Antoni ilə
Kleopatranın gur məhəbbətinin faciəli sonluğu
"Məhəbbət allahdır"
Qədim hindiranlıların etiqadı.
"Dedilər qocalar qülləyə tərəf gedən
Yelenanı görüncə,
Troya oğullarını və axeyləri heç də
olmur qınamaq. Vuruşmalarına, bu qədər bəlaya
dözmələrinə, belə qadına görə.
Gözəllikdə, doğrudan o, bənzəyir əbədi
ilahələrə".
Homer. "İliada" poeması
"In any case their doom is fixed and there is no escape" -
"Hər bir halda onların qisməti qət edilmişdir və
heç bir qurtuluş yoxdur".
Yevripid. "Medeya" pyesi
Qədim Romanın siyasət,
hərb və sarsıntılar tarixini bir məhəbbət əhvalatı
bəzəyir. Bu eşq tarixçəsi böyük bəşər
dramının kiçik bir səhnəsi olsa da, onda
özünəməxsus xüsusi yer tutur. Hadisələrin
sonrakı inkişafına isə özünün
dönüş xarakterli təsirini göstərmişdir. Bu əhvalatın
qəhrəmanlarının şəxsiyyətinə,
ağılsız və bədnam hərəkətlərinə
necə qiymət verilməsindən asılı olmayaraq, hadisələrin
mərkəzində dayanan məhəbbətə isə
hamı onun aliliyinə layiq olan şəkildə
yanaşır. Həmin eşq macərasının sünilikdən
uzaq olmasını, həqiqiliyini və fədakarlığa
sövq etməsini isə bu məhəbbətin birinci əlaməti
və axırıncı təsdiqi olmasını, sevgililərin
bir-birinin ardınca həlak olması, könüllü olaraq
həyatla vidalaşması faktı sübut edir.
Bu, Antoni ilə Kleopatranın, məşhur Roma sərkərdəsi
ilə gənc Misir çariçasının qeyri-adi məhəbbət
əhvalatıdır. Bu alovlu eşqin bəhrəsi onun
ikisinin ölümü, həm də bu ittifaqdan
övladlarının meydana gəlməsi olsa da, qəribə
də görünsə, onların məhvindən sonra
keçən qısa bir müddətdə siyasi aləmdə
baş verən mühüm dəyişiklikləri, onların
qatı düşmənləri olan Oktavian Sezarın Romada tək
hakimiyyətliliyi ələ keçirməsini və Misir
dövlətinin süqutunu da bu əhvalatların nəticələri
sırasına daxil etmək olar. Oktavian Antoniyə qalib gəlməklə,
onun gözlənilən tiran hakimiyyətinin
qarşısını alsa da, Roma respublikasının həyatına
qəsd etdi, onu bütünlüklə tarixin arxivinə təhvil
verdi. Kleopatranın məhvi ilə qədim tarixə malik olan
Misir dövləti öz ömrünə yekun vurdu və
Romanın adi bir əyalətinə çevrildi. Oktavianla
sevgililər arasında qanlı münaqişə Roma
respublikasının və Misir dövlətinin hər ikisinin
qəbrini qazdı, tabutuna mıx vurdu.
Bu sevgi macərasının qəhrəmanlarının
şəxsiyyəti onunla tanış olmaq istəyənləri
maraqlandırmaya bilməz. Onlar həm də məşhur
tarixi fiqurlar olduğundan o dövrün siyasi həyatının
ab-havasının dəyişməsində az rol
oynamamışdılar. Həmin dövrü kiçik
otağa bənzətsək, buradakı masanın arxasında
oturan azsaylı nüfuzlu adamlar arasında biz onların hər
ikisini görməyə bilmərik. Bu nüfuz o vaxtkı
dünyanın siyasətində özünü nümayiş
etdirirdi.
