Elm yolunun layiqli davamçısı

 

Söhbət çağdaş pedaqogika elminin layiqli, ləyaqətli nümayəndəsi, dostumuz, həmkarımız, gözəl insan, dəyərli alim, bir sıra əcnəbi akademiyaların həqiqi üzvü Hümeyir Hüseyn oğlu Əhmədovdan gedəcək. Hümeyir müəllim görkəmli Azərbaycan pedaqoqu, pedaqogika elmləri doktoru, professor, SSRİ maarif əlaçısı,  Əməkdar ali məktəb işçisi, Prezident təqaüdçüsü, SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Təhsil Akademiyasının xarici üzvü Hüseyn Mustafa oğlu Əhmədovun oğludur. Ata yolunu seçərək müəllimlik peşəsini, elm yolunu seçib.

Bu il pedaqogika elmləri doktoru, professor Hümeyir Əhmədovun anadan olmasının 65 illiyi tamam olur. Hümeyir müəllim ötüb keçən illəri vərəqlədikcə həyatının xoş, acılı-şirinli anlarını, çətinliklərini və uğurlarını gözləri önünə gətirir. Gah sevinir, gah kövrəlir, gah da iftixar hissi keçirir. Necə deyərlər, fikirləşir ki, "papağını heç də havayı yerə günə yandırmayıb", çəkdiyi zəhmətin bəhrəsini görüb.

Uşaqlıq, yeniyetməlik, ilk gənclik, gənclik illəri, yaxın zamanlarla bağlı günlər dil açıb danışır.

Hümeyir Əhmədov 1958-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Valideyn nümunəsi onun kamil bir insan kimi formalaşmasına öz təsirini göstərib. Səhər ertə yuxudan duranda da, gecə yatağına uzananda da atası Hüseyn müəllimi yazı masası arxasında görüb. Atasının nəşr olunan kitablarına baxanda çox sevinib: "O yuxusuz gecələrin məhsuludur bu kitablar!" - deyə düşünüb. Özünü Hüseyn müəllimə oxşatmağa, onun kimi zəhmətsevər olmağa çalışıb. Kitaba, dərsliklərə bağlanıb, yaxşı oxumağa səy göstərib. Hümeyir orta məktəblə yanaşı, eyni zamanda 11 nömrəli uşaq musiqi məktəbində təhsil alıb.

Orta məktəbdə oxuyarkən musiqi ilə yanaşı, riyaziyyat fənninə böyük maraq göstərib. Həmin maraq onu Azərbaycan Dövlət Pedaqoji İnstitutuna gətirib.

Bir mahnıda deyildiyi kimi, tələbəlik illəri yada düşəndə adamın ürəyi sevincindən çırpınır.   Hümeyir də bu hissləri yaşayıb. Həmin illəri tez-tez xatırlayır. Pedaqoji İnstitutun riyaziyyat fakültəsinə qəbul olunub. Ali məktəbdə təhsil ala-ala Zaqafqaziya Komsomol Məktəbinə də yazılmışdı. Həmin məktəbi əla qiymətlərlə bitirdi.

H.Əhmədov vaxtilə riyaziyyat müəllimi ixtisasına yiyələnməklə, riyaziyyat müəllimi işləməklə yanaşı, onun həm də mülki hüquq üzrə magistr dərəcəsi var. Sadəcə, bu sahədə fəaliyyət göstərməyib.  Bu, onun hobbisidir.

Bakı sakini olmasına baxmayaraq, Hümeyir müəllimin təyinatı   Xaçmaz rayonuna verildi. O zamanlar bəzi rayonlarda dəmiryol məktəbləri vardı. Hümeyir müəllim  Xaçmaz stansiyası 45 nömrəli dəmiryol orta məktəbinə göndərildi. Riyaziyyat müəllimi kimi işə başladı. Bakıdan "gəldiyi" üçün rus bölməsində dərs verdilər. Öz peşəsini sevirdi, onun vurğunu idi.

