"Yaşıl enerji" və
ekoloji davamlılıq: Azərbaycanın inkişaf
strategiyasında vacib istiqamətlər
Məlum olduğu kimi, Azərbaycanın paytaxtı
Bakı şəhəri BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasına Tərəf
Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcək.
Bu barədə seçimi Şərqi Avropa ölkələrinin
bir qrupu edib. COP konfransları 1995-ci ildən hər il
keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd
dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri
qiymətləndirməkdir. 1990-cı illərin ortalarından
başlayaraq sözügedən konfrans çərçivəsində
inkişaf etmiş ölkələrdə istixana
qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması
ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva
edən Kyoto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə
keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə
mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd
hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə
qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən,
Azərbaycan bu razılaşmaya qoşulub.
Qeyd edək ki, Prezidenti İlham Əliyev BMT-nin
İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasına Tərəflər Konfransının 29-cu
sessiyasının - COP29-un gələn il ölkəmizdə
keçirilməsi ilə əlaqədar rəsmi sosial şəbəkə
hesablarında paylaşım edib. Prezident paylaşımda
bildirib ki, Azərbaycan iqlim dəyişikliklərinə
qarşı qlobal mübarizəni sistemli olaraq dəstəkləyir
və enerji səmərəliliyi ilə bağlı tədbirlər
görür: "Təmiz ətraf mühit və yaşıl
inkişaf bizim milli prioritetlərimizdir. Bərpaolunan enerji Azərbaycanda
geniş vüsət almağa başlayır. BMT-nin İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasına (COP29) 2024-cü ildə ev
sahibliyi etməyimiz iqlim dəyişikliklərinə
qarşı mübarizə üzrə qlobal səylərə
öz töhfəmizi vermək qətiyyətimizdən irəli
gəlir. Azərbaycanın namizədliyinə verilən dəyərli
dəstəyə görə bütün ölkələrə
səmimi təşəkkürümü bildirirəm. Biz
COP29 sessiyasının uğurlu hadisəyə çevrilməsi
üçün əlimizdən gələni edəcəyik.
BƏƏ-də COP28-in yüksək səviyyədə təşkil
edilməsinə görə Birləşmiş Ərəb
Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed
Əl Nəhyana minnətdarlığımı bildirir və
iqlimlə bağlı birgə tədbirlərimizi davam etdirməyimizi
səbirsizliklə gözləyirəm".
"Ana Kür" Ekoloji Problemlərin Öyrənilməsinə
Kömək İctimai Birliyinin rəhbəri Rüstəm Məlikov
deyir ki, Azərbaycanın 1995-ci ildə BMT-nin İqlim Dəyişiklikləri
üzrə Çərçivə Konvensiyasını
ratifikasiya etməklə dünyada həmin qlobal problemin səbəb
olduğu mənfi təsirlərin azaldılması haqqında
beynəlxalq səylərə qoşulub: "Dubay şəhərində
Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin birgə təşkilatçılığı ilə
254 kvadratmetrlik ərazidə təşkil edilən pavilyon
iştirakçılar tərəfindən maraqla
qarşılanır. Burada nümayiş olunan enerji
keçidi, ətraf mühit xəritəsi, bərpa olunan
enerji, ağıllı kənd və digər bölmələr,
ölkəmizin iqlim dəyişmələri üzrə
mübarizə sahəsində gördüyü işlər,
yumşaltma və adaptasiya tədbirlərini əks etdirən
virtual eksponatların nümayişi, eyni zamanda, regional və
beynəlxalq təşkilatlarla təmaslar Azərbaycanın bu
işə nə qədər önəm verdiyini göstərir.
Milli pavilyonda xüsusi diqqət çəkən məqamlardan
biri erməni işğalı zamanı ərazilərimizdə
həyata keçirilən ekoterror barədə məlumatların
geniş auditoriyaya çatdırılmasıdır. Məlumdur
ki, 2022-ci ildə BMT-nin ətraf mühit proqramı çərçivəsində
ölkəmizin işğaldan azad olunmuş ərazilərində
ətraf mühiti qiymətləndirmək missiyası həyata
keçirilib. Missiyanın hesabatı gələcəkdə
bütün beynəlxalq platformalarda bizim üçün
mühüm sənəddir".