Mark Antoni nəcib romalı nəslindən idi. Onun
babası məşhur məhkəmə vəkili və natiq
idi. Onu m.ə.87-ci ildə Mari öz düşməni
Sullanın tərəfdarı kimi qətlə yetirmişdi.
Sulla Şərqə Mitridatla müharibəyə yollandıqdan
sonra Korneli Tsinnanın başçılığı
altında mariçilər çevriliş həyata
keçirdilər. Bir azdan Afrikadan İtaliyaya qayıdan Qay
Mari də ona qoşuldu. Mari 86-cı il üçün konsul
seçilmişdi, lakin bu vəzifəni cəmi 17 gün icra
etdikdən sonra ahıl yaşında ölmüşdü.
Buna qədər isə çevrilişdən sonra Mari Romada
qızğın terror həyata keçirdi. O,
özünü, Plutarxın ifadəsincə desək, sülh
dövründə müharibə aləti kimi aparırdı və
qan tökmədən dayana bilmirdi. Onun təbiətinə dinc
fəaliyyət yad idi və o, bir siyasi və hərbi xadim kimi
əvvəlcə Numidiya çarı Yuqurtaya, sonra isə
kimvrlərə və tevtonlara qarşı apardığı
müharibələrdəki böyük qələbələri
ilə məşhurlaşmışdı. Döyüş cəbhələrində
öz qəzəbini düşmən üzərinə
tökən Mari şərait imkan verən kimi bunu çoxdan
nifrət etdiyi nəsil-nəcabətli adamların, öz
romalılarının üzərinə də
tökürdü. Gələcək sərkərdənin
babası natiq Mark Antoni də bu qəzəbin çoxsaylı
qurbanlarından biri oldu. O, Marinin təqibindən qorxaraq,
kasıb bir dostunun evində gizlənmişdi. Ev sahibi onu qonaqpərvərliklə
qarşılamış və qulunu qonşu dükandan şərab
almağa göndəribmiş. Qul yaxşı və bahalı
şərab seçib almaq istəyəndə,
dükançı bunun nə münasibətlə edildiyini
soruşduqda, qul yaxın adam hesab etdiyi dükançıya
sahibinin evində gizlənən qonağın kim olduğunu açıb
dedi. Murdar adam olan dükançı qul gedən kimi Marinin
yanına yollandı və Antonini ona təhvil verməyi vəd
etdi. Mari buna çox sevindi və əsgərlərini Antoninin
başını gətirməyə göndərdi. əsgərlər
Antoni olan otağa qalxdıqda Antoni onlarla söhbət etməyə
başladı və bu söhbət onları heyran etdi. Antoni
ona aman verilməsini xahiş etdikdə, əsgərlər
ağlamağa başladılar. Onların
yubandığını görən başçı Anni
yuxarı qalxıb öz əsgərlərini söydü və
Antoninin başını kəsdi. Romada həmin dövrdə
bu, adi hal hesab olunurdu. Bundan bir qədər sonra m.ə.82-ci ildə
başlanan Sulla diktaturası isə daha böyük dəhşətlər
- qanlı orqiyalar törətdi. Babasının
ölümündən bir az sonra, 86-cı ildə Mark Antoni
anadan olmuşdu. Onun atası Kritli soyadlı Antoni isə
ictimai həyatda elə tanınan və sayılan adam olmasa da,
ləyaqəti ilə seçilirdi. O, varlı deyildi, lakin
sınaq anlarında özünün xəsis
olmadığını, mərdliyini də göstərirdi.