Hər bir şəxs Vətən qarşısında müqəddəs borcunu yerinə yetirməlidir. Vaxt tamama yetişdi, Hümeyir müəllim də hərbi xidmətə yola düşdü. Onun sorağı Uzaq Şərq Hərbi dairəsinin Xabarovsk-Vladivostok diyar hərbi hissələrinin birindən gəldi. O vaxtlar biz SSRİ-nin tərkibində idik, Azərbaycanla yanaşı, SSRİ də bizim vətənimiz sayılırdı. Ordu sıralarından qayıdandan sonra Hümeyir müəllim pedaqoji fəaliyyətini Saatlı stansiyası 33 nömrəli dəmiryol orta məktəbində davam etdirdi. İndi artıq riyaziyyat fənni ilə yanaşı, fizika və əmək dərslərini də  aparırdı.

1983-1984-cü illərdə təyinatını başa vurub Bakıya gələn H.Əhmədov  Cəmşid Naxçıvanski adına hərbi təmayüllü orta məktəbdə tərbiyəçi-müəllim, daha sonra A.S.Makarenko adına 12 nömrəli rus dili təmayüllü internat məktəbində riyaziyyat müəllimi vəzifələrində çalışdı. O, 2000-ci ildən hal-hazıra kimi Təhsil İnstitutunun Elmi-pedaqoji kadr hazırlığı şöbəsinin müdiri vəzifəsində uğurla işləyir.

Arzular tükənmək bilmir. Hümeyir müəllim 5 il müxtəlif məktəblərdə müəllim işlədi. Yaxşı riyaziyyat müəllimi olduğunu əməli fəaliyyəti ilə sübuta yetirdi. Müəllim kimi işləməkdə davam edə bilərdi. Fəqət hiss elədi ki, elmin daşlı-kəsəkli yolları onun yuxusunu ərşə çəkib. Bu sonsuz maraq onu Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutuna (hazırda Təhsil İnstitutu) gətirib çıxardı. Aspiranturanın əyani şöbəsinə qəbul edildi. Pedaqogika nəzəriyyəsi və tarixi ixtisasını seçmişdi. Dissertasiya mövzusu "Azərbaycan SSR-də hamılıqla ümumu orta təhsilə keçilməsinə hazırlıq və həyata keçirilməsi (1961-1977-ci illər)" kimi müəyyənləşdirildi. Elmi rəhbər o zaman pedaqoji elmlər namizədi olan Əjdər Ağayev təyin olundu. Dissertasiyanı 1987-ci ildə tamamlayaraq 1988-ci ildə müdafiə etdi.

O, pedaqogikanın və təhsilin tarixinə, ümumi pedaqogikaya dair tədqiqatların davam etdirməkdə idi. Tədqiqatçılıq səriştəsi, pedaqoji elmə marağı, arxivlərlə iş onu doktorluq dissertasiyası üzərində işləməyə həvəsləndirdi. Doktorluq dissertasiya mövzusunu "Qloballaşma şəraitində Azərbaycan Respublikasında ali təhsilin modernləşdirilməsi" kimi təsdiq etdirdi. 2011-ci ildə dissertasiyanı müdafiə edərək pedaqogika elmləri doktoru elmi dərəcəsi, bir müddət sonra isə, (2017) professor elmi adını da verildi.

Təhsili elmdən, elmi təhsildən kənarda təsəvvürə gətirmək, sadəcə, qeyri-mümkündür. Hümeyir müəllim Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (hazırda Təhsil İnstitutu) işləmək, elmi-tədqiqatla məşğul olmaqla yanaşı, ali təhsil müəssisələrində  mühazirə və seminar məşğələləri aparırdı.

Professor H.Əhmədov respublikamızda ilk dəfə milli təhsil sisteminin təkmilləş-dirilməsi, inkişaf etdirilməsi və idarə olunması  sahəsindəki problemləri nə-zəri-konseptual, eyni zamanda praktik cəhətdən araşdırmış, prosesin dinamikasına aydınlıq gətirmişdir.