R.Məlikov qeyd edir ki, sammitdə geniş heyətlə
iştirak və pavilyonun nümayişi əyani şəkildə
göstərdi ki, dünyanın müasir
çağırışlarından olan yaşıl enerji,
ekoloji davamlılıq Azərbaycanın inkişaf
strategiyasında öncül yerdədir: "Rəsmi məlumatlara
görə, yaşıl enerjinin aparıcı qüvvəsi
kimi bərpa olunan enerji mənbələri 2026-cı ilədək
Azərbaycanda elektrik enerji istehsalının 24 faizini təşkil
edəcək. 2030-cu ildə isə bu, 30 faizə
çatdırılacaq. Azərbaycan istixana qazı emissiyalarını
2050-ci ilədək 40 faiz azaltmağı hədəfləyir.
Bu, onu təsdiq edir ki, Azərbaycan son illərdə
yaşıl enerjiyə keçiddə fəal iş
aparır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarının, həmçinin Naxçıvanın
yaşıl enerji zonası elan edilməsi və həmin istiqamətdə
atılan addımlar beynəlxalq arenada inkişaf etmiş
ölkələrlə münasibətdə bizə əlavə
nüfuz və hörmət qazandıracaq. Azərbaycanın bərpa
olunan, yaşıl enerji ilə bağlı həyata
keçirdiyi tədbirləri ölkəmizin enerji
strategiyasında yeni eranın başlanğıcı hesab etmək
olar. Hazırda Səudiyyə Ərəbistanı
Krallığının məşhur enerji şirkətləri
ilə bu istiqamətdə anlaşma və müqavilə əsasında
müvafiq işlər aparılır. Quruda və dənizdə
25 giqavat bərpaolunan külək və günəş
enerjisi istehsal ediləcək. Bu isə çox böyük
potensialdır. 2022-ci ildə Rumıniyanın paytaxtı
Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və
Macarıstan hökumətləri arasında yaşıl
enerjinin inkişafı və ötürülməsi sahəsində
strateji tərəfdaşlıq haqqında Sazişin
imzalanması, ölkəmizin bu sahədə
potensialının realizə olunmasına və dünyanın
enerji bazarında əhəmiyyətli rolunun daha da yüksəlməsinə
xidmət edir".
Millət vəkili İltizam Yusifovun sözlərinə
görə, inkişaf etmiş ölkələrdə istixana
qazlarının atmosferə buraxılmasının məhdudlaşdırılması
ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva
edən Kyoto Protokolunun aktuallığı getdikcə
artır: "Maraqlıdır ki, başda ABŞ olmaqla, bir
sıra inkişaf etmiş ölkələr ya sazişə
qoşulmurlar, ya da öhdəlikləri yerinə yetirməkdən
boyun qaçırırlar. Heç kəsə sirr deyil ki,
dünya üzrə ekologiyaya ən böyük zərəri
inkişaf etmiş ölkələr vurur. Saysız-hesabsız
sənaye müəssisələrinə, xüsusilə də,
kimya, hərbi istehsal sənayelərinə malik ölkələr
durmadan istehsal gücünü artırır, dünyada yeni
münaqişələrə, müharibələrə dəstək
verirlər. Daha az inkişaf etmiş ölkələr
haqlı olaraq bəyan edirlər ki, istixana qaz emissiyalarına
görə zəngin ölkələr məsuliyyət
daşıyır və ona görə də, onlar qalıq
yanacaqlarından istifadəni azaltmaları üçün
daha yoxsul ölkələrə yardım etməlidir. Haqlı
tələbdir. Əgər sən zəif inkişaf etmiş
ölkələrin ekologiya və ətraf mühiti çirkləndirməsini
istəmirsənsə, təbii sərvətlərdən,
müxtəlif yollarla əldə etdiyin gəlirlərdən
ona yardımlar etməlisən. Axı qonşunun çirkləndirdiyi
iqlimin sərhədi yoxdur. Yoxsul ölkələri iqlim dəyişikliyinə
adaptasiya etmək üçün onların yardıma
ehtiyacları vardır".
Millət vəkilinin sözlərinə əsasən,
Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasını
ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin
mənfi təsirlərinin yumşaldılması üzrə
beynəlxalq səylərə qoşulub. Ölkəmiz hər
zaman beynəlxalq ekoloji təşəbbüslərdə
mühüm rol oynayıb. Dubaydakı COP28 sammitində Azərbaycanın
yüksək səviyyədə təmsil olunması bunun təsdiqidir.