Bir dəfə ehtiyacı olan dostu ondan borc pul istədikdə
o, pulu olmadığına görə üzünü
qırxmaq bəhanəsi ilə, nökərinə gətirtdiyi
gümüş ləyəni ona vermişdi. Tünd xasiyyətli
arvadı ləyəni axtaranda o, öz əliaçıqlığını
etiraf etmişdi. Onun arvadı Yuliya Yuli Sezar nəslindən idi
və o vaxtkı Roma üçün kiçik məsələ
olmayan namuslu əxlaqı ilə seçilirdi. Mark məhz
anasının tərbiyəsində
böyümüşdü. Yuliya əri öldükdən
sonra Korneli Lentula ərə getmişdi. Lentul pretor olduğu
vaxt Katilina qəsdinin fəal təşkilatçılarından
biri olduğuna görə qəsdin digər dörd fəal
iştirakçısı ilə birlikdə Siseronun təşəbbüsü
və Senatın qərarı ilə 63-cü ildə edam
edilmişdi. Lentulun, Tseteqin, həmçinin Katilinanın digər
tərəfdarlarının ifşa edilməsində, hətta
Krass və Yuli Sezarın onları müdafiə etməsinə
baxmayaraq, Siseron və Mark Katon xüsusi rol
oynamışdı. Onlar respublikanı cinayətkar
qaragüruhun diktaturasının əlinə keçməsindən
xilas etmişdilər. Elə bu vaxtdan da gənc Antonidə
Siserona qarşı kin, nifrət hissləri
yaranmışdı, axı edam olunanlardan biri onun
atalığı, anasının əri idi. Hətta Lentulun cəsədi
yalnız Siseronun arvadı işə qarışdıqdan sonra
dəfn olunmaq üçün Yuliyaya verilmişdi. Bunu sonralar
xəbər verən Antoni Siseronun konsulluğu dövründə,
guya mövcud olan belə dəhşətlərə diqqəti
cəlb etmək məqsədini güdürdü.
Əvvəlcə atasını, sonra isə
atalığını itirən Antoni bir qəşəng
oğlan kimi böyüyürdü, lakin ən pis məsələ
onun dostu Kuriondan asılı olması idi və bu münasibət
Antonini spirtli içkilər içməyə və
eyş-işrətə cəlb etdi. Belə nalayiq işlərə
çox gənc yaşlarında başlamasına görə
o, xeyli borca düşmüşdü. Onun borc
götürdüyü pula Kurion zamin olduğuna görə,
onun atası Antonini evindən qovmuşdu. Sonralar isə - 61-ci
ildən kvestor, 58-ci ildən xalq tribunu olan Klodiyə
qoşulmuşdu, Klodi isə Katilinadan sonra Roma
üçün gələn ikinci bəla idi. O, həyasız
demaqoqluqla məşğul olur, qayda-qanunları pozur, şəhərdə
iğtişaşlar yaradırdı. Lakin Klodinin də həyasızlığına
yalnız 52-ci ilin yanvarında Romadan bir az kənarda, Appi
yolunda Milonun adamları tərəfindən öldürülməsi
ilə son qoyuldu.
Antoni bir xeyli vaxt özünü belə
ağılsız işlərə həsr etdikdən sonra,
Klodinin öldürülməsindən xeyli əvvəl
İtaliyanı tərk edib Yunanıstana getdi və burada hərb
sənətinə və natiqlik qabiliyyətinə yiyələnməyə
başladı. Onu da qeyd etmək lazımdır ki, o,
inadkarcasına məşğul olur, bu iki vacib sənətin
sirlərinə bələd olurdu. O, bir neçə vaxt
Yunanıstanda qaldıqdan sonra, 58-ci ildə konsul olan Avl Qabini,
özü ilə birlikdə Suriyaya yürüş etmək
üçün onu vətənə dəvət etdi. Əvvəlcə
o, bundan imtina etsə də, süvari dəstəsinə
başçılıq etmək təklifini qəbul etdi və
konsulla birlikdə hərbi yürüşə getdi. Antoninin
ilk igidliyi yəhudiləri qiyama qalxmağa sövq edən
İudeya çarı Aristobula qarşı olan
döyüşdə meydana çıxdı. Burada o,
özünün ilk qələbəsini qazandı, çar
Aristobulu məğlub etdi və onu oğlanları ilə
birlikdə əsir götürdü. Müharibə başa
çatdıqdan sonra onun gələcək məşuqəsinin
atası Ptolomey Qabinidən xahiş etdi ki, Misirdə onu
çar kimi öz yerinə bərpa etsin və buna görə
də o, romalıya on min talant məbləğində hədiyyə
vəd etdi. Zabitlərin çoxu bu tədbirin əleyhinə
idi, heç Qabininin özünün də bu iş çox
xoşuna gəlmirdi, lakin vəd edilən məbləğ onu
da şirnikdirirdi. Antoni öz igidliyini göstərmək və
hələlik tanımadığı Kleopatranın atası
Ptolomeyi razı salmaq istədiyinə görə Qabinini bu
yürüşə girişməyə inandırdı. Onlar
quma bata-bata Peluziuma tərəf hərəkət etdilər. Səhrada
içməyə su yox idi. Antoni bu səfərdə
özünü yürüş ustası kimi göstərməklə
yanaşı, Peluziumda qalib gəldi, bu böyük şəhərin
qarnizonunu əsir götürdü, bu isə ordunun sonrakı
yürüşünü xeyli təhlükəsiz etdi.