Hümeyir müəllim öz tədqiqatlarında təhsil sistemində islahatların başlanmasından ötən müddətdə baş verən prosesləri müasirlik mövqeyindən birinci olaraq  qiymətləndirmiş, dövlət inhisarı ilə, mərkəzi idarəçiliklə, ideoloji tabeçiliklə səciyyələnən sovet təhsil sistemindən Avropa ali təhsil məkanına inteqrasiya edən ali təhsil sisteminə keçid proseslərini pedaqoji-psixoloji və aksioloji cəhət-dən təhlil etmişdir. O, təhsilin hüquqi nizamlanmasının elmi əsaslarını müəyyənləşdirmiş, Azərbaycanda ilk dəfə olaraq ali məktəblər üçün "Təhsil hüququ" fənninin proqramını və dərsliyini hazırlamışdır.

Professor Hümeyir Əhmədov bir sıra əcnəbi akademiyaların, o cümlədən, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının (2007), Təhsilin İnformasiyalaşdırılması Akademiyasının (2012), Rusiya Hüquq Elmləri Akademiyasının (2008), Rusiya Təbiətşünaslıq Akademiyasının (2018) həqiqi üzvü; SSRİ PEA-nın varisi olan Rusiya Təhsil Akademiyasının xarici üzvüdür (2006). Vaxtaşırı həmin akademiyaların tədbirlərində, hesabat iclaslarında, elmi konfranslarında iştirak və çıxışlar edir.

Bu qədər xarici akademiyanın həqiqi üzvü olmaq hər oğulun işi deyil. Bu, Azərbaycan aliminin böyük hünərdir.

Hümeyir müəllim bir çox monoqrafiyaların, kitab və kitabçaların, yüzlərlə elmi məqalənin müəllifidir. Əsərləri həm respublikamızda, həm də xarici ölkələrdə işıq üzü görmüşdür. Diqqət yetirək: "Azərbaycanda xeyriyyə cəmiyyətlərinin maarifçilik fəaliyyəti" (1997), "Gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi" (2006, P.B.Əliyevlə), "Azərbaycan təhsilinin insan resursu" (rusca)  (2007), "Ali təhsilin modernləşdirilməsi" (2008), "Azərbaycan təhsilinin inkişaf strategiyası" (2010), "Elmi-pedaqoji və pedaqoji kadr hazırlığı problemləri" (2018).

Elmi rəhbər və rəsmi opponent, yaxud rəsmi rəyçi kimi elmi kadrların yetişməsində fəallıq göstərib və göstərir. Yaxınlarda elmi rəhbəri olduğu Müjkan Məmmədzadə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Tələbələrdə pedaqoji prosesi idarəetmə mədəniyyətinin formalaşdırılması"  mövzusunda dissertasiya müdafiə etmiş və diplomunu almışdır.

Hümeyir müəllim 2004-cü ildən "Pedaqoqlar sülh və qarşılıqlı anlaşma uğrunda" Beynəlxalq hərəkatının Azərbaycan təşkilatının üzvüdür. Bu sahədə səmərəli fəaliyyət göstərir.

Hümeyir müəllim ümumtəhsil "Texnologiya" (I-IX siniflər üçün),  orta ixtisas ("Pedaqogika") və ali məktəblər üçün ("Pedaqogika", "Alqoritmlər nəzəriyyəsi", "Upravlençeskaə pedaqoqika i psixoloqiə", "Təhsil hüququ",  "İnformatikanın tədrisi meto-dikası") dərsliklərin müəllifidir.

Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi döş nişanına (2006), "YUNESKO-nun müəllimi" (2008, Kazan şəhəri), Rusiya Federasiyasının 3-cü dərəcəli "Borc və Şərəf" ("Dolq i çestğ")  ordeninə (2008), Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin K.D.Uşinski medalına (2009), RTA-nın Rəyasət heyətinin qərarı ilə "Əməkdar Elm və Təhsil Xadimi" fəxri adına (2017) layiq görülmüşdür.