Bu, ölkəmizə imkan verir ki, orada təmsil olunan
nüfuzlu şirkətlərin təmsilçiləri ilə
ölkəmizdəki ekoloji problemləri, təşəbbüsləri,
xüsusilə də, Qarabağda yüksək bərpaolunan
enerji potensialından istifadəni müzakirə etsin: "Həmçinin
belə bir mötəbər tədbir Ermənistanın
işğal zamanı ərazilərimizdə həyata
keçirdiyi ekoterror barədə məlumatların geniş
auditoriyaya çatdırılması üçün gözəl
fürsət idi. Bərpaolunan enerji sektorunun inkişafı Azərbaycan
Hökumətinin qəbul etdiyi sosial-iqtisadi inkişaf
proqramının prioritet istiqamətlərindən biridir.
Əlverişli iqlim şəraitinə malik olan ölkəmizdə
yaşıl enerjinin inkişafına xüsusi diqqət
yetirilir. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi,
işğaldan azad edilmiş bütün Qarabağ
"yaşıl enerji" zonası olacaq".
İ.Yusifov vurğulayıb ki, Azərbaycanda ən
ciddi ekoloji təhdid torpaqlarımızın 30 ilə yaxın
Ermənistan tərəfindən işğal altında
saxlanılması, ərazilərin minalanması, meşələrin
qırılması, çayların, su anbarlarının
çirkləndirilməsi idi. Ermənistan tərəfindən
işğal altında saxlanılan Qarabağda və Şərqi
Zəngəzurda bu gün aparılan ekoloji təmizləmə
işləri, yaşıl enerji zonasının əsasının
qoyulması ölkəmizin iqlim dəyişikliyinə töhfəsindən
xəbər verir. Azərbaycan dayanıqlı inkişafı dəstəkləmək
və yaşıl transformasiyaya keçidi asanlaşdırmaq
üçün intensiv tədbirlər həyata keçirir.
Xüsusilə də minatəmizləmə kampaniyası
regionun rifahına və tərəqqisinə əhəmiyyətli
təsir göstərəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
yanında İctimai Şuranın üzvü, "Gənclərin
Töhfəsi" İctimai Birliyinin icraçı direktoru Məhsəti
Hüseynova bildirib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində
təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitində
ilk dəfə olaraq Azərbaycanın öz pavilyonu ilə
çıxış etməsi çox mühüm hadisədir.
Bu tədbirə 100-dən çox dövlət və
hökumət başçısı, eləcə də
ümumilikdə 100 minə yaxın nümayəndə
iştirak edir. Azərbaycanın bu qədər
genişmiqyaslı tədbirdə böyük nümayəndə
heyəti ilə iştirakı ölkəmizin ekologiya və
iqlim sahəsində nailiyyətlərinin dünya ictimaiyyətinə
çatdırılması baxımdan vacib idi. Ən əlamətdar
hadisə isə Azərbaycanın paytaxtı Bakı şəhərinin
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasına Tərəf Dövlətlərin 29-cu
Konfransına (COP29) ev sahibliyi etməsi barədə verilən
qərardır.
M.Hüseynova qeyd edib ki, Ümumdünya Meteorologiya Təşkilatının
(ÜMT) məlumatına görə, 1970-2021-ci illər
arasında ekstremal hava, iqlim və su ilə bağlı hadisələr
nəticəsində 12 minə yaxın təbii fəlakət
baş verib, nəticədə 2 milyondan çox insan həyatını
itirib: "Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasını
ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin
mənfi təsirlərinin yumşaldılması üzrə
beynəlxalq səylərə qoşulub və son 4-5 ildə
iqlim dəyişiklikləri ilə bağlı daha intensiv
addım atıb. Konvensiya ilə yanaşı, Azərbaycan
Respublikası Paris Sazişini 2016-cı ildə ratifikasiya edərək
qlobal iqlim dəyişikliklərinin təsirlərinin
yumşaldılması üzrə təşəbbüslərə
özünün töhfəsi olaraq baza ili (1990) ilə
müqayisədə 2030-cu ilədək istilik effekti yaradan
qazların emissiyalarının səviyyəsində 35 faiz
azalmanı hədəf kimi götürüb".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2023.- 15 dekabr, №228.- S.15.