Peluziuma girdikdən sonra Ptolomey misirlilərə olan qəzəb
və nifrətinə görə onları qılıncdan
keçirməyi planlaşdırırdı, lakin Antoni onun belə
qəddar cəza tədbirinə mane oldu. Beləliklə,
Ptolomey Avlet 58-ci ildə hakimiyyətə bərpa edildi.
Kleopatranın öz etirafına görə, o vaxt Antonini
görən bu 12 yaşlı qız ona vurulubmuş.
Belə toqquşmalardan və döyüşlərdən
Antoni böyük təcrübə toplayırdı, həm də
özünə lazım olan hərbi əlaqələr
yaradırdı. O, bir qayda olaraq, arxadan zərbə vurmağa
meyl etmirdi, o, düşmənə qabaq tərəfdən
hücum edirdi. O, düşmənləri ilə igidliklə
vuruşurdu. Lakin düşmənləri həlak olduqda
onları çar şərəfi ilə dəfn edirdi. Bunun
da nəticəsində aleksandriyalılar arasında
özünə yaxşı ad-san qazanmışdı və
Roma ordusunda xidmət edənlərin hamısı ona ən
qoçaq əsgər kimi baxırdı. Onun igidliyə
uyğun gələn zahiri əlamətləri də var idi.
Onun iri alnı var idi, saqqalı yaxşı uzanırdı.
Kişi burnuna malik idi. Bütün bunlara görə
çoxları onun sifətini Heraklın şəkillərdə
və heykəllərdə təsvir olunan üzünə bənzədirdilər.
O, çox vaxt öz əsgərləri ilə bir yerdə
yeyib-içirdi. Onun çoxlu dostları var idi və onlara
qarşı həmişə əliaçıqlıq
göstərirdi. Fiziki qüvvəsindən çəkinərək
Yuli Sezarın ölümünə səbəb olan
Senatdakı qəsd vaxtı sui-qəsdçilər Antoniyə
Senata girməyə imkan verməmiş, küçədə
saxlamışdılar.
Roma dövləti iki bir-birinə düşmən
partiyaya parçalandıqda. aristokrat partiyası Pompey ətrafında
birləşdi, populyarlar partiyası isə Yuli Sezarın tərəfinə
keçdi. Bu vaxt Pompey Romada idi, Sezar isə Qalliyada qalibiyyətli
döyüşlər aparan ordusuna başçılıq
edirdi, o, artıq Qalliyanın bütünlükdə fəth
edilməsini başa çatdırmışdı. Antoninin
dostu Kurion əvvəlki müttəfiqlərini tərk edərək
Sezarın partiyasına keçmişdi və özü ilə
Antonini də bura cəlb etmişdi.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2023.- 16 dekabr, №229.- S.22.