Bundan başqa, RTA-nın təqdimatı əsasında "Avropa Elm və  Sənaye Konsorsium tərəfindən "Əmək və elm" ordeni ilə təltif olunmuşdur. Xarici ölkələr azərbaycanlı alimin elmini bu qədər yüksək qiymətləndirməsi qürur hissi doğurur.

2021-ci ildə o, respublika Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə səmərəli elmi və pedaqoji fəaliyyətinə görə "Tərəqqi" medalına layiq görülmüşdür.

Professor Hümeyir Əhmədov Azərbaycan Respublikasının Təhsil İnstitutunun "Elmi əsərlər"inin baş redaktorunun müavinidir. Bundan başqa, "Azərbaycan məktəbi" və "Məktəbəqədər və ibtidai təhsil" jurnalının, "Kurikulum", həmçinin Moskvada nəşr olunan "Pravo i jiznğ", "Muniüipalğnoe obrazovanie: innovaüii i gksperiment",  "Obrazovanie. Nauka. Nauçnıe kadrı",  Çex respublikasında nəşr olunan "Veda  perspektiv" elmi dərgisinin, indeksli "Revista Genero e İnterdisciplinaridade" və s. jurnallarının redaksiya heyətlərinin üzvüdür.

Məqaləni tamamlayarkən təsadüfdən, ya zərurətdən kitab rəfimdəki iki kitab diqqətimi cəlb etdi. Biri professor Misir Mərdanovun Azərbaycan təhsil tarixi (II cild s.442), digəri professor Fərrux Rüstəmovun təqdimatında Azərbaycan Ali Pedaqoji İnstitutu. Beş illik II kitab (s.30; 96). Burada Hümeyir müəllimin babası haqqında məlumata rast gəldim. Bu məqalədə onu da yada salmağı qərara aldım. Sən demə, Hümeyir ata yolu ilə yanaşı, eyni zamanda baba yolunun da davamçısıdır. Ana babası Şuşa sakini Məmmədzadə Bəhmən Kərimxan oğlu 1907-1917-ci illərdə Şuşada ali ibtidai məktəbi bitiribmiş, 1926-cı ildə Azərbaycan Pedaqoji İnstitutunda fizika-riyaziyyat ixtisası üzrə akademik Mehdi Mehdizadə, Abasqulu Abbaszadə və digər tanınmış ziyalılarla bir qrupda ali təhsil alıb. Səmərəli pedaqoji fəaliyyətlə məşğul olub. 1937-ci ildə zadəgan ailəsinin nümayəndəsi olduğuna görə repressiyaya məruz qalıb. Hüseyn müəllim oğlu Hümeyir öz babası Bəhmən Məmmədzadənin yolunu davam etdirsin deyə riyaziyyat fakültəsini seçməyi məsləhət görüb. Hümeyir riyaziyyat müəllimi ixtisasına seçərək, həm də baba yolunu davam etdirib. O, ata və babasının yolununu davam etdirərək müqəddəs müəllimlik peşəsini, elm yolunu seçib.

Çox hörmətli Hümeyir müəllim! Aylar, illər dolandı. Gəlib 65 yaşına çatdın! 65 yaş nədir ki? 70 yaşa, 80 yaşa, 90, 100 yaşa! Uğurlarının sayını artır, sağlamlığın qayğısına qal, həmişə gümrah və nikbin ol!

Sənin elmi və pedaqoji fəaliyyətinin 45 illiyi, rəhbərlik etdiyin Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin 90 illiyi və anadan olmağının 65 illiyi tamam olur. Bu yubileylər günü münasibətilə səni ürəkdən təbrik edirik!

 

Akif ABBASOV

Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi, pedaqogika elmləri doktoru, professor

525-ci qəzet .- 2023.- 16 dekabr, ¹229.- S.21.