq. Bunlar hələ yoxdur. Amma Mirzə
Əbdürrəhim Talıbovda bunların hamısı
artıq işə başlayıb. O, balasının - Əhmədinin
və bütün Əhmədlərin qoynunda xoşbəxt,
firavan yaşayacağı gələcək azad cəmiyyət
haqqında düşünür. Necə görür o cəmiyyəti?
Mirzə Əbdürrəhim Talıbovun nəzərincə,
vaxt ötdükcə dünyanın ayrı-ayrı ölkələri,
dövlətləri bir-birinə yaxınlaşacaq və bir
federasiyada qovuşacaq, onların qovuşduğu dövlətlər
birliyinə Mirzə Əbdürrəhim Talıbov ad da qoyur:
"Qızıl cumhur" - "Qızıl respublika". Və
həmin altun cumhuru - qızıl respublikanı idarə edəcək
qurumun da layihəsini cızır Mirzə Əbdürrəhim
Talıbov. Onun nəzərincə, bu, Millətlər Məclisi,
dünya parlamenti olacaq, həmin parlamentdə ölkələrin
hamısından seçilmiş vəkillər toplaşacaq,
birləşərək bu qızıl cumhuru idarə edəcək,
dünya daha yaşamalı olacaq, insanlar bərabərcə, təhlükəsiz,
sıxıntısız, səadətli günlərdə
ömür sürəcək.
Bu, Mirzə Əbdürrəhim Talıbovun xəyallarında
yaratdığı dünya idi, düşüncələrində
qurduğu sağlam Yer Kürəsi idi.
Bəlkə də ayrı bir zaman içərisində
Mirzə Əbdürrəhim Talıbov kimi Vətən pərvanələrinin
ömürləri boyu apardıqları usanmaz mübarizələr
kimlərəsə sadəcə romantika, şeiriyyət kimi gələr.
Amma ömür yollarını an-an izlədikcə ona
şahid olursan ki, həm Mirzə Əbdürrəhim
Talıbov, həm də onun məslək, əqidə
qardaşı olmuş sıra-sıra unudulmazlarçün
bunlar ömürləri uzunu qəlbən inandıqları,
bir gün gerçəkləşəcəyinə ümid və
inam bəslədikləri ülvi ideallar olmuşdur.
...1903-1904-cü illərdə Firidun bəy
Köçərliyə ard-arda Mirzə Əbdürrəhim
Talıbov bir neçə məktub göndərmişdi. Həmin
məktublardan birində şeirlərindən söz
açırdı və yazırdı ki, mənim çox
şeirim yoxdur, üst-üstə yığsam, 300 beytdən
artıq olmaz.
İndi, o məktubun yazılmasından, göndərilməsindən,
oxunmasından 120 ildən də artıq zaman sovuşarkən,
büsbütün ayrı bir dünyada
yaşadığımız günlərdə Talıbovun 300
beytdən artıq o köhnə şeirlərini bir-bir oxuyuram
və görürəm ki, əksərinin mövzusu eynidir - məhəbbətli
misralardır. Ancaq bu eşq bir gəncin bir gözələ
atəşin sevgisi deyil, bu beytlərin çoxunun hədəfi
olan Gözəl hamımızın ən tükənməz
istəklərimizin yönəldiyi doğma Vətəndir.
Mirzə Əbdürrəhim Talıbov Güney Azərbaycandan,
İrandan cavan yaşlarında ayrılmışdı. Amma
İranda onun minlərlə, milyonlarla soydaşı
yaşamaqda davam edirdi. Talıbov diləyirdi ki, İran
azadlığın, bərabərliyin, haqqın bərqərar
olduğu ölkəyə çevrilsin, onun soydaşları
da xoşbəxt ömür sürsünlər. O, Vətəni
bütövlüyü ilə sevirdi, ilahi məhəbbətlə
sevirdi və həmin məhəbbətin əks-sədası
bu sətirlərdən də gəlməkdədir:
Ey Vətən, səndən savay bir başqa qibləm
yox, yəqin,
Kəbəni, Tanrını saymam, olmasa kuyin sənin.
Bəlkə də bir başqa şairin qələmində
sadəcə rəvan şeir sətirləri olan bu misralar Mirzə
Əbdürrəhim Talıbovun təqdimində bir öhdəlik
və əhd idi. Vətən qarşısında öhdəlik,
millət qarşısında əhd, vətən və millət
qarşısında içilən sədaqət andı.
Böyük azərbaycanlı Mirzə Əbdürrəhim
Talıbov cavan yaşından ömrünün son
saatınacan Vətən və millət
qarşısındakı o müqəddəs andına, o ali
öhdəliyinə, o saf əhdinə sadiq qaldı.
24 dekabr 2023
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2023.- 27 dekabr,№235.-S.10-11;16.